Yerevanı mən hələ bu cür görməmişdim
İyulun 17-də silahlı şəxslərdən ibarət qrup Polis post-patrul xidməti alayı ərazisini zəbt edərək, bundan təxminən bir ay əvvəl həbs olunan müxalifətçi Jirayr Sefilyanın azad olunmasını tələb etdi. “Təsis parlamentinin lideri olan Jirayr Sefilyan silah və hərbi sursatların qanunsuz alınması, daşınması və saxlanması ittihamı ilə həbs edilib.
İyulun 17-də “Sasna tsrer (tərcümədə “Sasun divanələri) qrupunu təmsil edən qiyamçılar Sefilyanın gətirilməsini tələb edirdilər və ancaq onun əmrlərinə tabe olacaqlarını bildirdilər. Bundan əlavə, qrup üzvləri prezidentin istefasını tələb edirdi. Qrup üzvlərinin aksiyası və onların tələblərinə dəstək hələ konkret liderləri olmayan etiraz hərəkatına çevrildi.
2016-cı il 29 iyul 14:00-dan 30 iyul 14.00-a qədər hadisələrin xronikası
Əvvəlcə media “Asparez jurnalistlər klubunun rəhbəri Levon Barseqyana qarşı cinayət işinin bitməsi barədə məlumat yaydı. O, iyulun 27-də “Sasna tsrer qrupu və onun tələblərinə dəstək olaraq keçirilən etiraz aksiyasında iştirakından sonra polis tərəfindən saxlanılıb. Ona qarşı “soyuq silah gəzdirmə ittihamı irəli sürülüb.
İyulun 29-da artıq məlumat verildi ki, polis ekspertiza apararaq, müəyyən edib ki, jurnalistin üzərində aşkar olunan qatlanan bıçaq soyuq silah sayılmır. 16:30-da Levon Barqesyan mətbuat konfransı zamanı saxlanması və azad edilməsinin təfərrüatları barədə danışarkən Polis post-patrul xidməti alayı ərazisində atışma haqqında xəbər gəldi.
Silahlı qrupun üzvlərindən biri olan Varujan Avetisyan xəbər verdi ki, polis əməkdaşları Tənha Canavar ləqəbi ilə tanınan qrup üzvü Araik Xandoyanı yaralayıb. Avetisyanın sözlərinə görə, alayın üzərində pilotsuz uçuş aparatı görünüb, Xandoyan bunun nə olduğuna, bomba atıb-atmadığına baxmaq istədiyi zaman snayper gülləsi ilə yaralanıb.
Varujan Avetisyan həm də jurnalistlərə bildirdi ki, “Sasna tsrer öz missiyasını yerinə yetirib – xalqı ayağa qaldırıb, indi onlara ancaq öz təhlükəsizliyini təmin etmək qalır və onların polisə ciddi zərbə endirmək üçün kifayət qədər gücləri var.
Bununla belə, saat 20.00 radələrində Erebuni tibb mərkəzinə silahlı qrupun daha iki yaralı üzvünü gətirdilər, bu zaman da məlum oldu ki, güllə yarası alan yalnız Araik Xadoyan deyil.
Həmin vaxt Azadlıq Meydanında hakimiyyətin dəyişdirilməsi və siyasi məhbusların azad olunması tələbi ilə növbəti mitinq keçirilirdi, eyni zamanda Dağlıq Qarabağ və ətraf rayonların verilməsinin mümkünsüzlüyü barədə danışırdılar. Adətən olduğu kimi, əlaqələndirmə qrupunun çıxışından sonra yürüş başlandı.
Geniş miqyaslı yürüşün son məntəqəsi “Sasna tsrerqrupu tərəfindən tutulan polis alayına bitişik ərazi oldu. Bu dəfə onları qətiyyət göstərən polis gözləyirdi: aksiya təşkilatçıları və iştirakçılarına aksiyanın qanunsuz olması haqda xəbərdarlıq olundu və onlardan dağılışmaqları tələb edildi.
Ələ keçirilən alay tərəfdən atışma səsləri eşidilirdi. Orada nə baş verdiyini heç kim deyə bilmirdi. Aksiya iştirakçıları “Sasna tsrer qrupunun üzvlərinin onları bu yolla salamladığını düşündülər.
