Abxaziyadakı məşhur sovet elmi mərkəzinin fantastik keçmiş layihələri və bugünkü tədqiqatları haqqında" />

Fövqəlinsan necə yaradılırdı – Abxaziyadakı meymun yetişdirmə müəssisəsinin əfsanələri və həyatı

Abxaziyadakı məşhur sovet elmi mərkəzinin fantastik keçmiş layihələri və bugünkü tədqiqatları haqqında

Обезьяний питомник в Сухуме,Suxumdakı meymun yetişdirmə müəssisəsində

Əfsanəyə görə, fövqəlinsanın yaradılması üçün meymunun insanla calaq edildiyi məkan. Burada ölümsüzlük iksiri hazırlayırdılar. Elə bu məkanda öz zamanı üçün misli görünməmiş təcrübə aparılmışdı – meymunları kosmosa uçuşa hazırlamışdılar.

Bizim hekayəmiz həmin fantastik layihələr haqqında və Abxaziyada daha çox Suxum meymun yetişdirmə müəssisəsi kimi tanınan Eksperimental patologiya və terapiya elmi-tədqiqat institutunun bu günü barədədir.

Bu gündən başlayaq.

• Abxaziyada evsiz itlər haqqında qorxunc əhvalatlar – lakin bir qədər də ümid

Meymunlar üçün çətin şərait

Suxumda meymun yetişdirmə müəssisəsi

Sovet dövrünün vacib elmi mərkəzi olan yetişdirmə müəssisəsi SSRİ dağılandan sonra və xüsusilə 1990-cı illərdə gürcü-abxaz müharibəsi zamanı xeyli zərər görüb. Təkbaşına nəhəng elmi mərkəz saxlamaq çox çətin oldu.

O, Suxumda Trapesiya dağının mənzərəli məkanında yerləşir. Burada XX əsrin əvvəllərində rus həkim və mesenat, professor Aleksey Ostroumovun bağı olub. Onun tarix və memarlıq abidəsi kimi tanınmış evi dağılır və artıq kritik həddə yaxın vəziyyətdədir.

İnstitutun bir hissəsi qorunub saxlanılıb və o, tədqiqatlarla məşğul olmaqda davam edir. Halbuki, meymunların həyatı üçün burada şərait o qədər də yaxşı deyil.

• Yerevan zooparkından video və foto

Yetişdirmə müəssisəsinin bir hissəsi turistlər üçün açıqdır. Volyerlərdə meymunlar saxlanılır və girişdə onları birbaşa əldən yedirmək üçün meyvə dolu qutular almaq mümkündür.

Yetişdirmə müəssisəsi sovet vaxtlarından təmir olunmayıb, volyerlər kiçik və köhnədir. Müxtəlif abxaz turizm portallarında tənqidi şərhlər çoxdur, məsələn, burada qonaqlar yazırlar ki, yetişdirmə müəssisəsinin və meymunların özlərinin vəziyyətini “heyvanlara əziyyət verməklə” müqayisə etmək olar.

Suxumda meymun yetişdirmə müəssisəsi

Yetişdirmə müəssisəsində hələ də təcrübə laboratoriyaları qalmaqdadır ki, bura kənar şəxslərin daxil olması qadağandır. Burada tədqiqatlar davam edir və meymunlar üzərində təcrübələr, o cümlədən tibbi təcrübələr aparılır.

Həyətdə isə, institutun əməkdaşlarının iddia etdiyinə görə, dünyada yeganə olan meymun heykəli ucalır.

Suxumdakı meymun yetişdirmə müəssisəsinin həyətində büst

Heykəlin postamentində yazılıb:

«Poliomielit, sarı qızdırma, səpkili yatalaq, gənə ensefaliti, çiçək, hepatit və bir çox digər insan xəstəlikləri meymunlar üzərində təcrübələrin köməyi ilə tədqiq olunub».

Heykəl 1977-ci ildə Suxum yetişdirmə müəssisəsinin qurulmasının 50 illiyi münasibətilə ucaldılıb. Bu tarix onu da xatırladır ki, ilkin olaraq mərkəzin yaradılması və meymunlar üzərində təcrübələrə başlanması ideyası qorxulu xəstəliklərdən dərmanların axtarışı ilə bağlı olmayıb.

Yetişdirmə müəssisəsinin və tədqiqat mərkəzinin yaradılması sovet rəhbərlərinin sifarişi olub – Lenin öləndən sonra. Qarşıya “sadə” vəzifə qoyulmuşdu – onlar ölmək istəmirdilər və əbədi yaşamaq üçün üsul tapmaq istəyirdilər.

