Gürcüstan sakinləri yoxsullaşıb
«Əhalinin rifahının tədqiqi» layihəsinin məlumatına görə, 2015-ci ildən sonra Gürcüstanda yoxsulluq göstəriciləri yüksəlib. Bu tədqiqatın nəticələri iyunun 12-də BMT-nin Uşaq Fontu tərəfindən açıqlanıb.
Əgər 2015-ci ildə ailələrin ümumi sayında yoxsulluq səviyyəsi 16,4 faiz təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 19,6 faizə qədər artıb. Hərçənd qeyd etmək lazımdır ki, 2013-cü illə müqayisədə bu göstərici aşağıdır.
Gürcüstanda yoxsulluğun aşağı həddi günlük 1,25 ABŞ dolları həcmində gəlir hesab edilir ki, bu da ayda 35 dollar (82,8 lari) təşkil edir.
Tədqiqata əsasən, Gürcüstanda əhalinin 21,7 faizi, uşaqların 27,6 faizi və təqaüdçülərin 17,6 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.
“Əhalinin rifahının tədqiqinə” əsasən, yoxsulluq ən çox uşaqların maraqlarına toxunub. Minimum istehlak səbətindən aşağı səviyyədə yaşayan uşaqların sayı əhəmiyyətli dərəcədə artıb. Hər beşinci uşaq üzvlərinin minimal tələblərinin təmin edilmədiyi ailədə böyüyür.
İşsizlik
Gürcüstanda işsizliklə bağlı vəziyyətdə son iki ildə əhəmiyyətli dəyişiklik verməyib və hələ də bu göstərici yüksək olaraq qalır. İşsizlik səviyyəsi 2015-ci ildə 12 faiz, 2016-cı ildə isə 11,8 faiz təşkil edib.
Əhalinin 60 faizi özü özünü işlə təmin etmiş hesab olunur. Onların böyük hissəsi əsasən kənd təsərrüfatı sahəsində çalışan insanlardır. Gənclər arasında işsizlik səviyyəsi çox yüksəkdir. Onların demək olar ki, üçdə biri (30 faizə yaxını) işlə təmin olunmayıb.
Urbanistik yaşayış yerlərində kənd yerlərinə nisbətən ev təsərrüfatlarının gəlirləri daha çoxdur. Bununla yanaşı şəhərlilər uzunmüddətli məişət əşyalarına, evdən kənarda yeməyə, təhsilə daha çox pul xərcləyirlər, kəndlilər isə evdə yeməyə və tibbi xidmətə.
2015-ci ildə nominal orta təsərrüfatın minimal gəliri 608,9 lari, 2017-ci ildə isə 771,9 lari səviyyəsində qeydə alınıb.
Bahalaşma
Tədqiqat müəllifləri hesab edirlər ki, yoxsulluğun artımı iqtisadiyyatın inkişafının zəif tempi, inflyasiya səviyyəsinin yüksəlməsi və istehlak qiymətlərinin artımı ilə bağlıdır.
2017-2017-ci illərdə larinin dəyərdən düşməsi fonunda ərzaq məhsulları, tütn, alkoqol, tibbi xidmət, kommunal xidmət və nəqliyyat qiymətləri 4-37 faiz yüksəlib. Gəlirlərin azalması ilə əhali daha çox xərcləməli olub (orta xərclər 821,8 lari, orta gəlirlər isə 608,9 lari təşkil edib).
“Az gəlirli ev təsərrüfatlarında gəlirlərin böyük hissəsini yemək xərcləri tutur. 2015-ci ildə az təmainatlı ailələr inflyasiya prosesini yüksək gəlirli ev təsərrüfatlarından daha ağrılı hiss edib. Son iki il ərzində Gürcüstanda ev təsərrüfatlarının maddi durumu pisləşib və əvvəlki illərlə müqayisədə daha çox ailə yoxsullaşıb”, – tədqiqatda deyilir.
Son iki ildə istehlak qiymətlərinin artması ilə paralel olaraq əhali təhsilə və uzunmüddətli məhsulları almağa daha az pul xərcləməyə başlayıb.
Gürcüstanın urbanizasiya yerlərindəki əhalisi arasında bank kreditlərinin və lombard vəsaitlərinin alınması ilə bağlı göstərici əhəmiyyətli dərəcədə yüksəlib. 1500 ailə yeganə maddi vəsait mənbəyi olaraq məhz bunu göstərib. Gürcüstanda ssudalar banklardan və lombardlardan (80,3 faiz), mikromaliyyə təşkilatlarından (8,7 faiz), qohumlardan və dostlardan (6,1 faiz) götürülür.
Uşaqlar
Uşaqların 87 faizi icbari orta təhsil alır. Bununla yanaşı yoxsul ailələrdən olan 15-18 yaş arası uşaqlar təhsildən kənar qalıb.
Ən yoxsul ailələrdən olan 10 uşaqdan 6-sı uşaq kitabarı almaq imkanından məhrumdur.
Uşaq bağçalarının çatışmazlığı üzündən 14 min uşaq məktəbəqədər müəssisələrə gedə bilmir.
Sağlamlıq
2015-ci illə müqayisədə 2017-ci ildə tibbi xidmətlərin qiyməti 16,4 faiz yüksəlib. Ev təsərrüfatları büdcələrinin orta hesabla 16 faizini tibbi preparatlara sərf edib, bu da daha çox dərmanların bahalaşması ilə əlaqədardır.
Bununla belə icbari tibbi sığorta proqramı özünü tamamilə doğruldub. 2017-ci ildə əvvəlki illərlə müqayisədə daha çox ailə tibbi xidmətlərdən yararlanmaq imkanına sahib olub.