Bizi dəyişən 100 gün
Gürcü fəallarının Gürcüstan-Osetiya münaqişəsi zonasında təşkil etdiyi aksiyalar çərçivəsində nəyə nail olduqları haqda təsəvvür əldə etmək üçün yüz gün kifayət edir. Qısaca bu dönəmi açıqlamaq xahişinə ən fəal müşahidəçi, 25 yaşlı Aleksi belə cavab verir: “Artıq yüz gündür ki, səhər oyandıqda lazım olduğumu, hansısa xeyir gətirdiyimi hiss edirəm… Bu, möhtəşəmdir!”
Hər şey Gürcüstanın Cənubi Osetiya ilə administrativ sərhədinin keçdiyi, rus hərbçilərinin tikanlı məftil çəkdiyi və yaşıl sərhəd banerlərinin “Cənubi Osetiya Republikası dövlət sərhədi, keçmək qadağandır” yazıldığı Şida Kartli regionunda baş verir. 2017-ci ilin yayında bir qrup ictimai gənc fəal burada daimi patrula başlamağa qərar verir.
Patrul üçün seçilmiş ərazidə Sinaqara və Orçosani kəndləri yaxınlığında iki Rusiya hərbi bazası yerləşir. Məhz bu ərazilərdə ən çox Gürcüstan vətəndaşları, yerli sakinlər “dövlət sərhədini pozduğuna görə” saxlanılır.
Fəallar öz vəzifələrini çox sadə dillə izah edir – bu saxlanılanlar haqqında məlumat bazası, o cümlədən yerli əhali ilə Rusiya hərbçiləri arasında əlaqələrin foto və video materiallarını yaratmaq lazımdır.
Fəallar öz ictimai layihələrinin üç ən əsas xüsusiyyətini belə təqdim edir:
- Hərəkat bütün siyasi təşkilatlardan uzaqdır,
- Layihə müxtəlif siyasi baxışları olan vətəndaşları birləşdirir,
- Bu, sırf dinc missiyadır və ancaq vətəndaş monitorinqi ilə məşğul olmaq niyyətindədir.
Aleksi heç də yeganə müşahidəçi deyil. Karapila və Niqoza kəndləri arasında onun yaşıdları, əsasən də ondan böyük insanlar növbə tutur. Növbətçilik cədvəli var, fasiləsiz monitorinq etmək üçün fəallar bir birini əvəz edir.
Niqozada səhra postunda əvvəl ancaq bir binokl varıydı, sonra kimsə ştativ də gətirdi. Sonra Ukraynada olan gürcü könüllüləri ratsiyalar, mühacirlər isə taktiki əlcək göndərdi. Kimsə yağış plaşı verdi, sonra fotoaparat, monokulyar əlavə olundu…
25 iyul 2017-ci il tarixindən hər səhər istisnasız 5-6 nəfər Tbilisidən Niqozaya qədər 40 kilometri qət edərək, monitorinqə başlayır. Bir ratsiya səhra qərargahında qalır, digərini isə müşahidə qrupu özüylə götürür. Könüllülər yerli əhali ilə münasibət qurublar.
“Misal üçün, mal-qaranı kəndin qırağında qoymusan, ordan rusların nəzarət etdiyi ərazi çox yaxındır, heyvanın nə vecinə? Götürdü keçdi o biri tərəfə” – yaşı əllini haqlayan Vaxtanq özünün və qonşusunun başına gələnləri xatırlayır.
“Neynəyəsən? İnəyi orda qoyası deyilsən ki. Elə yerlər var ki, tikanlı məftil çəkilməyib, yerdə, otun arasındadır. Görmədin keçdin, çevik patrul peyda olur. Elə bil yerin altından çıxır. Əvvəl itlərin hürüməyini eşidirsən və anlayırsan ki, qaçmağın mənası yoxdur. Dərhal da xəbərdarlıq eşidirsən – dayanmasan, atəş açacağıq. Sonra patrul gəlir və deyir: “Siz dövlət sərhədini pozmusuz…”.
22 yaşlı Teo da könüllüdür. Onun belə canfəşanlığının motivasiyası rus həbçilərlə mümkün görüş və onlarla danışmaq imkanıdır:
“2008-ci ildə mən məktəbdə oxuyurdum və o qorxunc günlərin xatirələri məni indiyənədək izləyir. Həmişə rus hərbçilərindən soruşmaq istəyirdim ki, niyə burada, bu ölkədədirlər, öz ölkələrinin bizim ölkədən 245 dəfə böyük olduğu halda niyə bizdən torpaq qoparırlar? Patrul haqda eşidəndə düşünmədən ona qoşulmaq qərarını verdim. Bəlkədə nə cürsə bizim patrul qrupu və hərbçilər qrupu qarşılaşacaq və mənim onlara öz suallarımı vermək imkanım olacaq”, – o deyir.
Könüllü-müşahidəçilər patrulun arealını yavaş-yavaş genişləndirir, hətta rus hərbi bazalarının ovucun içi kimi göründüyü yerlərə gedib çıxırlar. Bütün şəkil və videoçəkilişlər xüsusi olaraq bu hərəkat üçün yaradılmış saytda toplanır.
Bu cür yerləri yerli əhalinin köməyi olmadan tapmaq çətindir. Yerli əhali ilə qarşılıqlı münasibətlər başqa bir söhbətin mövzudur. Karapila və Niqozada gürcülərlə bərabər osetinlər də yaşayır.
Əvvəlcə onlar missiya nümayəndələrinin gəlməsini ehtiyatla qarşıladılar, amma müşahidəçilər onlarla yaxınlaşmağa cəhd etdi və nəticə göz qabağındadır: əvvəlcə bir yerli sakin müşahidəçiləri öz evinə çaya dəvət etdi, sonra başqası.
Missiyanın başlanmasından 10 gün sonra isə Niqozi kənd sakini Lyuda xala müşahidəçilərə öz bişirdiyi osetin xaçapurisi olan çaxraki gətirdi, məktəb direktoru isə uşaqlardan məktəb həyətindəki bayraq dirəyindən asılmış solmuş Gürcüstan bayrağını əvəz etmək üçün yeni bayraq istədi, hamı anladı ki, buzlar əriyir.