Ermənistanda əvvəllər azərbaycanlıların yaşadığı kəndin çətin həyatı
Nrnadzora gedərkən sürücülər kəmkəndliləri üçün qonşu Meqri şəhərinin müxtəlif mağazalarından təsərrüfat malları və ərzaqlar alırlar. Bu kəndlə paytaxt arasında məsafə təxminən 400 kilometrdir. Yerevandan ən böyük uzaqlıqda olan bu kənd İranla sərhəddə yerləşir.
Amma ən yaxınlıqda yerləşən Meqri şəhərinə belə Nrnadzor sakinləri alış-veriş üçün tez-tez gələ bilmirlər.
“Kəndimiz Ermənistanın ən ucqar nöqtəsidir. Meqriyə nəqliyyat həftədə iki dəfə gedir, onu da yerli administrasiya ancaq bir il əvvəl ayırıb. Kənddə isə dükan yoxdur. Buna görə də bir-birimizə bacardığımız qədər kömək edirik”, – 23 yaşlı Tatul Mneyan deyir.
Meqri ilə Nrnadzor arasında məsafə 30 kilometrdir, bunun 13 kilometri çətin torpaq yoludur. Araz çayı boyu uzanır.
Çay Ermənistanı İrandan ayırır. Çayın o biri sahilində İran kəndləri, minarə qüllələrini və hətta tarlalarla işləyən iranlıları görmək olur.
Ermənistan iki dağ arasında yerləşən Nrnadzordan başlayır və ya burada qurtarır. İlin bu vaxtında kəndi gül açan nar bağları bəzəyir. [Kəndin adı tərcümədə “nar dərəsi” deməkdir — JAMnews].
Yüksəkliklərdə keçmiş sakinlərin evlərinin xarabalıqları qalıb. Daha aşağıda Nrnadzorun təzə sakinlərinin evləri yerləşir. Sovet illərində kənddə ancaq azərbaycanlılar yaşayıb, kəndin adı da Nüvədi idi.
1980-ci illərin axırlarından Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisi Azərbaycandan ayrılmaq və öz müqəddəratını həll etmək uğrunda mübarizəyə başlayıb. 1991-ci ildən genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.
“Kənd böyük olub, tək məktəbdə minə yaxın şagird oxuyurdu, dərslər iki növbəli idi. Azərbaycanlılar kəndi Ermənistan-Azərbaycan münasibətləri bir az da kəskinləşəndən sonra, hamısı eyni gündə – 8 avqust 1991-ci il tarixində tərk edib.
Kəndin özündə hər hansı qarşıdurma olmayıb. Yerli administrasiya azərbaycanlıların rahat köçünü təmin edib. Heydər adlı bir azərbaycanlıdan başqa hamısı köçdü. O da Ermənistanı iki il sonra tərk etdi”, — Nrnadzorun administrasiya rəhbəri Aleksan Boyadjyan deyir.
Sonradan bura Ermənistanın müxtəlif vilayətlərindən – Gümri, Kapana, Qoris, Armavirdən ailələr köçüb. Yeni sakinlərin çoxu əslən Qetaşen kəndindəndir [azərbaycanca adı Çaykənddir].
1991-ci ildə, sovet ordusu Dağlıq Qarabağ ətrafında “Halqa” adında hərbi əməliyyat keçirəndən sonra kəndin erməni əhalisi öz evlərini tərk etdi, çoxları da bura köçdü.
A leksandr Çiçyanın 71 yaşı var. Doğulduğu və böyüdüyü kəni xiffətlə xatırlayır. Deyir ki, keçmişini orada qoyub, burada isə bütün çətinliklərə baxmayaraq, həyatına yenidən başlamağa çalışıb.
“Üç il Qetaşenin özünü müdafiəsində iştirak etmişəm. Ermənistana köçəndən sonra, mənə bu kənddə məskunlaşmağı məsləhət gördülər. Onun harada yerləşdiyini bilmirdik də. Qetaşendən əynimizdə nə varıydı, onunla da çıxdıq, özümüzlə heç nə götürmədik: mən, yoldaşım və kiçik oğlum. Dörd böyük oğlumu Ermənistana qohumlarımın yanına əvvəldən göndərmişdim”, — Aleksandr Çiçyan danışır.
Xanımı Siran deyir ki, yeni yerdə həyata uyğunlaşmaq asan olmadı – hər şeyə sıfırdan başlamaq lazımıydı:
“Qetaşenlilərin çoxu Nrnadzordan köçdü, Rusiyaya getdi, biz qaldıq. İki oğlumuz və qızımız da bu kənddədir”.
Yoldaşı sözünü kəsir:
“Ermənistanı sevirəm, ona görə də Ermənistanda qaldıq. Öz vətənimə hörmət edirəm. Pis də olsa, yaxşı da olsa, mənimdir, vəssalam”.
