Analoji qalmaqal fevral ayında qonşu Latviyada da yaşandı" />

Estoniya banklarının müştəriləri Azərbaycan, Rusiya və Moldova üçün çirkli pul yuyurmuş

Analoji qalmaqal fevral ayında qonşu Latviyada da yaşandı

Məqalənin tam versiyası “Novaya Qazeta”nın saytında

Mayın 25-də Estoniya polisinin maliyyə kəşfiyyatı 2011-2016-cı illər arası ölkə bankları vasitəsi ilə  əsasən Rusiya, Moldova və Azərbaycandan gələn 13 milyard avrodan çox pulun yuyulması haqqında hesabat dərc edib.  Şübhəli tranzaksiyaların çoxu Estoniya banklarında qeyri-rezidentlərin hesablarından keçirdi.

Analoji qalmaqal fevral ayında qonşu Latviyada da yaşandı – ABŞ-ın maliyyə kəşfiyyatı ölkənin ən nəhəng banklarından biri olan ABLV-ni korrupsiya, pul yuma və Şimali Koreyanın raket proqramını dəstəkləyən təşkilatlarla əlaqədə ittiham etdi.

Moldova landromatı

Ötən cümə dərc olunan hesabata əsasən, Estoniya son illər vəsaitlərin yuyulmasında fəal istifadə olunub. Ölkə banklarının cəlb edildiyi sxemlərin böyük əksəriyyəti bu və ya digər şəkildə qonşu Latviyadan məlumdur. Beləliklə, 2011-2014-cü illər ərzində Estoniya vasitəsilə Rusiya və Moldovanın “Landromat” sxemi ilə 1,6 milyard dollar köçürülüb.

Rusiyadan pullar aşağıdakı kimi çıxarılırdı – iki xarici şirkət saxta borc müqaviləsi imzalayır, müqavilənin zamini olaraq Rusiya şirkəti və Moldova vətəndaşı iştirak edirdi; saxta borcun ödənilmə vaxtı çatanda isə xarici şirkət Moldova məhkəməsinə müraciət edir, məhkəmə zamin duran Rusiya şirkətinin öhdəsinə borcu Moldova bankına köçürməyi və tələbləri yerinə yetirməyi qoyur. Oradan isə pullar xarici şirkətlərin Avropa bankları hesabına köçürülürdü.

Bundan əlavə, Estoniya banklarının Moldovanın “əsrin oğurluğu”nda: üç nəhəng Moldova bankından bir milyard dolların çıxarılmasında əli olduğu üzə çıxıb.

Azərbaycan landromatı

2012-2014-cü illər arası Azərbaycanın hakim elitasının nümayəndələri saxta şirkətlərin xarici hesablarına pul köçürürdü. Daha sonra bu pullar həm də azərbaycanlı hüquq müdafiəçiləri və jurnalistlərinin kütləvi həbsinin sərt tənqid olunduğu vaxt beynəlxalq səviyyədə rəsmi Bakının maraqlarının müdafiə edilməsi əvəzinə avropalı məmurlara rüşvət verilməsi üçün istifadə edilirdi. O vaxt vəsaitin böyük hissəsi (yuyulan pulların ümumi məbləği 3,9 milyard dollar təşkil etdi) Danimarkanın “Danske Bank”ının Estoniyadakı filialından keçdi. 2017-ci ildə bank Danimarkanın pulların yuyulması ilə mübarizə qanunvericiliyini yerinə yetirmədiyinə görə 1,7 milyon avro məbləğində cərimə edilib.    

Bundan əlavə, hesabata əsasən, 2012-ci ildən Estoniya vasitəsilə Rusiyadan ümumilikdə 7,3 milyard avro məbləğində çox sayda şübhəli tranzaksiya keçib.   

Yeni qanun

Estoniyada noyabrın axırlarında qüvvəyə minən, pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında yeni qanuna böyük ümid bağlayırlar.   

Qanuna əsasən, maliyyə pozuntularına görə fiziki şəxslərin cəriməsi 32 mindən 400 min avroya qalxır. Söhbət sübut olunmuş pulların yuyulması faktından gedirsə, bank beş milyon avro və ya illik dövriyyənin 10 faizi həcmində cərimə oluna bilər.  

Bundan başqa, qanun banklardan öz müştərilərini daha yaxşı öyrənməyi: o cümlədən, tək vəsaitlərinin mənşəyinin qanuniliyini deyil, həm də tranzakskiyaların əsaslılığını yoxlamağı tələb edir.  

Pulların yuyulması üzrə məlumatlar bürosu (polisin şübhəli tranzaksiyaları izləyən xüsusi bölməsi) pulların yuyulması ilə mübarizəni asanlaşdırmaq üçün qanunvericiliyi dəyişməyin vacibliyini bildirir.  

Əcnəbilərə “yox” deyirlər

Latviyadan fərqli olaraq, haradakı ki, ABLV ilə qalmaqala qədər qeyri-rezidentlərin payına bütün əmanətlərin üçdə bir hissəsi qədər düşürdü, Estoniyada son məlumatlara görə, qeyri-rezidentlərin sayı bütün bank müştərilərinin 11,7 faizini təşkil edir. Amma məhz qeyri-rezidentlərə xidmət daha çox problem yaradır.

Tənzimləyici hələ ki, bankları qeyri-rezidentlərlə işdə məhdudlaşdırmasa da, onların özləri getdikcə daha az həvəslə əcnəbi müştərilərə hesab açırlar. Bu da anlaşılandır: birincisi, yeni cərimələr fonunda tranzaksiyalarının qanuniliyinin yoxlanılması daha çətin olan, potensial daha təhlükəli müştərilərlə işləmək sərf etməyə bilər. İkincisi, Estoniyada Latviyadakı vəziyyəti izləyirlər, burada qeyri-rezidentlərə istiqamətlənmiş bankın problemləri nəticədə bütün ölkənin maliyyə sisteminə təsir etdi.   

“Bu, bankların mövqeyidir”, – estoniyalı maliyyə analitiki Dmitri Kuravkin deyir. – “Çox vaxt onlar vəsaitin yuyulmasına müqavimətlə məşğul olan  işçi heyətinə xərcləri azaltmaq və böyük cərimələrlə risk etməmək üçün qeyri-rezidentə rədd cavabı vermək qərarını verir”.


More on JAMnews