Ermənistanda apreldə keçiriləcək parlament seçkilərində neçə qadın finişə qəsər gəlib çıxacaq " />

“Centlmenlər var, yer yoxdur”

Ermənistanda apreldə keçiriləcək parlament seçkilərində neçə qadın finişə qəsər gəlib çıxacaq

Bu gün dünyada hər beşinci deputat qadındır, Ermənistanda isə söhbət ancaq hər on deputatdan birinin qadın olmasından söhbət gedir. Respublika parlamentində qadınların təmsilçiliyinin bu cüzi nəticəsinə belə Seçki Məcəlləsində təsbit olunan partiya siyahılarındakı gender kvotasının sayəsində nail olunub. Bunun nə dərəcədə effektiv olması məsələnin başqa tərəfidir. Bu problem də apreldə gözlənilən parlament seçkiləri ərəfəsində xüsusiylə aktualdır.

BMT-nin məlumatlarına əsasən, bu və ya digər şəkildə kvotalaşdırma prinsipi dünya ölkələrinin az qala yarısında tətbiq olunur, bu da həm kişilər, həm də qadınlar arasında həmin ölçüyə qarşı çıxanların varlığını istisna etmir. Kişilər, bir qayda olaraq, sual edir: “Kişinin finişə birinci gəlməsində günahkar kimdir?” Onda da “fora”nın tərəfdarları adətən cavab verir: “Bəs kim günahkardır ki, kişilər düz yolla qaçır, qadınlar isə maneələrlə?”.

Qadınlar arasında kvotaya qarşı çıxanlar, bir qayda olaraq, siyasi karyerada hər hansı uğur qazananlardır, buna görə də qeyd etməyə ehtiyac duyurlar ki, özləri köməksiz keçiniblər, kvota faktının özü isə qadınların  zəifliyini göstərir və onları alçaldır. onlar kvota faktının bərabərlik və ədalət uğrunda mübarizənin nə dərəcədə təhqiredici olması üzərində düşünməyə təklif edirlər.

Respublikanın ictimai sektorunda kvota tətbiqinin vacibliyi çox vaxt məşhur lətifənin köməyiylə təsvir edilir: “Avtobusa qadın girir. Ətrafına baxır, yer yoxdur. Çox oturacaqda heç də yaşlı olmayan kişilərin oturduğunu görən qadın ümid edirdi ki, kimsə nəhayət ona yer verəcək. Bu da baş verməyəndə incikliklə qışqırdı: “Məgər burada centlmen yoxdur?!” Sərnişinlərdən biri də cavab verir: “Centlmen var, yer yoxdur…”

Kvotaya qarşı çıxanların ən  sevimli arqumenti ondan ibarətdir ki, bu, süni bir prosesdir, onlar isə təbii hadisələrin tərəfdarıdır. Erməni seçiciləri bu məsələdə siyasətçilərdən daha proqressivdir. Belə ki, demək olar ki, bütün sosioloji sorğuların məlumatına görə, 2008-ci ildən başlayaraq, 60%-ə qədər respondent qadınlar üçün kvotanın tətbiqinin lehinə səs verir. Bu zaman kvotanın optimal həcmini əksəriyyət 30-50% arasında göstərir, yəni cəmiyyət bu gün parlamentdə yerli partiyaların öz siyahılarına daxil etməyə hazır olduğundan daha çox qadın görmək istəyir. Gənclər daha radikaldır, onlar 50-50-yə tələbini irəli sürür.

Bütün bu diskussiyalar siyasi alverə çox bənzəyir, amma kvotaya ehtiyac varmı – mövzusunda sorğu əslində, bu müddəanın dövlətin gender siyasəti konsepsiyasında və Seçki Məcəlləsində təsbit ediləndən sonra öz aktuallığını itirdi. Bununla belə, kvotaların ölçülərinin və onların tətbiqinin effektivliyi problemi Ermənistanda qızğın mübahisələr predmeti olaraq qalır.

Niyə 30 faizlik kvotanı növbəti seçkilərə qədər saxlayıblar

Ötən il, yeni Seçki Məcəlləsi ətrafında gedən debatların nəticəsində partiyaların proporsional siyahılarında cinslərin nisbətini 30/70-ə kimi qeydə almaq mümkün oldu, amma sonradan idarə edə bilməyəcəkləri qadınların simasında gözlənilməz hallardan sığortalanmaq istəyi qanun layihəsinin müəlliflərini bu müddəanın realizəsini 2021-ci ilə qədər təxirə salmağa vadar etdi. Keçid müddəalara əsasən, aprelin 2-də baş tutacaq parlament seçkilərində 25/75 nisbəti işləyəcək.

