Əliyev “Media haqqında” qanunu imzalayıb. Azərbaycan prezidentini qərarını yenidən nəzərdən keçirməyə çağırırlar
Azərbaycan prezidenti İlham Əliyev yalnız ölkə daxilində yox, həm də hüdudlarından kənarda etirazlara səbəb olmuş “Media haqqında” qanunu imzalayıb. Sənəd parlamentdə qəbul ediləndən 40 gün sonra imzalanıb. Azərbaycanın media ekspertləri və beynəlxalq təşkilatlar Əliyevi öz qərarını yenidən nəzərdən keçirməyə çağırıblar.
- Azərbaycanda “Media haqqında qanun”: Qarabağ haqda danışmaq daha da çətinləşəcəkmi?
- Freedom House Azərbaycanı internet azadlığı olmayan ölkələr sırasına daxil edib
- Oliqarxların təsiri və siyasiləşmiş məhkəmə – Gürcüstan Freedom House hesabatında
2021-ci ilin son günlərində müstəqil jurnalistlərin etirazlarına rəğmən Azərbaycan parlamenti üçüncü oxunuşda “Media haqqında” qanunu qəbul edib. Sənəd ölkə prezidenti tərəfindən imzalanandan sonra qüvvəyə minməliydi.
Fevralın 8-də, yəni parlament tərəfindən qəbul ediləndən 40 gün sonra İlham Əliyev qanunu imzalayıb.
Qanun niyə müstəqil jurnalistlərin xoşuna gəlmir?
“Media haqqında” qanun Azərbaycanda kütləvi informasiya vasitələrinin reyestrinin yaradılmasını nəzərdə tutur. Bu reyestrə daxil olmayan media subyektləri KİV, onların əməkdaşları isə jurnalist hesab olunmayacaq.
Üstəlik sənəddə MEDİA dövlət agentliyi tərəfindən vahid jurnalist vəsiqələrinin verilməsi də nəzərdə tutulub. Bu vəsiqəni ala bilməyən jurnalistlər dövlət tədbirlərində, rəsmi mətbuat konfranslarında və sairə iştirak edə bilməyəcəklər. Onlara həmçinin küçələrdə sorğu keçirməyə, çəkiliş aparamağa da icazə verilməyəcək.
Qanunda həmçinin onlayn medianın iş şərtlərinin yer aldığı maddə də var. Beləliklə, sutka ərzində 20-dən az material yerləşdirən internet portal fəaliyyətdə olan onlayn media hesab edilməyəcək.
Qanun ali təhsili olmayanların jurnalist kimi reyestrdə qeydiyyata düşməsini də qadağan edir.
Hüquqşünasların fikrincə, qanun ölkə konstitusiyasına və insan haqları üzrə Beynəlxalq Konvensiyaya ziddir.
Bütün bu çatışmazlıqlar jurnalist təşkilatlarının və beynəlxalq qurumların Azərbaycan prezidentinə qanuna yenidən baxılması haqda müraciətlərində əks olunub. Hazırda qanuna Venesiya Komissiyası tərəfindən baxılır.
“Hakimiyyət cəmiyyəti qorxutmağa çalışır”
“Ölkədə praktiki olaraq bütün media hakimiyətin nəzarəti altına götürülüb, hakimiyyət tərəfindən maliyyələşdirilir və onların maraqlarına tam uyğyn fəaliyyət göstərir”, – “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev deyir.
Onun sözlərinə görə, Azərbaycanda media üzərində dövlət nəzarətinin həyata keçirilməsi siyasəti açıq formada 1998-ci ildən başlayıb və təxminən 10 il əvvəl bu proses başa çatıb.
“Bu siyasətə cavab olaraq ölkədə sosial şəbəkələr adlandırılan cəmiyyətin formalaşdırdığı parallel, alternativ media məkanı yaranıb.
