“Ciblərimiz boş olandan sonra bizə nə bayram?” Bakıdan Yeni İl qabağı reportaj
Yeni ildə əhalinin alıcılıq səviyyəsi
Bakıda Yeni il hazırlıqları bu il də pandemiyadan əvvəlki təmtəraqına qayıtmatdı. Şəhərin bəzədilməsi artıq əvvəlki illərdəki qədər dəbdəbəli deyil. Hər il addımbaşı qurulan Yeni il yarmarkalarının sayı da hədsiz məhdudlaşıb. Fəvvarələr Meydanında ənənəvi “Soyuq əllər, isti ürəklər” yarmarkasını saymasaq, yenə də əsasən şəhərin mərkəzində şam ağacları və onun bəzək-düzəkləri satılan tək-tük piştaxtalar gözə dəyir.
- Daha bir jurnalist qaçaqmalçılıq ittihamı ilə həbs edilib
- Cənubi Qafqazdakı regional konfiqurasiyada mümkün dəyişikliklər. Bakıdan baxış
- Gürcüstanda romalar. Ölkədə ən marginal qrup necə yaşayır?
Kənardan həmin piştaxtaları müşahidə edərkən isə görünən odur ki, çox vaxt satıcılar və alıcılar arasındakı dialoq məhsulların qiymətini öyrənməkdən o yana keçmir.
“Bu şaxtababa oyuncaqları neçəyədir?” – cavan bir qız piştaxtanın arxasındakı satıcıdan soruşur.
“Bunlar sıra ilə 25, 35, və 45 manatadırlar”, – satıcı cavablayır.
“Bəs, o balaca şüşənin içindəkilər?” – qız daha kiçik suvenirləri nəzərdə tutur. Eyni qiymətləri təkrar deyəndən sonra isə piştaxtadan götürdüyü məhsulu yerinə qoyub gedir.
Bu minvalla satıcılar müştəri azlığından, müştərilər isə baha qiymətlərdən gileylənməklə kifayətlənirlər.
“Yolkamız bir tərəfə qalsın e, süfrəmizi necə bəzəyəcəyik, hələ onu bilmirik. Dükanlara yaxın durmaq olmur. Hər şey od qiymətinədir. Aldığımız maaşlar 300-400 manatdır, onu alanlar da heç bayram çatmamış borc-xərcə paylayır. Ona görə də insanlarda bayram əhvalı yoxdur. Nəyi bayram eləyək? Ciblərimiz boş olandan sonra bizə nə bayram?” – şəhər sakinlərindən biri şikayətlənir.
Müstəqil ekspertlər hesab edir ki, bazar qiymətləri ilə hazırkı minimal əməkhaqqı və median orta əməkhaqqı arasında kəskin fərq var. Bunun səbəblərindən biri də yüksək inflyasiyadır.
Azərbaycanda son 14 ilin ən yüksək inflyasiya göstəricisi 13,9 faizlə 2022-ci ildə qeydə alınıb. Bu rəqəm 2023-cü ildə 9,4 faiz təşkil edib.
İqtisadçı Fərid Mehralızadənin sözlərinə görə, Azərbaycanda qeydə alınan inflyasiya göstəriciləri olduqca problemli hesab olunur.
“Bunu hökumət də öz sənədləri ilə təsdiq edir. Çünki, yadıma gəlir “Azərbaycan Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında hökumət özünə hədəf qoymuşdu ki, 2020-ci ilədək minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizinə qaldırılacaq. Yəni, normal hədd bu hesab olunur. Amma hökumət bu hədəfə indiyə qədər çata bilməyib.
Hazırda Azərbaycanda orta aylıq əməkhaqqı təxminən 930 manat, minumum əməkhaqqı isə 345 manatdır. Yəni, təxminən 35 faizinə bərabərdir. Əgər hökumət həmin hədəfini reallaşdırsaydı, bu gün ölkədə minimum əməkhaqqı 500 manatdan çox olmalı idi. Üstəgəl son iki ildə davam edən yüksək inflyasiya əhalinin real alıcılıq qabiliyyətinin aşağı düşməsilə nəticələnib”, – ekspert deyir.
Fərid Mehralızadə bildirir ki, ölkə iqtisadiyyatının inkşaf etməməsinə görədir ki, əməkhaqqı bu qədər aşağı səviyyədədir. Büdcə gəlirlərinin əsasən neft-qaz sektoru hesabına təmin olunması, ölkədə böyük şirkətlərin və investisiyaların azlığı da bu səbəblərə daxildir.
Yeni il ərəfəsində iş yerlərində işçilərin maaşları adətən daha tez ödənilir ki, bu da bayram öncəsi xərclər üçün hesablanan addımdır. Söhbət etdiyimiz insanların çoxu bayramdan sonra növbəti əməkhaqqına qədər necə dolanacağını bilmir.
“Maaşı bir-neçə gün olar almışdım, artıq yarısından çoxunu xərcləmişik. Əsas pul ərzaq məhsullarına və kommunala gedib. Həm də bayramqabağıdır axı, dedim uşaqları götürüb şəhərə çıxarım, haradasa ailəlikcə oturub yemək yeyək. İndi əlimdə qalan pulla baxıram ki, gərək bayram günü qonaq qarşılamayaq, yoxsa gələn maaşa qədər yolpulunu da borca götürməli olacam”, – şəhər sakinlərindən biri yeni il ərəfəsində iynə ipliyinə bağlı görünən büdcəsindən danışır.
Ekspert isə maaşların hansı gün ödənilməyindən asılı olmayaraq nəticənin dəyişməyəcəyini deyir:
“Maaşların bayram öncəsi verilməsi haradasa məntiqlidir. Amma razıyam ki, bu bəzən problemlərə səbəb olur. Ehtiyaclar çoxdur. Bir çox insanların isə maaş və pensiyaları o qədər azdır ki, alan kimi bitir. Çünki, onların ödəməli olduğu borcları var. Bu baxımdan necə olsa, tez xərclənəcək”, – Fərid Mehralızadə bildirir.
Beləcə Bakı sakinlərinin çoxu ilin son maaşını elə bayram bazarlığında əridərək Yeni ilə qədəm qoyacaqlarını deyir.