Polis aksiyanın qanunsuz olduğuna təkid edirdi və iştirakçıları dağılışmağa çağırırdı. Tələbin yerinə yetirilməsinə 5 dəqiqə vaxt verildi. Təşkilatçılar dağılışmayacaqlarını, amma qarşıdurma və təxribatın baş verməməsi üçün əllərindən gələni edəcəklərini dedilər.
Təxminən 22.30 radələrində atəş səsləri eşidildi və çox sayda polis əməkdaşı insan kütləsinin üzərinə hücum çəkdi. Onlar əllərinə keçəni yaxalayırdı, qısa zamanda onlarla aksiya iştirakçısı tutuldu. Polis özünü həddən artıq aqressiv aparırdı, bu dəfə hətta jurnalistlərə də rəhm edilmədi.
Onları döyür, kamera və səsyazma qurğularını əllərindən alıb, sındırırdılar. Bir çox jurnalistlərin sözlərinə görə, bunu edənlər mülki geyimli polislər idi. Demək olar ki, bütün kütləvi informasiya vasitələrinin hadisələri işıqlandıran nümayəndələri zərər çəkdi.
JAMnews üçün çəkiliş edən fotoqrafın da bir kamerasını əlindən alıb, digərini çilik-çilik etdilər. Bu səbəbdən də 29 iyul hadisələri haqqında yazıda öz şəkillərimizin əvəzinə Photolure agentliyinin fotolarını veririk.
Ombudsmen Arman Tatoyan öz vəzifələrini yerinə yetirən jurnalistlərə qarşı gücün tətbiq olunması ilə bağlı dərhal izahat verilməsini tələb etdi.
Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Aşot Aqaronyan bütün bu hadisələr baş verdiyi müddətdə “Facebook səhifəsində statuslar yazırdı. Jurnalistlərə qarşı gücün tətbiq edilməsi məsələsi ilə bağlı o aşağıdakıları yazıb:
“Post-Patrul Xidməti alayı ətrafında təhlükəsizlik zonasını yarıb keçməyə çalışan şəxslərə qarşı polis xüsusi vasitələrdən istifadə edirdi. Qarşıdurma baş verdi, bunun nəticəsində təəssüf ki, kütləvi informasiya vasitələrinin nümayəndələri də zərər çəkdi. İlkin məlumata görə, zədələnmiş texnika da var. KİV nümayəndələri ilə bağlı olan bütün faktlar dərhal araşdırılacaq və bu haqda əlavə məlumat verəcəyik.
Aqaronyan həm də yazırdı ki, polis əməkdaşlarından biri tutulan alayın ərazisindən açılan atəş nəticəsində yaralanıb:
“Mitinq iştirakçıları təhlükəsizlik zonasına yaxınlaşıb, çəpəri keçmək istəyəndə ələ keçirilən PPX alayı ərazisindən müxtəlif istiqamətlərdə atəş açılıb. Alayın hüdudlarından kənarda olan polis əməkdaşı güllə yarası alıb və xəstəxanaya çatdırılıb.
Bundan əlavə, o aşağıdakı bəyanatla çıxış etdi: “Alay ərazisində xüsusi əməliyyatın keçirilməsi və bunun üçün xaricdən snayperlərin dəvət olunması ilə bağlı yayılan şayiələr həqiqətə uyğun deyil”.
Bu aksiya zamanı polis məmurları dəfələrlə aksiyanın vətəndaşların müdafiəsi üçün aparıldığını bildiriblər, sakinlərin buna cavabı aşağıdakı kimi olub: bizi artıq polisin özündən müdafiə etmək lazımdır.
Səhiyyə Nazirliyinin ilkin məlumatına görə, Yerevanın tibb müəssisələrinə 60 zərərçəkən müraciət edib. Dördünün vəziyyəti ağırdır.
Parlament deputatı Nikol Paşinyan “Facebook səhifəsində yazdı: “Polisin dinc nümayişçilərə və jurnalistlərə qarşı qanunsuz hərəkətlərini qəti şəkildə pisləyirəm. Polisdən polis sıralarından aksiya iştirakçılarının arasına keçib, qarşıdurmanı yaradan mülki geyimli adamların kim olması ilə bağlı izahat tələb edirəm.