Ola bilsin, elə buna görədir ki, inzibati binanın əsas zalının küncündə hələ də Leninin büstü qalmaqdadır.

Lenin öldükdən sonra sovet rəhbərləri anladılar ki, onlar əbədi yaşamaq istəyirlər

Bura turistləri gətirmirlər, halbuki burada baxmalı şeylər çoxdur”, – yetişdirmə müəssisəsinin elmi-primatoloji muzeyinin müdiri Aldona Salakaya deyir.

O, tamamilə həqiqət ola biləcək iki əhvalat haqqında danışır.

«Leninin ölümündən sonra sovet hakimiyyətinin yuxarı təbəqələrində həyatın uzadılması barədə düşünməyə başladılar – rəhbərlər çox yaşamaq istəyirdilər. Bu məqsədlə, çox güman ki, dünyada ilk eksperimental patologiya və terapiya institutu yaradılmışdı.

Suxum meymunlar üçün doğma olan tropik qurşağa yaxınlığına və onların qidalanması üçün meyvələrin bolluğuna görə seçilmişdi. Nəticədə, şəhər sovet eksperimental təbabətinin mərkəzinə çevrildi», — Salakaya deyir.

Yeri gəlmişkən, bu, institutun yaradılmasının səbəblərinin yalnız bir versiyasıdır.

Yeni irqin yaradılması – insan və meymun hibridi

Digər məşhur nəzəriyyə – universal sovet əsgərinin/fəhləsinin yetişdirilməsi məqsədilə insanla meymunun calaq edilməsi təcrübələri.

Sovet liderlərinin nöqteyi-nəzərinə görə, belə humanoid iki vacib keyfiyyətə malik olmalı idi: çox güclü və dözümlü, lakin bununla birlikdə ağıl cəhətdən az inkişaf etmiş olmalı idi.

İnstitutda 1961-ci ildə işləməyə başlamış abxaz alim Vladimir Barkaya 2008-ci ilin yazında Britaniyanın “Guardian” qəzetinə yeni irqin yaradılması üzrə bu təcrübələr haqqında danışmışdı.

Onun sözlərinə görə, tədqiqatları 1930-cu illərdə məşhur rus bioloqu İlya İvanov aparıb və o, Parisdəki Paster İnstitutu ilə əməkdaşlıq edib. O zaman Avropa yevgenika ideyalarının təsiri altında idi. Sovet İttifaqı isə xüsusilə sübut etməyə can atırdı ki, darvinizm dini əvəz edib.

«Professor İvanov bu təcrübələrinə Afrikada başlayıb və onları Suxumda davam etdirib. O, kişilərin spermasını götürərək dişi şimpanzelərə yeridib. Lakin bundan heç nə hasil olmayıb», — Vladimir Barkaya bildirmişdi.

Təcrübələrin əks istiqamətdə keçirilməsi – meymunların spermasının qadınlara yeridilməsi haqqında suala Barkaya qəti şəkildə inkar cavabı vermişdi.

Bu nəzəriyyə institutun yaradılmasının səbəbi kimi bu gün də hesabdan silinməyib. Lakin həmin layihənin mövcud olması və onun həyata keçirilməsi barədə birbaşa dəlillər yoxdur.

Necə olursa olsun, 1927-ci ildə Qvineyadan Abxaziyaya 15 meymun gətirilib.

Heyvanların əksəriyyəti daşınmaya tab gətirməyib. Yalnız iki pavian və iki şimpanze qalıb. Məhz onlar Suxumda az qala yüz illik müşahidələr və eksperimental fəaliyyət tarixinin başlanğıcını qoyublar.

Yetişdirmə müəssisəsinin bazasında 1958-ci ildə Eksperimental patologiya və terapiya institutu yaradılıb ki, bu da primatların öyrənilməsi üzrə Sovet İttifaqında ən böyük və dünyada kifayət qədər tanınmış mərkəzə çevrilib. Onun əsas profili onkoloji xəstəliklərlə mübarizə məqsədilə dərmanların hazırlanması olub.

Suxumdakı meymun yetişdirmə müəssisəsində

Suxum yetişdirmə müəssisəsinin meymunları kosmosda

Abxaziyadakı eksperimental patologiya və terapiya institutu uzun illər sovet kosmik proqramının mərkəzində olub. Bu yetişdirmə müəssisəsinin meymunları üzərində təcrübələr aparılıb və onlardan bir neçəsi kosmik gəmilərdə uçuşlara göndərilib.

