Yerevanda ət və yağın qiyməti qəfil artıb
Фото: Lüsi Sarkisyan, JAMnews
Son 10 gündə Yerevan mağazalarında ət və yağ qəfil bahalaşıb. Rəsmi məlumata görə, yağın qiyməti 30 faiz, ətin qiyməti isə növündən asılı olaraq 20-30 faiz arası qalxıb.
Bunun nə ilə bağlı olmasına dair rəsmi izahat hələ ki, səslənməyib. Yalnız İqtisadi Rəqabətin Mühafizəsi Komitəsindən ət bazarının onların nəzarətində olmadığı haqda açıqlama gəlib. Satıcılar isə son 10 gündə demək olar ki, heç nə sata bilmədiklərindən şikayətlənirlər, bahalaşmış mallara yaxın duran yoxdur.
Ətin qiymətinin qalxması rəqəmlərlə
Milli Statistika Xidmətinin məlumatına görə Yerevanda avqust ayında
- 1 kq mal ətinin qiyməti 2100 dramdı ($4,4),
- Qoyun əti 2200 dramdı ($4,6),
- Donuz əti 2600 drama yaxın ($5,4).
Sentyabrın sonundan
- Mal əti 300-400 dram bahalaşıb ($0,6-0,8),
- Qoyun əti 500-600 dram bahalaşıb ($1-1,2),
- Donuz əti 800-1000 dram bahalaşıb ($1,6-2).
Yağın qiymətinin qalxması rəqəmlərlə
200-250 qramlıq qablaşdırmada yağı iki ay əvvəl 750-800 drama ($1,5-1,6) almaq olardı. İndi isə eyni çəkili yağ 980-1000 drama ($2-2,1) satılır.
Çəki ilə satılan yaxşı keyfiyyətli yağ 1400 dram (təqribən 3 dollar) bahalaşıb – 2800 dramdan ($5,8) 4200 drama ($8,8) qalxıb.
JAMnews-la söhbətində Milli Məclisin deputatı, İqtisadi məsələlər üzrə daimi komissiyanın sədri, Ermənistanın keçmiş baş naziri Xosrov Harutunyan deyib ki, bahalaşmanın səbəbi hələlik müəyyən edilməyib, amma məsələyə baxılacaq.
O qeyd edib ki, bu məhsulların bazarları inhisara alınmayıb, buna görə də bahalaşmanı hansı oliqarxın ayağına yazmaq olmaz. O, qiymət artımının mümkün bir neçə səbəbini sadalayıb. Onun sözlərinə görə, bu versiyaları hələ yoxlamaq və təsdiqləmək lazımdır.
“Ola bilər ki, alıcıların sayı artıb, tələbat yüksəlib, buna görə qiymət də qalxıb. Ehtimal edirəm ki, istehsalçılar məhsulu xaricə aparır, müvafiq olaraq daxili bazarda az həcmdə məhsul qalır, qiymət də ona görə qayxır ki, tələbat yüksək, məhsul isə azdır. Ola bilər ki, istehsalçılara əti Rusiya bazarlarına çıxarmaq daxili bazarda satmaqdan daha sərfəlidir. Yağ misalında isə ehtimal edirəm ki, qiymət artımı Ermənistanın bu məhsulu idxal etdiyi ölkələrdə baş verib. İstənilən halda bir şey aydındır ki, hökumət qiymət artımına heç cür təsir etməyib, nizamlamayıb”, – Xosrov Harutunyan izah edib.
“Aqrar-Kəndli Birliyi” ictimai təşkilatının rəhbəri Qraç Berberyan qeyd edib ki, problem hələ yayda baş verib. O deyib ki, yayda Ermənistanda quraqlıq olub, ot quruyub, bu da mal-qara üçün yemin bahalaşmasına səbəb olub. Buna görə də, mal-qaranı yemləməli olan fermerlər ətin və yerli istehsala aid yağın qiymətini qaldırmağa məcbuir qalıb.
“Bütün sivil ölkələrdə əgər 25 gün ərzində yağış yağmırsa, dövlət quraqlıq olduğunu elan edir. Ermənistanda isə bunu etmədilər, insanlar bunun quraqlıq olduğunu, otun quruyacağını, daha sonra isə yem qıtlığının olacağını anlamadılar. Artıq iyulda dağlarda otu biçmək lazım idi. Ot yaşıl ikən biçilməli idi ki, bu gün düşdüyümüz vəziyyət baş verməyəydi, elə meşə yanğınlarının da qarşısı alına bilərdi”, – Qraç Berberyan bildirib.
O həmçinin deyib ki, saman demək olar üç dəfə bahalaşıb: əgər ötən il 1 tay samanın qiyməti keyfiyyətindən asılı olaraq 400-700 dram ($0,8-1,4) idisə, indi bu rəqəm 2000-2500 drama ($4,2-5,2) yüksəlib.