Sosial şəbəkələrdə
Bu gecə Yerevanda az adamın gözünə yuxu getdi, bir çoxları hadisələri “Facebookda müzakirə edirdi. Sosial şəbəkə istifadəçilərini ən çox jurnalistlərə qarşı zorakılıq hiddətləndirirdi.
Birinci trend: baş verənlər pislənməli, günahkarlar cəzalandırılmalıdır
“Özümə gələ bilmirəm. Jurnalistlərə qarşı kobulduq etməkdə günahkar olanlar buna görə cavab verməlidir. Onlara dəyən mənəvi və maddi zərəri – dəyənəklə dağıdılan kürəklərə, petarda ilə yandırılan sifətlərə, əl və ayaqlara, sındırılan fotoapparat və videokameralara görə ziyanı kim ödəyəcək? Əminəm ki, heç kim!
İkinci trend: bu, jurnalistlərə qarşı yönələn planlaşdırılmış aksiya idi
“Burada sadəcə mitinqi dağıtmırdılar. Burada köhnə hesabı çürüdürdülər. Başqa yerlərdə aksiyaların necə dağıdılması ilə müqayisə edin. Tələyə salaraq aksiya dağıtmırlar.
Üçüncü trend: hakmiyyət özünü tamam gözdən saldı
“Belə başa düşürəm ki, artıq xalq hakimiyyətin sadəcə istefa verməsi ilə kifayətlənməyəcək. İndi artıq xalqa qarşı törədilən cinayətlərin məhkəməsi və istintaqının aparılması zərurəti yaranıb.
“131 parlament deputatından yəqin ki, cəmi beş-altı nəfəri baş verənləri pisləyəcək, qalanları məzuniyyətdədir. Bütün partiyalar qarışıq Milli Yığıncaq, üzr istəyirəm, Milli Cəsəd, sizin nəhayət ki, ağzınızı açıb danışmanız üçün daha neçə yaralıya ehtiyac var?.
Ekspert rəyi
Sergey Minasyan (Qafqaz İnstitutu direktorunun müavini) yaranan vəziyyətin necə həll olunması ilə bağlı fikir bildirib:
“Silahlı qrupu dəstəkləyən əksər insanların yəqin ki, ümid etdiyi, amma daha az real görünən birinci varianta görə dinc, reallıqda isə heç də dinc olmayan yolla hakimiyyət dəyişməsidir, bundan sonra da Ermənistan yeni İsveçrəyə dönməyəcək, fəal vətəndaş qarşıdurması, bəlkə də vətəndaş müharibəsi astanasında dayanacaq…
İkinci variant daha real olsa da, Ermənistandakı gözləntilər üçün o qədər də nikbin deyil. Hakimiyyət az və ya çox dərəcədə qan axıdılmasına imkan vermədən (ya da daha az qurbanlarla) bu vəziyyəti düzəldə biləcək. Bundan sonra da cəmiyyətin gözləntilərinin bir hissəsi reallaşdırılacaq. deyək ki, hakimiyyət istefaya gedəcək, icra hakimiyyətinin müxtəlif səviyyələrində, bir il sonra isə qanunvericilik hakimiyyətində yeni simalar peyda olacaq, sosial-iqtisadi, təhlükəsizlik və müdafiə sahələrində müəyyən islahatlar aparılacaq. Cəmiyyət yenə narazı olsa da, dözəcək və qəlbinin dərinliklərində yenə də parlaq gələcəyə ümid edəcək.
Amma çox güman ki, hakimiyyət bu vəziyyəti düzəldə bildiyi halda belə, nisbətən az nikbin olan üçüncü variant daha real görünür, hakimiyyət bütün bunlardan heç bir nəticə çıxarmayacaq, hansısa dekorativ islahatlar həyata keçiriləcək, ola bilsin, hakimiyyətdə dəyişikliklər edilsin, amma gözəçarpan sosial-iqtisadi, siyasi və kadr dəyişiklikləri olmayacaq.
Nəticədə isə tezliklə bu cür hadisələrin artıq başqa insanların iştirakı ilə təkrarlanacağını gözləmək olar…
Dərc edilib: 30.07.2016