Görüşün təşəbbüskarı kim olub? İki müxtəlif versiya " />

Gürcüstan və Rusiya XİN rəhbərlərinin 11 ildən sonra ilk görüşü: nə məlumdur

Görüşün təşəbbüskarı kim olub? İki müxtəlif versiya

სერგეი ლავროვი

Sentyabrın 26-da BMT-nin 74-cü Baş Assambleyası çərçivəsində Gürcüstanın və Rusiyanın xarici işlər nazirləri görüşüblər. 2008-ci il müharibəsindən və iki ölkə arasında diplomatik əlaqələrin kəsilməsindən sonra bu, Rusiya və Gürcüstanın xarici siyasət qurumları rəhbərlərinin ilk görüşü idi.

Görüşün təşəbbüskarı kim olub? İki müxtəlif versiya

Nyu-Yorka yola düşənə qədər Gürcüstan Xarici İşlər Nazirliyində Gürcüstan XİN başçısı David Zalkalianinin rusiyalı həmkarı Sergey Lavrovla mümkün görüşü haqqında bəyanat verilməmişdi.

Dost, yoxsa işğalçı?

Tbilisidə etirazlara səbəb olmuş rusiyalı pravoslav kommunist kimdir

İlk olaraq görüş barədə məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi və Rusiya mediası yaydı.

Az həcmli və ziddiyyətli məlumat bu görüşün başa çatmasından sonra da peyda olmuşdu. Birgə rəsmi fotoşəkil də yoxdur.

Gürcüstan Xarici İşlər Nazirliyinin veb-səhifəsindəki “xəbərlər” bölümündə David Zalkalianinin Nyu-Yorkda keçirdiyi bütün görüşlər üzrə məlumatla yanaşı, fotoşəkillər dərc olunub. Lakin Lavrovla görüş haqqında məlumat yoxdur.

Gürcüstan tərəfinin bildirdiyi kimi, görüş isveçrəli tərəfdaşların təşəbbüsü ilə baş tutub (Gürcüstanla Rusiya arasında diplomatik əlaqələrin kəsilməsindən sonra Moskvada Gürcüstanın maraqlarını, Gürcüstanda isə Rusiyanın maraqlarını İsveçrə səfirliyi təmsil edir JAMnews).

Bununla əlaqədar David Zalkaliani Nyu-Yorkda bildirib ki, Sergey Lavrovla görüşə strateji tərəfdaşları ilə məsləhətləşmələrdən sonra Gürcüstan tərəfindən razılıq verilib. Onlar qərarlaşdırıblar ki, bu, belə bir səviyyədə bütün lazım olanları Rusiya Federasiyasına demək üçün ilk imkandır.

Rusiya tərəfinin başqa versiyası var. Hakimiyyətə yaxın olan “Kommersant” Rusiya qəzeti xarici siyasət qurumundakı şəxsi mənbələrinə istinadən yazır ki, görüş İsveçrə tərəfinin deyil, Gürcüstan tərəfinin təşəbbüsü ilə baş tutub.

“Kommersant” görüşün digər təfərrüatlarını da açıqlayıb.

Nəşrin məlumatına görə, Zalkaliani və Lavrov iki saat ərzində söhbət ediblər.

Görüş, adəti üzrə Lavrovun müxtəlif nümayəndə heyətləri ilə görüşdüyü, BMT-nin binasında Rusiya nümaəndə heyəti üçün xüsusi olaraq ayrılmış otaqda keçirilməyib. Söhbət katiblik şöbəsində neytral ərazidə baş tutub.

«Gürcüstan tərəfi hesab edirdi ki, daxili siyasi mövqedən çıxış edərək, Rusiya ilə birbaşa söhbət uyğun deyil, baxmayaraq ki, son nəticədə görüş yenə də ikitərəfli alınıb», — “Kommersant” yazır.

Söhbətdə iştirak etmiş rusiyalı diplomat bu nəşrə danışıb ki, əvvəlcə danışıqlar otağında Lavrov və Zalkaliani ilə İsveçrənin BMT-dəki xüsusi nümayəndəsi Yurq Lauber görüşüb, lakin bir neçə dəqiqədən sonra isveçrəli diplomat otağı tərk edib.

«O, nazirləri qarşılayıb, salamlaşıb və stolun üstünə düzülmüş İsveçrə şokoladını dadmağı təklif edib. Bundan sonra o bildirib ki, bununla vasitəçilik funksiyası başa çatır və danışıqlar otağını tərk edib», — mənbə nəql edir.

