Yerevan və Bakı razılılaşmadan uzaqdır: Paşinyan və Əliyevin son bəyanatları
Əliyev və Paşinyan “Zəngəzur dəhlizi” haqda
Naxçıvanı Azərbaycanın qalan hissəsi ilə birləşdirəcək yol və artıq bir aydır bağlanmış Laçın dəhlizi ilə bağlı Yerevan və Bakının yanaşmaları kökündən bir-birinə əksdir. Bunu iki ölkə liderlərinin son bəyanatları da sübut edir. Yanvarın 10-da Ermənistanın baş naziri Yerevanda keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb və həmin gün Azərbaycan prezidenti yerli telekanallara müsahibə verib.
“Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir. Ermənistan istəsə də, istəməsə də, həyata keçiriləcək”, – İlham Əliyev bildirib. Bu arada Nikol Paşinyan Ermənistanın cənubundan Azərbaycana eksterritorial dəhliz verilməsi barədə söhbəti “absurd” adlandırıb. Ermənistan tərəfi dəfələrlə bu ərazidə suverenliyin itirilməsi demək olduğu üçün “dəhliz” yox, kommunikasiya marşrutları verməyə hazır olduğunu bəyan edib.
“Elə bir vəziyyət var ki, Ermənistan ya Qarabağ məsələsində konkret güzəştlərə getməlidir, ya da müəyyən kompromislər olmalıdır, bunun müqabilində nəqliyyat əlaqələri məsələsində müəyyən güzəştlərə gedəcək”, – politoloq Suren Surenyants deyir.
Onun fikrincə, Yerevan ən az riskli yolu seçməli, 2020-ci il üçün üçtərəfli bəyanatda yer alan regional kommunikasiyaların açılması ilə bağlı həmin düsturların həyata keçirilməsinə nail olmağa çalışmalıdır.
Paşinyan və Əliyevin kommunikasiyaların, xüsusən də Azərbaycanı eksklavı Naxçıvanla birləşdirən yolun açılması və bağlanmış Laçın dəhlizi haqda dedikləri, həmçinin ekspert rəyi.
- “Müharibə kabusu Cənubi Qafqazda dolaşır”. Bakıdan təhlil
- “Nəticə əldə edənə qədər” – azərbaycanlı ekspertlər Laçın dəhlizindəki etirazlar haqda
- Azərbaycanda minimum əməkhaqqı və pensiyalar artıb – ekspertlər narazıdır
“Təbii haqq”, yoxsa “absurd”? Zəngəzur dəhlizi haqqında
Ermənistanın baş naziri Azərbaycana qondarma “Zəngəzur dəhlizi”nin verilməsi ilə bağlı şifahi razılaşmanın olması barədə şayiələri “sübut edilə bilən absurdluq” adlandırıb.
“Biz Ermənistan ərazisindən eksterritorial dəhlizin mövcudluğunu istisna edirik”, – Nikol Paşinyan bildirib.
O bildirib ki, Ermənistan Yerasx-Sədərək-Ordubad-Meğri-Horadiz dəmir yolunu bərpa etməyə hazırdır, onun ərazisindən yüklərin daşınmasında, şərq-qərb istiqamətində avtomobil yollarının açılmasında, eləcə də yeni yolların çəkilməsində maraqlıdır. Onun sözlərinə görə, “bütün bunların qarşısını alan yeganə şey Azərbaycanın hansısa dəhlizlər haqqında daim danışmasıdır”.
Azərbaycan Prezidenti bəyan edib ki, “Zəngəzur dəhlizi”nin açılması Bakının “təbii haqqıdır”.
2020-ci ilin üçtərəfli bəyanatına toxunan İlham Əliyev “Ermənistan übzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir” deyib və bu sənəddə “Zəngəzur dəhlizi” ifadəsinin olmadığını özü də təsdiqləyi.
“Mən “Zəngəzur dəhlizi” terminini, necə deyərlər, geosiyasi leksikona sonralar daxil etmişəm. Lakin orada açıq şəkildə göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi olmalıdır və Ermənistan bunu təmin etməlidir”.
Erməni tərəfi dəfələrlə bu tələbdən imtina edib və verilən yollar üzərində suveren nəzarəti itirmək niyyətində olmadığını izah edib. Azərbaycan prezidenti isə bu dəfə əlavə edib ki, “Zəngəzur dəhlizi” Ermənistanda “növbəti təhlükə kimi” qəbul edilir, baxmayaraq ki, onun “ağlında belə bir şey yoxdur”.
