Yerli orqiyaların xüsusiyyətləri
Fleşmob ölməyib!
Axı başlanğıcdan ölü olan necə ölə bilər. Amma əvvəlcə fleşmobun özü barədə.
Fleşmob məqsədi yoldan ötənlərdə təəccüb reaksiyası oyatmaq olan qısa sürən bir aksiyadır. Onun hər bir iştirakçısı “X” anına qədər ətrafdakılarda heç bir şübhə oyatmamalı, sonra da tez “rolu”nu ifa edib, aradan çıxmalıdır.
Fleşmobların əsas prinsipləri:
[yes_list]
- Qısa və gözlənilməz olmalı;
- heç bir reklam və ya maddi xeyir olmamalı;
- fərd deyil, komanda irəlidə olmalıdır. Bu da insanın özünəməxsus depersonofikasiyasıdır;
- siyasətdən uzaq olmalıdır.
[/yes_list]
Bütün digər hərəkatlar kimi, fleşmob da Azərbaycanda Qərbdə artıq populyarlığı yavaş-yavaş azalmağa başlayan anda meydana gəldi. Yəni bizim ölkədə istənilən dəbdə olan hadisələrlə belə olur. Özü də əvvəlcə əməlli-başlı can yandırdılar axı! Kitab da oxudular, Qız qalasının yanında kütləvi şəkildə özlərini öldürmək cəhdi də etdilər. Polis təəccüb içində idi. “Bu necə ola bilər ki, bir anın içində hamı oxumağa başlayır? Burada nəsə var!”, – polis işçiləri düşünür və hamını qovmağa başlayırdılar. Bu, yaxşı, kreativ illər idi.
Amma bu da mənə fleşmoblara nifrət etməyə mane olmurdu. Səbəb də onların mahiyyətinin özündə idi. Məşhur neofreydçi Erik Fromm hesab edirdi ki, insanın daxilində iki bir-birinə zidd olan meyl var – tənhalıq və qələbəliyə olan meyl. Birincisi, tənhalıq, ikincisi isə öz şəxsi “Mən”inin itirilməsinə gətirib çıxara bilər. Buna görə də insan orta bir hədd axtarmağa məcbur olur. Birliyə olan tələbatın təmin edilməsinin ən primitiv normalarından biri isə Fromma görə orqiyalar idi. Bu, həm seksual, həm də narkomanların orqiyaları ola bilər. Hətta Afrika tayfalarının ocaq ətrafında rəqsləri də. İnsanlara qısa müddətlik də olsa birləşmək imkanı verən sadə sinxronlaşdırılmış hərəkətlər.
Fromm dövrümüzdə yaşasaydı, fleşmobları da orqiyanın növlərindən biri sayardı, axı bu hərəkatla Afrika tayfalarının rəqsləri arasında prinsipial bir fərq də yoxdur. Gənclərimiz özlərini həddən artıq tənha hiss edib, bu yolu seçdi. Mənsə onlara görə dərin təəssüf hissi keçirirdim. Bu rəqslərdən başqa tənhalıqdan qaçmağa yerləri olmadığı üçün.
Sonra da bu hissin yerini qəzəb tutdu, çünki fleşmoblardan qalan ancaq rəqslər oldu. Çoxlu rəqs. Niyə də ki yox? İnsanlar şənlənir, polis dəymir, youtube-da da baxış sayı çoxdur. Nəsə orijinal bir şey yaratmaq üçün dəridən-qabıqdan çıxmağa ehtiyac da yoxdur.
Sonra vəziyyət daha da pisləşdi. Əsas prinsiplər cəhənnəmə vasil oldu. Yayda çətirlərlə fleşmob baş tutmalı idi. Çox zəif aparılan təşkilati işlər o yerə gətirib çıxardılar ki, baş verənlər fleşmobdan başqa hər şey idi. Bir saat ərzində camaat Bakının ən qələbəlik yerlərindən birində – Fəvvarələr Meydanında toplaşdı. Hansı qəfillikdən söhbət gedə bilərdi axı. Nəticədə də polis onları dağıtdı. Sosial şəbəkələrdə buna görə narazılıq edənlər çox oldu, mənsə sevinirdin – təşkil edə bilmirsiz, heç başlamayın da.
Və ya yayda Şəhidlər Xiyabanının yanında təşkil olunan su fleşmobu. Təşkilatçıları təbii ki, tutdular.
Bu yaxınlarda da fevralın 14-də fleşmob keçirildi. Eşitdiyimə görə, oğlan sevgilisi üçün maraqlı evlilik təklifi etmək istəyib. “Nə gözəl” deyə düşündüm və Fəvvarələr Meydanında gözləməyə başladım (başqa harada ola bilərdi ki?). Sonrası daha maraqlı oldu, buna görə də bütün bəndlər üzrə nəql edəcəm.
1. Qəfillik. Heç bir qəfillik olmadı. Fleşmobun özü başlamazdan bir saat əvvəl artıq hamı toplaşmışdı, yarım saat əvvəl isə havada bir gərginlik varıydı ki, musiqi kolonkalarının yoxlanması “lap “yerinə düşdü”, on dəqiqə qalmış isə meydanın böyük hissəsi birdən boşaldı. Bu yerdə səfeh də başa düşərdi vəziyyəti.
2. Maddi marağın olmaması. Məndə olan məlumata görə, bizdə fleşmobu “almaq” olar. Xüsusi təşkilatçı firmalar var, gəlib istədiyini sifariş edirsən. Ayıbdır, vallah.
3. Ətrafdakıların təəccübü. Fleşmobun əsas məqsədinə çatılmadı. Bu, sadəcə pis sinxronlaşdırılmış, nə Sevgililər gününə, nə də sevgi etirafına heç bir aidiyyatı olmayan rəqs idi.
Tədbirə uyğun bəzənib-düzənmiş, ədəb-ərkanla əllərində gül dəstələri ilə qızı təbrik edən qohumlarınsa heç yeri yoxuydu. Əslində qızın makiyajı və davranışı da hər şeyi əvvəlcədən bildiyindən xəbər verirdi.
Gördüyünüz kimi, evlilik təklifinin özü barədə bir söz belə demədim. Düzü, bu barədə heç danışmağa da dəyməz, amma bu artıq mənim işim deyil. Oğlan sadəcə hamının gözü qarşısında bir dizinin üstünə çöküb, qıza ona ərə getməyi təklif etsəydi daha yaxşı olardı. Amma necə deyərlər, pul verən musiqini də sifariş edir.
Və ya fleşmoberləri.