Əfsanəvi məhəllə yoxa çıxmaq üzrədir – bakılılar “Sovetski”ni xatırlayır
“Sovetski” – Bakının Yasamal rayonunda tarixi məhəllədir. Məhəllə onunla məşhurdur ki, yüz illik tarixi ərzində, düz sökülüncəyə qədər öz qaydaları üzrə yaşayıb. Bu məhəllə “özgələr” üçün təhlükəli hesab olunsa da, öz sakinləri özünəməxsus “şərəf kodeksi” və yerli “avtoritetlər”in hakimiyyəti ilə müdafiə altında idilər.
200-ü dövlət tərəfindən memarlıq abidəsi kimi mühafizə olunan zərif köhnə binalarla yanaşı, burada “özbaşına” tikililər də var idi – bunlar əsasən hər hansı bir sənəd olmadan tikilmiş köhnə evlər idi. Bunların əksəriyyəti qəza vəziyyətində idi.
“Sovetski”ni çoxdan sökməyə hazırlaşırdılar. 2011-ci ildə bu yerdə parkların və yolların tikintisi planı hazırlandı. Söküntünün ilk mərhələsi 2016-cı ildə başa çatdı. Çox fikirləşmədən memarlıq abidələrini bu cür abidələrin qeydə alındığı siyahıdan çıxardılar və sökdülər.
“Sovetski”də evlərin sökülməsi çoxsaylı qalmaqallarla müşayiət olundu, belə ki, hakimiyyətin təklif etdiyi kompensasiyanın məbləği bir çox sakinlərə qənaətbəxş görünməmişdi.
İndi isə “Sovetski”dən nə qalmışdısa, onun söküntüsünə başlanıb. Bakılı fotoqrafların mənzərəsinə və dramatizminə görə çox sevdikləri bu dağıntıların yerində texnika öz işindədir.
Biz bakılılardan “Sovetski” haqqında xatirələri ilə bölüşmələrini xahiş etdik.
Toğrul Vəliyev:
“Torqovı və İstiqlaliyyət küçəsindəki binaların çoxu ermənilər, yəhudilər və ruslar tərəfindən tikilmişdisə, “Sovetski” tərəf əksəriyyət etibarilə azərbaycanlılara məxsus idi. Faktiki olaraq, “Sovetski” azərbaycanlı Bakısının XX əsrin əvvəllərinə aid tarixi idi. Burada həm memarlıq baxımından gözəl binalar, həm ayaqyolusu həyətdə olan “italyan” həyətləri, “Təzəpir” məscidi və ona yaxın digər məscid var idi ki, bunların hamısı müxtəlif üslubda tikilmişdilər, hətta kilsələr də vardı.
Mədəniyyətimiz də buradadır – məşhur şairlərin, yazıçıların və bəstəkarların yaşadıqları evlər.
Məncə, bir hissəsini bərpa edib qorumaq və açıq səma altında muzey kimi saxlamaq lazım idi. Lap park da yaradırsansa, parkda gəzərək ayrı-ayrı binaları görmək maraqlı olardı – bunları mehmanxanaya, yaxud da restorana, ya da başqa nəyəsə çevirmək mümkün idi”.
Esmira buralı oğlana ərə gedəndən sonra “Sovetski”də yaşamağa başlayıb. O, 90-cı illərdən bəhs edir.
“Həyətimizdəki oğlanlar yaxınlıqdan keçən cütlüklərə sataşmağı sevirdilər. Qızın yanında pərt etmək üçün oğlana söz atırdılar. Gecələr isə, çox güman ki, elə həmin oğlanlar atışırdılar. “Çox güman” ona görə deyirəm ki, belə vaxtlarda ərim pəncərədən küçəyə baxmağa icazə vermirdi.
Həyətə təzə gəlin gəlirdisə, yay vaxtı ona küçədə xalça yumaq olmazdı. Əri evdə olmadıqda isə bəzən qonşular onu evdə bağlayıb qapısını qıfıllayırdılar. Ayaqyolu həyətdə olduğu üçün bu, xüsusilə xoş deyildi”.
Sevinc “Sovetski”də 70-ci illərdən yaşayır.
“Bu hadisə 80-ci illərdə baş verib. Bir dəfə gecə vaxtı “Sovetski”nin küçələrindən birində ruh peyda olmuşdu. İnsanlar şokda idi, deyirdilər ki, bu, imamın ruhudur. O, bir ay ərzində hər gecə gəlir və gəldiyi yer ziyarətgaha çevrilmişdi. Sonradan məlum oldu ki, orada bir dələduz proyektoru fırladır və beləcə camaatı aldadırmış”.
Məhərrəm Bakının digər “təhlükəli” hissəsində – Kubinkada yaşayıb.
“Bu hadisə 2000-ci ildə baş verib. Universitetdən evə – “Sovetski”dən keçməklə piyada gəlməyə qərar verdim. Mən isə bricdə, “Nirvana” rəsmli köynəkdə, buralarda qəbul olunduğundan daha uzun saçlı idim. Gedirəm, elə bu vaxt oğlanlar məni çağırdı: “Ey, bura gəl”. Mən isə qaçmağa başladım, bunlar da arxamca düşdülər. Yaxınlıqdakı qarajın damına çıxmağa macal tapdım. Oğlanlar da çıxmağa çalışır, mən isə ayağımla barmaqlarını təpikləyirəm və bunlarda heç nə alınmır. Onlar da mənə qışqırır: “Onsuz da, gec-tez düşəcəksən!” və gözləyirlər. Mən isə acam, evə istəyirəm.
Bəxtim gətirdi. Gözlənilmədən həmin həyətdən Kubinkadakı tanışımın keçdiyini gördüm. Adı yadımda deyil, amma əzələli oğlan idi, buna görə də, onu “Stallone” deyə çağırırdıq. O, həmin oğlanlardan birini elə vurdu ki, o birilər qaçıb getdilər”.
Fəxrəddin “Sovetski”də 55-ci ildən 68-ci ilə – evi sökülənə qədər yaşayıb.
“Polis çalışırdı ki, həyətlərə girməsin. Əgər çox ciddi bir şey baş verməyibsə.
Öz avtoritetlərimiz var idi, məsələn, Qulam əmi. O, öz ərazisində qayda-qanuna nəzarət edirdi. Cavan olmağına baxmayaraq, ağsaqqal idi – deyirlər ki, ağsaqqalın cavanı-qocası olmur.
Yayda bağa gedənlər bilirdilər ki, bu həyətə oğru girməz, buna görə də, qapılarını balaca qıfılla bağlayırdılar ki, it-pişik evə daxil olmasın.
Bir dəfə qonşumuz Əliş Leninqraddan təzə QAZ-21 gətirmişdi. Səhər maşını oğurladılar.
Əliş küçəyə çıxır və tində dayanmış Qulam əmiyə yaxınlaşıb deyir ki, maşınını oğurlayıblar.
Qulam əmi cavab verir ki, narahat olmasın, evinə qayıtsın. Özü isə Bakının müxtəlif hissələrinin avtoritetləri ilə əlaqə saxlayır və səhər oğurlanmış maşını günortadan sonra saat 4 üçün qaytarırlar və açarlarını hörmət-izzətlə Əlişə təqdim edirlər. Heç kim də heç bir sual vermir”.