O vurğulayıb ki, bu yol həm Azərbaycan, həm də bir sıra qonşu ölkələr üçün strateji layihədir, ona görə də layihənin həyata keçirilməsi qaçılmazdır:
“Gec və ya tez olacaq. Təbii ki, biz bunun daha tez, mümkün qədər tez olmasını istəyirik”.
“Təxribat”, yoxsa “ədalətli tələb”? Laçın dəhlizinin blokadası ilə bağlı
Ermənistan və Azərbaycan liderləri otuz gündür blokadada olan Laçın dəhlizi məsələsinə də toxunublar. Paşinyan hesab edir ki, Bakı Dağlıq Qarabağı dünya ilə birləşdirən yeganə yolu bağlamaqla 2020-ci ilin noyabr bəyanatını pozub. Onun fikrincə, Azərbaycan niyyət etdiyi kimi bu “təxribata” gedib
- “Dağlıq Qarabağ ermənilərinin öz evində, öz vətənində yaşamaq iradəsini qırmaq,
- Ermənistanı daha böyük təxribata cəlb etmək”.
Ermənistanın baş naziri Dağlıq Qarabağdakı humanitar böhrandan danışıb. Azərbaycan prezidenti “heç bir blokadadan söhbət gedə bilməz” deyə əmin edərək, baş verənləri blokada adlandırmaq “sadəcə həyasızlıqdır” deyib.
Əliyevin sözlərinə görə, Qırmızı Xaç və Rusiya sülhməramlılarına aid avtomobillərinin Laçın dəhlizi ilə hərəkəti onun bağlanmamasından xəbər verir:
“Rusiya sülhməramlılarının maşınları orada erməni əhalisi üçün ərzaq və dərman aparır. Biz bunun əleyhinə deyilik, çünki blokada bizim məqsədimiz deyil”.
Laçın dəhlizinin bağlanmasını pisləyən bəyanatları Azərbaycan prezidenti “daha bir antiazərbaycan şousu” hesab edir:
“Ermənilər və onların havadarları bununla nəyəsə nail olacaqlarını düşünürlər, amma heç nəyə nail ola bilməyəcəklər. Bizim ədalətli tələblərimizi hamı bilir”.
Onun sözlərinə görə, “ədalətli tələblər” yerinə yetiriləcək, Bakı monitorinqlərə, hesabatlara və DQ-də hasilatın dayandırılmasına nail olacaq.
Şərh
Politoloq Suren Surenyantsın fikrincə, üçtərəfli bəyanatda eksterritorial dəhlizdən söhbət gedə bilməz, lakin Azərbaycanı Naxçıvanla birləşdirməli olan yol haqqında müddəa uyğunsuzluq yarada biləcək formada yazılıb.
“Təəssüf ki, belə situasiyalarda kimin mövqeyinin reallığa daha yaxın olduğunu müəyyən edən hərbi-siyasi balansdır. Əgər tərəflər indi olduğu kimi anlaşmaya gəlməsələr, o zaman bu ifadə saatlı bombaya çevriləcək”, – deyə o, JAMnews-a bildirib.
Politoloqun fikrincə, danışıqlarla həll yolu tapmaq lazımdır, əks halda Bakı “problemi güc yolu ilə həll etmək” fikrinə düşəcək:
“Danışıqlara getməmək strategiyası sizi heç bir yerə aparmayacaq. Ermənistan tərəddüd etməməlidir, onun Azərbaycanla münasibətləri normallaşdırmağa başlamasının vaxtıdır”.
Laçın dəhlizinin bağlanmasına münasibət bildirən Surenyants bildirib ki, mövcud vəziyyət həm Rusiyanın, həm də Qərbin maraqlarına uyğundur, çünki onların böhrandan çıxış yolu üzərində işləməyə motivasiyası yoxdur:
“Hətta dəhlizdəki böhran səbəbindən bir növ eskalasiya Rusiyanın regionda təsirini zəiflətmək üçün Qərbin əlindədir. Rusiyaya isə Laçın böhranı lazımdır ki, Ermənistana bəzi məsələlərdə təzyiq edə bilsin”.
O deyir ki, Azərbaycana qarşı konsolidasiya edilmiş beynəlxalq təzyiq yoxdur və son vaxtlar verilən bəyanatlarda Bakıya qarşı sanksiyalar perspektivi görünmür:
“Heç bir geosiyasi mərkəz Azərbaycanın məsuliyyətindən danışmır. Nəticədə Əliyevin həyasızlığı o həddə çatıb ki, o, yolu kəsən “fəalların” bunu onun göstərişi ilə etdiyini (Laçın dəhlizi) açıq şəkildə bəyan etməkdən çəkinmir”.
Bizə abunə olun — Twitter | Facebook | Telegram | Instagram | Youtube