JAMnews seçki sistemləri arasındakı fərqi ətraflı izah edir" />

Gürcüstanda proporsional seçki sistemi uğrunda mübarizə nə üçün vacibdir?

JAMnews seçki sistemləri arasındakı fərqi ətraflı izah edir

Noyabrın 14-də Gürcüstan parlamenti parlament seçkilərinin tam proporsional sistemə keçməsini təmin edəcək konstitusiya dəyişikliyini qəbul etmədi. 

Bu, səsvermə iki şeyə görə vacib idi. Birincisi, proporsional sistem müxalifətə gözlənilən parlament seçkilərində hakimiyyətə qarşı qələbə şansı verəcəkdi. Parlament müxalifəti bu imkandan məhrum etdi.

Növbədənkənar parlament seçkiləri – Gürcüstan parlamenti qarşısında mitinq edənlərin əsas tələbi

İkinci məqam – Bidzina İvanişvili amili. Proporsional seçki sistemi bu ilin yayında keçirilən izdihamlı aksiyaların əsas tələbi idi. Vəziyyəti yumşaltmaq üçün ölkənin qeyri-formal hakimi söz vermişdi ki, 2020-ci il seçkiləri proporsional sistemlə keçiriləcək. Amma İvanişvilinin bu vədi onun komandasının bir neçə üzvü tərəfindən pozuldu – ən son məqamda onlar dəyişiklikləri dəstəkləməkdən imtina etdilər. Gürcüstanda heç bir siyasi partiya, heç bir ekspert inanmır ki, bu deputatlar – onların çoxu əvvəllər parlamentdə heç çıxış da etməyib – İvanişvilinin iradəsinin əleyhinə çıxıb. Hamı bunun İvanişvili tərəfindən səhnələşdirilmiş tamaşa olduğuna və İvanişvilinin insanları aldatdığına əmindir.

Minlərlə insan küçələrə çıxıb. Etirazçılar çadırlar qurub, növbədənkənar parlament seçkiləri proporsional sistem üzrə keçirilməyənə qədər oranı tərk etmək niyyətində deyillər. Hökumətə qarşı mübarizədə dümək olar ki, bütün müxalif partiyalar birləşib.

Proporsional və majoritar seçki sistemləri arasında fərq nədən ibarətdir? Majoritar sistemin çatışmazlığı nədir və niyə hakimiyyət ondan vaz keçmək istəmir?

JAMnews-dan təfərrüatlı izah:

Bu gün seçki sistemi necədir?

Gürcüstanda parlament seçkiləri qarışıq seçki sistemi ilə keçirilir. 150 deputatdan 77-si partiya siyahıları üzrə, 73 deputat isə majoritar sistemlə (Gürcüstandakı 73 majoritar seçki dairəsindən) seçilir.

Seçki günündə seçicilərə iki bülleten təqdim olunur – bunlardan biri partiya siyahıları üzrə səsvermə üçündür (proporsional sistem üzrə); ikinci bülletendə isə konkret dairədən namizəd olanların familiyaları (hər partiyadan bir nəfər) göstərilir. Bunlar majoritar sistem üzrə irəli sürülmüş namizədlərdir.

Nəticədə, partiyalar tərəfindən proporsional və majoritar sistemlər üzrə əldə olunmuş mandatlar mexaniki olaraq birləşdirilir. Məsələn, partiya proporsional sistem üzrə səslərin 40 faizi ilə qalib gəlirsə (bu, parlamentdə təxminən 30 yer təşkil edir) və 73 majoritar dairədən 50 yer qazanırsa, nəticədə həmin partiyanın parlamentdə 80 yeri olur.

Majoritar sistem niyə dəyişdirilməlidir?

Birinci səbəb: majoritar sistem ədalətsizdir və gerçəkliyi əks etdirmir. Bu sistem imkan yaradır ki, partiya aldığı səslərdən xeyli çox mandat ala bilsin.

Sadə nümunə: 2018-cı ilin oktyabr ayının 8-də keçirilmiş parlament seçkilərində hakim “Gürcü arzusu” partiyasının lehinə seçicilərin 48,6 faizi səs vermişdi.

Bu, o deməkdir ki, həmin ana “Gürcü arzusu”nu seçicilərin yarıdan az hissəsi dəstəkləmişdi. Başqa sözlə, məntiqə görə, bu partiya 150 yerlik parlamentdə təxminən 73 yer əldə etməli idi.

