Yerevanda Ermənistan və Azərbaycan QHT nümayəndələrinin görüşü keçirilir: nə gözləmək olar
Azərbaycanın QHT nümayəndələri Yerevanda
Yerevanda Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir. Görüş iştirakçıları 21 oktyabrda işə başlasalar da, bu barədə məlumat yalnız bu gün səhər açıqlanıb. Təhlükəsizlik Siyasəti Araşdırmaları Mərkəzinin məlumatına görə, müzakirə olunan mövzular bunlardır:
- 8 avqustda Vaşinqtonda keçirilən görüşdən sonra formalaşan sülh gündəliyi;
- iki cəmiyyət arasında qarşılıqlı etimadı gücləndirməyə yönəlmiş tədbirlər;
- Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın formalaşması üçün mümkün yollar;
- iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri.
“Yəqin ki, söhbət Ermənistanda konstitusiya islahatlarından, sülh müqaviləsinin imzalanmasının Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə əlaqəsindən gedəcək. Bu, Bakının sülh müqaviləsini imzalamaq üçün irəli sürdüyü ilkin şərtdir. Rəsmi səviyyədə aparılan bütün istiqamətlərin müzakirəsi də mümkündür”, – deyə JAMnews-a politoloq Robert Gevondyan bildirib.
O vurğulayıb ki, bu, ekspertlərin üçüncü ölkədə deyil, məhz Ermənistanda və ya Azərbaycanda görüş təşkil etmək cəhdi baxımından ilk təşəbbüsdür. O, “belə razılıq əldə olunarsa”, növbəti görüşün Bakıda keçirilə biləcəyini də istisna etməyib.
- Azərbaycana qarşı sanksiyaları ehtiva edən “PEACE Act”ın məzmunu və reaksiyalar
- ABŞ səfirliyinin əməkdaşları Bakıda ermənilərlə bağlı məhkəmə proseslərini izləyirlər
- Simonyanın Bakıya, Muradovun Yerevana səfəri: münasibətlərdə yeni mərhələ?
Erməni və azərbaycanlı ekspertlərin görüşlərini təşkil etmək cəhdləri bundan əvvəl də olub. 2022-ci ildə münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələr Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun təşəbbüsü ilə Moskvada keçirilmişdi.
2022 və 2023-cü illərdə ekspert qruplarının görüşləri Gürcüstanda və Niderlandda baş tutub. Onlar Avropa İttifaqının dəstəyi ilə LINKS Europe təşkilatının təşəbbüsü ilə təşkil edilmişdi. Məlumata görə, müzakirələrdə Ermənistan tərəfini Stepan Qriqoryan, Taron Ovannisyan, Gevorq Melikyan, Conni Melikyan və Beniamin Poqosyan təmsil edib. Azərbaycan tərəfdən isə Əhməd Əlili, Mehman Əliyev, Şəhla İsmayıl, Samir Məmmədov, Ramazan Səmədov və Anar Vəliyev iştirak ediblər.
Bağlı qapılar arxasında nə müzakirə olunur: JAMnews təfərrüatları öyrənə bilib
Politoloq Robert Gevondyan Yerevana hansı QHT nümayəndələrinin gəldiyini və Ermənistanı kimin təmsil etdiyini dəqiqləşdirməyib. O, sadəcə bildirib ki, “fərqli sahələrdə əməkdaşlıqla bağlı danışıqlar apara biləcək şəxslər gəliblər”. O, Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırdığını xatırladaraq, bu mövzuda daha əvvəl ekspert səviyyəsində müzakirələr aparıldığını vurğulayıb:
“Dünən misilsiz hadisə baş verdi: Azərbaycanın ərazisindən keçməklə Ermənistana buğda tədarükünün başladığı elan olundu. Bir neçə ay əvvəl azərbaycanlı ekspertlərdən biri ilə debat zamanı mən təklif etmişdim ki, Azərbaycan Ermənistana tranzit imkanını təmin etsin. Bildirmişdim ki, bu, əməkdaşlığın müsbət nümunəsi ola bilər. Faktiki olaraq, bir neçə ay sonra bu reallığa çevrildi”.
Politoloq qeyd edib ki, Yerevanda keçirilən dəyirmi masa Ermənistan-Azərbaycan danışıqlar prosesinin müxtəlif istiqamətlərinə toxunur.
JAMnews-un “hansı istiqamətlərdə əhəmiyyətli irəliləyişlərin mümkün ola biləcəyi” sualına cavab olaraq Robert Gevondyan belə deyib:
“Ermənistanla Azərbaycan arasında danışıqlar prosesi ilə bağlı bütün istiqamətlər: infrastrukturun açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, iqtisadi əməkdaşlıq və digər sahələr”.
Politoloqun sözlərinə görə, əgər görüş məhsuldar keçərsə, daimi qrupun formalaşdırılması barədə də düşünmək olar.
O, Azərbaycan və Ermənistanın qeyri-hökumət təşkilatlarının iş üslubu və digər xüsusiyyətlərinə görə fərqləndiyini etiraf edib. Amma o, sülh tərəfdarı olan bütün azərbaycanlı ekspertlərin həbsdə olduğu fikri ilə razılaşmadığını bildirib:
“Azərbaycanda hakimiyyətlə sıx əməkdaşlıq edən, amma eyni zamanda sülhdən və Ermənistanla münasibətlərin inkişafından danışan insanlar var.
Güman etmək olar ki, bu şəxslərin belə danışmaq imkanı var, yaxud hökumət onlara bunu deməyə icazə verir. Amma əsas məsələ bu deyil. Vacib olan odur ki, bu insanlar mövcuddur. Biz onlarla elə məsələləri müzakirə edə bilərik ki, gələcəkdə həm biz öz hökumətlərimizi Ermənistan-Azərbaycan proseslərinin irəlilədilməsi barədə məsləhətləndirək, həm də onlar öz hökumətlərini”.
Ermənistan-Azərbaycan münasibətlərində irəliləyiş
Azərbaycan Prezidenti İlham Əliyev dünən Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırıldığını elan edib. Azərbaycandan keçəcək ilk tranzit yük Ermənistana Qazaxıstandan idxal olunan buğda olacaq.
“Düşünürəm ki, bu, həm də Azərbaycan və Ermənistan arasında sülhün artıq yalnız kağız üzərində deyil, həm də praktik olaraq reallaşdığının yaxşı göstəricisidir”, – Əliyev Qazaxıstan Prezidenti ilə birgə mətbuat konfransında bildirib.
Rəsmi Yerevan Azərbaycanın prezidentinin bəyanatını alqışlayıb.
“Bir neçə ay əvvəl qeyri-mümkün görünən hadisə baş verir. Qazaxıstandan Ermənistana buğda idxalı Azərbaycan və Gürcüstan üzərindən həyata keçirilir”, – Ermənistan Baş naziri Nikol Paşinyan bu gün Tbilisidə keçirilən V “İpək Yolu” forumunda bildirib.
Ermənistanın baş nazirinin müavini Mger Qriqoryan da bu məsələyə toxunaraq deyib:
“Bu addım regional kommunikasiya xətlərinin açılması, qarşılıqlı etimadın gücləndirilməsi və sülh gündəliyinin irəliləməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın sözlərinə görə, Qazaxıstan buğdasının ilk partiyası Ermənistana “Aktau–Bakı dəmir yolu, daha sonra isə Azərbaycan və Gürcüstan dəmir yolları vasitəsilə” çatdırılacaq.
Azərbaycanın QHT nümayəndələri Yerevanda