Partiyaların seçki siyahılarında 30%-lik kvotanın növbəti seçkilərə qədər təxirə salınmasının vacibliyi ilə bağlı hər hansı bir tutarlı səbəb gətirilmədi. Bu kontekstdə “tələskənliyə yol verməmək” kimi izahatlar inandırıcı görünmür, çünki 1995-ci ildən ötən 20 ildən çox müddət ərzində qadınların parlamentdə təmsilçiliyi cəmi 4 faiz artıb: parlamentin ilk çağırışında olan 6%-dən  indiki beşinci çağırışda olan 10%-ə qədər.

Siyasi partiyaların kvotanın kəskin şəkildə artmasının öhdəsindən gələ və siyahılarda parlamentdə işləmək üçün kifayət qədər hazırlıqlı olan qadınların sayını təmin edə bilməyəcəyi ilə bağlı səbəblər də əsaslandırılmış görünmür. Ötən payız yerli özünüidarəetmə orqanlarına proporsional sistemlə respublikanın iki iri şəhəri olan Gümri və Vanadzorda keçirilən seçkilər göstərdi ki, əksər partiyalar Seçki Məcəlləsinin cinslərin 25/75 nisbəti barədə tələbini artıqlaması ilə yerinə yetiriblər və öz siyahılarına 30% qadın daxil ediblər, həm də bir çox partiyalar qadınların adlarını ilk üçlüyə daxil edib.

Parlament seçkilərinə gəlincə, parlamentə namizədlərini irəli sürən demək olar ki, bütün partiya və bloklar qanunun tələblərini artıqlaması ilə yerinə yetirərək, siyahılarına 28%-dən 38%-ə qədər qadın daxil ediblər. Orta hesabla 9 partiya və blokların siyahısında təqdim olunan qadınların sayı təxminən 30% təşkil edir.

Bu da onu göstərir ki, 30%-lik kvotanı təxirə saxlamağın heç bir mənası yoxuydu. Partiyaların özlərinin dərc etdiyi məlumatlara görə, qadınların partiyalarda sayı 40-70% arasıdır.

Bu qadınlardan neçəsinin parlamentdə iş üçün hazır olduqları məsələsinə gəlincə, eyni sualı kişilərə münasibətdə də vermək heç də pis olmazdı. Ermənistanda qadınların savadlılıq səviyyəsinin kişilərdən ümumilikdə yüksək olması barədə isə heç danışmağa dəyməz. Və əgər təhsilli və hazırlıqlı qadınlar partiyadan kənarda qalırsa bu, qadınların deyil, partiyaların problemidir. Yeri gəlmişkən, beynəlxalq təcrübə göstərir ki, kvotalar partiyalar üçün özlərinin kadr potensialının (fərqi yoxdur qadınlar, yoxsa kişilər) səviyyəsinin qayğısına qalması üçün əla stimuldur.

Bir az da ön tarixcə

Respublikanın Seçki Məcəlləsində ilk dəfə qadınlar üçün kvotalar hardasa 15 il sonra yaradıldı. Bu vaxt on il  “sovet keçmişinin ” qalığı kimi qəbul edilən kvotalaşdırma prinsipinin özünün inkarından sonra məlum oldu ki, qadınlar öz səyləri ilə heç cür parlamentə yol tapmayacaqlar.

Düzdür, Ermənistan parlamenti tarixində 1995-ci ildə uğursuz siyasi eksperiment də olub. Bu vaxt hakimiyyətin açıq-aşkar himayəsi altında birinci çağırışda parlamentdə 190 mandatdan 12-si, yəni 6,3 faiz qadınların payına düşdü. Bunlardan 8 qadın bilavasitə seçki qabağı formalaşdırılan qadın partiyasının siyahıları üzrə seçilib, qalan 4 qadın isə majoritar sistemlə keçib.

Təəssüf ki, onlara səs verən seçicilərin gözləntiləri doğrulmadı – parlamentdə qadın fraksiyası əvvəlcədən nəzərdə tutulduğu kimi, hakim partiyanın törəməsi oldu. Bura daxil olan qadınların hər hansı siyasi təcrübəsinin olmaması isə onlara müstəqil siyasət aparmağa, o da olsun qadın hüquqları haqqında danışmağa imkan vermədi.

Sonrakı təcrübə göstərdi ki, kişilərin öz istəyi ilə ən yaxşı halda qadınlara güzəştə gedə biləcəyi 131 mandatdan dördüdür (3%). 1999-cu ildə qadınların Ermənistan parlamentində təmsilçiliyi belə olub. Özü də partiya siyahılarıyla cəmi iki qadın keçib.

