Yerevandakı yeni istilik elektrik stansiyası İran qazı ilə işləyəcək
Ermənistan hökuməti və bir sıra nəhəng beynəlxalq şirkətlər Yerevanda istilik elektrik stansiyasının inşası ilə bağlı saziş imzalayıblar. Bu layihəyə yatırılan investisiya məbləği 250 milyon dollara çatacaq.
İES-in enerjisi neçəyə olacaq?
Yeni enerji bloku gündəlik 250 MVt enerji istehsal edəcək. İstehsal olunan bütün enerjini almaq öhdəliyi dövlətin üzərindədir. Əvvəlki hökumətlə danışıqlar nəticəsində bir kilovat enerjinin qiyməti 6,2 sent təşkil etməli idi. Amma son nəticədə qiymət 5,7 sentə qədər enib. Enerji İnfrastrukturu və Təbii Ehtiyatlar Nazirliyindən bildirilir ki, bu, Ermənistanın İES-ləri arasında ən ucuz enerji istehsalçısı olacaq.
Nazir Qaragin Baqramyanın sözlərinə görə, istehsal olunan enerjinin qiyməti və həcmi bütün ölkədə elektrik enerjisi tariflərinin ucuzlaşdırılmasına ümidi artırır:
“İlkin qiymətin dəyişdirilməsi hesabına 6,4 milyon dollara qədər qənaət etmək mümkün olacaq. Bu da ölkə üzrə tarifin 1,5 drama enməsinə gətirib çıxara bilər”.
Hazırda Ermənistanda elektrik enerjisinin tarifi 1 kVt/saat üçün 47 dram, yəni 10 sentdən az təşkil edir.
• Ermənistanın enerji təhlükəsizliyi haqda
• Ermənistanda atom stansiyasını bağlamaq lazımdırmı? Və yenisini tikməyə ehtiyac varmı?
Kim və hansı pulla İES-i inşa edəcək?
Yerevanın yeni istilik elektrik stansiyası fərdi kapitaldır. Stansiyanı İtaliyanın tanınmış Renco şirkəti və Almaniyanın Siemens konserni inşa edir. İES-in tikinti layihəsi qismən bu strukturlar tərəfindən maliyyələşir – kredit təşkilatları, o cümlədən də Asiya İnkişaf Bankı.
İES-in inşaatı iki həftə sonra başlayacaq. İnşaat prosesində 1000-1200 nəfər məşğul olacaq, istismara təhvil veriləndən sonra isə 200 iş yeri açılacaq.
Niyə yeni İES Ermənistanın enerji sistemində vacib həlqədir?
Ermənistanda indi iki istilik elektrik stansiyası fəaliyyət göstərir – Yerevan və Razdan. Bir neçə ildən sonra Ermənistan hakimiyyəti Razdan İES-in istismarını dayandırmalıdır. Yeni stansiya köhnəni əvəz etməli və daha ucuz enerji istehsalını təmin etməlidir.
Elektrik enerjisi ölkənin İrandan aldığı təbii qazın əsasında hasil olacaq. Əvəzində Ermənistan İran İslam Respublikasına elektrik enerjisi ixrac edir. Barter sistemi uzun illərdir ki, mövcuddur və Yerevan zamanla çatdırılma həcmini artırmaq niyyətindədir.
Son 10 ildə Ermənistan-İran qaz kəməri imkanlarının üçdə biri qədər istifadə olunub. Amma modernləşdiriləndən sonra Ermənistana lazım olan bütün həcmi (ildə 2 milyard kubmetrə yaxın qaz) ötürə biləcək. Bu, Yerevana öz enerji sistemini diversifikasiya etmək imkanı verəcək. İndi ölkə mavi yanacağın demək olar ki, tam həcmini Rusiyadan alır.