Dost yoxsa işğalçı?
Abxaziya və Cənubi Osetiyanın işğalını açıq şəkildə dəstəkləyən Dövlət Duması deputatının Gürcüstan parlamentində çıxışından sonra ölkədə başlayan kütləvi etirazlar iki ölkə arasında yeni gərginliyin yaranmasına təkan verdi və Gürcüstanda rus və rusdilli turistlərin təhlükəsizliyi ilə bağlı geniş diskussiyalara səbəb oldu.
Vladimir Putinin iyulun 8-dən Rusiya ilə Gürcüstan arasında birbaşa aviareyslərin qadağan edilməsi ilə bağlı qərarı və müvəqqəti Gürcüstanda yaşayan Rusiya vətəndaşlarının vətənə qaytarılması ilə bağlı tədbir görməklə əlaqədar tapşırığı sosial şəbəkələrdə ictimai rezonans yaratdı və qızğın diskussiyalara səbəb oldu.
JAMnews baş verən hadisələrə rusiyalı və rusdilli turistlər, həm də Gürcüstanda daimi yaşayan rusların gözləri ilə baxmağı təklif edir.
Şəhər mərkəzində ab-hava
Yevgeni və Katya bürkülü iyun axşamında gəzintidən sonra sərinlənmək üçün Rustaveli prospektindən 200 metr aralıda yerləşən bara girdilər.
“Yox, özümüzə qarşı aqressiya ilə üzləşməmişik”, — Yevgeni gülür. Onlar barın yiyəsi gürcü ilə bir masa arxasında oturub, gürcü onlara dequstasiya üçün qoyduğu çaxırlardan danışır.
Bara girməzdən əvvəl Yevgeni və Katya növbəti etiraz aksiyasına hazırlıq gedən Rustaveli prospektində gəzişdilər — insanlar, xüsusən də tələbələr və gənclər toplaşmağa başlayır, səhnədə son hazırlıqlar gedirdi. Kayta yol boyu mobil telefona çəkilən şəkillər göstərir.
“Buradan çıxanda mütləq qayıdacağıq, meydana [Azadlıq] qədər”, — Yevgeni deyir.
• Tbilisi parlamenti qarşısında 21 iyun qanlı hadisəsindən sonra. Fotoreportaj
Tbilisidə nəyə etiraz edirlər
Əvvəlcə Gürcüstan hökumətinin Rusiya işğalını təşviq etməsinə qarşı başlayan etiraz iyunun 21-nə keçən gecə qəddarcasına dağıdılandan sonra ikiqat güclə davam etdi.
Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz, su şırnaqları və rezin güllələrdən istifadə etdi. Bundan əvvəl etirazçıların bir hissəsi hökumətin istefası tələbi ilə parlament binasına soxulmağa çalışırdı.
305 nəfərin saxlanması, 240 nəfərin də müxtəlif dərəcəli travmalar alması ilə nəticələnən polis müdaxiləsi növbəti gün Rustaveli prospektinə daha çox adam çıxardı.
İyunun 24-də Gürcüstan hakimiyyəti etirazçıların əsas tələblərindən birini yerinə yetirdi – 2020-ci ildə proporsional sistemlə parlament seçkilərinin keçirilməsinə razılır verildi, həm də aksiyanın dağıdılmasında iştirak edən 10 polis əməkdaşının səlahiyyətləri dayandırıldı.
Bununla belə, etirazçılar daxili işlər naziri Georgi Qaxariyanın istefasını, həm də hələ də azadlığa çıxmayan fəalların buraxılmasını tələb etməkdə davam edir.
Tbilisidə etiraz aksiyalarında həm də “Russia is occupant”, “Путин х**ло” və s. şüarlar səsləndirilir. Bu transporantlar Rusiya KİV tərəfindən rusofobiyanın təsdiqi və son illərdə Gürcüstana gələn turistlərin ümumi sayının təxminən 20%-ni təşkil edən ruslara təhdid kimi nümayiş olunur.
Gürcüstandakı ruslar nə deyir
Katya Borodina Tbilisiyə hadisələrin ən qızğın çağında gəlib və hətta Gürcüstanda qalma vaxtını bir həftə uzatmaq üçün biletini dəyişib.
“Ruslara qarşı heç bir şey nə görürəm, nə də hiss edirəm. Gürcüstanda etirazlar konkret insanlara deyil, hökumətə qarşı yönəlib, bunu anlamaq lazımdır! Sözsüz ki, Putinin adı hallanan plakatlar tez-tez görürəm, amma bu heç bir şəkildə mənimlə assosiasiya olunmur, gürcülər başa düşür ki, heç də hər bir rus RF prezidentinin hərəkətləri və sözlərinin altında imzasını atmır”.
Son illərdə getdikcə daha çox Rusiya vətəndaşı Gürcüstanı daimi və ya müvəqqəti yaşayış yeri kimi seçir, Daniela Şapoval Tbilisiyə mayda köçüb, hazırda bu il Sankt-Peterburqdan olan oğlanların açdığı “Ovsyanka” kafesində işləyir.
İyunun 20-də Daniela digər şəhər sakinləri ilə birlikdə Rustavelidəki parlament binası qarşısında etiraz aksiyasına gedib.
“Qaza düşdüm, yerli oğlanlar məni xilas etdi, rus olduğumu biləndə də inanmadılar. Məni heç yerə buraxmırdılar, evə yola salmaq istəyirdilər, mənsə getmək istəmirdin. Belə sevgi və qayğı çoxdan görməmişdim”.
DOJD telekanalının jurnalisti Vladimir Romenski Batumidə dincəlirdi. İyunun 20-də redaksiyanın tapşırığı ilə artıq Tbilisidə idi.