Vətəndaşların sosial şəbəkələrdə fəallığı müəyyən dərəcədə hökumət üzərində cəmiyyətin nəzarəti rolunu oynayırdı və bu da hakimiyyəti ciddi narahat edirdi. Buna görə də sosial şəbəkələrin fəaliyyətini, aktivliyini məhdudlaşdırmaq üçün “Medai haqqında” qanun qəbul edilib, Medianın İnkişaf Agentliyi (MEDİA), Audiovizual Vasitələr üzrə Şura yaradılıb”, – o qeyd edib.
“Hakimiyyət cəmiyyəti qorxutmağa, insanları özünüsenzuraya vadar etməyə çalışır. Hakimiyyətin fəaliyyəti bu istiqamətdə inkişaf edəcək”, – Mehman Əliyev hesab edir.
ABŞ səfirliyinin müraciəti
ABŞ-ın Bakıdakı səfirliyi Azərbaycan hökumətini “Media haqqında” yeni qanunu ATƏT standartlarına və beynəlxalq öhdəliklərə uyğun tətbiq etməyə çağırıb.
“Biz media haqqında yeni qanunun müstəqil jurnalistlərin, media sahəsindəki ekspertlərin, ATƏT və Avropa Şurası da daxil olmaqla beynəlxalq təşkilatların fikirləri nəzərə alınmadan qəbul olunmasından narahatıq.
Biz prezident Əliyevin imzaladığı qanunu öyrənməyə davam edəcəyik, bu və digər ekspertlərdən qanunun analizini səbrsizliklə gözləyirirk.
Biz hökumti yeni qanunu ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində götürdüyü öhdəliklərə uyğun tətbiq etməyə çağırırıq”, – ABŞ-ın Bakıdakı səfirliyinin jurnalistlərin sorğusuna verdiyi cavabda deyilir.
“Azərbaycanda jurnalist olmaq daha çətin olacaq”
“Prezident Əliyev tərəfindən media haqqında yeni qanun təsdiq edildikdən sonra Azərbaycanda jurnalist və ya sosial media fəalı olmaq daha da çətinləşəcək”. Bu barədə Norveç Helsinki Komitəsinin bəyanatında deyilir.
“Yeni qanun onsuz da ciddi nəzarət olunan ölkə KİV-lərinə bir çox yeni genişmiqyaslı məhdudiyyətlər gətirəcək.
Qanun yerli və beynəlxalq tənqidlərə məruz qalıb, ölkə jurnalistləri prezident Əliyevi insan hüquqlarını daha da pozan və müstəqil jurnalistikanı məhdudlaşdıran sənədi ləğv etməyə çağırıb.
Avropa Şurasının insan hüquqları üzrə komissarı prezident Əliyevi qanunu üzərində işlənməsi və söz və media azadlığı sahəsində beynəlxalq standartlara uyğunlaşdırılması üçün parlamentə qaytarmağa çağırmışdı.
Norveç Helsinki Komitəsi qeyd edir ki, Azərbaycanda müstəqil və tənqidçi KİV-lər tez-tez senzuraya və zorla bağlanmağa, jurnalistlər və sosial şəbəkə istifadəçiləri sistemli təqiblərə və həbslərə məruz qalırlar.
Qanunun bir çox müddəaları hökumətin hadisələrin işıqlandırılmasını ciddi şəkildə məhdudlaşdırmasına imkan verəcək və hökumətin tənqid edilməsinin qarşısını almaq üçün istifadə olunacaq.
Jurnalistlərin Vahid Reyestrinə yalnız məhkumluğu olmayan jurnalistlər daxil ediləcək. Jurnalistlərin uzun illərdir saxta ittihamlarla daim həbs edildiyini nəzərə almaqla, bu şərt bir çox jurnalisti işləmək hüququndan məhrum edir və senzuranı leqallaşdırır.
Bundan başqa, hakimiyyət artıq bu və ya digər KİV-i bağlamaq üçün məhkəmə qərarına ehtiyac duymayacaq.
Azərbaycanın beynəlxalq tərəfdaşları media və tənqidi səsləri susdurmaqla avtokratiyanın qurulduğu bir ölkədə bu yeni məhdudiyyətlərin nə qədər zərərli olacağını dilə gətirməlidir”, – Norveç Helsinki Komitəsinin bəyanatında qeyd edilir.