Məhz onda da Seçki Məcəlləsində ilk dəfə qadınların partiya siyahılarında təmsilçiliyi üçün 5%-lik kvota təsbit edildi. Bu, qadınlara edilən tək diskriminasiya xarakterli deyil, həm də alçaldıcı güzəştdən sonra 2003-cü ildə üçüncü çağırışda parlamentdə qadın deputatların sayı yeddiyə (5,3%) çatdı. Onlardan majoritar sistem üzrə cəmi bir qadın seçilmişdi.

2007-ci ildə qadın təşkilatlarının mübarizəsi onunla nəticələndi ki, parlament seçkilərində partiya siyahılarında artıq qadınlar üçün 15%-lik kvota işləyirdi, özü də hər on nəfərdən birindən az olmamaq prinsipi ilə. 2007-ci ilin parlament seçkilərinin nəticələrinə əsasən, ölkə parlamentinə cəmi 12 qadın (9,2 %) keçəndə məlum oldu ki, görülən tədbirlər kifayət etmir.  Bu seçkilərdən dərhal sonra qadın təşkilatları parlamentə kvotaların təkmilləşdirilməsi üzrə öz təkliflərini göndərdilər.

“Gender kvotaları parlamentdə hər iki cinsin ədalətli təmsilçiliyinin təmin edilməsi üçün ən çox qəbul edilmiş və effektiv işləyən mexanizmdir”, – ali təhsilli qadınlar assosiasiyasının prezidenti Cenna Asratyan deyir, hələ 2008-ci ildə bütün parlament partiyaları və fraksiyalarına 23 qadın təşkilatının respublikanın Seçki Məcəlləsinə düzəlişlərin edilməsinin vacibliyi haqqında müraciətini xatırlayır.

Müraciətdə təklif olunurdu ki, Seçki Məcəlləsinə “seçki siyahısında bir cinsə aid 70%-dən çox şəxs olmamalıdır, bu zaman da qadın və kişi namizədləri arasında ardıcıllıq üç mövqedən artıq olmamalıdır” kimi bir cümlə daxil edilsin. Bundan başqa təklif olunurdu ki, “partiya siyahısından çıxarıldığı və ya deputat mandatından imtina halında qadının yerini siyahıda növbəti gələn qadın tutmalıdır”.

Kvotalarla bağlı mövqelərini həm də beynəlxalq təşkilatlar və ekspertlər də bildirib. O cümlədən, 2009-cu ildə Qadınlara Qarşı Ayrı-Seçkiliyin Aradan Qaldırılması Komitəsi (CEDAW) “15 faizlik kvotanın artırılması və onun təklif olunan 20 faizdən daha yüksək səviyyəyə qaldırılması məqsədi ilə Seçki Məcəlləsinə dəyişikliklər edilməsi prosesini sürətləndirməyə” çağırdı.

Bütün bu səylərin nəticəsində Seçki Məcəlləsində gender kvotası 20 faizə qədər artırıldı. Yeri gəlmişkən, respublikanın qadın təşkilatlarının fəal səyləri nəticəsində seçki partiya siyahılarında “bir cinsin nümayəndələrinin təmsilçiliyi 80 faizdən çox olmamalıdır” kimi bir yanaşma da qəbul edildi.

Düzdür, Seçki Məcəlləsinin bu bəndində belə bir qeyri-etik dəqiqləşdirmə də yer almışdır ki, kvota “hər ikinci yerdən başlayaraq hər növbəti beşliyə aid edilir ((2-6, 2-11, 2-16 və siyahının sonuna qədər)”, bunu da qadınlara qarşı ayrı seçkilik kimi də qəbul etmək olar, çünki onların siyahının birinci yerində təmsilçiliyi məhdudlaşdırılıb.

2012-ci ildə parlamentə namizədliyini irəli sürən bir çox partiyalar bu tövsiyəni hərfi mənada anladılar və qadınları ancaq 6-cı yerdən sonra siyahılara daxil etməyə başladı. Təbii ki, partiya sıralarının ilk beşliyində cəmi 4 qadın oldu.

2012-ci il seçkilərinin nəticələrinə görə parlamentdə cəmi 14 və ya 10,7 faiz qadın deputat var idi. Özü də iki qadın majoritar sistem üzrə və hər ikisi hakim partiyanın dəstəyi ilə seçilmişdi. Seçkilərdən sonra söhbət etdiyimiz qadın siyasətçilərin yekdil fikrinə görə, kvotasız nəticə xeyli daha pis olardı və görünür onların bunu deməyə əsası var.

