Vəkillərin onu həbsdən azad etmək üçün son cəhdləri də uğursuz olub. İkinci prezidentin işinin bütün təfərrüatları – o nədə günahlandırılır və niyə azadlığa çıxmaq ümidində idi?" />

Məhkəmə Ermənistanın eks-prezidentini həbsdə saxlayıb – Robert Koçaryan girov müqabilində azadlığa buraxılmayıb. Yenilənib

Vəkillərin onu həbsdən azad etmək üçün son cəhdləri də uğursuz olub. İkinci prezidentin işinin bütün təfərrüatları – o nədə günahlandırılır və niyə azadlığa çıxmaq ümidində idi?

Kocharyan, Ermenistan,

Sentyabrın 20-də hakim Anna Danibekyan eks-prezident Robert Koçaryanın vəkillərinin onun girov müqabilində azad edilməsi haqda vəsatətini rədd edib. Bu qərar gözlənilən idi, çünki sentyabrın 17-da eyni hakim 2008-ci il 1 mart hadisələri zamanı “konstitusiya quruluşunun devrilməsində” ittiham olunan Koçaryanı azad etməmək haqda qərar qəbul etmişdi. Həmin vaxt prezident seçkilərinin nəticələrinə etiraz nümayişinin dağıdılması zamanı 10 nəfər həlak olmuşdu. Bu ərəfədə qüvvədə olan prezident Robert Koçaryan idi.

Bundan əvvəl Ermənistanın Konstitusiya Məhkəməsi vəkillərin vəsatətinə əsasən eks-prezidentin ittiham olunduğu maddələrin Konstitusiyaya zidd olması haqda qərar çıxarmışdı. Bütün təfərrüatlar mətnin ardında.

17 sentyabr

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan həbsxanada qalacaq. Məhkəmə eks-prezidentin vəkillərinin qətimkan tədbirinin dəyişdirilməsi və onun azad edilməsi barədə vəsatətini rədd edib. Qərarın elan edilməsindən dərhal sonra Anna Danibekyan eks-prezidentin vəkillərindən qətimkan tədbirinin dəyişdirilməsinə yenidən baxılması üçün daha bir vəsatət alıb. Bu dəfə vəkillər müvəkkillərinin girov müqabilində azad edilməsini xahiş ediblər. Hakim məşvərət otağına gedib. Eks-prezident Robert Koçaryanın həbsxanada qalıb-qalmayacağı ilə bağlı növbəti qərarı o, sentyabrın 20-də elan edəcək.

Bu, eks-prezidentin həbsi və azad edilməsi ilə əlaqədar ilk qərar deyil. Sonuncu dəfə o, iyunun 25-də həbs edilib. Koçaryan “konstitusiya quruluşunun devrilməsi”ndə ittiham olunur.

Robert Koçaryan, eks-prezident, Konstitusiya Məhkəməsi, 1 mart işi, Nikol Paşinyan, baş nazir, spiker, Ararat Mirzoyan

Söhbət 2008-ci ilin mart ayının 1-də baş vermiş hadisələrdən gedir ki, həmin gün prezident seçkilərindən sonrakı kütləvi nümayişlərin dağıdılması zamanı 10 nəfər həlak olmuşdu. Həmin vaxt fəaliyyətdə olan prezident hələ də Robert Koçaryan idi, halbuki Mərkəzi Seçki Komissiyasının məlumatlarına görə, artıq yeni prezident – Serj Sarkisyan seçilmişdi.

 

2018-ci ilin yazında “məxməri” inqilabdan sonra Ermənistanın yeni hökuməti həmin hadisələrlə bağlı istintaqa yenidən qayıtdı və ilk ittiham olunanlardan biri Koçaryan oldu. Son il ərzində o, bir neçə dəfə həbs edilib və azadlığa buraxılıb.

 

Eks-prezidentin vəkilləri sentyabrın 12-də keçmiş dövlət başçısı barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatət təqdim ediblər.

Buna əsas kimi Konstitusiya Məhkəməsinin qərarı göstərilib. Eks-prezidentin tələbi əsasında o, ittihamın konstitusiyaya uyğunluğu məsələsini nəzərdən keçirib. Sentyabrın 4-də KM qərara alıb ki, 35-ci maddə (eks-prezidentin mühakimə edildiyi maddələrdən biri) konstitusiyanı pozur – belə ki, 27-ci maddə bütün keçmiş prezidentlərə şəxsi azadlıqları təminatını verir.

