Taktiki mənada Saakaşvili qələbə qazandı. Bəs strateji mənada nə əldə etdik? " />

Gürcüstan (yenə də) partiyasız qalıb

Taktiki mənada Saakaşvili qələbə qazandı. Bəs strateji mənada nə əldə etdik?

“Millətçilər” səs-küy və qalmaqalla ayrıldılar. Bu, qonşulara özünü göstərmək üçün bir-birini təhqir edərək, əlinə keçən qazan-qapağı bir-birinə atan ailə üzvlərinin ayrılmasına bənzəyirdi. Amma bu səs-küyü unutmaq vaxtıdır. Sualı belə qoyaq: bu ayrılmadan sonra Gürcüstanın siyasi landşaftında nə dəyişdi?

Əvvəlcə isə bu suala cavab verək: bu landşaft nə cürdür? O, inkişaf etmiş demokratiyaların landşaftlarına nə ilə bənzəyir və nə ilə fərqlənir? İnkişaf etmənin ən vacib göstəricilərindən biri siyasi partiyalar sistemidir. Bərqərar olan demokratiyalar güclü və stabil partiyalara arxalanır (son zamanlar onların da bununla bağlı problemləri olur ki, bu da demokratiyanın böhranı haqda söhbətlərə səbəb olur); bizdə onlar yoxdur, heç vaxt da olmayıb.

“Milli Hərəkat”ın qalmaqalı vəziyyətin bu cür olmasına daha bir sübutdur. Onu oktyabr seçkilərindən sonra baş tutan partiyaların kütləvi intiharı kontekstinə aid etmək olar. Nəticələr elan ediləndən dərhal sonra “Azad demokratlar” və “Xalq üçün dövlət” parçalandı, halbuki onlar 5 faizlik baryeri aşacaklarına tam əminiydilər və demək olmaz ki, məqsəddən çox uzaq idilər.

Heç vaxt şansı olmayan “Respublikaçılar” da parçalandı, bununla belə bəziləri onları nüfuzlu güc kimi qəbul edirdi.  Bax, belə zəif və əsəbi partiyalarımız var: şok və məğlubiyyətin öhdəsindən gələ bilmirlər.

Amma necə olsa da “Milli Hərəkat” bir az fərqlidir: o, həmişə əsl partiya olduğuna ümid yaradırdı. İlk olaraq üç siyasi mərhələdən keçə bilmişdi: müxalifət hərəkatı kimi meydana gəlmiş, hakim partiya olmuş və sonda hakimiyyət əlindən çıxsa da, ayaqda qala bilmişdi, baxmayaraq ki, yeni hökumət onun darmadağın edilməsini öz qarşısına əsas məqsəd kimi qoymuşdu.

Bu cür nailiyyətlə daha heç kim qürurlana bilməz. Son parlament seçkilərindəki məğlubiyyət təbii ki, məyus etdi, amma obyektiv yanaşsaq, nəticə o qədər də pis olmadı: partiya demək olar ki, yeganə müxalif partiya olaraq qaldı və özündə gələcək üçün yaxşı perspektivlər də saxladı.

Amma qarşıda ən çətin və ağrılı imtahan gözləyirdi: lider məsələsi. Real siyasi çəkiyə malik Gürcüstanın hər bir partiyası bir güclü lider ətrafında yaranırdı və ondan asılı bir təşkilata çevrilirdi. Əksək seçicilər “Milli hərəkat”ı Mixail Saakaşvilinin partiyası kimi qəbul edirdi.

Bu, partiyanın gücü (çünki Mişanın çox sayda onunla eyni fikirdə olan tərəfdaşları var), amma eyni zamanda da zəif tərəfi sayılırdı. Ona görə zəif tərəfi yox ki, Mişa çoxlarında qıcıq oyadırdı, ona görə ki, bir insandan asılı olan partiya öz-özlüyündə zəifdir, əslində isə heç partiya da deyil. Liderin başına bir iş gəlirsə bu, mütləq partiyaya da öz təsirini göstərir (eynən Eduard Şevardnadze və ya Aslan Abaşidze öz təşkilatlarını tərk edəndən sonra olduğu kimi), ya da bir-birinə qarşı duran və bir-birinə nifrət edən hissələrə parçalanır (Zviad Qamsaxurdiyasız qalan “zviadçılar” kimi).

Son illərdə “Milli hərəkat”ın ən zəif yeri lider problemi oldu. Gürcüstan vətəndaşlığını itirəndən və Ukrayna siyasətinə qoşulandan sonra Saakaşvilinin partiyaya rəhbərlik etmək üçün formal hüququ yoxuydu, faktiki olaraq isə bu funksiyanın öhdəsindən çətinliklə gəlirdi.

Bu rolu öz üzərinə kim götürməliydi? İndi “təfriqəçi” adlanan Tbilisidəki rəhbərlik partiyanı bir şəxsin (həmin şəxs lap populyar və layiqli olsa belə) iradəsi deyil, prinsip və prosedurların prioritet olduğu Avropa tipli təşkilata çevirmək barədə düşünürdü. Onların fikrincə, bu heç də Saakaşvilinin partiyadan ayrılması demək deyildi: o, real idarəçiliyi həyata keçirməsə də simvolik lider mövqeyini özündə saxlaya bilərdi.

Amma bir paradoks da varıydı ki, partiyanın bir insanın asılılığı altından çıxması elə həmin o adamın, yəni Mixail Saakaşvilinin iradəsindən asılıdır. Bu, artıq lap əvvəldən “təfriqəçilər”in mövqeyinin fundamental sadəlövhlüyündən xəbər verirdi: axı niyə Saakaşvili öz partiyasına nəzarətdən imtina etməliydi?