Makaka-rezus növündən olan iki-üç yaşlı, ölçüləri o qədər də böyük olmayan, sağlam və düşüncəli meymunlar seçilərək onların orqanizminə çəkisizliyin amillərinin təsiri öyrənilirdi: hərəki fəallığın olmaması və dayaq təzyiqinin dəyişməsi şəraitində.

Tədqiqatların sovet sənədləri bugünkü meyarlara görə kifayət qədər qəddar təcrübələri təsvir edir: meymunların ürəklərinə, beyninə, damarlarına və əzələlərinə elektrodlar yeridilir, onlara xüsusi kombinezonlar geydirilir və heyvanları troslardan asırdılar – onlar 60 sutkaya qədər bu vəziyyətdə qalırdı.

Dayaq-hərəkət aparatına və sinir sisteminə təsirlər tədqiq olunur və sonradan heyvanların bərpasının xüsusiyyətləri və müddətləri ətraflı təsvir edilirdi.

Suxum yetişdirmə müəssisəsindən son iki meymun kosmosa 1992-ci ilin dekabr ayının 29-da göndərilib. Bunlar makaka növündən olan Kroşa və İvaşa idi. Onlar ikisi də 1993-cü ilin yanvar ayının 10-da uçuşdan qənaətbəxş vəziyyətdə qayıtmışdılar. Yetişdirmə müəssisəsində danışırlar ki, Kroşa sonradan öz növü üçün uzunömürlü olmuşdu – 25 il yaşamışdı. Uçuşdan sonra o, artıq Rusiyanın Adler şəhərindəki meymun yetişdirmə müəssisəsində yaşayırdı.

Meymunların kosmosa uçuşa hazırlanması prosesində təcrübələr. Foto: TASS

1990-cı illərdə gürcü-abxaz müharibəsi zamanı meymunların ölümü və xilası

1992-1993-cü illərdə gürcü-abxaz müharibəsinə qədər Suxum yetişdirmə müəssisəsində altı mindən çox meymun yaşayırdı. Qumista çayı vadisində hətta kiçik qoruq da açılmışdı ki, burada təcrübə xatirinə hamadril pavianları təbiətə buraxılmışdılar.

Elə oradaca, Tamış kəndində institutun filialı açılmışdı.

Hərbi əməliyyatlar başlayandan sonra az qala bütün heyvanlar həlak olmuşdu – ya öldürülmüşdülər, ya da soyuq və aclığa tab gətirməmişdilər. Müharibədən sonra yetişdirmə müəssisəsində cəmi 250 meymun qalmışdı.

«Biz öz bağçalarımızdan meyvələr gətirirdik, yük maşınları ilə sahələrə çıxırdıq ki, meymunlar üçün qarğıdalı toplayaq. Əlimizdən gələni edirdik ki, sağ qalan fərdləri qidalandıra bilək», — Aldona Salakaya müharibədən sonrakı dövrü xatırlayır.

İqtisadi blokada və tam iflas şəraitində Abxaziyada institutun saxlanılması, yaxud ləğvi məsələsi müzakirə olunurdu. Nəticədə, həm yetişdirmə müəssisəsinin, həm də institutun işinin davam etdirilməsi barədə qərar verilmişdi.

Göy öskürək və gənclik iksiri

Bu gün institutda 200-ə yaxın əməkdaş çalışır. Yetişdirmə müəssisəsində səkkiz müxtəlif növə aid 600-ə yaxın meymun yaşayır.

Yalnız rusiyalı həmkarlarla elmi əlaqələr saxlanılır.

İnstitutun işləyib hazırladığı və 2017-ci ildə təqdim etdiyi göy öskürəyə qarşı yeni vaksin vacib yer tutur. Tədqiqatlar beş il ərzində davam edib, sonradan preparat Rusiya Səhiyyə Nazirliyi tərəfindən qəbul olunub, hazırda onun testləşdirmə işləri aparılır.

Bu gün istitutun əsas elmi istiqamətlərindən biri herontologiya sahəsində tədqiqatlardır.

Ələlxüsus, yeni hormonal preparatın təcrübələri aparılır. O, meymunların üzərində sınaqdan keçirilir. İlkin nəticə belədir ki, qoca fərdlərin nəsilartırma qabiliyyəti bərpa olunub, yaddaşları yaxşılaşıb və hətta onlar tüklənməyə başlayıblar.

Dərc olunan materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materiallara yazılan, təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilə və ya başqa səbəblərdən etnik narazılıq doğura bilən şərhləri silmək haqqını özündə saxlayır

 


More on JAMnews