“Gürcü” Saakaşvilinin “ukraynalı”dan dörd fərqi
Gürcüstanın keçmiş prezidenti, Ukrayna prezidentinin sərəncamı ilə bu ölkənin vətəndaşlığından məhrum edilən Mixail Saakaşvili hazırda etiraz aksiyalarının köməyiylə Avropanın ən böyük ölkəsində hakimiyyətə gəlməyə çalışır. Onun bu yolda şansları necədir?
Noyabrın on birində bir neçə yüz adam Kiyevdə Mixail Saakaşvilinin bəyan etdiyi “Narazıların marşı”na çıxdılar. Aksiya iştirakçıları impiçment haqqında qanun qəbul etməyi və anti-korrupsiya məhkəməsi yaratmağı tələb edirdilər. Ali Radanın qarşısında aksiyalar artıq bir aya yaxındır ki, davam edir.
______________________________________________________
“Ukrayna hakimiyyətində oturan “barıqalar” üçün pis xəbərim var, Ukraynanın hər yerindən insanlar dəyişikliklər tələb etmək üçün yığışıblar. Biz geri çəkilməyəcəyik və boyun əyməyəcəyik”, – Mixail Saakaşvili oktyabrın 17-də, tərəfdarları ilə birlikdə “böyük siyasi islahat” uğrunda aksiyaya qoşulanda öz çıxışına bu sözlərlə başladı. O, Ukrayna dilində nitqə başladı, amma tez də rus dilinə keçdi.
Prezident Poroşenko Gürcüstanın keçmiş prezidenti və Odessa vilayət administrasiyasının keçmiş rəhbərini vətəndaşlıqdan məhrum edəndən sonra onu Ukraynada nəinki etiraz aksiyasında, hətta turist kimi də gözləmirdilər, indi isə o Radanın qarşısında durub, əsas siyasi opponentini istefa ilə təhdid edirdi.
“Ukraynanın Poroşenko ilə perspektivi yoxdur! O, getməlidir!” – çıxışı zamanı Saakaşvili yöndəmsiz şəkildə əllərini yellədir, natiqlik məharəti ilə özündən əvvəl çıxış edənləri kölgədə qoyur və gurultulu alqışlarla qarşılanır.
“Mixo, Mixo!” – Rada qarşısındakı izdiham müxtəlif partiyaların bayraqlarını dalğalandıraraq qışqırır.
Bu gün Saakaşvili üçün mühüm bir gün oldu – tale ona siyasi karyerasının bitmədiyini sübut edə bilməsi üçün bir dənə də, bəlkə də axırıncı şans verdi.
Amma mitinqdə az adam var, nəzərə alsaq ki, Kiyev xeyli daha böyük kütləvi çıxışlar görüb. Saakaşvilinin ovqatı yaxşı deyil – sınmış və yorğun görünür.
Ukraynan baş prokurorunun keçmiş müavini David Sakvarelidze mitinqdə onun yanında olan yeganə gürcüdür, Poroşenkonun 2015-ci ildə Ukraynada “gürcü möcüzəsi”nin təkrarlanması üçün dəvət etdiyi otuz həmvətənindən biri. Onun da yanında çıxışlarını indicə bitirən iki gənc ukraynalı deputat və üç keşiş var.
Gürcü jurnalistinin gürcü dilində gələcək planlar haqqında danışmaqla bağlı xahişinə Saakaşvili cavab verir: “Burada mən Ukrayna dilində danışıram, gürcü dilində sonra, Gürcüstana qayıdanda”. Ukraynaya qayıtdığı gündən o, əhatəsində Gürcüstandan daha az həmvətəninin olmasına çalışır.
“Düz edir. O, ukraynalı siyasətçi olduğunu sübut etməlidir”, – Ukraynada işləyən rusiyalı jurnalist, uzun illərdir ki, Saakaşvilinin siyasi karyerasını izləyən Matvey Qanapolski deyir.
Saakaşvili artıq dörd ildir ki, Gürcüstana qayıda bilmir. Ona qarşı dörd epizod üzrə cinayət işi açılıb – vəzifə səlahiyyətlərindən sui-istifadə, dinc mitinqin və teleşirkətin dağıdılması, deputatın döyülməsi və büdcə vəsaitinin talan edilməsi.
Hazırda o, heç bir ölkənin vətəndaşı deyil. Qarşısında həmişə həbs və ekstradisiya təhlükəsi var – Gürcüstan hakimiyyəti çoxdandır onun “başını” tələb edir.
