Yerevan, Bakı və Moskva nələri müzakirə edir və artıq etmir?
Moskvada iyunun 2-də Ermənistan, Azərbaycan və Rusiya nümayəndələrinin iştirakı ilə üçtərəfli məsləhətləşmələr keçirilib və bu zaman sərhədyanı rayonlarda deeskalasiya yolları müzakirə olunub. Bu informasiyanı Rusiyanın “Novosti” informasiya agentliyi öz mənbələrinə istinadən yayıb.
Azərbaycanda iki Ermənistan vətəndaşı mühakimə olunur
Görüşün yekunlarına dair ancaq tərəflərin “işgüzar əlaqələri davam etdirmək haqda razılığa gəldikləri” məlumdur.
Yerevandan informasiya
Moskvada üç ölkə nümayəndələrinin görüşünün keçirilməli olduğu haqda iyunun 2-də səhər Ermənistan mediası da yazıb. “Qraparak” qəzeti bildirib ki, danışıqlar zamanı Ermənistan-Azərbaycan sərhədindəki son hadisələr və Azərbaycan SQ-nin Ermənistan ərazisindən çıxarılması nəzərdən keçiriləcək.
Onlar Ermənistan sərhədini mayın 12-də keçiblər, Geqarkunik və Sünik vilayətləri istiqamətində bir neçə kilometr ölkənin dərinliklərinə irəliləyiblər və Ermənistan tərəfinin tələbinə baxmayaraq geri çəkilmirlər.
Qeyd etmək lazımdır ki, artıq baş tutmuş görüş haqda məlumat Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan üç ölkənin baş nazir müavinlərinin sədrliyi ilə Yerevan-Bakı-Moskva işçi qrupunun fəaliyyətinin dayandırılması haqda bildirəndən sonra yayılıb. İşçi qrup üç ölkə rəhbərinin imzaladığı Qarabağda hərbi əməliyyatların dayandırılması haqda bəyanatın maddələrinin yerinə yetirilməsi üçün 2021-ci il yanvarın 11-də Moskvada yaradılıb.
İşçi qrupun əsas funksiyası regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması haqda maddənin reallaşdırılmasıdır.
Mher Qriqoryanın sözlərinə görə, altı erməni hərbçi öz ölkəsinin ərazisində əsir götürüldükdən sonra Azərbaycan tərəfi ilə əlaqə kəsilib. Söhbət mayın 27-ə keçən gecə Azərbaycanla sərhəddə baş verən hadisədən gedir.
Azərbaycanın Müdafiə Nazirliyi “Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversant qrupunun” Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində sərhədi keçmək cəhdi haqda məlumat yayıb.
Ermənistanın Müdafiə Nazirliyi bu bəyanı təkzib edib və bildirib ki, hərbçilər “sərhədyanı Geqarkunik vilayətində mühəndis işləri həyata keçirərkən” ələ keçirilib.
Mher Qriqoryanın sözlərinə görə, sərhəddə yaranmış vəziyyəti nəzərə alaraq Yerevan üçtərəfli işçi qrup formatında konstruktiv fəaliyyəti mümkünsüz hesab edir. Bununla yanaşı o vurğulayıb ki, erməni hərbçilər əsir götürülənə qədər qrup hər halda konstruktiv iş aparıb.
Yerevandan şərh
Politoloq Sergey Melkonyan Rusiya, Ermənistan və Azərbaycanın son addımlarının məntiqini aydınlaşdırmağa çalışıb:
“Rusiya üçün ötən ilin noyabrında imzalanan bəyanatın [Qarabağda hərbi əməliyyatların dayandırılması haqda] maddələrinə əməl olunması prinsipial önəm daşıyır. Bu, həm öz sərhədlərinin yaxınlığında kövrək sülhü qorumağa, həm də bütün dünyaya buranın onun nüfuz və məsuliyyət dairəsi olduğunu, burada Moskvanın sülh yarada bildiyini göstərməyə imkan verəcək. Məhz buna görə hər iki tərəf üçün [Ermənistan və Azərbaycan] atəşin açılması qırmızı cizgidir. […]
Regionda Rusiya siyasətinin digər mühüm elementi Ermənistan və Azərbaycanı öz təsir dairəsində saxlamaqdır (heç kimi məyus etmək istəmirəm, amma Bakı artıq Moskvanın təsir sahəsində deyil, eyni zamanda Rusiyanın son addımları ictimaiyyət səviyyəsində Yerevanın da uzaqlaşmasına gətirib çıxarır). Onların nöqteyi-nəzərindən bu, ona həm Qarabağda hərbi iştirakını saxlamağa, həm də Azərbaycanda Türkiyənin təsirini balanslaşdırmağa imkan verər. Qalan komponentlər Rusiya üçün strateji yox, ikinci dərəcəlidir.
Ermənistan haqda danışarkən məhz Paşinyanın addımlarının məntiqini nəzərdən keçirmək lazımdır, çünki onlar ənənəvi olaraq dövlətin maraqları ilə haçalanır. De-fakto baş nazir aşağıdakı mülahizələrdən çıxış edir.