Vəkillər komandası bildirib ki, həmin qərara əsasən, eks-prezident dərhal azad edilməlidir.

Prokurorlar iddia edirdilər ki, bunun üçün Konstitusiya Məhkəməsinin qərarında hər hansı əsas yoxdur.

Hakim Danibekyan vəkillərin vəsatəti üzrə qərar qəbul etmək üçün 5 gün vaxt istədi. Sözün əsl mənasında sentyabrın 12-də “1 mart” işi üzrə məhkəmə araşdırmasına başlandı.

Konstitusiya Məhkəməsinin eks-prezident Koçaryanın işi üzrə qərarı

Ermənistanın eks-prezidenti Robert Koçaryan həbsxanadan çıxacaqmı? Hakim qərarını sentyabrın 17-də elan edəcək

 Vəkillərin bəyanatı

Sentyabrın 17-də məhkəmənin qərarının elan edilməsindən sonra eks-prezidentin vəkillər qrupunun bütün üzvləri bəyanatlarla çıxış etdilər və həmin bəyanatların qayəsi bundan ibarət idi ki, Robert Koçaryanı həbsdə saxlamaq üçün əsas yoxdur. Müdafiəçilərin əsas istinadları budur: bütün istintaq boyunca eks-prezident bir dəfə də olsa istintaq hərəkətlərinə mane olmayıb və araşdırmada iştirakdan yayınmayıb.

İkinci prezidentin vəkilləri məhkəməyə təklif ediblər ki, ən zəif qətimkan tədbiri tətbiq olunsun – azadlıqdan məhrumetməni istisna edən tədbir seçilsin. Söhbət ölkəni tərk etməmək barədə iltizamdan və onların müvəkkilinin girov müqabilində azad edilməsindən gedirdi. Eyni zamanda, müdafiəçilər xatırladıblar ki, Koçaryanın və onun ailəsinin əmlakı həbs altındadır. Lakin onun qohumları məhkəmənin müəyyənləşdirəcəyi məbləği ödəməyə hazırdırlar.

Girov müqabilində azad edilmə ilə bağlı vəkillərinin vəsatətinə Robert Koçaryan özü də qoşuldu.

Əvvəlcə eks-prezident istintaqdan yayınmasının mümkünlüyü ilə əlaqədar bəyanatı şərh etdi:

«Mən gizlənəcək adam deyiləm. Belə biri olsaydım [məsuliyyətdən qaçmağa çalışan biri – JAMnews], indi azərbaycanlılar Stepanakertdə çay içirdilər [özünün müharibə illərində Qarabağdakı hərbi əməliyyatlarda iştirakı haqqında danışır – JAMnews]. Mənimçün bu barədə danışmaq da rahat deyil».

Robert Koçaryan, eks-prezident, Konstitusiya Məhkəməsi, 1 mart işi, Nikol Paşinyan, baş nazir, spiker, Ararat Mirzoyan

Girov müqabilində azad olunmağa gəlincə, Koçaryan ödəyə biləcəyi məbləği söyləyə bilməyib və hakimə bunu özünün müəyyənləşdirməsini təklif edib:

«Bir var ki, siz mənim hesablarımın üstündən həbsi götürəsiniz, bir də var ki, götürməyəsiniz. Necə hərəkət edəcəyinizi bilmirəm… Fakt budur ki, mənim və ailə üzvlərimin hesablarına həbs qoyulub. Mən isə ömür boyu borc almamışam».

Vəkillər də bildiriblər ki, məhkəmənin qərarı onun elan edilməsindən bir gün öncə hakimiyyət tərəfindən təzyiq fonunda qəbul edilib.

Koçaryanın müdafiəçilərindən biri xatırladıb: bu günün ərəfəsində Ermənistanın ən nüfuzlu rəsmi şəxsləri – baş nazir və spiker “Konstitusiya Məhkəməsinin qərarının qanunsuz olması” barədə bəyanatlar veriblər ki, bu da işi aparan hakim Anna Danibekyan üçün səhih mesaj rolunu oynayıb.

