Gürcüstan işğal olunmuş ərazilərə yanaşmanı dəyişir

“İşğal olunmuş ərazilər haqqında” qanunla bağlı nəyi bilmək lazımdır və ona hansı dəyişikliklər ediləcək?

Nə baş verir?

Gürcüstanın yeni seçilmiş parlamenti “İşğal olunmuş ərazilər haqqında qanuna dəyişikliklər etməyi planlaşdırır. Müdafiə və təhlükəsizlik məsələləri üzrə parlament komitəsi artıq belə bir qərar verib. İndi bu məsələ parlament sessiyasında müzakirə olunacaq.

Dəyişikliklərin təşəbbüskarı hakim “Gürcü arzusu partiyasıdır. Partiya parlamentdə konstitusion çoxluğa malikdir. Bu isə o deməkdir ki, o heç bir problem olmadan istənilən qanunu qəbul edə və ya dəyişə bilər.

“İşğal olunmuş ərazilər haqqında qanunda nələrin dəyişəcəyi və müxalifətin nə üçün dəyişikliklərə qarşı çıxmasının səbəbləri ilə tanış olun.

 “İşğal olunmuş ərazilər haqqında qanun nəyi ifadə edir?

“İşğal olunmuş ərazilər haqqında qanunu Gürcüstan hakimiyyəti 2008-ci il avqust müharibəsindən sonra qəbul edib.  

Qanun Abxaziya və Cənubi Osetiya ərazilərinin ədalətli tərifini verir, yəni burada qeyd olunur ki, bu ərazilər Rusiya Federasiyası tərəfindən işğal olunub. 

Qanunda həm də göstərilir ki, sivil dünyanın Gürcüstan yurisdiksiyasının işləmədiyi bu regionlarla münasibəti necə olmalıdır. Bu regionlara necə getmək olar, iqtisadi fəaliyyət necə olmalıdır və s.

Qanuna əsasən, yuxarıda qeyd olunan regionlara giriş, həm də  istənilən iqtisadi fəaliyyət ancaq Gürcüstan hakimiyyəti ilə razılaşdırılandan sonra həyata keçirilə bilər. 

Bu ərazilərə qanunu pozmadan ancaq Tbilisinin nəzarəti altında olan rayonlardan girmək mümkündür: Abxaziyaya Zuqdididən, Cənubi Osetiyaya isə Qoridən. Deməli, Rusiya tərəfindən (Soçi, Roki tunelindən) bu regionlara keçənlər Gürcüstan qanunvericiliyini pozmuş olur. Bu o deməkdir ki, qanunu pozan sonradan Tbilisi yurisdiksiyasının işlədiyi əraziyə gəlsə, ona qarşı cinayət işi açıla, 2 ildən 4 ilə qədər azadlıqdan məhrum etmə cəzası ala və ya cərimə oluna  bilər; sərhədin təkrar qanunsuz keçilməsinin cəzası isə 3 ildən 5 ilə qədər həbs cəzasıdır.

Abxaziya və Cənubi Osetiyada qanunsuz iqtisadi fəaliyyətə görə hüquqi və ya fiziki şəxsi böyük həcmdə cərimə və Gürcüstan ərazisində sahibkarlıq etmək qadağası gözləyir. Eyni zamanda bu ərazilərdə bağlanan istənilən müqavilə etibarsız sayılır; istənilən daşınmaz əmlakın alqı-satqısı qadağandır; mərkəzi hakimiyyətlə razılaşdırma olmadan sərmayə qoyuluşu və istənilən iqtisadi fəaliyyət qadağandır; qanunsuz vətəndaşlığın verilməsi və qanunsuz yerləşdirmə faktları da tənzimlənir.

Qanun humanitar məsələlərlə məşğul olan beynəlxalq missiyalara aid edilmir, amma bu zaman qeyd olunur ki, onlar Gürcüstan tərəfini qabaqcadan və postfaktum öz səfərləri barədə məlumatlandırmalıdır.
 Hansı dəyişiklikləri etmək istəyirlər?

Dəyişikliklərə əsasən, Gürcüstan hakimiyyətinin icazəsi və ya razılığı olmadan işğal olunmuş ərazilərə özbaşına giriş cinayət sayılmayacaq. 2-4 il müddətinə həbs olunmaq əvəzinə qanun pozucusu 400 lari həcmində inzibati cərimə ödəməli olacaq. Təkrar pozuntuya görə cərimənin də həcmi iki qat artacaq (800 lari).

 Qanunu niyə dəyişirlər? Əsas arqumentlər

1. Beynəlxalq öhdəliklər. Dəyişikliklərin edilməsinə əsas səbəb kimi beynəlxalq təşkilatların təzyiqi göstərilir. Hakimiyyət nümayəndələrinin sözlərinə görə, məhz beynəlxalq tərəfdaşlar qanunu dəyişməyi tövsiyə edir.  “Gürcüstanı qanuna dəyişikliklər edilmədiyinə görə az  tənqid etməyiblər, hətta sanksiyalar da tətbiq olunub. Gürcüstana qarşı iki il müddətinə sanksiyalar tətbiq olunub və Gürcüstanda iki il ərzində Avropa Şurasının himayəsilə beynəlxalq forumlar və tədbirlər keçirilməyib (hüquq məsələləri üzrə parlament komitəsinin sədri Eka Beseliya).  

