Ermənistanda korrupsiya ilə mübarizə. Mif, yoxsa gerçək
Foto: Lüsi Sarqsyan
Korrupsiyanın şər qüvvə olub, Ermənistana inkişaf etməkdə maneçilik törətdiyini hamı etiraf edir: müxalifət, ictimai təşkilatlar, korrupsiya ilə mübarizəni maliyyələşdirən hökumət və beynəlxalq təşkilatlar.
Bu mübarizə özünü səs-küylü ifşalarda, həbslərdə, qanunvericilikdəki dəyişikliklərdə göstərir. Lakin “Transperensi İnterneşnl” korrupsiya əleyhinə mərkəzin direktor müavini Sona Ayvazyanın sözlərinə görə, bu, kifayət deyil.
Onun dediyinə görə, əgər korrupsiya ifşaları təkcə hakimiyyətin aşağı eşelonlarındakı həbslərlə müşayiət olunmasaydı, həqiqətən də, korrupsiya əleyhinə mübarizənin getdiyini söyləmək olardı: “Nə qədər ki məsuliyyətə cəlb etmənin mexanizmləri işə düşməyib, mübarizənin getdiyini söyləmək olmaz”.
Milli Təhlükəsizlik Xidməti son bir ayda bir neçə hadisənin üstünü açıb. Onlardan biri cinayət işi çərçivəsində məhkəməyə rüşvət vermək adı ilə iri miqdarda pulun qoparılmasıdır. Söhbət məhkəmə istintaqına müdaxilə cəhdindən və hakim vasitəsilə müttəhimə əlverişli hökmün çıxarılmasından gedir. Bu “yaxşılığ”ın qarşılığında səkkiz min ABŞ dolları tələb olunurdu.
Digər cinayət işi çərçivəsində polis əməkdaşının xidməti səlahiyyətlərini aşması barədə materiallar hazırlanıb. Həmin polis müxtəlif bəhanələr gətirərək, vətəndaşın itirdiyi hərbi biletin bərpa olunması prosesini yubadıb və guya prosesi tezləşdirmək üçün ondan iki yüz ABŞ dolları miqdarında rüşvət istəyib.
Üç Ermənistan ali təhsil ocağı barədə məlumat da rezonans doğurub. DTX-nın xəbər verdiyi kimi, burda məzunlara saxta diplomlar təqdim olunub.
Lakin korrupsiya əleyhinə mərkəzin rəhbəri Varujan Oktanyanın sözlərinə görə, korrupsiya ilə effektli mübarizədə sadalanmış ifşalar kifayət deyil, çünki mübarizəni yuxarıdan başlamaq lazımdır: “Əlinin yuxarıya çatması üçünsə siyasi iradə gərəkdir. Bu da olmadığı üçün baş verənləri sadəcə şou kimi qiymətləndirmək olar”.
O qeyd edib ki, bu yaxınlarda DTX sosial təminat sahəsində bir işin üstünü açıb ki, nəticədə Əmək və Sosial Məsələlər üzrə Nazirliyin bir neçə yüksək vəzifəli məmuru, o cümlədən Tibbi-sosial Ekspertiza Agentliyinin rəisi Armen Soqoyan həbs olunub. Ümumilikdə on iki vəzifəli şəxsə cinayət işi açılıb.
DTX-nın bəyanatına görə, Armen Soqoyanın rəhbərlik etdiyi sturktur əlillik qrupunu müəyyənləşdirərkən iyirmi-qırx min dinar (təxminən qırx-səksən ABŞ dolları) həcmində rüşvət götürüb. Tibbi komissiyaların sədrləri qazancın bir hissəsini müntəzəm olaraq agentliyin sədri Soqoyana ötürüb.
Varujan Oktanyan xatırladır ki, Armen Soqoyandan əvvəl bu vəzifəni tutan Mikael Vanyan 2012-ci ilin oktyabrında vəzifəsindən azad edilib, çünki strukturda korrupsiya riski aşkarlanıb. Ekspertin fikrincə, bütün bunlardan belə çıxır ki, cinayətin təkrarlanması zəmini daha dərindir, cəza tədbirlərisə artıq kəsərli deyil:
“Əgər eyni strukturda eyni cinayətlər təkrarlanırsa, deməli, burda korrupsiya ilə mübarizə aparılmayıb, sadəcə şou göstərilib. Mən həbs etmək lazım olmadığını demək istəmirəm, sadəcə, bu, kifayət deyil. Profilaktika lazımdır. Korrupsiya ilə təkcə cəzalandırma yolu ilə mübarizə aparmırlar”.