“Şəxsən mənə istirahət lazım deyil, amma sizin məndən dincəlməyinizin vaxtı çatıb”, – 2013-cü il prezident seçkilərindən sonra o, Gürcüstan vətəndaşlarıyla bu sözlərlə vidalaşdı və Nyu-Yorka mühazirə oxumaq və Bruklin kafelərində vaxt keçirmək üçün yollandı.
Birinci fərq: uğurlu və uğursuz islahatçı
Ukrayna prezidenti Saakaşvilini əvvəlcə müşavir kimi dəvət edərkən, sonra da onu Odessa vilayətinin qubernatoru təyin edərkən nə istəyirdi?
Öz qərarını elan edərkən Petro Poroşenko vilayəti “Ukraynanın böyük dostu, hələ universitetdən, 25 ildən çoxdur ki, tanıdığı insana, sözdə deyil, işdə təkcə bilikli olduğunu deyil, həm də kreativ təkliflər irəli sürməyi, onları həyata keçirməyi bacardığını sübut edən, bütöv bir ölkəni dəyişən” insana etibar etdiyini bildirdi.
Saakaşvilinin özü Odessadakı işini “Putinlə mübarizənin ön kənarı” adlandırırdı – dəfələrlə izah edirdi ki, uğurlu və islahatlar yolunu keçmiş Ukrayna Kremlin postsovet məkanında siyasətinin məğlubiyyəti demək olacaq. Bu işə Odessadan başlamağı düşünürdü.
Nəticədə isə Saakaşvilinin Odessada qubernatorluğu bir neçə layihəni çıxsaq, iflasa uğradı – Saakaşvilinin vəd etdiyi korrupsiyasız və oliqarxsız Odessa alınmadı.
Artıq onun istefasından sonra Poroşenko bildirdi ki, Saakaşvili Odessada “vacib olan işlərdən heç birini görmədi”. Keçmiş qubernatorun özü isə deyirdi ki, Poroşenko ona işləmək və islahatlar keçirmək imkanı vermirdi.
“Bu, beləydi”, – NTV nəslindən olan rusiyalı jurnalist, hazırda prezident Poroşenkoya loyal olan və biznes mərkəzin 12-ci mərtəbəsində yerləşən telekanalda işləyən Yevgeni Kiselyov deyir. – “Bu faktdır ki, Saakaşvilinin heç bir işinin alınmaması üçün hər şey edilirdi. Poroşenkoya Saakaşvilinin Odessada uğur qazanması lazım deyildi və heç kim onu Ukraynada korrupsiya ilə mübarizənin qəhrəmanı etməyə hazırlaşmırdı. Bu, sinik səslənə bilər, amma Saakaşvilinin Ukraynaya dəvət olunması Poroşenkonun taktiki qərarıydı. O, Saakaşvilidən Yatsenyuk hakimiyyətindən qurtulmaq üçün istifadə etdi. Bu, baş tutandan sonra isə Saakaşvili daxili siyasi mübarizənin bir aləti kimi öz dəyərini itirdi”.
Beləliklə də, GÜRCÜSTANDA UĞURLU İSLAHATÇI REPUTASİYASI OLAN SAAKAŞVİLİ UKRAYNADA UĞURSUZ QUBERNATORA ÇEVRİLDİ.
İlk növbədə də ona görə ki, hökumət və parlamentinin prezidentin məsləkdaşları tərəfindən idarə olunan və bunun sayəsində də onun sərt, çox vaxt da heç nədən çəkinmədən hərəkət edə bildiyi Gürcüstandan fərqli olaraq, Odessada o, yerli klanlar, oliqarxların maraqları, axırda da ona dəstək verməkdən imtina edən prezidentlə qarşılaşdı.
“Saakaşvili Poroşenkoya yaxın olan biznesmenlərin maraqları ilə toqquşan kimi Poroşenko ona arxa çevirdi. Bu, gözlənilən idi”, – jurnalist Matvey Qanapolski deyir.
İkinci fərq: qızılgüllər olmayacaq
Tələbə yoldaşları olan Poroşenko və Saakaşvilinin münasibətləri hazırda siyasi rəqabətdən çox, şəxsi nifrətə çevrilib. Ukraynada çoxları bizə deyirdi ki, prezidentin Saakaşviliyə qarşı hərəkətləri irrasionaldır və şəxsi qisası xatırladır.