«Bu, birinci hal deyil ki, məhkəmənin taleyüklü qərarı ərəfəsində vəzifəli şəxslər prosesə müdaxilə edirlər. Bu bəyanatlar sizin qərarınızda əksini tapmaya bilməzdi», – vəkil Hayk Alumyan vurğulayıb.

 Ermənistan baş nazirinin şərhi

Koçaryanın işi baş nazirin diqqət mərkəzindədir. Sentyabrın 16-da Vanadzorda mətbuat konfransında o, Robert Koçaryanın işinin gedişatını şərh edib. Paşinyan Konstitusiya Məhkəməsinin qərarını qanunsuz adlandırıb.

Onun fikrincə, sentyabrın 4-də məhkəmə belə bir qərarı ona görə qəbul edib ki, onun sədri 2018-ci il inqilabından sonra hakimiyyətdən getmiş keçmiş iqtidar – Ermənistan Respublikaçılar Partiyasının üzvüdür. Paşinyan həmçinin qeyd edib ki, qərarı qəbul etmiş hakimlərdən ikisi “1 mart” işi ilə bilavasitə bağlıdırlar və hələ məlum deyil ki, niyə bu məsələdə öz namizədliklərini geri götürməyiblər.

Bundan başqa, baş nazir Konstitusiya Məhkəməsini ittiham edib ki, o, 1996-cı ildə keçirilmiş prezident seçkilərindən sonra ölkədəki bütün pozuntuların müəlliflərindən biridir:

«Onlara elə gəlir ki, xalqa qarşı işləməkdə davam edə bilərlər? Korrupsiya və saxtalaşdırmalar naminə? Milli məclis və xalq düşünməlidirlər ki, bu cür Konstitusiya Məhkəməsi ilə necə davransınlar», – Paşinyan bildirib.

 Milli məclis spikerinin bəyanatı

Parlamentin spikeri Ararat Mirzoyan sentyabrın 16-da keçirilmiş iclasda bəyanatla çıxış edərək bildirib ki, Milli məclis Ermənistan xalqının yeganə qanuni təmsilçisidir və Konstitusiya Məhkəməsinin işindən öz narazılığını ifadə edir:

«Bu qərarı qəbul edərkən KM hakimin [yeni, inqilabdan sonrakı hakimiyyət dövründə KM hakimi seçilmiş Vahe Qriqoryanın – JAMnews] işə baxışda KM hakimlərindən üç nəfərin iştirakının mümkünsüzlüyü barədə bəyanatlarını tələb olunan tərzdə müzakirə etməyib və heç bir tutarlı əsas gətirilmədən rədd edib ki, bununla da cəmiyyətdə qərəzsiz məhkəmənin təmin edilməsini şübhə altına alıb».

Bundan savayı, spiker Konstitusiya Məhkəməsini ittiham edib ki, parlament hələ də Avropa Şurasının Venesiya komissiyasına və Avropa İnsan Haqları Məhkəməsinə göndərilmiş bəyanatların erməni dilində mətnini almayıb. 2019-cu ilin iyulunda Konstitusiya Məhkəməsi bu Avropa strukturlarına müraciət ünvanlayaraq, eks-prezidentin işi üzrə məsləhət xahiş edib.

 Eks-prezident nədə ittiham olunur

2018-ci ilin iyulunda Robert Koçaryana qarşı 2008-ci il 1 mart işi üzrə konstitusiya quruluşunun devrilməsi ilə bağlı ittiham irəli sürülüb.

Söhbət 2008-ci il 19 fevral prezident seçkilərindən sonra baş verən hadisələrdən gedir.

Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrinə əsasən Serj Sarqsyanı qalib elan edib. Amma Ermənistan müxalifəti bu seçkilərdə namizədlərdən biri olan birinci prezident Levon Ter-Petrosyanın rəhbərliyi ilə etiraz aksiyalarına başlayıb. Müxalifətçilər Ter-Petrosyanın qələbə qazandığına əmin idilər və seçkilərin nəticələrinə yenidən baxılmasını tələb ediblər.

Nümayişin dağıdılması zamanı silah tətbiq edilib və 10 nəfər həlak olub.

Həmin vaxt ölkə prezidenti hələ Robert Koçaryan idi. Məekəzi Seçki Komissiyasının məlumatına əsasən prezident seçilərn Serj Sarqsyan isə hələ vəzifə başına keçməmişdi. Buna görə də indi nümayişin amansızca dağıdılmasında və konstitusiya quruluşunun devrilməsində məhz Koçaryan ittiham olunur.

