Movses kəndi düz Azərbaycanla sərhəddə yerləşir və burada yaşamaq təhlükəsiz deyil" />

Ermənistan bu kənddən başlayır. Foto və video

Movses kəndi düz Azərbaycanla sərhəddə yerləşir və burada yaşamaq təhlükəsiz deyil

Մովսես գյուղ, սահման, Ադրբեջան, վտանգ, կրակոցներ։

35 yaşlı Anjela Papyan kəndin yeganə saç ustasıdır. Evində saç kəssə də bərbər kreslosu heç vaxt boş qalmır. Yerli qadınlar üçün Anjela tapıntıdır: onlar artıq hər saç düzümünə görə şəhərə getməli olmurlar.

“Ayda 30000 drama (62 dollara) qədər qazanıram, çox vaxt pulsuz ya da borca saç kəsirəm – gah qonşu gəlir, gah da qohumum. Toy günlərində, sentyabrın 1-də, ya da buraxılış günlərində bir günə 10 000 dram (20 dollar) qazana bilirəm. Cəmi 500 drama (bir dollardan az) saç kəsirəm, ən bahalı saç düzümü 300-dür (təxminən 6 dollar). Burada daha artıq götürmək olmur – camaat çox pul ödəyə bilmir”, – Anjela deyir.

O, Ermənistanla Azərbaycan sərhədində, Yerevandan 240 kilometr aralıda yerləşən Movses kəndində yaşayır. Özünün kiçik quş ferması var. Paltar tikməklə də pul qazanır.

“Yoldaşıma kömək edirəm, burada qala bilməyimiz üçün hər işi görürəm. Hamımız getsək, bizim yerimizə burada kim qalacaq?”, – üç uşaq anası deyir.

Sərhədyanı kəndlər arasında Movses ən təhlükəlisidir. Dərədə yerləşir və Azərbaycan mövqelərindən yaxşı görünür. Kənd boyu 27 kilometr sərhəddir. Lap yaxınlıqda üç Azərbaycan kəndi yerləşir.  

Vaxtıykən Movsesdə 3000 adam yaşayırdı., indi Movsesin əhalisi 2000-i keçmir. Kənd rəhbəri Ararat Avalyan deyir: insanlar hansısa yolla öz ailələrinin problemlərini həll etmək üçün köçür, heç kimi günahlandırmaq olmaz.  

Avalyan deyir: “Əvvəllər qonşu kəndlərdə Sovet İttifaqı əhəmiyyətli konserv zavodları, şərab və siqaret istehsal edən fabriklər varıydı. Hər gün buradan  5-6 avtobus yerli əhalini işə aparırdı. Müharibə vaxtı kənd tam tərkibdəydi. Bizim kənddən 487 nəfər könüllü iştirak edirdi, bu bütöv bir alaydır. Sonra yavaş-yavaş camaat qazanc dalınca getməyə başladı və geri qayıtmadılar. İndi də bir qisim adamlar gedir-gəlir”.

Anjela və əri Edik bir müddət Rusiyada yaşayıb, geri dönüblər.

Edik Papyan deyir: “Biz təhlükə altında yaşamağa öyrəşmişik. Bizim ev sərhədin o biri tərəfindən çox yaxşı görülür. Ümumilikdə kənddə yəqin ki, müşahidə olunmayan bir neçə ev olar. Getməli olanlar 90-larda getdi. Qalanlar isə həmişəlik qalıb”.

Papayanlar ailəsi 2016-cı ildən Ermənistan Yardım Fondunun “Tavuş bölgəsində yoxsulluqla mübarizə” proqramının benefisiarlarıdır. Proqram çərçivəsində Anjelaya bərbər alətləri, paltartikən maşın və cücə verilib. Nəticədə ailə ayaq üstə dura bilib.  

Ermənistan Yardım Fondunun bu region üzrə ofis rəhbəri Lusine Qriqoryanın sözlərinə görə, proqram burada 2013-cü ildən start götürüb, proqramda 700 ailə iştirak edib.

Lusine Qriqoryan deyir: “Məqsəd maddi yardım deyil, ailələrə stabillik vermək idi. Kənd təsərrüfatı və fermerlikdə uğur əldə edənlər var. Bu, insanlara öz evlərində qalıb, yaşamaq imkanı verib. Torpaq insanları burada saxlayan böyük qüvvədir. Əgər bu gün iş, sabah gəlir əldə etmək imkanı varsa insanlar qalacaq. Biz miqrasiyaya qarşı durmaq üçün çalışırıq”.