Onlardan biri də Sergey Şerbinadır: “Poroşenkonun ona qarşı atdığı addımlar düzü, o qədər də aydın deyil. Burada nəsə dərin şəxsi məsələ, böyük şəxsi inciklik var”.
Qubernator postunu tərk edəndən sonra Saakaşvilinin Ukraynadakı həyatı kəskin şəkildə dəyişdi: onu əsas Ukrayna kanallarına buraxmırlar, iqtidaryönlü mediada ciddi kampaniya başlayıb – əvvəllər onu dahi islahatçı adlandıran mətbuat və sosial şəbəkələr ünvanına pis rəylərlə doludur – “kloun” və “populist” adlandırırlar.
Oliqarx Rinat Axmetova məxsus olan “Ukrayna” telekanalı Saakaşvilinin qatı opponenti, rejissor Georgi Xaindrava tərəfindən çəkilmiş “Geokratiya” gürcü serialını alıb. Rus dilinə dublyaj edilmiş serial bədii formada Gürcüstanda “Saakaşvili rejimi”nin bütün dəhşətlərini təsvir edir.
Müxalifətə keçəndən sonra keçmiş Gürcüstan prezidenti “Yeni qüvvələrin hərəkatı” partiyasını yaradır və regionlara gedir, vətəndaşlarla görüşür və rüşvətxor məmurları ifşa etməyə başlayır. Kiçik ZIK telekanalında Saakaşvili hətta tok-şou aparıcısı olur.
Amma Saakaşvilidə heç nə alınmadı – partiyanın reytinqi iki faizi keçmədi, regionlardakı görüşlər də çoxsaylı olmurdu.
Saakaşvilinin siyasi karyerasının axırı yaxınlaşırdı. Keçmiş Gürcüstan prezidentinin həyatında ən təhlükəli an yarandı – onu unutmağa başladılar.
“Bir ay ərzində o, çox kökəldi, dəhşətli depressiyası başladı. Onunla danışmaq mümkün deyildi, o dərəcədə əsəbiydi”, – hazırda onunla Ukraynada olmayan keçmiş gürcü məsləkdaşlarından biri həmin vaxtları xatırlayır. – “O, fiziki olaraq siyasətsiz yaşaya bilmir”.
Prezident Poroşenkonun Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi ilə bağlı iyulun axırlarında çıxardığı qərar onun artıq ümid edə bilmədiyi böyük hədiyyəyə çevrildi. Bu qərar ABŞ-da olan Saakaşvilinin Ukraynaya yolunu bağlasa da, yenidən diqqət mərkəzində olmaq və yenidən Ukrayna siyasətində bəxtini sınamaq imkanı verirdi.
Gürcü sənədli film rejissoru Toma Çaqelişvili artıq bir neçə ildir ki, Mixail Saakaşvili haqqında film üzərində işləyir. Ondan filmi nə vaxt görəcəyimizi xəbər alıram. “Bilmirəm, məntiqi sonluğu gözləyirəm”, – deyir.
“Onu vətəndaşlıqdan məhrum edəndə bunun son olduğunu düşünürdüm. Polşaya karyerası artıq sona çatan siyasətçiylə son müsahibəni lentə almaq üçün getdim… Əvəzindəsə təəccüblə gündə bir neçə dəfə məşq edən və döyüşə hazırlaşan motivasiyalı insan gördüm”, – sentyabrın 10-da Polşa-Ukrayna sərhədinin “yarılması” zamanı Saakaşvili ilə birlikdə olan Toma danışır.
Saakaşvili onda bir neçə dəfə qərarını dəyişir. “Həmin vaxt o, vəziyyəti özü idarə edirdi, hamıdan – Yuliyadan (Timoşenko), jurnalistlərdən istifadə edirdi. Hamımız onun planının tərkib hissəsi idik”, – Toma sərhədi keçmək anını xatırlayır.
“Timoşenkonun üzünə baxırdım.
– Mişa, indi neynəyək? – o xəbər aldı.
-Yes, Yulya, yes! – Mişa ona sevinclə qışqırırdı.
Bu kadr film üçün çəkdiyim ən yaxşı kadrlardan biridir”.
Sərhəddə baş verən hadisələri izləyən bir çox gürcü Ukraynaya can atan Saakaşvilidə həmin o “köhnə” 2003-cü ildəki, tərəfdarlar kütləsinin başında parlamentin iclas zalına soxulan Mişanı gördülər. Əlində sülhməramlı niyyətinin olmasına işarə olan qızılgüllə tribunada prezident Şevardnadzedən sonra qalan stəkandan hələ soyumamış çayı içən 36 yaşlı Saakaşvili – Gürcüstanda Saakaşvilinin doqquz illik hakimiyyətinin başlanğıcı olan Qızılgül İnqilabı yaddaşlarda məhz bu cür qaldı.