Lakin gerçəklikdə başqa cür olub – “Gürcü arzusu” konstitusion çoxluq əldə edib – 115 yer. O, buna majoritar siyahılar hesabına nail ola bilib.

Eyni hal 2008-ci ildə də baş verib – həmin ilin parlament seçkilərindən sonra hakim “Vahid milli hərəkat”ın parlamentdə 119 deputatı olub. Bu, parlamentdəki yerlərin ümumi sayının 79 faizi deməkdir. Əslində isə, partiyaya seçicilərin cəmi 59 faizi səs vermişdi, yerdə qalan mandatları o, majoritar dairələrin hesabına əldə etmişdi.

İkinci səbəb: bu sistem bir partiyalı, yaxud iki partiyalı parlamentin yaranması şanslarını artırır.

Təsəvvür edək ki, ölkədə fəaliyyət göstərən o qədər də çox olmayan partiyalardan biri ən populyar partiyadır və onun seçiciləri bütün majoritar dairələr üzrə bərabər paylanıblar. Başqa sözlə, bu partiyanın bütün majoritar yerləri udmaq və digər partiyalara şans verməmək kimi real imkanı var.

Üçüncü səbəb: majoritar sistem həmişə hakim partiyanın xeyrinə işləyir.

Demokratik institutların zəif inkişaf etdiyi, hakimiyyətin seçkilər vaxtı inzibati resurslardan istifadə etdiyi Gürcüstanda qarışıq seçki sistemi hər zaman hazırkı hakimiyyətin xeyrinə işləyir. İki dəfə bu sistem üzrə seçilmiş parlamentdə hakim partiya konstitusion çoxluq qazanıb.

Dördüncü səbəb: majoritar seçkilərdə partiya deyil, konkret şəxs iştirak etdiyindən, majoritar namizədləri adəti üzrə məşhur fiqurlardan seçirlər (misal üçün, iş adamlarından, aktyorlardan, idmançılardan və i.a.) Belə ki, müəyyən dairədə qalib gəlmək üçün N partiyası namizədi kimi ixtisaslı hüquqşünası deyil, məşhur müğənnini irəli sürür, onun isə qanunların tərtibi işindən heç bir anlayışı yoxdur.

Beşinci səbəb: əksər hallarda namizədlər iş adamları olur ki, bunlar bir çox hallarda öz seçki kampaniyalarını maliyyələşdirirlər və pullarını parlamentdəki yerin əvəzinə partiyaya ianə kimi verirlər. Misal üçün, 2016-cı ilin may-sentyabr aylarında “Gürcü arzusu”nun majoritar namizədləri partiyaya 1 milyon laridən çox vəsaiti ianə kimi veriblər.

Altıncı səbəb: majoritar sistem büdcə üçün nəhəng əlavə xərclər deməkdir. Bu sistem bahadır – həm seçkilərə qədər, həm də onlardan sonra.

Hazırkı sistemə əsasən, majoritar namizəd birinci turda qalib gəlmək üçün 50 faiz + 1 səs qazanmalıdır. Əks halda, ən yaxşı nəticəni göstərmiş iki namizəd arasında ikinci tur keçiriləcək. İkinci tur bir çox seçki dairələrində təşkil olunur ki, bu da büdcə üçün əlavə xərcdir.

Seçkilərdən sonra 73 majoritar deputatın hamısı öz ofislərini açır və bu da büdcədən maliyyələşir. Bunun dəyəri illik təxminən dörd milyon laridir (təxminən 1,35 milyon dollar). Bu büroların əsas vəzifəsi majoritarların seçicilərlə əlaqəsinin təmin olunmasıdır.

Majoritar deputatlar məhsuldar qanun yaradıcılığı ilə məşğul olurlarsa və öz seçicilərini parlamentdə təmsil edirlərsə, bəlkə elə buna dəyər?

İdeyaya görə, majoritar sistem seçicilərlə deputat arasında birbaşa əlaqəni təmin edir.

Bundan əlavə, həmin sistem müəyyən mənada partiya şaqulunu zəiflədir – başqa sözlə, əgər partiya namizədlərə proporsional seçkilərdə (proporsional) yerlər təqdim edə bilirsə, majoritar sistemdə o, elektorat barədə daha çox düşünməlidir və bu regionda seçicilərin dəstəkləyəcəkləri namizədini seçməlidir. Müvafiq olaraq, majoritar deputat özünü partiyadan o qədər də asılı hiss etmir.

