Azərbaycanda yolkanın siyasi macəraları
“Dəmir pərdə” açılanda sovet adamları xeyli təzə şey öyrəndilər. O cümlədən öyrəndilər ki, uşaqlıqdan sevdikləri yolka heç də Yeni il deyil, Milad bayramı yolkasıymış.
Yeni il bayramının özü isə bütün bu müddət ərzində nə qədər qəribə olsa da siyasi kursun dəyişməsi ilə bərabər tərəqqi edib.
Novruzdan Milad bayramına
Azərbaycan, İran ərazisində, Mərkəzi Asiyanın bir hissəsi və Rusiyanın Asiya hissəsində əsrlər boyu Yeni ilin qeyd edilməsi yaz gecə-gündüz bərabərliyi günü ilə üst-üstə düşüb. Bəli, bu Novruz bayramı olub.
XIX əsrin birinci yarısında Novruz Bakı qala divarlarından kənarda, Bazar Meydanında, hazırda Fizuli heykəlinin olduğu yerdə qeyd olunub. O vaxtlar bura çöllük idi (əslində, qalanın divarlarının hüdudlarından kənarda kilometrlərlə ərazi çöllük olub), həmin yerə ticarət üçün mal gətirirdilər, adı da buradan əmələ gəlib.
Novruzda insanlar bayram ocağı qalayıb, üstündən hoppanmaq üçün məhz bura gəlirdilər. Qalanın içində evlər o vaxtlar taxtadan olub və açıq ocaq qalamaq qadağan idi.
1810-cu ildən sonra Bakı xanlığı bir çox digər xanlıqlar kimi, Rusiya imperiyasının əlinə keçdi və qeyri-müsəlman əhalisinin sayının artması Novruzun Milad bayramı ilə əvəz edilməsində öz rolunu oynadı.
XIX sərin 60-cı illərinin əvvəllərində şəhər əhalisi intensiv surətdə artmağa başladı. Bu, Azərbaycanın digər iri şəhəri olan Şamaxıdakı zəlzələdən və neft çıxarılmağa başlayandan sonra baş verdi. Şəhərdə yeni parklar salındı, onların içində ən populyar olanı Qubernator bağı idi, bulvar isə axşam gəzintiləri üçün abadlaşdırıldı.
Əhalinin etnik, ilk növbədə də dini tərkibinin (xüsusən də onun daha imkanlı yuxarı təbəqəsinin) dəyişməsi həyat tərzində də dəyişikliklərə gətirib çıxardı. Artıq Bakıda həm Novruzu, həm də Milad bayramını qeyd edirdilər.
Xəbəri olmayanlar üçün qeyd edək ki, Milad bayramı elə həmin Yeni il bayramıdır, amma Rumi təqvimi ilə. Qədim kilsə başçıları hesab etdi ki, İsa peyğəmbər xoşbəxtlikdən məhz yeni ildə doğulub, ya da buna oxşar bir şey.
70-ci illərdə Fəvvarələr Meydanında insanları sevindirmək, gözlərini oxşamaq, bayrama maraq oyatmaq üçün ilk yeni il yolkası quruldu.
İctimaiyyətin marağı yarandı, xüsusən də orta və yuxarı təbəqədən olan müsəlmanların.
Qərbi Avropada başlanılan xeyriyyə gecələri və banketlər keçirmək adəti Bakıya qədər gəlib çıxdı. Dikkens hələ də Milad bayramı gecəsi Londonun qarlı küçələrində donan binəva kimsəsiz uşaqlar haqqında yazanda Bakıda zabitlərin, tacirlərin və neft istehsalçılarının xanımları və bacıları əllərində hədiyyələrlə sığınacaqlara baş çəkirdilər.
Yerli qəzetlərin birinci səhifələrində isə xeyirxah mesenatların siyahıları dərc olunurdu.
Yeni il qabağı köhnə Bakı ilə müasir Bakı arasında daha bir oxşarlıq mağazalardakı endirimlərdir. XIX əsrin axırlarına yaxın şəhərdə 40-dan çox fotoatelye işləyirdi. Şəkil çəkdirmək də indiki qədər dəbdə idi. Yeni il bayramı günlərində əksər atelyelər endirimlər edirdi. Şirniyyat dükanları da həmçinin.
Sonra da SSRİ yarandı
Yeni ildə çıxan sovet qəzetlərindən görünür ki, ölkədə həyat darıxdırıcı, amma zəngin oldu (olmadısa, bu gün-sabah mütləq olacaq, bir az, düşmənlərin hamısı gəbərənə qədər gözləmək lazımdır,). İş orasındadır ki, keçmiş imperiyada, o cümlədən də Bakıda qalib gələn ateizm dövrü başladı. Milad bayramı yolkasını da zərərli dini atribut kimi qadağa etdilər. Əvəzində isə heç nə fikirləşib tapmadılar.
Gənc sovetlər ölkəsinin yeni il qabağı və milad bayramı günlərində çıxan qəzetləri sağımın artması və kommunizmin dünyada tezliklə qələbə çalacağı barədə məqalələrlə dolu idi.
Yeni il kimi 24 dekabr və 7 yanvar da (katolik və pravoslav milad bayramları) iş günləri oldu.
