“Paşinyanın siyasi müqəddaratı Azərbaycanla münasibətlərdən asılıdır”. Bakıdan baxış
Zərdüşt Əlizadə Azərbaycan-Ermənistan münasibətləri haqda
Son aylar regionumuzda müharibə təhlükəsi, müxtəlif geosiyasi proseslər üzrə inkişaf dinamikası vaxtaşırı dəyişir. “BRICS” sammiti zamanı prezident Azərbaycan İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Son təmaslar zamanı ikitərəfli danışıqların davam etdirilməsi barədə xarici işlər nazirlərinə tapşırıqlar verildi. Eyni zamanda Fransanın Azərbaycana qarşı təxribat cəhdləri uğursuz oldu.
- Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar…
- “Gender əsaslı zorakılığa qarşı barışmaz mübarizə”: Ermənistanda 16 günlük kampaniya
- Gürcüstan parlamentinin ilk iclası müxalifətin iştirakı olmadan və genişmiqyaslı etirazlar fonunda keçirilib
Ümumilikdə bu mövzular çərçivəsində politoloq Zərdüşt Əlizadə “Azpost.info” nəşrinin suallarını cavablandırıb.
Azərbaycan-Ermənistan sülh danışıqlarda son vəziyyət haqda
“Tərəflər bildiriblər ki, dekabr ayında danışıqlar bərpa ediləcək. Həmçinin o da məlumdur ki, 3 məsələ ətrafında fikir ayrılığı var:
Birincisi, Ermənistan konstitusiyasının mətnində dəyişikliyin edilməsi və orada Ermənistanın əvvəllər qəbul etdiyi Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasıdır. İkincisi, sərhəd zolağından avropalı müşahidəçilərin çıxarılmasıdır. Üçüncü məsələ isə sərhəd zolağında işlərin bərpa olunmasıdır. Hər biri ilə bağlı hansısa razılıq əldə etmək mümkündür.
İndi Ermənistan çalışır ki, konstitusiya ilə bağlı çağırışları 2026-cı il parlament seçkilərindən sonraya saxlasın. İndiki mərhələdə biz konstitusiya məhkəməsinin, yaxud hansısa aralıq məhkəmənin qərarı ilə “Dağlıq Qarabağ”ın birləşdirilməsi ilə əlaqədar Müstəqillik Bəyannaməsinə edilən istinadı çıxartdıra bilərik.
O ki, qaldı Avropa Birliyinin müşahidə missiyasına, onları Cənubi Qafqazdan çıxara bilərik. Ən azından xahiş edərik ki, ölkələrinə qayıtsınlar. Sərhədlərin təyin olunması ilə bağlı o da qeyd olunub ki, bütün məsələlər delimitasiya və demarkasiya prosesində razılığa gəldikdən sonra bu məsələ də öz həllini tapa bilər.
Delimitasiyanın həyata keçirilməsi tərəflərin iradəsindən asılıdır. Düşünürəm ki, ortada siyasi bir maneə yoxdur. O vaxt Ermənistanla Azərbaycan arasındakı sərhəd bəlli idi, hələlik həmin sərhədlər üzrə prosesə başlanılıb və müəyyən qurumlarda xəritələr mövcuddur. İstər bu ilin dekabrında, istərsə də gələn il ərzində bu bağırsaq kimi uzanan məsələ həll edilə bilər”.
Fransa ilə Azərbaycan arasındakı gərginlik haqda
“Əvvəllər Rusiya da fərqli yanaşırdı məslələrə. Sonra anladı ki, Qafqazda Azərbaycana qarşı mövqe sərgiləmək Rusiyanın özünün də dövlət maraqlarına ziddir.
Bu gün isə şimal qonşu Azərbaycanla xoş münasibətlər qurmağa çalışır. İndi Rusiyanın əvvəlki təxribatçı missiyasını Fransa həyata keçirir. Hesab edir ki, Azərbaycana təzyiq etmək üçün hansısa qərəzli mövqe tutmaq mütləqdir. Azərbaycanı nəyəsə məcbur etmək lazımdır. Bu çox yanlış mövqedir. Bundan əlavə, dünyanın başqa ölkələrində, məsələn, Niderlandda olduğu kimi, bu cür mövqe Fransa üçün də maddi itkilərə gətirib çıxaracaq.
…Fransa ilə böhranın təşəbbüskarı Azərbaycan deyil. Biz kiçik dövlətik, öz gücümüzü bilirik. Təyyarə daşıyan gəmiləri var, nüvə istehsal edən ölkədir, istehsal etdiyi nüvə enerjisini başqa dövlətlərə satır, yüksək texnologiyası var, xeyli əhalisi var, qədim dövlətdir, Avropa İttifaqının üzvüdür, aparıcı dövlətlərdən biridir, böyük ordusu var və s.
Biz isə onlarla müqayisədə xeyli kiçik dövlətik. Biz heç vaxt Fransanın daxili işlərinə müdaxilə etmirik. O Fransadır ki, Avropanın qərbindən qalxıb gəlib Qafqaza, burada çalışır mənəm-mənəmlik eləsin. Təbii ki, Azərbaycan dövləti də bunu qəbul etmir. Onlar bizimlə bağlı məsələlərə müdaxilə edir, biz də minlərlə kilometr uzaqlıqdakı Yeni Kaledoniya məsələsini gündəmə gətiririk. Fransa şüşə evdə oturub kimə gəldi daş atırsa, bilməlidir ki, küçədən keçən də sənin evinə daş atacaq və sənin də şüşədən evin dağılacaq.
