Əhalinin 68 faizi hesab edir ki, ölkə yanlış istiqamətdə inkişaf edir və ya heç dəyişmir " />

Gürcüstan vətəndaşları yaşadıqları ölkə haqda nə düşünür? NDI-ın tədqiqatı

Əhalinin 68 faizi hesab edir ki, ölkə yanlış istiqamətdə inkişaf edir və ya heç dəyişmir

Bahalaşma/inflyasiya, işsizlik, məhkəmə sistemi, kriminalın yüksəlməsi və zəif iqtisadiyyat – bunlar Gürcüstan vətəndaşlarını ən çox narahat edən məsələlərdir.

ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) həyata keçirdiyi sosial tədqiqatda bu və digər maraqlı məlumatlar ortaya çıxıb.

Aşağıda tədqiqatın ən mühüm və əhəmiyyətli nəticələrinin xülasəsi təqdim olunub:

______________

Ölkə inkişaf etmir

NDI-ın tədqiqatına inansaq, əhalinin 68 faizi ölkənin inkişafını və irəliləməsini hiss etmir.

Onların çoxu (38 faiz) hesab edir ki, ölkə yanlış istiqamətdə inkişaf edir, 30 faizi isə bildirir ki, ölkə yerində addımlayır. Yalnız 28 faiz düşünür ki, dövlət doğru yolda irəliləyir.

Vətəndaşların dəyərləndirməsinə görə, ölkənin inkişafında ən böyük problemlər məhkəmə sistemi, korrupsiya, kriminal, iş yerləri, yoxsulluq, ərazi bütövlüyü və bahalaşma ilə bağlıdır.

Sorğu olunanlar bildirirlər ki, söz azadlığı, səhiyyə xidmətinin əlçatanlığı, NATO və Avropa İttifaqına inteqrasiya, həmçinin KİV-in müstəqilliyi və təhsillə bağlı vəziyyət nisbətən yaxşıdır.

Ölkənin əsas altı problem. İşsizlik həmişəki kimi birinci yerdədir

İş təminatı  hələ də ölkə əhalisinin böyük hissəsini (51 faiz) narahat edən əsas problem olaraq qalır.

Ökə əhalisinin 63 faizi özünü işsiz hesab edir. Ən mühüm problemlərin ilk beşliyinə iqtisadi xarakterli məsələlər daxil olub. Sual bu cür qoyulub: hansı milli məsələ şəxsən sizin və ailəniz üçün ən vacibdir?

1. İş yerləri – 51%

2. Yoxsulluq – 38%

3. Bahalaşma/inflyasiya – 37%

4. Ərazi bütövlüyü – 27%

5. Pensiya – 25%

6. Əməkhaqqı – 18%

2009-cu ildən bəri bu altılıq praktiki olaraq dəyişmir, dəyişən sadəcə problemlərin altılıq içindəki yeridir.

Ərazi bütövlüyü ilk altılığa daxil olan məsələlər arasında iqtisadiyyatla bağlı olmayan tək problemdir.

Ən prioritet məsələlərin ilk üçlüyü belədir: həbsxanalardakı vəziyyət, azlıqların haqları və KİV-in müstəqilliyi.

Ölkənin xarici siyasi kursu

Gürcüstanın Aİ və NATO-ya daxil olmasının tərəfdarları çoxalıb. Əhalinin böyük hissəsi (83 faiz) ölkənin Avropa İttifaqına daxil olmasını dəstəkləyir. 9 faiz üçün Aİ-ə can atmaq qəbulolunmazdır.

Əhalinin bundan bir qədər az hissəsi (78 faiz) ölkənin NATO-ya daxil olmasını dəstəkləyir. NATO üzvlüyü 13 faiz üçün yolverilməzdir.

Aİ və NATO-ya daxil olmağın tərəfdarları 2018-ci ilin yanvarı ilə müqayisədə kəskin artıb. O zaman Aİ-ə daxil olmaq tərəfdarlarını əhalinin 72 faizini, NATO-ya daxil olmağın tərəfdarları isə 64 faiz təşkil edirdi.

