Etirazçılar etnik azərbaycanlıların hüquqları uğrunda mübarizə aparanların İran həbsxanalarından azad olunmalarını tələb ediblər " />

Bakıda İran səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Etirazçılar etnik azərbaycanlıların hüquqları uğrunda mübarizə aparanların İran həbsxanalarından azad olunmalarını tələb ediblər

Millətçi Gənclər Təşkilatı İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları İranda etnik azərbaycanlıların hüquqları uğrunda mübarizə aparanlara qarşı repressiyalara son qoyulmasını tələb ediblər.

• Təbriz xalçaçılıq məktəbinin Bakı xalçaçılıq məktəbindən fərqləri və Azərbaycan xalçaları haqda digər faktlar

• Ermənistanda İran turizmi

Azərbaycanlılar İranda

Azərbaycanlı etnosunun əsas hissəsi İranda yaşayır – 15 milyon nəfərdən çox (Azərbaycan Respublikasının əhalisi 10 milyon nəfərdir). Azərbaycanlılar İranın ən çoxsaylı milli azlığıdır – əhalinin 16 faizinə qədərini təşkil edirlər.

19-cu əsrin birinci yarısında Rusiya imperiyası və İran aralarındakı müharibəni bitirəndən sonra Azərbaycan türklərinin yaşadığı əraziləri öz aralarında bölüşdürüblər. O zamandan bəri iki tayda qalmış azərbaycanlılar zaman-zaman birləşmə və bütöv Azərbaycan haqda danışırlar.

Aksiyanın təfərrüatları

Etiraz aksiyasının iştirakçılarının səsləndirdiyi qətnamədə deyilir ki, son zamanlar İran hökuməti etnik azərbaycanlıların milli-mədəni hüquqları uğrunda mübarizə aparanlara qarşı təzyiqi artırıb. Söhbət bu istiqamətdə fəaliyyətlərinə görə müxtəlif müddətə azadlıqdan məhrum edilən Abbas Lisani, Kazım Səfabaxşe və digər fəallardan gedir.

Aksiya insidentsiz ötüşüb. Hadisə yerində polis olsa da, etirazçılar dağıdılmayıb, bu da Azərbaycan üçün qeyri-adi haldır.

Səfirlik nümayəndələri aksiyaya heç cür reaksiya verməyib.

Bu, Millətçi Gənclər Təşkilatının ilk aksiyası deyil. Sonuncu dəfə onlar İran səfirliyi qarşısında 2019-cu ilin martında toplaşıblar.

Həmvətənlərinin hüquqlarına etinasız münasibətə etiraz etməkdən başqa millətçi gənclər İranı Ermənistanla əməkdaşlıq etdiyi üçün qınayıb. Çünki Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ ətrafında həll olunmamış münaqişə var.

Rəsmi  Azərbaycan-İran münasibətləri

Azərbaycan və İran rəsmən aradakı münasibəti dostluq adlandırır.

Amma Azərbaycanın İranla iqtisadi əlaqələri, məsələn, Türkiyə ilə müqayisədə o qədər də güclü deyil.

Bundan başqa, bir neçə vacib məsələ ətrafında İran və Azərbaycan hakimiyyətlərinin siyasəti kəskin fərqlənir – məsələn, İranın Ermənistanla, Azərbaycanın isə İranla gərgin münasibətdə olan İsraillə sıx əməkdaşlığı və möhkəm əlaqələri. Üstəlik Azərbaycan radikal islamın ən kiçik işartılarının belə hakimiyyət tərəfindən sərt boğulduğu dünyəvi dövlətdir, İran isə din və dövlətin vəhdətdə olduğu islam respublikasıdır.

Facebook Comments

More on JAMnews