Əslində Azərbaycan müstəqilləşdikdən bu yana Fransa ilə bütün istiqamətlərdə xoş münasibətlər qurmağa çalışır. Fransa hakimiyyəti bunu anlamır. Görünür, orada hələ də müsəlmanlara, türk dünyasına qarşı qəlibləşmiş qərəzli ənənələr davam etdirilir.
Azərbaycanın müstəqilliyi dünyada tanınır və onun təyyarələr daşıyan gəmiləri, nüvə enerjisi olmasa da, siyasi arenada söz haqqı, səs hüququ var. Fransa Parlamentinin “Artsaxın” müstəqilliyini tanıdığını elan etməsi nə deməkdir axı? Müharibə elanına bərabər addım hesab oluna bilər. Azərbaycanın ərazi bütövlüyünü inkar edir.
Onlar Azərbaycan əleyhinə bu cür addımlar atdıqları zaman ölkəmizi təmsil edən diplomatlar beynəlxalq kürsülərdən Yeni Kaledoniya və Korsika barədə danışmağa başlayırlar. Niderland “Artsaxın” müstəqilliyi ilə bağlı fikirlər səsləndirməyə başladığı zaman, biz də onların dənizlərin ortasında olan müstəmləkə torpaqları barədə danışmağa başlayırıq. O dövlətlər ki, bizi saymır, bizim mənafeyimizi nəzərə almır, bizə qarşı etinasız yanaşmanı özlərinə rəva bilirlər, Azərbaycanın da onlara verəcəyi cavab var.
Ermənistanla Azərbaycanın münaqişəni öz aralarında, üçüncü dövlətlər olmadan həll etmələri haqda
“Əgər Ermənistan Makrona rəvac verməsə, onun gəlib Azərbaycanla Ermənistan arasındakı məsələlərə qarışmaq hüququ ola bilməz. Azərbaycan və Ermənistan aralarındakı məsələləri yalnız özləri, hansısa 3-cü dövlət olmadan, təklikdə həll edə bilsə, tənzimləsə, heç bir superdövlətə, təşkilata ehtiyac qalmaz.
İki qonşu dövlət, xalq daha əvvəl birgə yaşayıb. Gəlin etiraf edək ki, bu xalqların dünyaya baxış bucağı bir-birinə çox yaxındır.
Ermənistan Rusiyanın vilayətinə çevrilmişdi. İndi öz siyasi subyektivliyini qaytarmağa çalışır. Rusiyanın əlaltılığından qurtulmağa cəhd edirlər. Amma o qədər adət ediblər ki, təsir altında yaşamağa. İndi də Fransanın aləti olurlar. Bu çox ziyanlı və yanlış ənənədir.
Dövlətin, xalqın mənafeyini düşünələr gərək. Əvvəlcə öz yaxın qonşuları ilə xoş münasibətlər qurmalıdırlar. Sənin təhlükəsizliyin 3-5-10 min kilometr uzaqlıqdakı dövlətdən asılı deyil. Yaxınlığındakı qonşundan asılıdır. Türkiyədən, Gürcüstandan, Azərbaycandan və İrandan asılıdır.
Paşinyanın ilin sonuna qədər sülh sazişinin imzalana biləcəyinə dair bəyanatı haqda
“Paşinyanın bu fikirləri Fransadan aldığı dəstəyin nəticəsi deyil. O bütövlükdə erməni xalqının maraqlarına görə belə bir fikir səsləndirib. Ermənistan xalqı artıq anlamağa başlayıb ki, ən yaxın qonşusu Azərbaycana qarşı düşmənçilik, işğalçılıq siyasəti heç də doğru üslub deyil. Onlar Paşinyandan tələb edirlər ki, Azərbaycanla, Türkiyə ilə normal qonşuluq münasibətləri bərpa olunmalıdır.
Qaldı ki, Paşinyanın özünün siyasi müqəddəratı, bu, ilk növbədə Azərbaycanla münasibətlərdən asılıdır. Bilirsiz ki, vaxtilə 75-80% seçici rəğbətilə baş nazir seçilən Nikol Paşinyan indi 16-17% civarında rəğbət bazasından istifadə edir. 2021-ci ildə keçirilən parlament seçkilərində Paşinyan qalib gəlmişdi, 5 il sonra, yəni 2026-cı ildə də seçkilərin keçirilməsi gözlənilir.
İlk dəfə Paşinyan seçiləndə Robert Koçaryan və Serj Sarkisyanla bağlı əhali arasında narazılıq çox artmışdı. İndi artıq Paşinyan hökumətinin xeyli sayda məğlubiyyətləri, itkiləri var. Uğurlarının da olmasına baxmayaraq… Ona yeni uğur hekayəsi lazımdır. Bu uğur hekayəsi nə ola bilər indiki şəraitdə? Qarabağ itirildi, Rusiya ilə müttəfiqlik itirildi… Yeni uğur hekayəsi o ola bilər ki, müharibədən cana doymuş erməni xalqına sülh vermiş olsun. Yəni Azərbaycanla sülh müqaviləsi olsun, eyni zamanda Türkiyə ilə münasibətlər normallaşsın, sərhədlər açılsın, səfirliklər açılsın, ticarət münasibətləri başlasın, gediş-gəliş bərpa olsun. Təhlükəsizliyə təminat kimi erməni xalqına göstərə bilsin ki, “bizim artıq əbədi, əzəli türk düşmənlərimiz yoxdur, bizim qonşularımız var”. Bu Paşinyana növbəti seçkilərdə 100% qələbə təmin edə bilər”.