«Köçüb gəldiyimiz birinci il mən şokda idim. Ermənistanda həyat qətiyyən Avropadakı kimi deyil», - indi artıq qonaq evinin və kempinqin sahibəsi olan Sara deyir" />

Hollandiyalılar Ermənistana necə köçdülər

«Köçüb gəldiyimiz birinci il mən şokda idim. Ermənistanda həyat qətiyyən Avropadakı kimi deyil», - indi artıq qonaq evinin və kempinqin sahibəsi olan Sara deyir

 S andra Komandı və əri Marti Piters Hollandiyadan Ermənistana bundan yeddi il əvvəl gəliblər. Onları “Yaşıl ev” holland şirkətinin istixanalarında işləməyə dəvət ediblər. Sandra və Marti yerlilərə istixana şəraitində Hollandiya qızılgüllərinin yetişdirilməsi texnologiyasını öyrətmək üçün gəlmişdilər. Və ər-arvad təsəvvür belə etməzdilər ki, müqavilə başa çatandan sonra Ermnistanda qalacaqlar.

«Mən Ermınistanın mövcudluğu haqqında belə eşitməmişdim, lakin çox tez bir zamanda o mənə doğma oldu. Buradakı insanlardan xoşum gəlir. Əlbəttə, əvvəllər, bura köçdüyümüz ilk il mən şokda idim. Ermənistandakı həyat qətiyyən Avropadakı kimi deyil.

Əvvvəlcə müqavilə bir il müddətinə bağlandı, sonradan biz onu daha üç il müddətinə artırdıq. Ərim ixtisasca istixanalar üzrə mütəxəssisdir, mən isə müəlliməyəm. Lakin valideynlərim də istixanaların tikintisində ixtisaslaşdıqları üçün uşaqlıqdan bu işi yaxşı bilirəm», – Sandra deyir.

İlk vaxtlar ər-arvad Qoxt kəndində erməni ailənin evində yaşayırdılar.

«Onlar erməni dilindən başqa rusca danışırdılar. Əvvəlcə fikirləşirdim ki, rus dilini öyrənim, lakin istixananın digər işçiləri – gənc qızlar və qadınlar postsovet dövründə anadan olduqları üçün ermənicə danışırdılar, buna görə də, erməni dilini seçdim. Əlbəttə, mənim üçün çətin idi, lakin öhdəsindən gəldim.

Elə qızlar özləri mənə erməni dilini öyrətdilər. Mən yenicə dil öyrənməyə başlayan balaca uşaq kimi idim. Bir ilə öyrəndim. “Salam”, “düz deyil”, “sən məni başa düşdün, hə?” – mənim ilk sözlərim idi», – aksentlə olsa da, Sandra erməni dilində deyir.

Üç il ərzində hollandiyalı cütlük Qoxt kəndinə və həmkəndlilərinə bağlanmağa macal tapır. Elə yerli sakinlər də onlara bağlanmışdılar. Əmək müqaviləsi başa çatandan sonra Marti kənddə 15 il ərzində heç kimin yaşamadığı evi aldı və onu səliqə-sahmana salmağa başladı.

«Evimizin eyvanından açılan mənzərə bəs edir ki, həmişəlik burada qalasan. Bu nağıldır. Təmirdən sonra dostlarımız və onların ailələri üçün qonaq evi açmağa qərar verdik. Biz əvvəllər heç vaxt məşğul olmadığımız işə başladıq.

Əlbəttə, bu bizim üçün çox cəsarətli addım idi: yeni iş, biznes riskləri, o qədər də yaxşı tanımadığın, lakin çıxıb getmək istəmədiyin ölkədə investisiyalar. Fikirləşdik ki, işləyərsə – əla, işləməzsə, dostlarımızın və onların ailələrinin istirahət üçün maraqlı yeri olacaq», – Sandra izah edir.

Ev yüksəklikdə yerləşir və buradan Geqam silsilə dağlarına və Xosrov meşəsinə mənzərə açılır. Qoxt kəndi özü Yerevandan təxminən 40 km aralıda, Qarni (burada eramızın 1-ci əsrinə aid paqanist məbədi qorunub saxlanıb – JAMnews) və Geqardla (UNESCO-nun Ümumdünya mədəni irsi siyahısına daxil edilmiş monastır kompleksi ilə məşhurdur – JAMnews) qonşuluqda yerləşir. Ermənistana gələn turistlərin əksəriyyəti bu yerləri ziyarət edir.

3500 metr hündürlükdə zirvəsi olan Ajdaak dağına yol bu kənddən keçir. Bu da ölkədə dağ turlarının və piyada yürüşlərin ən populyar istiqamətlərindən biridir.