NATO üzvlüyünü ən çox Tbilisidə (89 faiz), ən az isə azlıqların yaşadığı yerlərdə (58 faiz) dəstəkləyirlər. Maraqlıdır ki, azlıqlar yaşayan yerlərdə Avropa İttifaqına daxil olmağın tərəfdarları ötən illə müqayisədə xeyli artıb (36 faiz).

Əsas yerli problemlər

Yuxarıda ölkə miqyasında ortaya çıxarılan problemlər qeyd olunub. Amma bu dəfə NDI Gürcüstan vətəndaşlarının yerlərdə – şəhərlərdə, kəndlərdə və rayonlarda hansı problemlərinin olduğu ilə də maraqlanıb.

Gürcüstanın şəhər və kənd sakinlərini narahat edən əsas problemlərin beşliyi bunlardan ibarətdir:

1. Pis yollar – 35%

2. Ətraf mühitin çirkləndirilməsi – 22%

3. Yüksək kommunal vergilər – 22%

4. Keyfiyyətsiz su təchizatı – 18%

5. Pis vəziyyətdə olan kanalizasiya – 14%

Tbilisini nə narahat edir?

Tbilisiyə gəlincə, burada vəziyyət fərqlidir – ekoloji problemlər ilk sıraya çıxıb ki, bu da yenilikdir.

Tbilisililəri narahat edən ilk beş məsələ:

 

1. Ətraf mühitin çirkləndirilməsi – 48%

2. Yüksək kommunal ödəmələr – 38%

3. Nizamsız yol hərəkəti – 32%

4. Nizamsız ictimai nəqliyyat – 28%

5. Avto-dayanacaqlar – 22% 

Ətraf mühitin mühafizəsi

NDI əhalini ekologiya ilə bağlı ayrıca sorğu edib. Məlum olub ki, bu problemlər əhali arasında getdikcə daha da aktuallaşır ki, bu da bir neçə il əvvəlki mənzərədən çox fərqlənir. Bu məsələlər paytaxt sakinlərini xüsusilə çox narahat edir.

Əhalini ən çox havanın çirklənməsi (57 faiz), ərzaq təhlükəsizliyi (44 faiz) və qida məhsullarında həyat üçün təhlükəli maddələrin olması (40 faiz) narahat edir.

Kriminalın artması

10 il əvvəl Gürcüstanda kriminalın səviyyəsi daha aşağı idi – NDI respondentlərinin əksəriyyəti belə hesab edir.

43 faiz hesab edir ki, son 10 ildə kriminal vəziyyət xeyli pisləşib. 32 faizin fikrincə, heç nə dəyişməyib, 18 faiz isə bildirir ki, vəziyyət yaxşılaşıb.

Sorğu edənlər hesab edirlər ki, Gürcüstanda ən çox narkotiklərlə bağlı cinayətlər baş verir (25 faiz).

“Sizcə Gürcüstanda ən çox hansı zəmində kriminallar baş verir” sualına verilən cavablar belə qruplaşdırılıb: narkotiklərlə bağlı cinayətlərin ardınca oğurluq və quldurluq (21 faiz), yol-nəqliyyat hadisələri (20 faiz), qətllər (14 faiz), ailə zorakılığı (5 faiz), azyaşlılar tərəfindən törədilən cinayətlər (4 faiz) və sonda seksual təcavüz (1 faiz) gəlir.

Respondentlərin kriminogen vəziyyətdən şikayətlənməsinə baxmayaraq, polisin işini əksəriyyət (67 faiz) müsbət, 21 faiz isə mənfi dəyərləndirir.

Təhsil məsələləri

Bu, tədqiqatın ən maraqlı məsələlərindən biridir. Aydın olub ki, ümumilikdə Gürcüstan əhalisinin yarısı (47 faiz) ölkənin təhsil sistemindən razıdır və hesab edir ki, hökumət bu vəzifəsinin öhdəsindən yaxşı gəlir.

Amma əyalət və paytaxt sakinlərinin bu suala cavabı radikal şəkildə fərqli olub.

Tbilisi sakinlərinin yalnız 33 faizi hesab edir ki, təhsil sistemi keyfiyyətlidir. Tbilisililərin böyük əksəriyyəti Gürcüstan vətəndaşalrının keyfiyyətli təhsillə təmin edilmədiyi fikrindədir.