Qarşıdan gələn parlament seçkilərində kvota necə işləyəcək?

Keçmiş seçkilərin təcrübəsi onu göstərir ki, kvotanı qanunla təsdiq etmək kifayət etmir, onun effektivliyini təmin edən mexanizmlər olmalıdır. Niyə biz hər dəfə seçkilərin nəticəsində kvota ilə müəyyən olunan səddən iki dəfə aşağı nəticə əldə edirik? 2012-ci ildə qanunla təsbit olunmuş 20 faizlik gender kvotası şəraitində, parlamentə namizədlərini irəli sürən partiyalar öz siyahılarına 23 faiz qadın daxil etdilər, de-fakto isə parlamentə cəmi 10,7 faiz qadın keçdi. İş orasındadır ki, nəzərdə tutulan kvota qadınların öz mandatlarından imtina etməsi nəticəsində dəyişdi. Sıxışdırılma mexanizmi seçkilərdən dərhal sonra işə düşdü, bu zaman partiya siyahıları ilə parlamentə keçən qadınlar, naməlum səbəblər üzündən öz mandatlarından imtina edir, onların yerini isə kişilər tuturdu. Mərkəzi Seçki Komissiyаsının məlumatına görə, 26 qadın mandatdan imtina etmək haqqında ərizə yazıb.

Seçki Məcəlləsinin yeni redaksiyasında bu mexanizm iki müddəa ilə neytrallaşdırılıb. Bunlardan birində deyilir: mandatından imtina edən qadının yerini siyahıda adı növbəti gələn qadın tutur. Bu müddəa o vaxt işə düşür ki, fraksiyada mandatından imtina etməsi səbəbindən qadınların sayı 20 faiz azalır. Daha bir müddəa qadınların fraksiyada minimal təmsilçiliyini təmin edir – yəni bundan sonra parlamentdə qadınsız fraksiya olmayacaq.

Bununla belə, qarşıdan gələn parlament seçkiləri ilə bağlı gözləntilər o qədər də nikbin deyil. İş orasındadır ki, parlament seçkilərində ümumdövlət və ya qapalı siyahıdan başqa həm də ərazi və ya açıq adlanan siyahılar işləyir. Burada qadınlar kvotaya uyğun təmsil olunsa da onların burada seçilmə şansı təxminən majoritar sistemdə olduğu qədərdir.

Nəzərə alsaq ki, ötən seçkilərdə majoritar sistem üzrə öz namizədliyini irəli sürən 11 qadından ancaq ikisi keçib, ərazi siyahıları üzrə ciddi dəyişiklik gözləməyə dəyməz. Bu o deməkdir ki, parlamentdə kvota ilə təsbit edilmiş 25 faiz qadının olması böyük sual altındadır, axı mandatların paylanması hər iki – həm açıq, həm də qapalı siyahıların nəzərə alınması ilə baş tutacaq.

Bu gün dünyanın bir palatalı parlamentlərində qadınların sayı orta hesabla 23 faiz təşkil edir. Dünya üzrə ən aşağı göstərici isə Sakit Okean hövzəsi ölkələrindədir – 13,1 faiz. Bununla əlaqədar da sual yaranır: dünya üzrə heç olmazsa orta göstəriciyə nail olmaq üçün Ermənistana nə qədər vaxt lazım olacaq, BMT tərəfindən qoyulan 2030-cu ilə qədər 50\50 plankası barəsində isə heç danışmağa dəyməz.

Nəzərə alsaq ki, son 15 il ərzində gender kvotası 5 faizdən 20 faizə qədər artıb, parlamentdə qadınların sayı isə 6 faizdən cəmi 10 faizə qədər dəyişib, hələ çox gözləməli olacağıq. Bu sürətlə Ermənistan parlamentində qadınlar və kişilərin bərabər təmsilçiliyinə nail olmaq üçün ən azı 200 il vaxt lazım olacaq.

Məqalə Böyük Britaniya və Şimali İrlandiya, Ermənistanda Avropa İttifaqının nümayəndə heyəti tərəfindən maliyyələşdirilən “Gender bərabərliyinin inkişaf etdirilməsi və ictimai fikrə təsir etmək yolu ilə gender zorakılığı ilə mübarizə” layihəsi çərçivəsində hazırlanıb. Məqalədə yer alan fikirlər müəllifin terminologiya və baxışlarını ifadə edir və layihəni maliyyələşdirən tərəflərinmövqeyi ilə üst-üstə düşməyə bilər.

More on JAMnews