Bütün bunları nəzərə alaraq, 2014-cü ildə hollandiyalı cütlük kənddə “3G” qonaq evini açmağa qərar verir.

«Evin birinci mərtəbəsində özümüz yaşayırıq, ikinci mərtəbədə isə qonaqlar üçün B&B [Bed and breakfast – qonaqlarına yatmağa yer və səhər yeməyi təqdim edən mehmanxana növü – JAMnews] otaqlar yerləşir. Dörd ildir ki, biz cəmi səkkiz nəfər qəbul edə bilən dörd qonaq otağı ilə işləyirik. Biz otaqların sayını artırmadıq, lakin indi çadırlarda istirahət həvəskarları üçün kempinqimiz də var.

Kempinqə qədər bizə daim velosipedlərlə, motosikllərlə, maşınlarla turistlər gəlir, həyətdə gecələməyə və ya ayaqyolundan istifadə etməyə icazə istəyirdilər. Nəticədə, biz qonşu torpaq sahəsini aldıq və kempinq barədə düşünməyə başladıq», – Sandra deyir.

Kempinqlər Ermənistanda turizmin yeni növüdür. Lakin, Sandranın dediyi kimi, onlara kifayət qədər turist gəlir – Almaniyadan, İtaliyadan, Çexiyadan, Hollandiyadan, İsveçdən, Rusiyadan.

«Dörd il əvvəl biz 170 nəfəri qəbul etdik, 2017-ci ildə isə 500 nəfərdən çox. Almaniyadan çox turist gəlir. Onlar yeni, tanış olmayan ölkələrə getməyi xoşlayırlar. Məsələn, hollandiyalılar əvvəlcə Ermənistanın harada yerləşdiyini soruşurlarsa, almanlar dərhal deyirlər: biz bu ölkə haqqında bilmirik, amma dəqiq orada olmaq istəyirik. Bəziləri yenidən qayıdır», – qonaqlara özünün hazırladığı albalı şirəsini süzən Sandra danışır.

S tatistika komitəsinin məlumatlarına əsasən, 2019-cu ilin yanvarından martına qədər beynəlxalq turizmdə ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% artım qeydə alınıb. Sözügedən dövrdə ölkəni 364 489 turist ziyarət edib.

Sandra da diqqət yetirir ki, turistlərin sayı getdikcə artır. Lakin hesab edir ki, turizmin inkişafına mane olan problemlər var: pis yollar, kifayət qədər inkişaf etməmiş infrastruktur və bahalı aviabiletlər.

«Kempinq haqqında danışsaq, insanlar avtomobillərlə gəlirlər, yollar isə çox pis vəziyyətdədir. Ermənistana çoxları Gürcüstan vasitəsilə gəlir, çünki Avropa ölkələrindən, deyək ki, Polşadan Gürcüstana təyyarə ilə hətta 25 avroya uçmaq, sonra isə qatarla Ermənistana gəlmək olar. Ermənistana birbaşa reys isə xeyli bahadır».

Sandra deyir ki, yazda, məxməri inqilab dövründə yollar bağlı olduğundan çoxları Qoxta gəlib çıxa bilmirdi. Lakin inqilabdan sonra turistlərin sayı artıb, belə ki, çox adam inqilab baş vermiş ölkədə olmaq istədi.

İqtisadi İnkişaf və İnvestisiyalar Nazirliyindən təsdiqləyirlər ki, yeni Ermənistanı görmək istəyən turistlərin sayının artımı müşahidə olunur. Gözlənildiyinə görə, payızda turistlər daha çox olacaq. Son zamanlar burada qastroturizm, etnoturizm və ekoturizm populyarlaşıb.

Sandra və əri hər il iki həftəlik Hollandiyaya yollanırlar. Onların sözlərinə görə, bu vaxt ərzində Ermənistandakı problemlərə, turizm sahəsində çatışmazlıqlara və onların biznesi üçün çətinliklərə baxmayaraq, Ermənistan üçün darıxmağa macal tapırlar

«Biz Qoxtu sevirik. Ermənistan bizim üçün doğma olub. Hollandiyaya getdiyimiz vaxt geriyə – evə qayıtmaq istəyirik. Mən müxtəlif ölkələrdə işləmişəm və yaşamışam, lakin həmişə Hollandiyaya qayıtmaq istəmişəm, anlamışam ki, bu yerlər mənim üçün deyil. Lakin Ermənistana tamamilə başqa hiss var», – Sandra deyir.


More on JAMnews