“Hərbi yola getmədən də, Naxçıvana keçid məsələsində uduşlu çıxmaq mümkündür”. Bakıdan baxış
Zəngəzur dəhlizi və İran-Rusiya gərginliyi
“İran ilə Rusiya arasında Zəngəzur dəhlizi ətrafındakı fikir ayrılığı artıq diplomatik gərginlik səviyyəsində özünü büruzə verir”. “Şərqə baxış” siyasi analitik qrupunun təhlilçiləri belə deyir. Onlar hesab edirlər ki, əslində bu vəziyyət Azərbaycana sərf edir, çünki bu gərginlik “iki təhlükəli və bir-birilə “tərəfdaş” olan qonşulara qarşı əlavə manevr imkanları yaradır”.
- “Black Sea Energy” layihəsi – Azərbaycan və Gürcüstandan Avropa üçün yeni enerji mənbəyi
- “Ermənistanın yenidən silahlanması bütün region üçün təhlükədir”. Bakıdan şərh
- Milli Məclisdə çoxluq yenə də YAP nümayəndələrindən formalaşıb
“Vaşinqtonun maraqlarına uyğun yeni status-kvo Moskvanın qırmızı xəttidir”
“Rusiyanın Zəngəzur dəhlizi məsələsi ilə sülh prosesini öz təşəbbüsünə qaytarmağa çalışması, İranın narahatlıqlarını gözardı etməsi Tehranı daha açıq formada reaksiya verməyə məcbur edib və Rusiya səfiri izahat üçün İran XİN-ə çağırılıb.
Məlumdur ki, ötən həftələrdə kommunikasiyaların açılması mövzusunun danışıqların hazırkı gündəliyindən çıxarıldığı bəyan olundu. Bu, Qərbin sülh prosesində təşəbbüsü ələ keçirməsinin elanı idi.
Çox keçmədən Rusiyanın yenidən aktivləşməsini gördük. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İran və Azərbaycana səfər edərək, Qərbin regiona buraxılmamasının vacibliyi barədə mesajları çatdırdı. Putinin Azərbaycana səfəri çərçivəsində də Zəngəzur dəhlizi Moskva tərəfindən yenidən gündəmə qaytarıldı.
Azərbaycan-Ermənistan sülh prosesinin Qərbin, xüsusən də ABŞ-ın vasitəçiliyi ilə yekunlaşması, bununla da Cənubi Qafqazda Vaşinqtonun maraqlarına cavab verən yeni bir status-kvonun ortaya çıxması Moskvanın qırmızı xəttidir. Rusiya bu prosesə mane olmaq, ən azı yubatmaq üçün Zəngəzur dəhlizi məsələsini istifadə etməyə çalışır”.
“Zəngəzur dəhlizinin güclə açılmasında Azərbaycanın birbaşa iştirakı təhlükəlidir”
“Ötən illərdə kommunikasiyaların açılması ilə bağlı üçtərəfli formatda müzakirələr aparılsa da, görünən odur ki, mövcud reallıqlar fonunda Moskva Yerevana təzyiq edərək, diplomatik yollarla Zəngəzur dəhlizinin müzakirəsini davam etdirə bilmir. Rusiya yenidən Yerevana diplomatik təzyiq etməyə çalışır. Bu da alınmasa, geriyə qalır, dəhlizin güc yoluyla açılması. İran da bu ehtimala qarşı açıq mövqe sərgiləyir.
Əlbəttə ki, Zəngəzur dəhlizinin açılması məqsədilə gücdən istifadə olunmasında Azərbaycanın birbaşa iştirakı çox böyük təhlükələr vəd edir. Bu xüsusda Qərbin mümkün reaksiyası, Rusiyanın mövcud vəziyyəti, Türkiyənin Cənubi Qafqaz strategiyası və İranın regional müharibə təhdidləri doğru dəyərləndirilməlidir”.
“Rusiyanın Zəngəzur dəhlizini yenidən gündəmə gətirməsi Azərbaycana sərf edir”
“Açığı mən hərbi ssenariyə ehtimal vermirəm, ən azından buna ümid edirəm. Lakin ümumilikdə Zəngəzur dəhlizi məsələsinin mövzu olaraq Rusiya tərəfindən yenidən gündəmə gətirilməsi məncə, Azərbaycana sərf edir.
Birincisi, İran ilə Rusiyanın regional məsələlərdə gərginlik yaşamasının özü belə, Azərbaycan üçün sərfəlidir. Çünki belə bir vəziyyət iki təhlükəli və bir-birilə “tərəfdaş” olan qonşulara qarşı əlavə manevr imkanları yaradır: Rusiyanın təzyiqlərini İranın mövqeyi ilə, İranın təhdidlərini isə Rusiyanın mövqeyi ilə neytrallaşdırmaq olur.
İkincisi, Naxçıvana keçid məsələsində Rusiyanın Azərbaycana təklifi maneəsiz keçiddir. Bunu sülh prosesində təşəbbüsü ələ keçirmiş Qərb qarşısında qaldırmaqla, Qərbi də Naxçıvana sərfəli güzəştlərlə (məsələn, Azərbaycanın yükləri və sərnişinləri üçün sərhəd və gömrük yoxlanışı olmadan) keçid təklifi verməyə məcbur etmək mümkündür.
Belə bir keçid həm Naxçıvana alternativ keçidin açılmasını ümumiyyətlə istəməyən İran, həm də keçidə hərbi nəzarəti ələ keçirmək istəyən Rusiya üçün strateji məğlubiyyət ola bilər.
Ukrayna kimi çox önəmli məsələdə hərbi əməkdaşlıq edən Rusiya və İranın Naxçıvana keçid məsələsində açıq gərginlik yaşaması da Qərb üçün müsbət siqnallar daşıyır.
Bir sözlə, düşünürəm ki, hərbi yola getmədən də, düzgün diplomatik manevrlərlə Naxçıvana keçid məsələsində uduşlu çıxmaq mümkün görünür”.