Ən yaxşı fotoqraf
Sənan Ələsgərov Azərbaycanın ən yaxşı fotoqrafıdır. Onun bir çox həmkarı və Bakıdakı pərəstişkarları belə hesab edir. On illərlə iş, mükafatlar, foto sərgiləri və çoxlu sayda şagird.
Düzdür, özü bu titulla razılaşmır.
JAMnews-un Sənan Ələsgərovla müsahibəsi:
Daha çox fotoşəkilə onun saytında baxmaq olar
Ən yaxşı deyil
“Ən yaxşı anlayışı həddən artıq mücərrəddir ki, onu kiməsə şamil edə biləsən. Özümü bu günkü gün bədii fotoqrafçılığın yeganə işi, sənəti və həyat tərzi olduğu az adamlardan biri hesab edirəm. Mən o qədər uzun müddətdir fotoqrafçılıqla məşğulam və bu sənətə heç bir başqa sənətlə “xəyanət etməmişəm ki, görünür, bununla da müəyyən nüfuz qazanmışam.
Foto sənayesində toylar
“Son yeddi ildə Azərbaycanda foto sənəti dəbi artıq geridə qalıb. İnsanlar artıq bir neçə il bundan əvvəl olduğu kimi, fotoqrafçılıqla məşğul olmaq istəmirlər. Bu sahəyə olan maraq tamamilə itmək üzrədir. Məncə bu, iqtisadi böhranla bağlıdır. Yəni insanlar daha çox sənət deyil, qazanc barədə düşünməyə başlayıb. Fotokamera ilə isə çörək pulu qazanmaq mümkün deyil. Buna görə də bu sənətlə ancaq barmaqla sayılası qədər adam məşğul olur.
“Azərbaycanda foto sənəti gəlirli iş deyil. Təbii ki, əgər kommersiya fotoşəkli barədə deyil, məhz sənət barədə danışırıqsa. Bu bazar da əsasən toy çəkilişləri ilə məhdudlaşır. Azərbaycanda toylar ayrıca bir sənaye sahəsidir, burada dizaynerlərdən tutmuş operatorlara qədər ən müxtəlif mütəxəssislər çalışır. Bizim ölkədə sənət və pul demək olar ki, heç vaxt kəsişməyən paralel xətlərdir. Buna görə də mənim üçün yeganə real gəlir mənbəyi müəllimlikdir.
Özündən heç nə artırma
“Şagirdlərim əsasən şəkil çəkməyi sevən və bunu yaxşı etməyə öyrəşməyə çalışan adamlardır. Mənsə öz növbəmdə, onlara fotoşəkilin mahiyyətini izah etməyə çalışıram. Misal üçün, öyrətməyə çalışıram ki, fotoşəkil heç vaxt reallığı bəzəməməli, onu təhrif etməməlidir. Gördüyünü çəkmək lazımdır. Gördüyün kimi. Ondan həzz almaq, özündən heç nə artırmadan onun haqqında danışmaq lazımdır.
“Reportaj çəkilişləri ilə məşğul olmuram, ancaq ən geniş mənada. Etiraz aksiyaları, partlayışlar və vulkanın püskürməsini çəkmirəm. Amma misal üçün, hər gün atamın xəstəliyinin necə şiddətlənməsini çəkmişəm. Axı bu da “reportajdır. Hətta dost görüşləri zamanı çəkilən şəkilləri də əslində reportaj hesab edirəm.
“Fotolar haqqında danışmağı sevmirəm. Birincisi ona görə ki, adətən danışılası heç nə olmur – onların arxasında heç bir dramatik hadisələr gizlənmir. İkincisi də fotoşəkil vizual sənət növüdür, o özü özü haqqında danışmalıdır, özü də düşündürməlidir.
Bizdə fotoqraf təhsili almaq mümkün deyil
“Ölkəmizdə az-çox peşəkar fotoqraf təhsili almaq mümkün deyil. Heç vaxt da mümkün olmayıb. Belə alındı ki, Azərbaycanda fotoşökillərə əzəldən biganə münasibət olub, bu sənət növünə xüsusi diqqət yetirilməyib.
“Mən özüm öyrənmişəm. Düzdür, vaxtıykən jurnalistika fakültəsinə qəbul olundum, ümid edirdim ki, orada fotoşəkilin əlifbasını öyrənə biləcəm, amma bu baş vermədi – bu fəni bizə demək olar ki, öyrətmirdilər, semestrin axırında da müəllim zaçot kitabçalarımızı yığıb, qiymətlərimizi yazdı.
1950-ci illər heç yerə getmədi
“Bu yaxınlarda arxivimdə eşələnəndə birdən başa düşdüm ki, faktiki olaraq bütün həyatım boyu eyni şeyi çəkmişəm – XX əsrin 1950-60-cı illərini. Doğulduğum və uşaqlığımın keçdiyi illəri. Bu, qəribə səslənə bilər, amma nə çəkməyimdən, nə vaxt çəkməyimdən asılı olmayaraq, tamaşaçılarda elə bir təəssürat yaranır ki, bu hardasa 1963-cü ildə çəkilib. Ab-hava, eksteryer, pozalar və sifət ifadələri. Bəlkə iş mənim bütün bunlara münasibətimdədir ya da həqiqətən də Azərbaycanda o vaxtdan az şey dəyişib və fotoşəkil bunu üzə çıxarır.