Bir həftədə döyülmüş beş müxalifətçi – Cavaxetiya seçki kampaniyası gedişatında “qaynar nöqtəyə” çevrilib
Cavaxetiyada seçkiqabağı vəziyyət gərgin olaraq qalır. Son bir həftədə ən azı beş müxalifətçi xəstəxanaya düşüb. Onların hamısı dəyənəklə döyülüb.
Bütün işlərdə eyni adamın adı hallanır – iqtidarda olan “Gürcü arzusu” partiyasının deputatı Enzela Mkoyan.
Oktyabrın 28-də Gürcüstanda prezident seçkilərinin birinci turu baş tutub. Qalib müəyyənləşməyib və indi qalib dekabrın 2-ə qədər keçirilməsi nəzərdə tutulan ikinci turda bəlli olacaq. Səsvermənin dəqiq tarixini MSK hələ elan etməyib.
Səslər prezidentliyə hakimiyyətyönlü namizəd Salome Zurabişvili və Birləşmiş müxalifətin lideri Qriqol Vaşadze arasında demək olar ki, bərabər paylaşılıb – müvafiq olaraq 38,4% və 37,73%
_______________
Axalkalakidə naməlum şəxslər müxalifəti dəstəkləyən yerli sakin Remik Poqosyana hücum ediblər. O, aldığı zərbələrdən beyin silkələnməsi keçirib və xəstəxanaya yerləşdirilib.
Poqosyana qarşı hücum onun “Rustavi-2” telekanalına verdiyi müsahibədən sonra baş verib. Həmin müsahibədə o, Gürcüstan parlamentinin yerli majoritar deputatı Enzel Mkoyanın biznesi və korrupsiya sövdələşmələri haqda danışıb.
• Gürcüstanın erməni şəhərində siyahıda olmayan Saakaşviliyə necə səs veriblər?
•Cavaxetinin Gürcüstanı sevməyə vadar edəcək 25 şəkli
“Rusitavi-2” kanalına müsahibəsində Poqosyan bildirib ki, Enzel Mkoyan bütün regionu nəzarətdə saxlayır, demək olar ki, bütün biznes sahələri onundur və hətta kartofun qiymətini də o süni şəkildə tənzimləyir, bunun da nəticəsində yerli fermerlər ziyan çəkir. “Rustavi-2” kanalının verilişindən heç iki gün keçməmiş onu dəyənəklərlə döyüblər.
Три различны версии
Üç müxtəlif versiya
Hadisə ilə bağlı regionda üç versiya səslənir:
1) “Milli Hərəkatın” Axalkalaki qərargahının rəhbəri Aşot Raisyan deyir ki, Poqosyanı “Gürcü arzusu”nun fəalları döyüb və Enzel Mkoyan da işin içindədir.
2) Enezel Mkoyan hadisəyə hər hansı aidiyyatının olmadığını bildirir. “Gürcü arzusu”nun nümayəndələri iddia edirlər ki, Poqosyan Çandura kəndində yerli komandalar arasında keçirilən futbol oyununda baş verən dava nəticəsində xəsarət alıb, siyasətin məsələyə heç bir aidiyyatı yoxdur və insidenti “Rustavi-2” şişirdib. Salome Zurabişvilinin Axalkalakidəki seçki qərargahının rəhbəri Nairi İrintsyan belə deyib.
3) Hazırda xəstəxanada olan zərərçəkən Poqosyanın özü hücum faktını inkar edib. “Samxretis karibçe” saytının məlumatına görə, Poqosyan onu dindirməyə gələn polislərə həyətində odun doğrayarkən özünü zədələdiyini bildirib.
“Dindirmə zamanı müəyyən olub ki, o, odun doğrayırmış, ayağı sürüşüb, yıxılıb, başı dəyib və xəsarət alıb”, – “Samxretis karibçe” saytına DİN-dən bildirilib.
