Eşq olsun krala! Gürcüstanda monarxiyanın bərpa edilməsi ehtimalı səsləndirilib
Bazar mouzəsi zamanı bütün Gürcüstanın Katolikos-patriarxı II İliya son illər tez-tez toxunduğu mövzunu yenidən açıb. Patriarx monarxiyanın bərpa olunması arzusunu dilə gətirib.
II İliyanın sözlərinə görə, “Konstitusiyalı monarxiya ölkəyə sülh və əminamanlıq gətirəcək”.
“Gürcüstan qədim mədəniyyətə sahib qədim ölkədir. Bəlkə də biz Gürcüstanın qədim monarxiya olduğu haqda düşünməliyik. Tanrının koməyi ilə bizi çar idarə edib. Bu gün dünyada monarxın çarlıq etdiyi, amma hakim olmadığı hallar çoxdur. Bu, konstitusiyalı monarxiya adlanır. Əlbəttə ki, bu, bügün, ya sabah baş verməyəcək, keçmişi, bugünü və gələcəyi analiz etmək lazımdır”, – II İliya iyunun 18-də bazar moizəsi zamanı deyib.
Bu, gürcü pravoslav kilsəsinin liderinin ölkədə monarxiyanın bərpa edilməsi ilə bağlı ilk çıxışı deyil. Bu günə qədər bu məsələ əsasən Facebook şəbəkəsində lağlağı və zarafat mövzusu olmaqdan kənara çıxmırdı, amma bu dəfə hər şey fərqlidir – hakimiyyət nümayəndələri patriarxın bəyanatının ertəsi gün fəal şəkildə monarxiyanın bərpası mövzusunun müzakirəsinə qoşuldular.
Gürcüstanın İctimai yayımçısının məlumatına görə, iyunun 19-da Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze II İliya ilə görüşmək üçün Patriarxlığa gəlib.
Patriarxla görüşdən əvvəl parlament sədri qısa, amma vacib şərh verib: “Müqəddəs atanın dedikləri həqiqətdir – söhbət ondan gedir ki, konstitusiya monarxiyası siyasi və ictimai həyata əmin-amanlıq gətirir. Biz bütün amilləri, o cümlədən də bizim yerli xüsusiyyətləri nəzərə almalıyıq”, – Kobaxidze deyib və əlavə edib ki, konstitusiya monarxiyası və prezident institutu birgə mövcud ola bilməyəcək.
Daha əvvəl bu təşəbbüsü parlament çoxluğunun digər nümayəndələri də dəstəkləyib, məsələn, parlament çoxluğunun nümayəndəsi Eka Beseliya bu ideyanı maraqlı hesab edir, parlament çoxluğunu təmsil edən vitse-spiker Qiy Volski isə bildirir ki, Qərbi Avropa ölkələrinin nümunəsindən monarxiyanın ölkəyə müsbət təsir göstərdiyili bəllidir. Fraksiya sədri Mamuka Mdinaradzenin sözlərinə görə, konstitusiyalı monarxiya Gürcüstana fərdilik, unikallıq və xüsusi cəlbedicilik bəxş edəcək. Hakimiyyətə yaxın müstəqil deputat Salome Zurabişvili bildirib ki, konstitusiyalı monarxiya Avropa ailəsinə daxil olmaq üçün Gürcüstanın yeganə yoludur.
Müxalifət bu təşəbbüsün əleyhinə çıxış edir. Müxalif siyasətçilər hesab eduirlər ki, hakimiyyət qəsdən bu mövzunu qaldırıb ki, ictimaiyyətin diqqətini real problemlərdən yayındıra bilsin.
“Bu ənənə artıq mövcud deyil və süni şəkildə bərpa etmək mümkün deuil. Düşünmürəm ki, bu, Gürcüstana lazımdır. Daha ciddi problemlər var. Müvafiq olaraq dövlətin bu problemlərin qayğısına qalması daha yaxşı olardı”, – Avropa Gürcüstanı partiyasının liderlərindən biri Qiqa Uqulava bildirib.
“Məhz buna görə iqtidar komandası monarxiya mövzusunu dəstəkləyir ki, biz bu ölkənin real problemləri haqda danışmayaq. Bizim üçün, eləcə də Müqəddəs Patriarx üçün də İvanişvilinin qeyri-rəsmi idarəçiliyi ölkəni çıxmaza dirəyib”, – Milli Hərəkatın üzvü Salome Samadaşvili bəyan edib.
Monarxiya məsələsi ənənəvi olaraq Facebook şəbəkəsində zarafat mövzusu olub. Sosial şəbəkə istifadəçiləri artıq iki gündür ki, hansı təbəqəyə aid olduqlarını aydınlaşdırmağa çalışırlar – meşanlara, yoxsa zadəganlara.
İlk dəfə Gürcüstanda monarxiyanın bərpası haqda 90-cı illərin əvvəllərində, Sovet İttifaqı dağılandan sonra danışmağa başlaylıblar. O zamandan bəri bu mövzu dəfələrlə müzakirə mövzusu olub, amma ciddi şəkildə bu mövzunu heç kim müzakirə etməyib.
Bu gün Gürcüstanda və onun hüdudlarından kənarda çar sülaləsinin bir neçə budağının – Baqrationi ailəsinin nümayəndələri yaşayır. Gürcüstan Partriarxı çar sülaləsinin iki budağının nümayəndələri – Anna Baqrationi və David Baqrationi-Muxranskinin nikahına xeyir-dua verərkən monarxlığa namizədin müəyyənləşməsinin qayğısına şəxsən qalıb. 2011-ci ildə bu cütlüyün oğlu – Georgi Baqrationi dünyaya gəlib. Şahzadə Georginin xaç atası da patriarxın özü olub. Uşağın xaç suyuna salınmasında II İliya onu Baqrationi sülaləsinin varisi elan edib.