Rusiya nəşri belə bir nəticəyə gəlir ki, bu görüş Rusiya-Gürcüstan münasibətlərində dramatik qırılma nöqtəsi olmasa belə, ən azı onların istiləşməsi yolunda əhəmiyyətli addım olub. Bunu görüşdən sonra Lavrovun verdiyi bəyanat da sübut edir.

Görüşdən sonra Rusiya xarici işlər naziri bildirib ki, Moskva iyun ayında Gürcüstanla hava nəqliyyatı əlaqəsinin kəsilməsi barədə qəbul etdiyi bəyanata yenidən baxmağa hazırdır.

İki ölkə arasında münasibətlər Pravoslav ölkələrin parlament assambleyasında iştirak etmək üçün Tbilisiyə rusiyalı deputat, kommunist Sergey Qavrolovun gəlişindən sonra kəskinləşdi.

 

Parlament binasında keçirilən assambleyanı rusiyalı deputatın açması və onun bu zaman sədrin kreslosunda əyləşərək, auditoriyaya rus dilində müraciət etməsi Gürcüstan vətəndaşlarını qəzəbləndirmişdi.

 

Artıq iyunun 20-si axşam Tbilisidə parlament binasının qarşısında çoxminlik etiraz aksiyası başladı və bu aksiya sonradan üç aydan artıq müddətdə davam etdi.

 

Elə iyun ayında Rusiya prezidenti Vladimir Putinin qərarı ilə iki ölkə arasında hava nəqliyyatı əlaqəsi kəsildi. Rusiya prezidenti rusiyalı turistlərə yaranmış “antirus isteriyası” fonunda Gürcüstana səfər etməkdən çəkinməyi tövsiyə etdi.

İkitərəfli görüşdə nə barədə danışılıb?

Görüşdən bir neçə saat sonra Gürcüstanın xarici siyasət idarəsi David Zalkalianinin şərhini yaydı və bu şərhdə o bildirirdi ki, Lavrovla söhbətin əsas mövzusu “işğalın və qanunsuz sərhədlərin aradan qaldırılması” olub.

“Təbii ki, biz hər şey barədə danışdıq, söhbətin əsas mövzusu isə işğalın və qanunsuz sərhədlərin aradan qaldırılması oldu. Bundan başqa, Rusiya-Gürcüstan münasibətlərində mövcud olan bir çox problemli məsələlər, o cümlədən Cenevrə danışıqları, burada Gürcüstanın mövqeyi və həmin mövqeyə Rusiyanın münasibəti ətrafında müzakirələr oldu”, – mətbuat xidmətinin yaydığı videoda Zalkaliani deyir.

Şərhində Zalkaliani rusiyalı həmkarının cavabının nə olması haqqında danışmır. Bu mərhələdə o da məlum deyil ki, görüş birdəfəlik baş tutub, yoxsa Zalkaliani ilə Lavrov bir daha görüşəcəklər. 

“İkitərəfli münasibətlərin gündəliyində duran aktual məsələlər müzakirə edildi. Regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıldı”, Rusiyanın xarici siyasət idarəsinin yaydığı məlumatda deyilir.

Tbilisidə, Moskvada və Brüsseldə əks-səda

Gürcüstanın baş naziri Giorgi Qaxariya ümid etdiyini bildirib ki, “bu görüş Gürcüstan və Rusiya arasındakı münasibətlərdə çox mürəkkəb problemlərin qaydasına düşməsinə imkan yaradacaq”.

O, bir neçə dəfə qeyd edib ki, görüş beynəlxalq qərb tərəfdaşları ilə “tamamilə sinxron şəkildə” keçirilib.

Baş nazir Giorgi Qaxariya Gürcüstanın xarici işlər naziri David Zalkalianinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşünə bu cür reaksiya verib.

Qaxariyanın jurnalistlərə bildirdiyinə görə, “görüş bizim beynəlxalq tərəfdaşlarımızla tam sinxron şəraitdə keçirilib”. Onun sözlərinə görə, müharibə çıxış yolu deyil.

“Soyuq, praqmatik siyasət və müharibənin çıxış yolu olmamasının yeganə şərt olması – bu, demokratik inkişafın və ölkənin birləşməsinin özülünü qoymaq üçün hamı ilə danışmağın lazım olduğu bir platformadır”, – Qaxariya deyib.