Rayon və kənd sakinləri isə başqa cür düşünür. Əksəriyyət (58 faiz) Gürcüstanda keyfiyyətli təhsil almağın mümkün olduğu qənaətindədir. Yalnız 21 faiz təhsilin keyfiyyətindən narazıdır.

Ölkə miqyasında sorğu edilənlərin böyük hissəsi məktəb müəllimlərinin peşəkarlığını yüksək (42 faiz) və ya orta (43 faiz) dəyərləndirir. Əhalinin böyük hissəsi (48 faiz) övladının təhsil aldığı məktəbdən də razıdır. Eyni zamanda respondentlərin 73 faizi hesab edir ki, ali məktəbə qəbul olmaq üçün fərdi repetitorla hazırlaşmaq lazımdır.

Sorğu edilənlərin fikrincə, orta məktəblərin ictimai məktəblərlə müqayisədə aşağıdakı məsələlərlə bağlı müəyyən üstünlükləri var: təhlükəsizlik, infrastruktur, təhsilin keyfiyyəti, sinifdən xaric fəallıq, yaxşı universitetə qəbul olmaq şansı və peşəkar karyeraya hazırlıq.

Yaxşı işi necə əldə etməli?

Məlum olub ki, Gürcüstan vətəndaşlarının fikrincə, təhsil və peşəkarlıq yaxşı iş əldə etmək üçün əsas amillər deyil.

Sorğu edilənlərin böyük hissəsinin (37 faiz) fikrincə, bunun üçün yaxşı əlaqələr lazımdır.

Yalnız bundan sonra peşəkarlıq gəlir (23 faiz).

Respondentlərin 9 faizinin fikrincə isə, uğurlu işlə təminat üçün xarici təhsil vacibdir.

Dil bilgiləri

Bu müddəa Gürcüstanda ingilis dilinin tamamilə rus dilini əvəz etdiyini düşünənlər üçün maraqlı olacaq.

Məlum olub ki, bu belə deyil.

Sorğu edilənlərin 66 faizi bildirib ki, rus dilini yaxşı və ya orta səviyyədə bilir. Halbuki cəmi 22 faiz ingilis dilini yaxşı və ya orta səviyyədə bildiyini söyləyib.

Sorğu göstərib ki, Gürcüstanda türk dilinə maraq artmaqdadır. Respondentlərin 10 faizi türk dilini dildiyini deyib.

Ən populyar teleşirkətlər

Ən əsası: informasiyanı internetdən əldə edənlərin sayı artıb.

NDI-ın tədqiqatına əsasən, hazırda ən populyar teleşirkət “İmedi”dir (66 faiz). Onun ardınca “Rustavi-2” (61 faiz), “TV pirveli” (39 faiz) və İctimai Yayımçı (34 faiz) gəlir.

“İmedi” etibar olunan teleşirkətlər sırasında da liderlik edir (26 faiz). Onu “Rustavi-2” (20 faiz) və “TV pirveli” (15 faiz) izləyir. İctimai Yayımçıya sorğu olunanların cəmi 12 faizi etibar edir.

Maraqlıdır ki, əhalinin 60 faizindən çoxu hesab edir ki, teleşirkətlər ümumilikdə çox vaxt insanları çaşdırmağa xidmət edən məlumatlar yayır.

İnternet

54 faiz bildirir ki, internetdən hər gün istifadə edir. 9 faiz bunu həftədə bir dəfə edir.

Gürcüstan əhalisinin üçdə biri (29 faiz) heç vaxt internetdən istifadə etməyib.

Milli Demokratiya İnstitutunun (NDI) həyata keçirdiyi tədqiqatın sahə işləri 6-20 dekabrda bütün Gürcüstan miqyasında (işğal olunmuş ərazilər istisna olmaqla) nümayəndəlik seçimi əsasında 2205 birbaşa müsahibə yolu ilə aparılıb.

NDI tədqiqatlarını Böyük Britaniya hökumətinin maliyyə dəstəyi ilə həyata keçirir. Sorğunu CRRC-Gürcüstan təşkilatı reallaşdırıb. Tədqiqatın yanılma ehtimalı  +/- 2.1%-dir.


More on JAMnews