“1 mart” işi üzrə istintaq 2018-ci ilin “məxməri” inqilabına qədər ölü nöqtədən tərpənməyib. İnqilab lideri Nikol Paşinyanın rəhbərliyi altında yeni hökumət hakimiyyətə gələr-gəlməz bu işi yenidən qaldırıb.

2018-ci il iyulun 28-də eks-prezident həmin iş üzrə ilk dəfə həbs edilib. Amma bir müddət sonra yenidən azad olunub.

Apellyasiya Məhkəməsi ilk instansiya məhkəməsinin onun həbsilə bağlı qərarını qanunsuz elan edib. Onun azad edilməsi üçün Robert Koçaryanın keçmiş prezident kimi konstitusiyada nəzərdə tutulan toxunulmazlığı əsas olub.

Koçaryan 2018-ci ilin avqustunda azadlığa buraxılıb.

2018-ci il dekabrın 7-də Apellyasiya Məhkəməsi eks-prezidentin təkrar həbsinə qərar verib.

Həmin gündən Ermənistanın ikinci prezidenti 2019-cu il mayın 18-ə qədər həbsxanada olub.

Mayın 18-də Koçaryanın vəkillərinin onun haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətinə baxan hakim David Qriqoryan onun azad edilməsinə dair qərar çıxarıb. O, bu qərarı verərkən, Dağlıq Qarabağın hazırkı və keçmiş prezidentləri Bako Saakyan və Arkadi Qukasyanın müraciətlərini nəzərə alıb. Onlar Koçaryanın “iki erməni respublikasının bərqərar olmasına verdiyi töhfəni və onun Qarabağ Müharibəsində və Ermənistan Ordusu quruculuğunda sərf etdiyi böyük zəhməti” nəzərə alaraq, haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsini və onların zəmanəti ilə azadlığa buraxılmasını istəyiblər.

Amma 2019-cu ilin fevralından Koçaryana qarşı 927 milyon dram [3 milyon dollara yaxın] rüşvət almaqla bağlı daha bir ittiham irəli sürülüb. Bu haqda iş adamı Silva Ambartsumyan istintaqa məlumat verib.

Koçaryan bildirib ki, ikinci iş bütün əmlakına həbs qoya bilmək üçün quraşdırılıb. Konstitusiya quruluşunun devrilməsi haqda iş üzrə əmlakın müsadirə edilməsi kimi əlavə sanksiya tətbiq edilmir – rüşvət haqda məsələ ilə bağlı isə bu mümkün ola bilər.

Sonuncu dəfə Robert Koçaryan iyunun 25-də həbs edilib.

Eks-prezident ona qarşı irəli sürülən ittihamların heç birini qəbul etmir və o, bütün bunları siyasi sifariş və hazırkı Ermənistan hakimiyyətinin qisası hesab edir.

2008-ci il 1 mart hadisələri niyə baş nazir Paşinyan üçün bu qədər vacibdir?

Baş nazir Nikol Paşinyan bütün siyasi karyerası boyunca qatı müxalifətçi olub. 2008-ci il prezident seçkilərində o, prezidentliyə namizəd Levon Ter-Petrosyanın maraqlarını təmsil edib.

Paşinyan seçki nəticələri elan olunandan sonra başlayan etiraz aksiyalarında da fəal şəkildə iştirak ediblər. 1 mart nümayişi dağıdılandan sonra kütləvi iğtişaşların təşkilində ittiham olunduğu üçün o, bir il dörd ay müddətində qaçaq həyatı yaşayıb.

2010-cu il iyulun 1-də Paşinyan könüllü şəkildə prokurorluğa gəlib, həbs olunub və yeddi il müddətinə azadlıqdan məhrum edilib.

Amma bir il və 11 ay sonra Ermənistanın müstəqilliyinin 20 illiyi ilə bağlı elan olunan amnistiyaya düşüb.

Hüquq-mühafizəçiləri hesab edirlər ki, o zaman ölkə hakimiyyəti beynəlxalq strukturların təzyiqi altında bu addımı atmağa məcbur olub.

Robert Koçaryan dəfələrlə açıq şəkildə Ermənistanın yeni hakimiyyətinə qarşı olduğunu bildirib.


More on JAMnews