Müxalifətin bir hissəsi Rusiya ilə birbaşa dialoqun bərpasını yolverilməz hesab edir. Müxalif “Vahid milli hərəkat“ partiyasının təmsilçiləri hesab edirlər ki, David Zalkaliani özü parlamentdə Lavrovla görüşünün təfərrüatları, onun  tərkib hissələri və məqsədəuyğunluğu barədə danışmalıdır.

Konfliktoloq Paata Zakareişvilinin bildirdiyinə görə, Gürcüstan hakimiyyəti işğal xəttində yaranmış vəziyyətin gərginliyini azaltmaq məqsədilə bu görüşü keçirməyə məcbur olub.

Onun sözlərinə əsasən, bu cür görüşlər ərazi bütövlüyü problemini yoluna qoymayacaq, lakin Çorçana kəndində postun yerləşdirilməsi və burada maneə xətlərinin çəkilməsi kimi dar məsələləri belə görüşlərdə həll etmək mümkündür.

«Aydındır ki, başqa yol yox idi. Görüş baş tutmalı idi, çünki postların quraşdırılması üzündən vəziyyətin kəskinləşməsi üçün ciddi təhlükə yaranmışdı. Ayırma xəttində vəziyyət sakitləşərsə və gərginlik azalarsa, biz görəcəyik ki, bu görüşün əhəmiyyəti olub», – Zakareişvili deyib.

Politoloq Tornike Şaraşenidze yaxın gələcəkdə Rusiya ilə münasibətlərin ikitərəfli formata keçməsində, müxalifətin bildirdiyindən fərqli olaraq, heç bir təhlükə görmür.

«Düşünmürəm ki, gələcəkdə də nazirlər səviyyəsində ikitərəfli görüşlər baş tutacaq. Bunu etmək asan deyil, çünki buna görə müxalifət və Zalkalianiyə və “Gürcü arzusu”na böyük narahatlıqlar törədə bilər, bu səbəbdən də hakimiyyət görüşlərdən imtina edəcək. Seçki ilində xoşagəlməzliklər onlara lazım deyil», — Tornike Şaraşenidze bildirir.

Onun sözlərinə görə, güman ki, görüşün məqsədi münasibətlərin düzəldilməsi olub və əgər tərəflər gərginliyin azalmasından danışıblarsa, bu, yəqin ki, baş verəcək.

«Bu görüşdən biz nə itiririk? “Sərhədləşməni” dayandırsaq, artıq yaxşıdır», — Şaraşenidze qeyd edib.

Bu görüş Gürcüstan üçün geriyə addımdır – “Rondeli fondu”nun baş elmi işçisi Şota Utiaşvili əminliklə bildirir:

«2008-ci il müharibəsindən sonra məhz Gürcüstan diplomatik əlaqələri kəsib və bildirirdi ki, onların bərpası yalnız işğalın dayandırılması prosesindəki müvəffəqiyyətlərin əldə olunması şərtilə mümkündür. Rusiya qeyd-şərtsiz diplomatik əlaqələrin bərpasını dəstəkləyirdi. Xarici işlər nazirlərinin görüşünü münasibətlərin normallaşdırılması prosesinin bir hissəsi kimi nəzərdən keçirsək, Rusiya tərəfi üçün bu görüş, şübhəsiz ki, uğurdur, Gürcüstan üçün isə geriyə addımdır».

Lavrov və Zalkalianinin görüşü Avropa İttifaqı tərəfindən müsbət qarşılanıb.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş nümayəndəsinin mətbuat sözçüsü bu görüşü “regional təhlükəsizlik məsələlərinin müzakirəsi üçün əhəmiyyətli imkan” adlandırır və bildirir ki, “bütün mövcud tərəflər münaqişə nəticəsində zərər görmüş əhalinin vəziyyətini yüngülləşdirmək üçün söhbətə konstruktiv şəkildə qoşulmalıdırlar”.

«Gürcüstan xarici işlər naziri David Zalkalianinin Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşü regional təhlükəsizliyin, Rusiya-Gürcüstan münasibətlərində gərginliyin azaldılması və bu gərginliyin vətəndaşlara təsirinə diqqətin yönəldilməsi məsələlərinin müzakirəsi üçün əhəmiyyətli imkan idi. Dialoq mübahisənin sülh yolu ilə həllinin açarıdır ki, Avropa İttifaqı bunu tamamilə dəstəkləyir», — sentyabrın 26-da yayılmış bəyanatda yazılıb.

Bəyanatda o da qeyd olunur ki, “Avropa İttifaqı bir daha Gürcüstanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində dəstəkləyir”.

 

 

 

 

 


More on JAMnews