YouTube koronavirus haqda feyklərə görə Rusiyanın RT teleşirkətinin kanallarını Almaniyada bloklayıb
YouTube Rusiyanın RT teleşirkətinin iki kanalını silib
YouTube videohostinqi Rusiyanın RT dövlət telekanalının Almaniya redaksiyasının (RT DE) iki kanalını koronavirus haqda yalan informasiyaya görə bərpa imkanı olmadan silib. Kanal rəhbərliyi cavabında Rusiyada Almaniya mediasının qadağan olunması ilə təhdid edib.
Rusiyanın “Novaya qazeta” nəşrinin verdiyi məlumata görə, Rt De və Der Fehlende Part (DFP) kanalları silinib. RT-nin baş redaktoru Marqarita Simonyan baş verənləri “Almaniya dövləti tərəfindən Rusiya dövlətinə elan olunmuş media müharibəsi” adlandırıb.
Bundan başqa, RT-nin baş redaktoru bildirib ki, Rusiyada Almaniya mediasının qadağan olunmasını “çox gözləyir”.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova da vəziyyəti öz Telegram kanalında şərh edib: “Bununla bağlı şərh hazırlayırıq. Hamının, xüsusilə almaniyalı jurnalistlərin xoşuna gələcək”.
Google şirkətinin mətbuat xidmətindən bildirilib ki, RT-nin kanalları YouTube-un koronavirusla bağlı yalan informasiya haqda qaydalarının pozulması səbəbilə silinib.
“RT DE kanalına bizim COVID-19 koronavirus infeksiyası haqda yalan informasiya ilə bağlı qaydaları pozan kontentin yüklənməsinə görə xəbərdarlıq edilib. Bu, onların video yükləmək haqlarının dayandırılmasına gətirib çıxarıb”, – şirkətdən qeyd olunub.
Google-dan bildirildiyinə görə, RT-nin ikinci kanalı birinci redaksiya dayandırıldığı zaman məhdudiyyətlərdən yan ötmək üçün bu kanaldan istifadə etdiyi üçün bloklanıb.
RT redaksiyasından bildirilib ki, onların Avropadakı həftəlik teleauditoriyaları 15 ölkədə 43 milyon insanı əhatə edir, bütün dünyadakı auditoriyaları isə 100 milyona çatıb. RT Avropanın bütün böyük ölkələrində, o cümlədən də Böyük Britaniyada, Almaniyada, Fransada və İspaniyada yayımlanır.