Çoxları düşünür ki, Saakaşvili təxminən eyni şeyləri Ukraynada da həyata keçirmək istəyir.
Müstəqillik Meydanı, Kiyev. JAMnews/David Pipia
İlk baxışdan 2003-cü il Gürcüstanı ilə 2017-ci ilin Ukraynasındakı problemlər oxşardır. Lap elə korrupsiyanı götürək – “Transparency International”ın 2016-cı il korrupsiyanı qavrama indeksinə əsasən, Ukrayna korrupsiyanın səviyyəsinə görə 176 ölkə arasında 131-ci yeri tutur.
Əslində isə belə görünür ki, Ukraynadakı vəziyyəti inqilabi adlandırmaq olmaz.
Və burada məsələ tək onda deyil ki, o vaxtlar Gürcüstanda küçələrə tam ümidsiz, elektrik enerjisinin, yolların olmaması, yarım illərlə verilməyən aylıq yeddi dollar məbləğində pensiyalar, cinayətkarlıq, baş alan rüşvətxorluq və məmurların hədələrindən cana doyan insanlar çıxmışdı. Ukraynada aşkar problemlərin olduğu halda iş ümumi ümidsizlik vəziyyətinə qədər gəlib çatmayıb.
Məsələ həm də ondadır ki, Qızılgül İnqilabının gürcü təcrübəsi uğurlu oldu və bunu Saakaşvilini sevməyən bir çox insan da etiraf edir. Ukraynadakı iki inqilabdan – 2004-cü il Narıncı və 2014-cü il Ləyaqət İnqilabından çoxları məyus olub. Bu da yenidən hakimiyyətin dəyişməsini tələb etmək istəyi yaratmır.
“İndi baş verənlərin Maydana çevrilməsi üçün heç bir səbəb görmürəm. Bütün baş verənlərdən sonra insanlarda müəyyən yorğunluq və məyusluq hiss olunur, onlar yenidən küçələrə çıxmayacaq. Hər halda indi yox”, – Sergey Şerbina deyir.
Daha bir mühüm fərq də var – Gürcüstanda 2003-cü ildə hakimiyyətin dəyişməsi müxalif “Rustavi-2” teleşirkəti olmadan baş tuta bilməzdi. İndiki etirazların liderlərinin bu cür güclü müttəfiqi yoxdur – bütün əsas media qurumları bu və ya digər şəkildə hakimiyyəti dəstəkləyir.
Beləliklə, SAAKAŞVİLİ GÜRCÜSTANDA QIZILGÜL İNQİLABI ZAMANI OLDUĞU MÜHİTDƏN FƏRQLİ MÜHİTƏ DÜŞÜB.
Üçüncü fərq: Saakaşvili müxalifət lideri ola bilmədi
Ukraynada çoxları Saakaşvilinin və onun siyasi gücünün uğur qazanmaq şansına skeptik yanaşır.
Jurnalist Yevgeni Kiselyov Saakaşvilinin şanslarından danışır
Jurnalist Sergey Şerbina Kiyev kafelərindən birində salfetin üzərində Ukrayna məmurları və oliqarxlarının münasibətlər sxemini çəkir – kim nəyə nəzarət edir, kim kimə qarşıdır, kim kimlədir və s. Tezliklə şəkil elektromexanika sxeminə bənzər nəyəsə çevrilir. Belə görünür ki, Saakaşviliyə burada yer yoxdur.
“Görürsüz, hara düşdü? Saakaşvili Ukraynada böyük siyasi oyunçu olduğunu düşünür. Əslində isə hamı onunla oynayır”, – Şerbina deyir.
Saakaşvili ilə birlikdə Rada qarşısındakı aksiyalarda Ukraynada “avrooptimist” adlandırılan bir neçə gənc deputat iştirak edir. Təcrübələri az olsa da, gələcəkdə yeni Ukrayna isteblişmenti yaratmaq istəkləri var. Amma hətta onun etiraz aksiyalarındakı tərəfdarları da onu 2003-cü il Qızılgül İnqilabı zamanı olduğu kimi müxalifətin lideri kimi qəbul etməyə hazır deyillər.