2. İnsanlar arasında etimadın bərpasına ehtiyac var. “Əraziləri birləşdirmək lazımdır. Həmin ərazilərdə insanların yaşadığını unutmaq olmaz, ilk növbədə də həmin adamları qaytarmaq və onlarla münasibətləri düzəltmək lazımdır (ədliyyə naziri Teya Tsulukiani). 

3.Repressiyalar və cinayət təqibi əsas məqsəd olmamalıdır.

Dəyişikliklərə qarşı çıxanların hansı arqumentləri  var?

1. Beynəlxalq rıçaq. Müxalifət hesab edir ki, “İşğal olunmuş ərazilər haqqında qanun beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün yaxşı rıçaqdır və ondan imtina Gürcüstanın dövlət maraqlarına zərbə endirəcək.

2.  İşğal olunmuş ərazilərə təsir. Adıçəkilən qanun həm də Tbilisi üçün Rusiya tərəfindən işğal olunmuş ərazilərə heç olmasa bu formada öz yurisdiksiyasını yaymaq üçün yeganə imkandır.

3. Beynəlxalq təşkilatlar qanunu dəyişməyi tələb və tövsiyə etmirlər. Müxalifət bildirir ki, Avropa İttifaqının heç bir rəsmi tələbində bu qanunun  liberallaşdırılmasının vacibliyi qeyd olunmur. Deməli, hakimiyyət qanunun dəyişdirilməsi tələbini  beynəlxalq təşkilatların irəli sürdüyünü deməklə yalan danışır. Həqiqətən də Avropa İttifaqının heç bir tövsiyəsində belə bir müddəa yoxdur, biz hakimiyyət nümayəndələrindən Avropa İttifaqının konkret olaraq bu tövsiyəsini göstərməyi xahiş edəndə, onlar bunu edə bilmədilər.

4.Rusiyanın dəyirmanına su tökür. Müxalifətin fikrincə, “İşğal olunmuş ərazilər haqqında qanunu yumşaltmaqla Gürcüstan hakimiyyəti Rusiyanın maraqlarından çıxış edir, çünki məhz Rusiya bu qanuna  və “işğal termininə qarşı mübarizə aparır.

Bu gün bu qanun real olaraq işləyir?

Görünür ki, heç də həmişə yox. 2013-cü ilin oktyabr ayında fransız aktyoru Jerar Depardye Tbilisiyə yolüstü səfər etdi. Axşam Bakıya yola düşürdü, buna qədər isə hava limanının işçiləri ilə selfi çəkdirdi, şəhər mərkəzindəki “Çörək evində nahar etdi, sonra da qonşu ölkəyə yollandı. Gürcüstan hakimiyyəti qanunla hərəkət etsəydi, fransız aktyor hava limanında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanmalı idi. İş orasındadır ki, bir qədər əvvəl Rusiya vətəndaşlığını qəbul edən və Moskvada məskunlaşan Depardye elə həmin ilin iyul ayında Abxaziyada olub. Sərhədi də Rusiya tərəfindən keçib, bununla da Gürcüstan qanunvericiliyini pozub, Gürcüstan hakimiyyətinin isə bundan xəbəri yoxuymuş.

Həmin qanunu pozduğuna görə kim saxlanılıb?

Abxaziya və Cənubi Osetiya ərazisinə keçməyə görə məsuliyyəti Gürcüstan DİN-i daşıyır, çünki sərhəddə nəzarəti məhz bu orqan həyata keçirir. Deməli, Abxaziya və Cənubi Osetiya ərazisində qanunsuz olan şəxslərin aşkar edilməsi və Tbilisinin yurisdiksiyası altında olan ərazilərə gələndən sonra onlara qarşı nəzərdə tutulan sanksiyaların tətbiqi də məhz bu orqanın vəzifəsidir.   

DİN-in JAMnews-a təqdim etdiyi məlumata görə, 2009-cu ildə 88, 2010-cu ildə  83, 2011-ci ildə 55, 2012-ci ildə 26, 2013-cü ildə 45, 2014-cü ildə 36, 2015-ci ildə 17, 2016-cı ilin yanvar ayından avqust ayına qədər 14 bu cür pozuntu faktı aşkar edilib.

DİN qanunu pozanların şəxsiyyətlərini açıqlamır, həm də onların bu gün harada olduqları haqda informasiya vermir.

Noyabrın 10-da Rusiyanın Turizm üzrə Federal Agentliyinin yaydığı bəyanatda bildirilir ki, 2015-ci ildə Gürcüstanda “İşğal olunmuş ərazilər haqqında qanunun pozulmasına görə, üç Rusiya vətəndaşı  həbs edilib, daha bir neçə nəfər cərimələnib.

Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.

 


More on JAMnews