Bununla yanaşı DİN faktla bağlı cinayət məcəlləsinin “xəsarət yetirmə, döymə”ni nəzərdə tutan 126-cı maddəsi ilə istintaqı davam etdirir.
Cavaxetiya – seçkiqabağı mərhələdə ən “qaynar nöqtə”
Bu, Cavaxetiyada seçkiqabağı dövrdə müxalifətçinin döyüldüyü ilk hadisə deyil.
Oktyabrın 30-da Axalkalakidə “Güc birlikdədir” müxalif blokunun namizədi Qriqol Vaşadzenin seçkiqabağı qərargahının dörd üzvü yenə də dubinkalarla döyülmüşdü. Onların dördü də ciddi xəsarət alıb, bu günə qədər xəstəxanada müalicələri davam edir.
Hər iki hadisə eyni adla bağlıdır – Enzel Mkoyan. Müxalifətçilərin sözlərinə görə, hər iki hücum Enzel Mkoyan tərəfindən təşkil edilib.
Noyabrın 2-də prokurorluq beş nəfərə qarşı qrup halında adam döymə ittihamı irəli sürüb. Onlardan üçü Gürcüstan parlamentinin deputatı Enzel Mkoyanın qohumlarıdır. Bütün saxlanılanlar məhkəmə qərarı ilə 3 min lari (min dollardan bir qədər çox) girov əvəzində azadlığa buraxılıblar.
Enzel Mkoyan kimdir?
Bu gün Enzel Mkoyan “Gürcü arzusu” iqtidar partiyasının üzvü və Gürcüstan parlamentinin Ninotsminda və Axalkalaki üzrə majoritar deputatıdır.
Enzel Mkoyan rekordçudur – artıq 19 ildir ki, Gürcüstan parlamentinin deputatıdır. İndiyə qədər o, bütün iqtidar partiyalarının üzvü olub və Cavaxetiya regionunda onlar üçün dayaq funksiyasını yerinə yetirib.
Saakaşvilinin hakimiyyəti dövründə o, “Milli Hərəkat” sıralarında olub və bütün süçkilərdə iqtidar partiyasını regionda yüksək səs faizi ilə təmin edib.
Bidzina İvanişvili hakimiyyətə gələr-gəlməz tez “Gürcü arzusu” partiyasına keçib və bu gün regionada o, məhz “Gürcü arzusu”nun maraqlarını qoruyur.
Əhalinin 90 faizini gürcü dilini zəif bilən ermənilərin təşkil etdiyi Cavaxetiya regionu ənənəvi olaraq siyasi passiv ərazidir.
Burada bütün seçkilərdə səslərin böyük hissəsi iqtidar qüvvəsinə verilir ki, bunda da uzun illərdir, yerli feodal kimi regionda işləri “nizamlayan” Enzel Mkoyanın böyük rolu var.
İndiyə qədər heç bir hakimiyyət regiondakı resurslarına bələd olduqları üçün nə Mkoyanı öz sıralarına qəbul etməkdən, nə də onun təklif etdiyi köməkdən imtina etməyib. Prezident seçkilərinin ikinci turunda yaxşı vəziyyətdə olmayan, namizədi Salome Zurabişvilinin ölkənin bütün iri şəhərlərində uduzduğu “Gürcü arzusu” partiyası da eyni yolla getməyə çalışır.
Etnik azlıqların yaşadıqları regionlar (Cavaxetiya və azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli) “Gürcü arzusu”nun əsas dayaqlarıdır. Məhz bu regionlarda hakimiyyətyönlü namizəd ilk turda maksimal səs toplaya bilib. Müxalif deputatların döyülməsindən sonra müxalifət Mkoyanın deputat mandatının qüvvədən salınması tələbi ilə çıxış edib. Amma qəti etirazla qarşılaşıb. Üstəlik parlament sədri İrakli Kobaxidze bütün “Gürcü arzusu” adından Mkoyanı “iqtidar komandasının layiqli üzvü” adlandıraraq, ona etimad bildirib.