Keçmiş jurnalist, ukraynalı siyasətçi Mustafa Nayem – hansının ki, çağırışı ilə 2013-cü ildə Avromaydan başlamışdı, Saakaşvilinin liderliyindən danışmağın hələ tez olduğunu düşünür. Onun sözlərinə görə, o “sadəcə siyasətçilərdən biridir”, Ukraynadakı vəziyyət isə məhz siyasi rəqabəti və çox sayda partiya və hərəkatların olması ilə Gürcüstanda 2003-cü ildə olan vəziyyətdən fərqlənir.
Saakaşvilinin indiki komandasındakı heç bir siyasətçi (Leşenko, Sobolev, Semençenko, Derevyanko) sosial sorğularda hər hansı gözəçarpan yer tutmur.
Saakaşvilinin özü qanunla nə prezidentlik, nə də deputatlığa iddia edə bilər, çünki on il ərzində Ukraynada yaşamayıb.
“Saakaşvilinin Ukraynada seçilmiş siyasətçi kimi perspektivi yoxdur. O, icraedici hakimiyyətdə təyin edilə bilər, amma bu ona nə dərəcədə maraqlıdır, çətin sualdır, axı o siyasətçidir. Hətta seçilə bilsəydi də partiyasının reytinqi ona bu imkanı vermir”, – Sergey Şerbina izah edir.
Saakaşvilinin hakimiyyətə gəlməsinin daha bir yolu var – hər hansı güclü partiya ilə birləşmək. Amma keçmiş baş nazir Yuliya Timoşenko və “Batkivşina” ilə birlik daha çox taktiki alyansa oxşayır. İki iddialı liderin münasibətləri müxtəlif vaxtlarda müxtəlif cür qurulub – hər şey Narıncı İnqilab dövründəki dostluqdan başlayıb, amma 2008-ci ildə “Batkivşina” Radada Gürcüstana qarşı Rusiya təcavüzünün pislənməsi ilə bağlı qətnaməni dəstəkləmədi, Timoşenkonun özü isə Putinlə birlikdə qalstuk yeyən Saakaşviliylə bağlı zarafat edirdi. 2010-cu il prezident seçkilərində isə Saakaşvili və Timoşenko yenidən müttəfiq oldular – Gürcüstan prezidenti hətta Timoşenko qərargahı üçün Gürcüstandan müşahidəçilər göndərdi.
Yevgeni Kiselyov hesab edir ki, Saakaşviliyə bir çox gənc Ukrayna deputatı ilə də dil tapmaq çətindir: “Onların öz, Saakaşvilinin isə öz siyasi ambisiyaları var. Onlar özlərini onun yanında narahat hiss edir, Saakaşvili onlar üçün həddən artıq parlaq ulduzdur. Onlar onun kölgəsində itirlər. Saakaşvilinin isə bu siyasətçilərə böyük ehtiyacı var. Çıxılmaz vəziyyətdir”.
Dördüncü fərq: itirilmiş xarizma?
Hakimiyyətin təzyiqlərinə (vətəndaşlıqdan məhrum edilməsi, məsləkdaşlarının və mühafizəçilərinin deportasiyası və sonuncu hadisə -aeroportda 11 yaşlı oğlunun saxlanmasına) baxmayaraq, keçmiş Gürcüstan prezidenti nümayiş etdirir ki, itiriləsi heç nəyi yoxdur.
Ukraynada o, xilas olmağa və beynəlxalq siyasi arenada qalmağa çalışır.
“Saakaşvili strateji səhvə yol verəndən və Odessa qubernatoru olandan sonra çıxılmaz vəziyyətə düşdü və geri çəkilə bilmir. O, uduzmuş görünmək istəmir və batmamaq, üzdə qalmaq üçün hər şey edir”, – gürcü politoloqu Giya Nodiya deyir.
Saakaşvilinin əsas məqsədi nədir? Ukraynada qalmaq yoxsa Gürcüstana qayıtmaq? Bu sualların cavablarını ancaq onun özü bilir.
Məqsədlərinə nail olmaq yolunda isə o nə ifadələrdən, nə də emosiyalardan çəkinir.
Postsovet hakimlərin fonunda eksentrik, emosional Saakaşvili çox vaxt siyasətçiyə yaraşmayan maneralar və geyim üslubu ilə anomaliya kimi görünür, buna görə də çox vaxt gülüş obyektinə çevrilir. 2003-cü ildə Şevardnadze hakimiyyətində sovet üslublu məmurların fonunda o, cəsarəti, qeyri-standartlığı və ümumi qəbul edilmiş qaydalardan uzaqlaşmağı müsbət cəhətə çevirə bildi. Gürcü temperamenti üçün bu cəhətlər məqbul sayılırdı.
