Zelenski Əliyevə zəng edib. Bu nə deməkdir? Bakıdan şərh
Zelenski Əliyevə zəng edib
Ukrayna prezidenti azərbaycanlı həmkarına zəng edərək ölkənin ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib. Tərəflər beynəlxalq platformalarda əməkdaşlıq məsələsini də müzakirə ediblər. Siyasi icmalçı Hacı Namazov deyir ki, İsrailin yüksək vəzifəli məmurunun Kiyevə səhərki səfərinə diqqət yetirmək lazımdır. “Azərbaycan müstəqilliyinin ilk günündən beynəlxalq arenada ölkələrin ərazi bütövlüyü prinsipinin dönməzliyini müdafiə edir”, – ekspert əlavə edib.
- Azərbaycanda baş konsulluq Rusiyanın nəyinə lazımdır? Bakıdan şərh
- ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini Bəxtiyar Hacıyevi azad etməyə çağırıb
- Azərbaycan hökuməti “Nardaran hadisələri” zamanı saxlanılanlara təzminat ödəyəcək
Fevralın 15-də Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə zəng edib.
“Telefon danışığı əsnasında Ukrayna Prezidenti ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə və göstərilən humanitar yardımlara görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Söhbət zamanı dövlət başçıları beynəlxalq platformalarda əməkdaşlıq məsələsini də müzakirə ediblər”, – Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.
Vacib səfər ərəfəsində
İsrailin xarici işlər naziri Eli Koen Zelenski ilə görüşmək üçün bu səhər Kiyevə gəlib. Bu, yüksək rütbəli İsrail rəsmisinin müharibə başlayandan bəri Ukraynaya ilk səfəridir.
Azərbaycanlı siyasi şərhçi Hacı Namazov deyir ki, telefon danışığı ilə bu səfər arasında birbaşa əlaqə ola bilər:
“Diqqətinizə onu çatdırmaq istərdim ki, Zelenski və Əliyev zəngləşdikdən dərhal sonra İsrailin xarici işlər naziri Eli Koen Kiyevə gəlib. Ola bilsin ki, bu, təsadüfən baş verib, amma məncə, bu hadisələr arasında birbaşa əlaqə ola bilər.
Hamı bilir ki, Türkiyə-İsrail-Azərbaycan oxu son bir neçə ildə regionun ən yeni və ən güclülərindən biridir. İki prezident bu səfərin bəzi aspektlərini müzakirə etmiş ola bilərlər.
Amma bu hadisələr heç bir şəkildə bağlı olmasa belə, bu telefon danışığı bir neçə səbəbə görə əhəmiyyətlidir.
Ərazi bütövlüyünə dəstək
“Azərbaycan müstəqilliyini əldə etdiyi ilk gündən beynəlxalq aləmdə ölkələrin ərazi bütövlüyü prinsipinin dönməzliyinin tərəfdarıdır. Bu mövqeyində ölkə tamamilə birmənalı siyasət yürüdür.
Beləliklə, Azərbaycan hər zaman Gürcüstanın, Ukraynanın, Moldovanın – Kremlin siyasətinə dostcanlı yanaşmyan ölkələrin ərazi bütövlüyünün tərəfdarı kimi çıxış edib. Eyni zamanda, Bakı Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir və bir çox Qərb ölkələri bunu etsə də, Kosovonun müstəqilliyini hələ də tanımır.
Yəni tutduğu bu xətdə Azərbaycanı hansısa beynəlxalq qüvvələrə dəstək verməkdə ittiham etmək olmaz. Bu prinsip bütün hallarda müşahidə olunur. Burada ən mühüm məqam Azərbaycanın özünün ərazi bütövlüyü məsələsidir ki, bu da demək olar, bütün dünya ölkələri tərəfindən dəstəklənir”, – Namazov bildirib.
Rusiya ilə müttəfiqlik maneə deyil
Politoloq xatırladıb ki, Zelenski və Əliyev Rusiyanın Ukraynaya işğalı başlamazdan əvvəl Bakı və Kiyevə qarşılıqlı səfərlər ediblər. Zelenski Bakıya çox-çox əvvəl səfər etmişdi, Əliyev isə Kiyevə müharibənin başlamasına cəmi bir ay qalmış:
“Bəzilərinə elə gələ bilər ki, Ukraynada müharibənin başlamasına cəmi iki gün qalmış Kremldə Əliyevlə Putin arasında imzalanmış müttəfiqlik sazişi Moskvanın qonşu dövlətdəki hərəkətləri ilə bağlı Azərbaycana zəncir vurur, lakin bu, belə deyil.
Bakının Moskva ilə münasibətlərində çoxlu tələlər var. Burada müttəfiqlik münasibətləri pərdədən başqa bir şey deyil.
Bəli, Azərbaycan və Rusiya iqtisadi cəhətdən yaxşı qarşılıqlı əməkdaşlıq edir, lakin Qərbin Kremlə qarşı presedentsiz sanksiyalarından sonra Bakı Rusiya valyutasının ölkəyə axınının qarşısını aldı”.
Bakı səsvermədə bitərəf qalır
Namazov vurğulayıb ki, “Azərbaycanla Rusiya arasında sözdə müttəfiqlik münasibətlərinin siyasi tərəfi çox problemlidir”.
“Birincisi, Azərbaycan Rusiyanın sülhməramlı kontingentinin Qarabağda, beynəlxalq səviyyədə tanınmış ərazisində olmasından qətiyyən razı deyil. Bakı sülhməramlıları 2025-ci ildə regiondan çıxarmaq arzusunu heç gizlətmir də. Bunun həqiqətən də belə olub-olmayacağını yalnız 2025-ci ilin aprelində öyrənəcəyik, çünki 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şərtlərinə görə, tərəflər müqavilənin başa çatmasına altı ay qalmış xitam verilməsi barədə bildiriş verməlidirlər. Bu baş verməsə, müqavilə avtomatik olaraq daha beş il müddətinə uzadılır.
Burada maraqlı məqam ondan ibarətdir ki, 2025-ci ildə Azərbaycanda prezident və parlament seçkiləri keçirilməlidir. Rusiya qoşunlarının ölkə ərazisindən çıxarılması seçkilər öncəsi hazırkı hakimiyyətin xeyrinə ağır arqument olardı. Amma Azərbaycan reallıqlarını nəzərə alsaq, hesab edirəm ki, bu amil xüsusi rol oynamayacaq.
Bu baxımdan Azərbaycanın Ukrayna ilə münasibətləri dostluq xarakteri daşıyır və Rusiya ilə müttəfiqlik bu baxımdan maneə deyil. Bakı bir neçə dəfə Kiyevə humanitar yardım göndərib. Ukraynadan olan qaçqınlar Azərbaycanda vaxt məhdudiyyəti olmadan yaşaya bilirlər. Ölkə cəmiyyəti ukraynalılara qarşı xoş münasibət bəsləyir və onların düşmən qoşunlarının Ukraynadan çıxarılması uğrunda mübarizəsini qətiyyətlə dəstəkləyir.
Azərbaycan və Ukraynanın maraqlarının kəsişdiyi yeganə məqam Rusiya-Ukrayna müharibəsi səbəbindən beynəlxalq platformalarda vaxtaşırı keçirilən səsvermədir. Bakı öz səsinin mahiyyətcə heç nəyi dəyişməyəcəyini yaxşı bildiyi üçün neytrallığını qoruyur”, – deyə o əlavə edib.