“Dəfələrlə etiraz aksiyasının iştirakçıları ilə müsahibəyə razılıq almışam. Rusiyalı jurnalistlərlə ehtiyatlı davranırlar, başa düşürlər ki, bizim əksər KİV-lərimiz təbliğat ruporuna çevrilib. Amma vicdanlı, müstəqil jurnalistlər üçün gürcülər öz mövqeyini izah etməyə və hansı səbəbdən hakimiyyətin dəyişməsini istədikləri barədə danışmağa hazırdılar”.
Müşahidəçilər hesab edir ki, Gürcüstanda etirazlar ruslara qarşı deyil. Əksər insanlar sadə adamlara deyil, rusiya hökumətinə qarşı neqativ fikirdədir. Halbuki ümumi fonda istisnalar da olur.
Nikita İonov və Natalya Luqovskaya Smolenskdən Tbilisiyə bir il əvvəl köçüb.
“Heç bir dəyişiklik görmədim. Bircə hadisə oldu — bu günlərdə, küçədə bizə bir qadın yaxınlaşdı, yəqin ki, rus dilində danışdığımızı eşitdi. O, sözünə “Bilirsiz ki, siz ruslar işğalçısız?!” cümləsindən başladı. Amma mən Belarusdan olan dostlarımla birlikdə olduğuma görə, onlar dedilər ki, Belarus işğalçı deyil. Bundan sonra qadın üzr istəyərək, işinin dalınca getdi”, — Nikita danışır.
“Amma bu, rus dillilərə qarşı belə bir münasibətin yeganə faktı olduğuna görə bütün gürcü xalqı ilə bağlı heç bir şey deyə bilmərəm”, — Natalya əlavə edir.
Həm də qeyd etməyə dəyər ki, iyunun 21-dən gürcü kino teatrları rus dilində filmlər vermirlər.
Rus dili Gürcüstanda problem ola bilərmi?
Ulyana Vandışeva Tbilisiyə 7 il əvvəl restoran layihəsinin açılığı ilə məşğul olmaq üçün gəlib. Bu gün Ulyana yemək və içkilər üzrə mütəxəssis kimi işləyir.
“Bu yaxınlarda şirkətlərdən birində front-ofisdə işləyirdim və belə alındı ki, rəhbərim məni bu vəzifədən azad etməli oldu, çünki müştərilərin rusdilli xanımın telefona cavab verməsi və iş yazışmalarını rus dilində aparması ilə bağlı narazılığı varıydı. Amma bununla belə, Rustavelidə hadisələr olanda mənə zəng edən və vəziyyətimlə maraqlanan birinci adam elə həmin təşkilatın rəhbəri oldu”.
2017-ci ildə Dina Ramazanova həmkarı Aleksandr Novikovla birlikdə Azadlıq Meydanının yanında DADI çaxır barı açıb. Etirazlar zamanı Dima Tbilisidə, işdə idi.
“Müəyyən gərginlik təbii ki, yarandı. Əvvəllər rusların bu ölkədə olmasından narazı olanlar bunu daha açıq ifadə etməyə başladılar, deyərdim ki, bu hadisələrdən sonra daha cəsarətli oldular. Şəxsini siyasətlə qarışdırmayan, düşünən və mənzərəni daha geniş görənlər isə bununla bağlı fikir söyləmir və dəstəkləyirlər. Hələlik bunun biznesə necə təsir edəcəyi barədə danışmaq çətindir, istənilən halda DADI-nin auditoriyası hər şeydən əvvəl turistlərdir, həm Rusiyadan, həm də dünyanın qalan hissəsindən, dünya da böyükdür”.
“Tsiferblat” anti-kafesini də Tbilisidə Rusiyadan gələnlər açıb.
Burada işləyən Paolo Qvasaliya iyunun 21-nə keçən gecə aksiya dağıdılan zaman qarın nahiyyəsindən zədə alıb.
“Mənim yaralarım digər aksiya iştirakçılarının yaraları ilə müqayisədə nağıldır”, – Paolo deyir.
“Tsiferblat”a hər gün çox müxtəlif adamlar, həm yerlilər, həm də o cümlədən Rusiyadan olan ekspatlar gəlir.
“Hər hansı Gürcüstan vətəndaşının Rusiya vətəndaşlarına qarşı aqressiya göstərdiyini görməmişəm. Bu, vətəndaşlar arasında mübarizə deyil, bu, dövlətlər arasında siyasi mübarizədir, onun da sadə dinc vətəndaşlarla heç bir əlaqəsi yoxdur və insanların bir-birinə münasibətinə təsir etməməlidir”, – Paolo deyir.
Gürcüstandan rusdilli turistlərin rəylərinə baxmayaraq, Rusiya KİV-nin reportajları nəticəsiz ötüşməyəcək. Amma Gürcüstanda çoxları hesab edir ki, turist axınının azalması xidmətin keyfiyyətinin artırılmasına gətirib çıxaracaq.
Aleks Tatevosyan Tbilisidə anadan olub, böyüyüb. Digər şəhərlilər kimi, bütün bu günlər ərzində Gürcüstan parlamenti qarşısında etiraz aksiyalarından iştirak edib.
“Reyslərin ləğvinə gəlincə, uduzan ancaq Rusiya vətəndaşları olacaq. Düzdür, gürcü iqtisadiyyatında kiçik neqativ sıçrayış olacaq, amma bizi narahat edəcək dərəcədə də ciddi olmayacaq. Hesab edirəm ki, bundan sonra tur operatorlar xidmətin keyfiyyətini artıracaq və Qərb bazarına istiqamətlənəcək ki, bu da ölkəmizin turizm potensialını yaxşılaşdıracaq”.