Yerevan Bakının KTMT hərbi bloku ilə istənilən yaxınlaşmasını bloklamağa hazırdır
Rusiyada Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatı (KTMT) çərçivəsində Azərbaycanla əməkdaşlıq imkanlarını istisna etmirlər. Sentyabrın 12-də Rusiya baş nazirinin müavini Yuri Borisov Azərbaycanın təşkilatda müşahidəçi statusu almasının mümkünlüyünü bildirib. Yerevanda Ermənistanın üzvü olduğu hərbi blokla Bakının istənilən yaxınlaşmasını bloklamağa hazırdırlar.
Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatı – Rusiyanın nüfuzu altında fəaliyyət göstərən regional beynəlxalq təşkilatdır. KTMT-nin nizamnaməsində yazıldığı kimi, təşkilatın məqsədləri “sülhün, beynəlxalq və regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, kollektiv şəkildə üzv dövlətlərin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi”dir.
Təşkilat 1992-ci ildə, SSRİ-nin süqutundan dərhal sonra yaradılıb. Gürcüstan, Azərbaycan və Özbəkistan çox tezliklə KTMT sıralarını tərk etdilər. Hazırda onun altı üzvü Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandır.
Müzakirə nədən başladı
Ermənistanın ona dost olmayan istənilən dövlətin KTMT-də müşahidəçi və ya tərəfdaş statusu almasını bloklaması imkanı bürədə ilk dəfə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirdi.
O, bu barədə parlamentin Xarici əlaqələr üzrə komitəsinin iclasında danışıb. Burada KTMT-nin nizamnaməsinə düzəlişlər müzakirə olunurdu. Bəzi deputatlar narahatlıqlarını bildirdilər ki, Azərbaycan Ermənistanın daxil olduğu hərbi blokda müşahidəçi və hətta tərəfdaş statusu ala bilər.
Xarici işlər nazirinin müavini deputatlara izahat verib ki, KTMT-nin məqsədi öz üzvlərinin təhlükəsizliyinin təmin edilməsidir. Əgər hər hansı bir dövlət Ermənistanın təhlükəsizliyini birbaşa təhdid edirsə, hər hansı statusun alınması cəhdlərinin bloklanması üçün əlavə faktlara ehtiyac yoxdur. Ermənistanın narahatlığı üçün xüsusi səbəblər də yoxdur, belə ki, KTMT-nin nizamnaməsinə əsasən, bu cür statusu olan ölkələr təşkilatın üzvlərinə qarşı hərəkət etməmək öhdəliyi götürürlər.
Azərbaycanın KTMT-də heç vaxt üzv və ya hətta müşahidəçi ola bilməyəcəyi barədə Ermənistanın baş naziri hələ 2018-ci ilin oktyabrında bildirmişdi.
Paşinyanın sözlərinə görə, Yerevan heç vaxt razılaşmayacaq ki, Ermənistanın yaşayış məntəqələrinə “uzun illər ərzində atəş açan” ölkə “bizim üçün əsas hərbi-siyasi təşkilatda” üzv və ya hətta müşahidəçi olsun.
Amma Rusiya buna qarşı deyil
Sentyabrın 12-də Rusiya baş nazirinin müavini Yuri Borisov bəyanat verərək bildirib ki, Rusiya Azərbaycanın KTMT-də müşahidəçi statusu almasına qarşı deyil:
«Biz hər zaman çox ölçülüb biçilmiş və düşünülmüş siyasət aparırıq. O ki qaldı KTMT ölkələri, həmçinin Azərbaycanla hərbi-texniki əməkdaşlığa, inanın ki, Rusiya [Qarabağ] münaqişə[si]nin qızışdırılmasında maraqlı deyil, əksinə, münaqişənin aradan qaldırılmasına dəstək göstərəcək».
Lakin Borisov sonradan əlavə edib ki, əgər Ermənistan qarşı çıxacaqsa, Azərbaycan təşkilatda hər hansı status ala bilməyəcək.
Azərbaycanın KTMT-yə mümkün qoşulması haqqında təşkilatın baş katibi vəzifələrini icra edən Valeri Semerikov da danışmışdı:
«İstənilən dövlət üzv, müşahidəçi və tərəfdaş olmaq arzusunu bildirə bilər, lakin hər zaman müəyyən məhdudiyyətlər var ki, bunlar normativ sənədlərdə öz əksini tapıb.
Gəlin, KTMT-də qəbul edilmiş normativ-hüquqi bazaya əsaslanaq. Bütün qərarlar, ələlzxüsus da, üzvlük, müşahidəçilik, tərəfdaşlıq barədə qərarlar konsensus əsasında qəbul edilir. Əgər bir üzv dövlətin razılığı olmayacaqsa, təbii ki, qərar olmayacaq».
Ekspert rəyi
Siyasi texnoloq Armen Badalyan hesab edir ki, Ermənistanla Azərbaycanın eyni vaxtda Avropa Şurasında üzvlüyündə problem yoxdur, belə ki, bu, hərbi-siyasi blok deyil. KTMT isə başqa məsələdir, bu həmin təşkilatdır ki, xarici müdaxilə olacağı təqdirdə Ermənistanı müdafiə etməlidir:
«Ermənistanla Azərbaycanın həll olunmamış problemi var. Bu da normaldır ki, özünün xarici siyasi maraqlarından çıxış edərək, bizim ölkəmiz hərbi münaqişə mərhələsində olduğu bir vaxtda Azərbaycana həmin birlikdə üzv olmağa imkan verməsin».
Bu mövzu ilə əlaqədar “Facebook” sosial şəbəkəsindəki səhifəsində politoloq Qagik Ambaryan da fikirlərini bildirib:
«Rəsmi Bakı çoxdan bəri zondaj apararaq anlamağa çalışır ki, Azərbaycanın KTMT-də üzv və ya müşahidəçi olacağı təqdirdə Ermənistan hansı mövqeni tutacaq… Azərbaycan heç bir vəchlə KTMT-də üzv və ya müşahidəçi olmamalıdır, hətta bunu bizim bütün “tərəfdaşlaımız” istəsələr belə».