Validə xanım atasının dilindən həmin illərlə bağlı aşağıdakıları danışır: “O həmişə deyərdi ki, bayramı yeməyə heç nə olmadığı üçün qadağan edirdilər. Otuzuncu illər onun uşaqlıq dövrünə təsadüf edir, o vaxtlar aclıq olduğunu deyir. Evdə təbii ki, hamı bayram edirdi, amma çox kasıb, yolka isə evdə mənim dünyaya gəldiyim əllinci illərə qədər olmayıb.
Yolka artıq Milad deyil, Yeni il bəzəyi kimi yavaş-yavaş otuzuncu illərin ikinci yarısında qayıtmağa başladı. Məhz o vaxt da başındakı mələyi siyasi baxımdan daha doğru olan qırmızı ulduzla əvəz etdilər.
Şaxta Babanın qayıtması
Müharibədən sonra Avropanın bölgüsü zamanı SSRİ anladı ki, kommunizmin dünyada qələbəsi mümkünsüzdür. Hərbi sənaye də yerini sülh sənayesinə verməyə başladı. O vaxtlar, 50-ci illərin ikinci yarısında həmin dövr üçün dünyada ən iri miqyaslı ev (insanların nəhayət ki, zirzəmi və kommunal evlərdən köçürüldüyü həmin o balaca “xruşovka mənzillərinin) tikintisinə başlanılır.
İnsanlar ayrıca evlərə, onların içində də soyuduculara, bəxti gətirənlər isə televizorlara sahib olurdu. Televizorlarda isə “Morozko və “Qoluboy oqonyoku göstərirdilər.
Camaata yolka almaq və açıq şəkildə bəzəmək icazəsi verildi, uşaq bağçalarında Yeni il şənlikləri keçirilirdi, bu şənliklərdə uşaqları da bir nəfər kimi eyni cür sovet dovşanları kostyumlarına geyindirirdilər.
“Qardaşımla mənim Suraxanıda Yeni ilimiz ən eksklüziv idi, – Şahin danışır, – 70-ci illər idi, valideynlərimin hər ikisi Orconikidze adına Mədəniyyət Evində işləyirdilər. Yeni ildə mədəniyyət evində yolka qurulur, Şaxta Baba ilə Qar Qız, klounlar da gəlirdi. Çox gülməli idilər, ta indiki kimi yox. Bizim Şaxta babanın qrim otağına girmək imkanımız varıydı. Həm də qardaşımla artıq qalan hədiyyələri götürə bilirdik. Hədiyyələrin özünə gəlincə, xüsusi çeşidi ilə seçilmirdilər, standart konfet və peçenye olurdu”.
Sovet hakimiyyətinin son illəri
Bu illəri demək olar ki, hamımız xatırlayırıq və hər birimizin danışmağa nəyisə var.
Katya: “Özümü xatırlayandan anamın 81-ci ildə, hələ mən anadan olmamışdan əvvəl aldığı süni yolkamız olub. Sonra da 20 il ərzində onu bəzəmişik, yıxılmasın deyə batareyaya bağlayırdıq.
Yolka oyuncaqları da çox bahalı idi. O vaxt rüşvət yoxuydu, doğum evində həkim işləyən nənəmə doğuşdan sonra yolka oyuncaqlarını hədiyyə edirdilər”.
İradə: “Yolka oyuncaqlarımız demək olar ki, olmayıb, həmin vaxtın ən yadda qalan hadisəsi də papamın hədiyyəsi olub. O, mənə sınmış yolka oyuncaqlarının qırıltılarından tac düzəltdi. İkinci ən böyük hədiyyəmi 90-cı illərdə aldım – iki dənə dəbdə olan “Stimorol saqqızı. Zarafat etmirəm”.
SSRİ dağılandan və müstəqillik qazanılandan (xüsusən də neft şirkətləri ilə Əsrin Müqaviləsi imzalanandan) sonra Yeni ili qeyd etmək olardı və hətta lazımıydı. Düzdür, bayrama bir balaca vətənpərvərlik çaları da verildi, hər ehtimala qarşı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edildi.
Yeni il həm atəşpərəstlərin Novruz, həm də müsəlmanların Qurban bayramı kimi təmtəraqla qeyd olunur. Sovet İttifaqından fərqli olaraq, neft Azərbaycanı heç vaxt asketizmi ilə seçilməyib. Buna görə də Yeni il fişəng, bulvarda konsertlər və kütləvi gəzintilərlə qeyd olunur.
Əyləncə sənayesi üçün bu gün ən məhsuldar günlərdən biridir. Restoranlar qiyməti 60 dollardan ta sonsuzluğa qədər bayram xidmətləri “komplektini təklif edir, yerli telekanallar şou və konsertlər göstərir.
Sosial şəbəkələrdə azərbaycanlıların bu bayrama reaksiyası birmənalı olmayıb. Bəzi tipik şərhləri təqdim edirik:
“Utanmırsız, necə müsəlmanlarsız?! Yolkanın ətrafında meymun kimi tullanırlar!”
“Partladanlara verdiyiniz pula güllə alsaydız, Qarabağı artıq qaytarardıq!”.
Bununla belə bu il hər şey elə ötən ilki, inişilki kimi keçdi – Bakı bulvarında atəşfəşanlıq, heyran olmuş kütlə, şəhərin bər-bəzəkli yolkaları və prezidentin ənənəvi televiziya çıxışı, o, növbəti dəfə bildirdi ki, Azərbaycan iqtisadi stabiliyini qoyub-saxlaya bilib.