Azərbaycanda Yevlax-Xankəndi dəmir yolunun bir hissəsinin tikintisinə başlanılıb
Ümumi uzunluğu 104 kilometr olan Yevlax-Xankəndi xəttinin Bərdə-Ağdam hissəsinin yenidən qurulması işlərinə başlanılıb. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildiriblər.
“Ermənistanın işğalı nəticəsində digər sahələrdə olduğu kimi, dəmir yolu infrastrukturuna da ziyan dəyib. Mövcud dəmir yolu xətləri dağıdılıb, yollar, stansiyalar, ərazidəki hərəkət vasitələri (vaqonlar, lokomotivlər) və digər qurğu və avadanlıqlar tamamilə məhv edilib.
Ermənistanın uzun müddət işğal altında saxladığı əsas dəmir yolu xətlərinin (baş yolların) ümumi uzunluğu 240,4 km olub.
Bu xətlər Horadiz-Ordubad sahəsində 144 km-dir. O cümlədən 43 km dəmir yolu xətti Ermənistanın Mehri rayonu ərazisindən keçir. Yevlax-Xankəndi sahəsində 51 km, Mincivan-Qafan sahəsində 39,1 km, Qazax-Barxudarlı sahəsində 6,3 km təşkil edir.
Həmin ərazilərdə 23 stansiyamız qalmışdı, o cümlədən 5 stansiya Mehri rayonu ərazisindədir. Bundan əlavə, 85,5 km yan yollar işğalda ikən dağıdılıb.
Ümumi uzunluğu 104 km olan Yevlax-Xankəndi xəttinin Bərdə-Ağdam hissəsinin yenidən qurulması işlərinə başlanılıb. Bərdə-Köçərli sahəsi hazırda işləyir” – “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.