Əslində isə bu variant onun şəxsi maraqları üçün də heç də pis deyildi. Realda ona partiyanı idarə etmək çətin idi, bu onun Ukraynadakı fəaliyyətinə mane olurdu. 2016-cı il seçkilərində qələbə çalmaq şansı cüzi idi (Saakaşvilinin özü də buna inanmırdı), buna görə də obyektiv olaraq, partiyanın fəaliyyətinə görə cavabdeh olmaq onun marağında deyildi. Strateji olaraq uğurlu görünən o idi ki, gürcü xalqına “Gürcü arzusu”nun siyasətindən doymağa imkan vermək lazımıydı ki, sonra da Mişanın qızıl dövrünün xiffətini çəkəcəkdi; belə bir dövr gəlsəydi, “Milli hərəkat” əksəriyyətin gözündə ən etibarlı siyasi güc kimi məhz onunla assosiasiya olunacaqdı.

Amma Saakaşvili başqa yolu seçdi. Parçalanmaya səbəb təkcə şəxsi iddialar deyildi (halbuki bunsuz siyasət heç vaxt mövcud olmayıb), strateji baxışlara fikir ayrılığı da əlavə olundu: görünür, Saakaşvili İvanişvilinin seçki yolu ilə gedəcəyinə inanmır (müxalifət isə onun özü haqqında məhz bu cür düşünürdü), buna görə də “Milli hərəkat” kütləvi etiraz hərəkatına çevrilməli, “Gürcü arzusu”nun qaçılmaz süqutunu yaxınlaşdırmalı və inqilabi yolla hakimiyyəti ələ keçirməli idi. Bunsuz 2016-cı il seçkilərinin nəticələrini tanımaqdan və parlamentdə işləməkdən imtina etməyin səbəbləri aydın olmur.

“Təfriqəçilər” nə vaxtsa belə bir ssenarinin reallaşdırılmasının mümkünlüyünü nəzəri cəhətdən inkar etmirlət, amma bu mərhələdə gürcü xalqında inqilabi meyllər görmədilər. Bundan əlavə, onların fikrincə, həddən artıq radikal ritorika və taktika İvanişvili hökumətinə seçiciləri “Milli hərəkat”ın törədəcəyi qeyri-stabil vəziyyətlə qorxutmağa kömək edirdi.  “Gürcü arzusu”nun real seçki mesajı da buna istiqamətlənmişdi: “Ola bilsin, xüsusi nailiyyətlərimiz yoxdur, amma münaqişə və hərc-mərclik istəmirsizsə, yenə də bizə səs verməlisiz”.

“Təfriqəçilər”in fikrincə, Saakaşvilinin radikal seçkiqabağı ritorikası İvanişvilinin dəyirmanına su tökürdü. Görünür, bu ittiham Saakaşvili üçün son damla oldu və o, öz keçmiş məsləkdaşlarına bunu bağışlamadı. Kabinet elitası ilə “sıravi fəallar” və ya “sadə xalq” arasında münaqişənin yaranması barədə xəbər Saakaşvilinin tam dəqiqliyi ilə seçdiyi siyasi texnologiyadır.

Taktiki olaraq, Saakaşvili tam qələbə çaldı: ona “Milli hərəkat”, əksər məsləkdaşları və fəal tərəfdaşlar qaldı. Bəs strateji olaraq nəyi əldə etdik? Yanaşması dəyişməyibsə, partiya “Gürcü arzusu”nu hakimiyyətdən devirmək üçün ümidlərini xalq narazılığı dalğasına bağlamalıdır, yəni 2007-2009-cu illərdə “Mişaya qarşı olan koalisiya”nı tam marginallaşmaya gətirib çıxaran addımları atmalıdır.

“Gürcü arzusu”nun hakimiyyətini uğurlu adlandırmaq çətindir, amma dörd il ərzində o, dəhşətli səhvlərə də yol verməyib. Onun tezliklə bu səhvləri edəcəyinə əminlik hardandır? Və belə bir şeyin baş verməsini gözləmək siyasi cəhətdən nə dərəcədə faydalıdır? İvanişvili rejiminə qarşı konkret addımlar atılmadığı halda xaricdə yaşayan liderin öz hövsələsiz tərəfdarlarında həvəsi saxlamaq üçün nə qədər enerjisi çatacaq?

“Təfriqəçilər” qarşısında da çətin məsələ durur: onlar tərəfdarları arasında həmrəylik bazasını yenidən yaratmalıdırlar ki, bu da tanınmış və xarizmatik lider olmadan çox çətin ola bilər. Bununla belə siyasi təcrübə, parlament kürsüsünə malik olma və “Mişaya qarşı çıxan” müxalifət sıralarında faktiki monopoliya onların bu mövqeyini  tamamilə ümidsiz bir mövqe kimi qəbul etmək imkanı vermir.

Gələcəklə bağlı qurulan proqnozlar heç də həmişə özünü doğrultmur: görək, necə olacaq. Hələliksə aydın olan iki məsələ var. İndiki mərhələdə “Milli hərəkat”ın parçalanması ancaq “Gürcü arzusu” və ya Bidzina İvanişvilinin xeyrinə oldu. Və ikincisi, Gürcüstanda hələ də əsl siyasi partiyalar yoxdur, heç onların yaranacağının əlamətləri də görünmür.

gia-nodia
Qiya Nodiya, Qafqaz Sülh, Demokratiya və İnkişaf İnstitutu 
Dərc edilib: 23.01.2017

More on JAMnews