Yerevanda daha iki metro stansiyası və funikulyor tikiləcək
Gələcəkdə iki metro stansiyası Yerevanın mərkəzini şəhərin kənarında yerləşən Açapnyak və Davidaşen rayonları ilə birləşdirəcək. Şəhərin baş memarı paytaxta əvvəllər Nor Nork rayonunu mərkəzlə birləşdirən kanat yolunu da qaytarmaq niyyətindədir.
Yeni metro stansiyaları
Yerevanın baş memarı Artur Mesçyan öz fəaliyyətinin 100 gününün yekunları ilə bağlı bu gün bildirib ki, Açapnyak icmasında metro xəttinin tikintisi üzrə layihə artıq işə başlayıb. Sonradan bu xətt paytaxtın Davidaşen rayonuna da uzadılacaq.
Metronun yeni stansiyaları Yerevanın mərkəzini ətraf hissələri ilə birləşdirən yerüstü nəqliyyatın yükünü azaltmağa imkan yaradacaq.
Mesçyan bildirib ki, investor artıq mövcuddur, ciddi və mürəkkəb sistem işlənib hazırlanıb:
«Hesablamalarla və memarlıq həlləri ilə birlikdə layihə hazırdır. Metro yalnız nəqliyyat deyil, hım də strateji obyektdir, Açapnyakdakı xəttə artıq 150 milyon xərclənib».
Yerevan metropoliteninin əsası 1981-ci ildə qoyulub. Hazırda paytaxtda cəmi 12 stansiya fəaliyyət göstərir – onların hamısı sovet dövründə tikilib.
Yerevanda yeni kanat yolu
Artur Mesçyan həmçinin Yerevanın mərkəzini Nor Nork rayonu ilə birləşdirməyə imkan verən yeni kanat yolunun da anonsunu edib.
Baş memarın fikrincə, həmin proqram daha tez həyata keçiriləcək, çünki bunun üçün yeni metro stansiyasının tikintisi ilə müqayisədə daha az vəsait tələb olunur.
Kanat yolu 12-14 yerli kabinələrlə fəaliyyət göstərəcək.
«Hazırda [bu istiqamətdə] metropoliten xətti çəkməyə imkanımız olmadığına görə kanat yolu məsələnin optimal həlli olacaq».
Yerevanda əvvəllər – 1967-ci ildən 2004-cü ilə qədər – elə həmin istiqamətdə kanat yolu fəaliyyət göstərirdi. Gün ərzində bu yoldan o vaxtlar 500-ə yaxın insan istifadə edirdi.
• Yerevanda gəzinti – Ermənistan paytaxtına ilk dəfə gələnlər üçün məsləhətlər
• Yerevanda qanunsuz tikintiyə və ərazilərin tutulmasına müharibə elan olunub
Yerevan elektrik naqilləri və qaz boruları “tor”undan təmizlənəcək
Memarın fikrincə, əsas problemlərdən biri Ermənistan paytaxtında həddən çox elektrik naqillərinin və qaz borularının mövcudluğudur.
Mesçyan qeyd edib ki, onların hamısının torpağa basdırılması və birləşdirilməsi kifayət qədər irihəcmli və çətin işdir.
«Küçələrin abadlaşdırılması çərçivəsində onların daşlarla örtülməsi planlaşdırılır. Bu məsələni də həll etmək olar. Yerevanı elektrik naqilləri və qaz boruları torundan təmizləmək lazımdır».
Mesçyan kimdir
Artur Mesçyanı Ermənistanda daha çox memar kimi deyil, musiqiçi kimi tanıyırlar. Bəstəkar və praktiki olaraq bütün nəsillərin sevimli mahnılarının müəllifi həm də böyük vətənpərvər, fəal vətəndaş mövqeyi olan insan kimi məşhurdur. Buna görə də, onun təyinatına çoxları ciddi ümidlər bəsləyirlər.