Amma bütün bunlar Ukraynada eyni effektlə işləmir. Bir çox ukraynalılar açıq şəkildə deyirlər ki, Saakaşvilinin maneraları və üslubu onlar üçün anlaşılan deyil. İlk baxışdan Saakaşvili həqiqətən də populyardır – küçədə onunla selfi çəkdirirlər, “Mixo” deyə çağırırlar, onun başqa Ukrayna siyasətçilərinə bənzəmədiyini deyirlər. Amma bütün bunlar niyəsə siyasi divident gətirmir.
“Ukraynalılar mühafizəkardır”, – Yevgeni Kiselyov deyir, – “Onlar başa düşdüklərini tərcih edirlər. Sizi uzun illərdir Ukrayna siyasi səhnəsində eyni sifətlərin olması təəccübləndirmir? Həm də burada çoxları üçün Saakaşvilinin temperamenti anlaşılan deyil”.
Gürcüstanda isə yaxın zamanda Saakaşvilinin siyasi perspektivləri şübhəlidir. Saakaşvili Ukraynada uduzarsa, bu perspektivlər daha da dumanlı olacaq. Əksinə, Saakaşvilinin Ukraynadakı uğuru onun parçalanan və başsız qalan, yanvarda liderlərinin böyük hissəsinin sıralarını tərk etdiyi “Milli hərəkat” partiyası üçün stimul və resursa çevrilməlidir.
Həm Kiyev, həm də Tbilisi üçün baş ağrısına çevrilən Saakaşvili Gürcüstana ekstradisiya oluna bilər. Amma bu, Ukrayna hakimiyyəti üçün reputasiya nöqteyi-nəzərindən sərfəli olmaya bilər. Tbilisidə də onu böyük həvəslə gözləmirlər – hər halda səsi DİN başçısı Mqebrişvilinin səsinə bənzəyən şəxs bu yaxınlarda rusiyalı prankerlərə etiraf edib ki, Saakaşvilidən qəhrəman düzəltmək istəmir və yaxşısı budur, elə olduğu yerdə də qalsın.
Saakaşvili Rada qarşısında aksiyada hər dəfə yeni formatlar fikirləşib tapır – korrupsiya ilə mübarizə planını təqdim etdiyi veçe, sonra da çadır şəhərciyinin genişləndiriləcəyini anons edir, dekabrın 3-dən isə prezidentin impiçmenti uğrunda mübarizə aparmağa hazırlaşır.
“Mixo səmimi insandır, yerli məmurlara bənzəmir”, – bizə “Donbass” batalyonunun döyüşçüsü Vitali dedi. Burada hərbi formalı çox sayda insan var.
Elə həmin vaxt da onlarla metr aralıda, Xreşatikdə insanlar sakitcə gəzişir.
“Düzü, onların hansı tələblərinin olduğunu bilmirəm. Bilirəm ki, orada Saakaşvili və daha kimlərsə var”, – Maydanda suvenir satan İrina deyir.
Elə buradaca duran mikroavtobuslardan yoldan keçən adamları Yanukoviçin sarayına ekskursiyaya dəvət edirlər. “Maydandan sonra bizim ancaq bax bu sarayımız qalıb. Özüm orada olmamışam, amma adamlar gedir. Deyirlər ki, onun orada tualeti qızıldandır”, – İrina deyir.
Bu gün Saakaşvilinin deyəsən konkret fəaliyyət planı və gündəliyi yoxdur, onun əsas məqsədi isə diqqət mərkəzində qalmaqdır.
Onun siyasi gələcəyi yəqin ki, indi onun özündən daha çox, tələbə yoldaşından asılıdır – Poroşenko Saakaşviliyə qarşı onun istifadə edə biləcəyi yeni səhvlər buraxacaqmı.
Gürcüstanda qazandığı siyasi çəkisi və islahatçı reputasiyasına gəlincə, güclü əks-təbliğata baxmayaraq, bu amil hələ də işləyir.
Amma Saakaşvili anlamalıdır ki, zaman onun əleyhinə işləyir – illər ötür və çox qısa müddətdə ölkəni dəyişən gənc gürcü prezident haqqında əfsanə sönür. Qızılgül İnqilabından 14 il ötür. Saakaşvili artıq dörd ildir ki, prezident deyil, “gürcü möcüzəsi” isə adiləşir.