Ermənistan İrandan 500-dən artıq malın idxalında güzəşt əldə edəcək
İyunun 10-da İran parlamenti Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət zonasının yaradılması haqqında sazişi ratifikasiya edib. İttifaq adından danışıqları Ermənistan aparırdı. Nəticədə, onun bütün üzvləri, o cümlədən Ermənistan İrandan 500-dən artıq adda malın idxalatı və ixracatı zamanı daha aşağı rüsumlar ödəyəcəklər. Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələr bu sazişi öz parlamentlərində artıq ratifikasiya ediblər. Lakin bu, hələlik müvəqqəti sazişdir. Əsas saziş ətrafında danışıqlar bir ildən sonra başlayacaq.
Saziş tərəflərə nə verir
İranla Avrasiya İqtisadi İttifaqı arasında saziş bütün iştirakçılar üçün gömrük yükünün yüngülləşdirilməsini nəzərdə tutur. Söhbət 500-dən çox adda maldan gedir ki, bunların idxalı üçün sərhəddə alınan rüsumlar ya azaldılacaq, ya da tamamilə aradan qaldırılacaq.
Nəzərdə tutulduğuna görə, saziş AAİİ və İran arasında ticarəti fəallaşdıracaq.
İttifaq ölkələri İrana daha çox ət məhsulları, şirniyyat, kosmetika, maşın və texnika ixrac edirlər.
İran isə AAİİ ölkələrinə meyvə və tərəvəz, tikinti materialları və xalça ixrac edir.
Sazişdə ələlxüsus sənaye mallarının rüsumlarının azaldılması nəzərdə tutulur. Bu zaman
– İran rüsumları 22,4 faizdən 15,4 faizə qədər azaldacaq
– AAİİ isə rüsumları 8 faizdən 4,7 faizə endirəcək.
Rüsumların azaldılması kənd təsərrüfatı mallarına da şamil ediləcək. İranda kənd təsərrüfatı mallarına sərhəd ödənişləri kifayət qədər yüksəkdir – 32 faizdən çox. Saziş bunu iki dəfədən artıq azaltmağa imkan yaradacaq – 13,2 faizə qədər. AAİİ zonasında da kənd təsərrüfatı mallarına rüsumlar xeyli aşağı salınacaq – 9,6%-dən 4,6%-ə.
Bu, Ermənistana nə verir. Ekspert rəyləri
Gömrük rejiminin yüngülləşdirilməsi Ermənistana və AAİİ üzvlərinə imkan verəcək ki, İslam dövlətinə daha çox mal ixrac edə bilsinlər. Bu ölkənin bazarı uzun illər ərzində yüksək gömrük rüsumlarına görə əlçatmaz idi.
«Aydındır ki, İran bir çox xarici ixracatçılar üçün əlçatmaz olaraq qalır. Bu ölkədə sənaye mallarına tətbiq edilən rüsumlar AAİİ-də olduğundan 4,5 dəfə yüksəkdir. Rüsumların azaldılması Ermənistanla İranın mal dövriyyəsini formalaşdıran malların praktiki olaraq yarısını əhatə edəcək», – iqtisadçı Aram Marqaryan deyir.
İranın iqtisadiyyatı qapalıdır. Ölkə yerli istehsalçıları qorumaq üçün ciddi müdafiə tədbirlərinə əl atır. İranşünas Vardan Voskanyan hesab edir ki, Ermənistan yeni imkanlardan maksimal dərəcədə yararlanmalıdır:
«Ermənistan İranla quru sərhədi olan yeganə AAİİ ölkəsidir. İranda belə bir baxış var ki, Ermənistan onlar üçün AAİİ ölkələrinə çıxan qapı olmalıdır, digər tərəfdən isə, AAİİ ölkələri üçün İrana açılan qapıdır. Buna görə də, biz çalışmalıyıq ki, hər iki tərəf üçün bu qapı funksiyasını tam mənasında öz üzərimizə götürək».
Vardan Voskanyanın fikrincə, bunun üçün hər cür zəmin var, misal üçün, Ermənistan-İran sərhədində azad iqtisadi ticarət zonası mövcuddur.
İranşünas əmindir ki, bu saziş sayəsində Ermənistan yalnız iqtisadi deyil, siyasi dividendlər də əldə edə bilər.
Onun sözlərinə görə, regionda Ermənistanla Azərbaycan arasında İran uğrunda mübarizə gedir. Hər bir ölkə Tehranı xüsusilə nəqliyyat və energetika sahəsində iri layihələrlə cəlb etməyə səy göstərir. Bu saziş Ermənistana öz mövqeyini nəzərə çarpacaq dərəcədə möhkəmləndirməyə imkan yaradacaq.