Anjela növbəti müştərisini yola salır və həyətdə, bərbərxana kimi işlətmək istədiyi yarımçıq tikilini göstərir.

Ermənistan Yardım Fondunun Berd ofisinin sosial işçisi Yeqine Karabaxtsyanın sözlərinə görə, layihəyə üç yetkinlik yaşına çatmayan uşaqları olan ailələr cəlb olunur. Yeri gəlmişkən, Movsesdə 116 uşaq məktəbdə oxuyur, 43 uşaq bağçaya gedir.  

Sosial işçi deyir: “Ailələr müxtəlif olur, çox şey iştirakçıların özlərindən asılıdır. Əsas məqsəd odur ki, bu cür kəndlərdə insanların öz işlərini inkişaf etdirsin, mənzil şəraitlərini yaxşılaşdırsın”.

Kəndin qırağında Murad Papyanın ailəsi qalır. Ailə 6 nəfərdən ibarətdir. Murad müqaviləli hərbi qulluqçudur. Onun evinin divarlarında çox sayda güllə izi var. Evin içiylə rahat, qorxmadan hərəkət etmək üçün Azərbaycan tərəfə baxan pəncərəni daşla hörüb.

Muradın xanımı, 36 yaşlı Lusik Babayan Ermənistan Yardım Fondunun proqramı çərçivəsində aldığı beş arı pətəyini göstərir.

Lusik təbii ballarının dadına baxmağı təklif edərək, deyir: “Bu il 25 kilo bal almışıq, satmağa belə çatar”.

Evin xanımı qonaqları tələsik evə dəvət edir, həyətdə çox qalmaq təhlükəlidir, çünki hərəkət edən insanlar hədəfə çevrilə bilər.  

Lusik deyir: “Biz kənddən çıxmamışıq, ərim qəti etiraz edir. Elə bilirsiniz, yad ölkədə yaşamaq asandır? Artıq alışmışıq, amma qorxmamaq mümkün deyil. Bütün günü onların gözü qarşısında həyətdə işləyirəm. Neyləmək olar? Bu mənim evimdir, yaşamaq lazımdır. Bizim üzüm bağları düz sərhəddə, kəndin aşağı hissəsində, təmas xəttiylə üzbəüzdür. Ərim üzümü ancaq gecə vaxtı və ya duman olanda dərmanlayır. Məhsulu da elə yığırıq ki, elə bil özümüz özümüzdən oğurlayırıq”.

Kənd rəhbəri deyir ki, Movses bağları sərhəddən 400-500 metr aralıda yerləşir, buna görə də orada işləmək demək olar ki, mümkün deyil.

Kənd rəhbəri deyir: “Bizim kənddə təhlükəsiz yer yoxdur. Hazırda kənd administrasiyası, kilsə, məktəb – hamısı nişan altındadır. Kəndin 70%-i onların gözünün önündədir. Bizim 660 hektar əkin sahəmiz var, onun 40-ı düz sərhəddə sulanır. İnsanlar həyatlarının normallaşmasını, ən azı öz torpaqlarını əkib becərmək imkanı istəyir. Əgər öz torpaqlarında işləyə bilsələr, onda yaşamaq da asan olar. Adamlar bütün bunlardan yorulublar”.

Yerli sakinlər mövcud reallığa uyğunlaşıblar: evlərdə otaqların yerini dəyişir, həyətlərdə yığışmaqdan qaçır, hətta toy və yasları mümkün qədər səssiz-səmirsiz keçirməyə çalışırlar.

Edqar Papyan deyir: “Dəfn vaxtı belə atəş açırlar. Bizim kəndin qəbirstanlığı sərhədə çox yaxındır. Tabutu yerə qoyub, xilas olmaq üçün qaçdığımız da olub. Dəfn etməyə böyük izdiham olmaması üçün kiçik qruplarla gedirik. Bütün bunlara baxmayaraq, biz Movsesdə sülh naminə yaşayırıq və bu fikir bütün çətinlikləri aşmağa kömək edir. Ermənistan burada bitmir. O, bizim kənddən başlayır”.


More on JAMnews