Məlum terror aktından keçən dövr ərzində Fransanın başına nələr gəldi " />

“Je suis Charlie” üç il sonra

Məlum terror aktından keçən dövr ərzində Fransanın başına nələr gəldi

Rəssam Kristian Qüemi (C215 təxəllüslü) keçmiş redaksiyanın yanındakı divarda Charlie-nin həlak olan əməkdaşlarının portretlərini çəkib. Foto: Yuri Safronov\ “Novaya qazeta”

“Novaya qazeta”nın materialı əsasında

7-9 yanvarda Fransa tarixində ən qanlı terror aktları dövrünün başlamasından üç il keçir. 7 yanvar 2015-ci il tarixində səhər terrorçular Parisdə satirik “Charlie Hebdo” qəzetinin redaksiyasına hücum edərək, on iki nəfər, səhəri gün bir polis əməkdaşını öldürüb, yanvarın doqquzunda isə “Hyper Cacher” “koşer” mağazasında insanları girov götürüblər, dörd nəfər həlak olub… Yanvarın yeddisində, “Charlie Hebdo”nun üçüncü ildönümündə Parisdəki Respublika Meydanına ölənlərin xatirəsini yad etməyə demək olar ki, heç kim gəlməyib.

Üç il əvvəl həmin bu meydanda və onun ətrafında əllərində “Je suis Charlie” plakatları ilə 1,5 milyon adam gəlmişdi. Bundan sonra daha bu cür kütləvi yığıncaqlar olmadı. Terror aktları qorxunc, amma adi hala çevrildi. Plakatlarla çıxışlar da artıq heç kimi ilhamlandırmırdı. Elə hakimiyyət də yeni hücumlardan ehtiyat edərək, kütləvi toplaşmalara qarşı çıxırdı.

 “Charlie Hebdo”da terror aktlarının araşdırılması başa çatmaq üzrədir

“Charlie Hebdo” və “Hyper Cacher”də terror aktlarının araşdırılması bu ilin yaz-yay aylarında başa çatmalıydı, mənbələr “Le Monde” qəzetinə bildirib. Bu zaman indiyə qədər də istintaqda çox sayda “qara ləkələr” qalmaqdadır. Müttəhim kimi on dörd nəfər keçir, onların arasında silah alveri ilə məşğul olan iki cinayətkar qrupun üzvləri də var.

Onlardan birinə Klod Erman – Lillin ultra-sağ “xadimi”, istefaya çıxmış hərbçi başçılıq edirdi. Erman oktyabr ayında Şərqi Avropadan silahın qeyri-leqal gətirilməsinə görə ayrıca yeddi il müddətinə həbs olunub. Özü məhkəmədə bildirib ki, təkcə özünə işləməyib, həm də məlumat verən kimi Fransa jandarmeriyası və gömrüyünə kömək edib. Güc qurumları işçiləri ilə əlaqələr çox güman ki, Ermanın özünə azadlıqda qalmağa kömək edib – ta altı tüfəngi polis əməkdaşını və “Hyper Cacher” mağazasındakı girovları qətlə yetirən terrorçu Kulibaliyə satması üzə çıxana qədər. Kulibali “Charlie Hebdo”ya qarşı terror aktını törədən Kuaşı qardaşları ilə birlikdə işləyirdi.

Burada bütün digər hallarda olduğu kimi, nə Ermanın, nə də ona himayədarlıq edən güc qurumları əməkdaşlarının çox güman ki, terroristlərin xeyrinə işləmək kimi bir niyyətləri olmayıb. Sadəcə fanatiklər “kafir”lərin hərisliyi və boşbeyinliyindən istifadə edir. Və əlbəttə ki, prinsipsizliyindən yararlanırlar.

Fransanın ən iri şirkətlərindən biri – hər halda indi onu bu məsələdə şübhəli bilirlər – özünün Suriyadakı sement zavodunun saxlanması üçün terrorçulara pul ödəyəndə, “Charlie Hebdo” və “Hyper Cacher”dəki terror aktlarına cəmi üç ay qalırdı. İndi də ittiham olunan şirkət əməkdaşları özlərinə bəraət qazandırmaq üçün deyirlər ki, axı onda Fransada terror aktları hələ olmamışdı. Həm də terrorçulara pul ödəməklə bağlı qərar verərkən onlar Fransa diplomatları ilə tam koordinasiya şəraitində işləyiblər.

 Niyə «Je suis Charlie»

Ola bilsin ki, bir neçə ay sonra onlardan biri Respublika meydanında milyonluq izdihamın içində əlində “Je suis Charlie” lövhəciyi ilə addımlayıb.

Bu, o demək deyil ki, bu diplomatlar və ya bu sement zavodunun top-menecerləri birbaşa və hətta dolayı yolla hər hansı terror aktının törədilməsində günahkardırlar. Axı onlar terror aktlarını deyil, öz zavodlarının təhlükəsizliyini maliyyələşdiriblər və ölkənin maliyyə inkişafı barədə düşünüblər.

Və qürurla “Mən Şarli deyiləm” deyənlər, “peyğəmbərin və ya təhqir olunmuş dinin intiqamını almaq” “motivi” ilə qətlin törədilməsinə bəraət qazandıranlar da hər bir növbəti terror aktının törədilməsində birbaşa günahkar deyillər. Axı terror aktlarını adətən özgə təsirinin altına düşməyə meylli olmayan ağıllı oğlanlar törədir.

Və 2018-ci ilin yanvar ayında 61 faiz fransızın (bir il əvvəl olduğundan 10 faiz az) “Mən hələ də Charlie-yəm” deməsi kədərlidir. Ölkə bu şüardan möhkəm yapışmalıydı, çünki onun əsas mənası öldürülməkdən qorxmadan səsləndirilən sözün azadlığının dəstəklənməsindədir.

11 yanvar 2015-ci ildə dörd milyon adam Fransa şəhərlərinin küçələrinə “Je suis Charlie” plakatları ilə çıxdılar.

“Libération” və “Charlie Hebdo”nun jurnalisti, redaksiyada törədilən terror aktı zamanı ağır yaralanmış Filipp Lanson üç il sonra bu sloqan haqqında köşə yazısı yazdı:

“Je suis Charlie” — o vaxtlar bu sloqan aşağıdakıları ifadə edirdi: “Mən “Charlie”ni o qədər də oxumuram, o qədər də sevmirəm, amma mən insanların gördüyü işə görə öldürülməsinə qarşıyam… O vaxt hamı ayağa qalxdı – prinsipdən, həyat naminə, həyat prinsipinin zəfər çalması naminə…”.

Düzdür, sonradan bu sloqanı siyasətçilər və bütün dünyada nifrət yayanlar bayağılaşdırdı və bir çoxları üçün də o, öz əhəmiyyətini itirdi, amma onun ilkin mənasını da unutmaq olmaz.

“Je suis Charlie” sloqanı mənim üçün hələ də bu mənasını saxlayır – mən ürəyimcə olanları yazmaq və oxumaq seçimində özümü azad hiss etmək və başqalarının da bu azadlıqdan istifadə etməyini istəyirəm”, – “Charlie Hebdo”da işləməkdə davam edən Lanson yazır. Və bu, çox ağır yükdür.


More on JAMnews