Ermənistanın Hüquqşünaslar Assosiasiyasının sədri Karen Zadoyan əmindir ki, korrupsiya ilə effektli mübarizə üçün müstəqil orqan yaratmaq lazımdır, çünki yaranmış vəziyyət “milli təhlükəsizlik üçün ciddi təhlükədir”.
Ermənistanda Korrupsiya ilə Mübarizə Şurası fəaliyyət göstərir. Adı çəkilən struktur Ermənistanın bundan əvvəlki baş naziri Ovik Abramyanın zamanında yaradılıb və hazırkı baş nazir Karen Karapetyana ötürülüb. Onun tərkibinə rəsmi simalar daxildir: baş prokuror, ədliyyə naziri, maliyyə naziri və Korrupsiya ilə Mübarizə Koalisiyası.
Şuranın yaradılması Ermənistanda böyük rezonans doğurub, çünki ictimai-siyasi çevrələrin fikrincə, üstəlik mətbuatda çap olunan bir sıra məqalədən və mülk deklarasiyasından belə çıxır ki, onun tərkibinə daxil olmuş yüksək mənsəbli şəxslərin özü məlum prosesən uzaq deyil: onlar bu vəzifələri tutarkən ailələri iri bizneslə məşğul olmağa başlayıb, deməli, bu adamlar korrupsiya ilə mübarizə apara bilməzlər. Ekspertlər məhz bu səbəbdən korrupsiya ilə mübarizəni hardasa “süni” sayırlar”.
Yeri gəlmişkən, bu günlərdə ABŞ-ın Ermənistandakı səfiri Riçard Mille Korrupsiya ilə Mübarizə Şurasının fəaliyyətinin effektli olmaması barədə fikir yürüdüb. Onun dediyinə görə, Şuranın hesabına əvvəlcə nəzərdə tutulmuş məbləğin yalnız 2,5 faizi köçürülüb, çünki onun işində heç bir irəliləyiş olmayıb.
Ermənistan hakimiyyəti əmin edir ki, hökumət korrupsiya ilə mübarizədə işlənib-hazırlanmış strategiyanın tədricən həyata keçməsi üçün əlindən gələni edir. Ermənistan ədliyyə nazirinin müavini Suren Krmoyanın sözlərinə görə, icra hakimiyyəti korrupsiya ilə mübarizə üçün innovasiya üsullarından istifadə etməyə çalışır:
“Biz mümkün qədər şəffaf və inteqrallaşmış idarə yaratmaq üçün insan ehtiyatımızdan və elektron alətlərdən istifadə edirik ki, bu da rüşvətxorluq riskinin neytarllaşdırılmasına imkan yaradacaq. Risksə təhsil, sağlamlıq, polis və vergi orqanlarında böyükdür. Bu səbəbdən də biz hər şeydən öncə məhz bu sahələri hədəf almışıq”.
Ermənistanda korrupsiya yalnız bir halda yoxa çıxacaq: bu ölkənin hər dördüncü sakini, ya da onun ailə üzvləri rüşvət verməkdən əl çəkəcək, insanlar məlum problem barədə susmayacaq. Yeri gəlmişkən, 2016-cı ildə sorğusu alınmış adamların altmış yeddi faizi şahidi olduqları korrupsiya hallarını sirr saxlayacaqlarını söyləyib. Etnoqraf Aqasi Tadevosyan hesab edir ki, buna səbəb mentalitetdir:
“Ermənistanın korrupsiya zəncirinə sövq edilmiş bir çox sakini cinayət törətdiklərinin fərqində deyil. Onlar bu halın qeyri-qanuni olduğunu anlayırlar, amma eyni zamanda bunu gündəlik münasibətlərin bir hissəsi kimi qəbul edirlər. Bunun rüşvət deyil, “minnət” və “yardım qarşılığında minnətdarlıq” olduğunu hesab edirlər. Hansısa məsələni çözməkdə yardımçı olan məmura minnətdarlıq əlaməti olaraq hədiyyə, “maqarıç” verirlər, bəzənsə süfrə açırlar”.
Etnoqrafın sözlərinə görə, ölkə sakinlərinə öz problemlərini qanuni yolla deyil, rüşvət vasitəsilə həll etmək rahatdır.
Etnoqrafın sözlərinə görə, Ermənistanda korrupsiyanın kökü “yuxarı”dan kəsilməlidir, bunun üçünsə siyasi iradə lazımdır. “Nə qədər ki insanlar korrupsiyanın bəhərindən istifadə etmək üçün hakimiyyətə can atırlar, problem də bir o qədər mövcud olacaq”.