Nrnadzorda həyat tək bu ailə üçün çətin deyil. Buna görə də son 15 il ərzində köçkünlərin çoxu kəndi tərk edib.
“Bu gün bizim 42 təsərrüfatımız, 128 sakinimiz var, halbuki 90-cı illərin əvvəllərində iki dəfə artıq idik. İnsanlar asan olacağını düşünürdülər, amma kənd həyatının ağırlığına dözmədilər. Bu gün sakinlərin sayı artıq sabitləşib. Kəndlilər azərbaycanlıların keçmiş evlərində yaşayır, təbii ki, çoxları evləri təzədən tikib, təmir edib, onlara həm də torpaq sahələri verilib”, – kəndin administrasiya rəhbəri Aleksan Boyadjyan deyir.
Nrnadzorun brendi nar, əncir və xurma sayılır. Amma Meqriyə aparan pis yol hər il 200 tondan çox nar yetişdirilən kənd üçün problemdir.
Siran Çiçyan deyir ki, bir hektar torpaqdan onlar 2-2,5 ton nar toplayırlar, amma qazanılan pul təsərrüfatı saxlamaq üçün ancaq kifayət edir:
“Yolu asfaltlamırlar, narı bazara çıxara bilmirik. Alverçilər məndən bir kilonu 250 drama (yarım dollara) alır, dörd dəfə baha qiymətə satırlar. Özüm məhsulu satışa çıxara bilmirəmsə, kimə şikayət edə bilərəm ki?”
K ənddə riyaziyyat müəllimi işləyən 69 yaşlı Lyuba Muradyan artıq 19 ildir ki, Nrnadzorda yaşayır. Yoldaşı və iki oğlu ilə bura köçüb. Burada onun beş nəvəsi doğulub.
“Nrnadzor maqnit kimi özünə çəkirdi. Meqridə müəllim işini atıb, burada məktəbə işə düzəldim. Bu, azərbaycanlının eviydi, iki otaq, uzun eyvan. Onu yenidən tikdik. Nrnadzorun təzə və köhnə sakinləri bir-birlərini görməyib. Biz bura köçəndə burada ancaq qetaşenlilər yaşayırdı”, — Lyuba danışır.
Məktəbdə şagirdlərin sayının azalmasına çox təəssüflənir:
“Bu il iki nəfər birinci sinif şagirdimiz oldu – buna çox sevinirdik. Gələn il də olacaq. İkinci sinifdə bir şagirdimiz, üçüncüdə üç, dörddə yoxdur, beş və altıncı siniflərdə hərəsində iki, yeddinci və səkkizinci siniflərdə hərəsində bir şagird var, doqquzuncu sinifdə çoxdur – beş nəfər, onuncu sinifdə səkkiz, 11 və 12-ci siniflərin hərəsində bir şagird var”.
A nna Babayan ixtisasca psixoloqdur, ali məktəbi bitirən kimi doğma kəndinə qayıdıb. Məktəbdə işləyir, rus və ingilis dillərindən dərs deyir:
“Öz gücümüzlə mütəxəssis çatışmazlığını doldurmağa çalışırıq. Bizdə tarix, coğrafiya, kimya, biologiya, tarix, rus və ingilis dilləri müəllimləri yoxdur”.
Anna gələcəyini kəndlə bağlamır:
“Burada çox şeydən məhrumuq. Bu, bizim kəndimiz, bizim torpağımızdır, bu yerləri sevirəm, amma inkişaf da istəyirəm. Elə yaxşı uşaqlarımız var. Amma onlar nə görür ki? Heç Meqriyə də gedib, hansısa dərnəklərdə iştirak edə bilmirlər. Nəqliyyat ora ancaq çərşəmbə axşamı və cümə günləri gedir”.
Aleksan Boyadjyan əmindir ki, kəndin problemləri yolla bağlı problem həll olunandan sonra çözülə bilər:
“Yol həm məktəbin, həm də uşaqların problemlərini həll edəcək, kəndlilərin də problemləri həll olunacaq. Çox vaxt yola görə alverçilər narı qonşu Şvanidzor kəndindən almağı seçir və bizə qədər gəlib çıxmırlar”.
Amma bütün çətinliklərə baxmayaraq, Nrnadzorda yeni bağlar salınır.
“Vətənimizdən elə az şey qalıb ki, bir parça torpağın belə bizim üçün böyük əhəmiyyəti var, o cümlədən də bu kəndin”, — Aleksan Boyadjyan deyir.
Dərc olunan materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materiallara yazılan, təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilə və ya başqa səbəblərdən etnik narazılıq doğura bilən şərhləri silmək haqqını özündə saxlayır.