Ermənistan və Avropa İttifaqı əməkdaşlıq haqda saziş imzaladı
19.20
Ermənistan və Avropa İttfaqı hərtərəfli və geniş əməkdaşlıq haqda Saziş imzalansı.
Şərq Tərəfdaşlığının Brüsseldə keçirilən beşinci sammiti zamanı imzalanan sənədə əsasən, Ermənistan ölkədə islahatları davam etdirmək öhdəliyini götürür, Avropa İttifaqı isə bu prosesə dəstək olmağa boyun olur.
Ermənistan prezidentinin rəyincə, razılaşma son zamanlarda ikitərəfli münasibətlərin əhəmiyyətli dərəcədə inkişafını əks etdirir və bu münasibətlərin gələcəkdə dərinləşməsinin vektorlarını müəyyən edir. Serj Sarqsyan hesab edir ki, bu sənəd Ermənistan və Avropa İttifaqı arasındakı 25 illik münasibətləri tarixində ən vacib sənədlərdən biridir.
“Bu saziş sadəcə hüquqi sənəd deyil, bizim də qarşısında təzim etdiyimiz insan haqları və ilkin azadlıqlara əsaslanan dəyərlər sisteminin təzahürüdür. Sazişin əsasını demokratiyanın möhkəmləndirilməsinə dair hüququn aliliyi, ədalət mühakiməsinin möhkəmlənməsi, dövlət və ictimai institutların inkişafı, səmərəli idarəçilik kimi müddəalar təşkil edir”, – dövlət başçısı bəyan edib.
Son zamanlar Yerevanda və Moskvada Rusiyanın Ermənistanın bu qərarına qarşı tənqidi mövqeyi müzakirə olunurdu.
Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin saziş imzalanandan az sonra öz mövqeyini bildirib. O deyib ki, Ermənistan suveren dövlətdir və Avrasiya İqtisadi İttifaqı çərçivəsində üzərinə götürdüyü öhdəliklərə zidd olmayan istənilən razılaşmalarda və təşkilatlarda iştirak etmək haqqı var.
Amma səfir onu da vurğulayıb ki, “Ermənistanın təhlükəsizliyinin təminatı məsələsində Avropa İttifaqı Rusiyanı əvəz edə bilməz”.
İmzalanmış sənəd Ermənistan və Avropa İttifaqı ölkələrinin hamısının parlamentləri tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minəcək. Amma Ermənistanın xarici işlər nazirinin müavini Karen Nazaryan bildirib ki, sənədin bəzi müddəaları imzalanandan dərhal sonra, bütün ölkələrin parlamentləri tərəfindən ratifikasiya olunmazdan əvvəl qüvvəyə minə bilər.
13.40
Ermənistanda Şərq Tərəfdaşlığının Brüsseldə keçən beşinci sammitini diqqətlə izləyirlər, bu sammit gedişatında Ermənistan və Avropa İttifaqı arasında hərtərəfli və geniş tərəfdaşlıq haqda Sazişin imzalanması planlaşdırılıb.
Ermənistan prezidenti Serj Sarqsyan artıq Brüsseldə idi və tədbir başlanana qədər Avropa Şurasının başçısı Donald Tusk və Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə şəkil çəkdirib.
Sammit başlayana qədər Serj Sarqsyan Azadlıq Radiosuna müsahibəsində bildirib ki, bu sənəd Ermənistan üçün çox vacibdir:
“Əgər vacib olmasaydı, biz onu imzalamazdıq”.
Sazişin imzalanmasından sıravi vətəndaşların qazancı nə olacaq, sualına Ermənistan prezidenti belə cavab verib:
“Birigün çox güman ki, heç nə hiss etməyəcəklər, amma zamanla hiss edəcəklər, çünki biz Avropa İttifaqının dəstəyilə sürətlə islahatlar keçirə biləcəyik. Bizim velosiped icad etməyə nə imkanımız, nə də istəyimiz var. Bizim hakim tutacağımız mütəq həqiqətlər mövcuddur”.
Bu sənədin hazırlanması və onunla bağlı danışıqlar artıq iki ildir ki, davam edirdi. Saziş 2017-ci ilin martında paraflanmışdı. Amma sazişin mətni dərc olunana qədər və bundan sonra Ermənistanın ekspert çevrələrində sənədin imzalanacağına dair şübhələr səsləndirilirdi. Bunun səbəbi isə 2013-cü il sentyabrın 3-də baş vermiş hadisələrlə bağlı idi.
Həmin gün prezident Serj Sarqsyan bəyan etmişdi ki, Ermənistan Avrasiya iqtisadi zonasına inteqrasiya yolu ilə gedəcək. Nəticədə Aİ ilə assosiasiya, geniş və hərtərəfli ticarət zonası haqda ətrafında üç il yarım danışıqlar aparılan saziş imzalanmamışdı. Və 2015-ci ildən etibarən Ermənistan AAİİ üzvüdür.
Ekspertlərin rəyincə, dörd il əvvəl hadisələr məhz Rusiyanın təzyiqi altında bu cür inkişaf etmişdi. Tarixin təkrarlanacağı istisna olunmurdu, çünki Moskva Ermənistanın çoxşaxəli xarici siyasəti ilə razılaşan deyil.
Amma rəsmi Yerevan, əsasən də prezident Sarqsyan əmin edir ki, on illik əməkdaşlıq müddətində Ermənistana qarşı təzyiq olmayıb:
“…Mən Rusiya rəhbərliyindən, xüsusən də prezident Putindən bizim Avropa İttifaqı ilə əməkdaşlığımıza dair bircə kəlmə də tənqid eşitməmişəm”.
Sazişin özünə gəlincə isə, həm yerli, həm də Avropa ekspertləri bildirirlər ki, hazırkı sənəd Assosiasiya haqda sənəddən daha zəifdir, amma yenə də bu sənəd Ermənistanda ciddi islahatların əsasını qoyacaq – əgər ölkə hakimiyyəti bu islaharların reallaşdırılması üçün iradə nimayiş etdirsə.
Ekspertlər hesab edirlər ki, bu saziş Assosiasiya haqda sazişin siyasi bölümünün məzmununu təkrarlayır, amma geniş və hərtərəfli ticarət zonasının yaradılmasını nəzərdə tutmur, bu isə Ermənistana Avropa İttifaqı ölkələrinə azad şəkildə mal çıxarmaq və mal gətirmək imkanı verə bilərdi.