Birincisi, o, eskalasiya halında silahlı qüvvələrin tam mənada təhlükəsizliyi təmin etməyə hazır olduğuna əmin deyil. Bu qorxular əsasən iki həftədən çoxdur Azərbaycan qüvvələrinin Ermənistan ərazisinə daxil olması fonunda hərəkətsizliyi ilə şərtlənib.
İkincisi Paşinyan ənənəvi olaraq qonşularla birtərəfli güzəştlər hesabına əməkdaşlıq tərəfdarı olub. Buna görə onun dəhliz [Azərbaycanın öz eksklavı Naxçıvanla əlaqəsi üçün Ermənistan ərazisindən keçən yol] açmaq və digər ictimaiyyətə açıqlanmayan razılaşmaları (“anklavların” təhvil verilməsi və sairə) yerinə yetirmək niyyətinə şübhə etməyin mənası yoxdur.
Üçüncüsü, aşağıdan “dəhliz” və “anklavlar” məsələsi ilə bağlı ciddi təzyiqi nəzərə alaraq Paşinyan artıq güzəştləri qələbə kimi sırıya bilməz.
O indi pat vəziyyətindədir: bir tərəfdən razılaşmaları yerinə yetirəcəyinə söz verib [Moskva və Bakıya], digər tərəfdən seçki fonunda [növbədənkənar parlament seçkiləri iyunun 20-ə təyin edilib] onların yerinə yetirilməsi məğlubiyyətə və bunun müvafiq fəsadlarına gətirib çıxaracaq.
Azərbaycana gəlincə, hər şey kifayət qədər aydındır: Paşinyan dövründə mümkün olanın maksimumunu elə almaq ki, Ermənistanda hakimiyyət dəyişikliyi halında geriyə yol olmasın (“anklavların” nəzarətə götürülməsi, dəhlizlər yolunda üçüncü qüvvələrin yerləşdirilməsi və sairə).
[…] Paşinyandan daha çox ərazi və digər güzəştlər alandan sonra Əliyev Qarabağ üzərində nəzarəti bərpa etməyin mümkünsüzlüyünü kompensasiya edə biləcək.Sonda başqa bir mühüm məqamı əlavə etmək istərdim. Əliyev üçün Türkiyənin xüsusən müharibədən sonra güclənmiş təsirini nisbətən balanslaşdırmaq vacibdir. Moskva tərəfə reveranslar da bununla izah olunur (məhz bunda onların maraqları üst-üstə düşür)” .
Bakıdan şərh
Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin Moskvadakı görüşünü JAMnews üçün politoloq Şahin Cəfərli şərh edib.
“Məndə olan məlumata görə, Moskvada tərəflər ancaq Azərbaycan və Ermənistan sərhədində yaranmış vəziyyəti müzakirə ediblər. Həmçinin mənə məlumdur ki, görüşdə Qarabağda Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradov da iştirak edib”, – həmsöhbətimiz qeyd edib.
Onun fikrincə, Muradovun müzakirələrdə iştirakı Rusiya tərəfinin problemi dərindən anlamaq və onun həllinə nail olmaq səylərindən xəbər verir.
“Rusiya öz vasitəçiliyi ilə sərhəd münaqişəsini nizamlamağa çalışır. Söhbət sırf iki ölkə arasında dövlət sərgədinin müəyyən edilməsi ilə məşğul olacaq yeni üçtərəfli komissiyanın yaradılmasından gedir.
Azərbaycan tərəfi bu şərtlə razıdır və üçtərəfli formatda müzakirələrə başlamağa hazırdır. Amma Ermənistan tərəfinin ön şərti var – onlar Azərbaycanın saxladığı bütün Ermənistan vətəndaşlarının qaytarılmasına nail olmaq istəyirlər. Ermənistanda bu insanları “hərbi əsir” adlandırırlar, Azərbaycan isə onları diversant hesab edir. Və burada söhbət ancaq ötən ilin dekabrında saxlanılanlardan yox, həm də bu günlərdə Azərbaycan ərazisində yolu minalayarkən saxlanılan altı hərbçidən də gedir”, – politoloq bildirib.
“Bu gün yayılmış informasiyaya əsasən, Rüstəm Muradov ölkə başçısı ilə görüşmək üçün Yerevana getməlidir. Düşünürəm ki, orada ötən gün Moskvada səslənmiş təkliflərin detalları müzakirə olunacaq”, – Cəfərli deyib.
JAMnews-un “Bu proses Rusiya sülhməramlılarının həm də iki ölkə sərhədində yerləşdirilməsi ilə bitə bilərmi?” sualına politoloq belə cavab verib:
“Sərhədin Ermənistan tərəfində Rusiyanın heç bir problemi yoxdur. Rusiyanın Ermənistanın sərhədini qorumaq təcrübəsi var. Azərbaycan tərəfinə gəlincə, düşünmürəm ki, bizim ölkə rəhbərliyi buna razı olar”.