Eyni zamanda, majoritar sistem parlamentdə coğrafi təmsilçiliyin təmin olunmasını ehtiva edir. Majoritar deputatların öz seçki dairəsinin problemlərini parlamentə çatdırmaq və onun maraqlarını lobbiləşdirmək kimi imkanları mövcuddur.

Fəqət çoxillik təcrübə göstərir ki, demokratik institutların çox zəif olduğu bir ölkədə majoritar sistemin üstünlükləri praktiki olaraq işləmir.

Bu, majoritarlara çəkilən xərclərin əksər hallarda özünü doğrultmadığını göstərən konkret faktlardır və onlar nümayiş etdirir ki, bu sistem sadəcə olaraq, hökumətin siyasi vasitəsi rolunu oynayır:

•Əksər deputatları öz dairələrində heç tanımırlar da

Milli Demokratiya İnstitutunun (NDI) 2019-cu ilin yanvar ayının 30-da dərc etdiyi sorğu nəticələrinə əsasən, respondentlərin cəmi 28 faizi onların dairəsindən kimin majoritar deputat olduğunu bilir. Başqa sözlə, Gürcüstan əhalisinin 71 faizinin majoritar deputatının kim olmasından xəbəri yoxdur.

•Majoritar deputatlar ən passiv qanunvericilərdir:

Parlamentin işi haqqında ötən ilin hesabatı göstərdi ki, 30 deputat il ərzində parlamentdə çıxış etməyib – nə siyasi bəyanat vermək hüququndan istifadə edib, nə də fraksiyalara ayrılan vaxtdan. Başqa sözlə, parlamentin aparatından verilən izahata görə, onların mikrofonu ümumiyyətlə işə düşməyib.

Bu 30 deputatın yarıdan çoxu (19) hakim partiyadan olan majoritarlardır. Həmin səsi çıxmayan qanunvericilərin 13 nəfəri noyabrın 14-də proporsional sistemə keçidin əleyhinə səs veriblər.

Səkkizinci çağırış parlamentində də eyni hal baş vermişdi – 2012-ci ildə seçilmiş məclisin dörd illik işinin nəticələri nümayiş etdirmişdi ki, 16 deputat ümumiyyətlə özlərinin çıxış hüququndan yararlanmayıblar (onlar dörd il ərzində bircə söz də deməyiblər). Passiv deputatların bu reytinqində 10 nəfər majoritar deputat vardı.

•Majoritarlar tez-tez parlament mandatlarından ailələrinin biznes maraqlarını lobbiləşdirmək üçün istifadə edirlər

Misal üçün, “Məsrəf detektoru” qeyri-hökumət təşkilatı müəyyən edib ki, susqun majoritar deputat İoseb Makraxidzenin qardaşının və həyat yoldaşının şirkətləri üç il ərzində büdcədən 3,5 milyon lari (təxminən 1,8 milyon dollar) alıblar. Tam səssizliyinə baxmayaraq, deputat özü isə büdcədən 55 min laridən çox (təxminən 18,5 min dollar) əldə edib.

“Məsrəf detektoru” bunu da müəyyənləşdirib ki, susqun deputatlar əməkhaqqından əlavə öz yol xərclərini də dövlət büdcəsinin hesabına ödəyiblər. Məsələn, majoritar deputat Levan Bejanidze 2018-ci il boyunca parlamentdə bircə söz deməsə də, il ərzində üç dəfə ezamiyyətə (Daşkəndə, Nyu-Yorka və Varşavaya) gedib və yol xərclərinə 15 588 lari xərcləyib.

•Majoritar büroların fəaliyyəti ictimaiyyət üçün qapalıdır

Adi vətəndaşlar bir yana, yaxşı hazırlıqlı QHT-lər üçün belə majoritar deputatların bürolarının fəaliyyəti barədə məlumat almaq çox çətindir. Misal üçün, “Transparency International Georgia”nın 2016-cı il üzrə hesabatında büronun işini nəzərdən keçirərək bildirir ki, həmin bürolardan 23-ü, ümumiyyətlə, sorğulara cavab verməyiblər. Bu bürolardan bəzilərini təşkilat tapa bilməyib, eyni zamanda digərləri cavab verməyi lazım bilməyiblər.

 


More on JAMnews