Yeni Dubay
Turizm Nazirliyi gözlənilmədən əməlli-başlı aşkarlıq nümayiş etdirdi – əvvəllər statistik məlumatları tapmaq mümkün olmadığı halda, indi hesabat hesabat dalınca gəlir. Bu, nəylə bağlıdır? İş orasındadır ki, 2015-ci ilin noyabr ayından BƏƏ vətəndaşları, 1 fevral 2016-cı ildən isə Qətər, Oman, Səudiyyə Ərəbistanı, Yaponiya, Çin, Sinqapur və bir neçə başqa ölkə vətəndaşları üçün vizaların alınması qaydası sadələşdirilib. Bu ölçü ancaq BƏƏ və Bəhreynə təsir edib. Misal üçün, Bəhreyndən olan turistlərin sayı 42 nəfərdən 322 nəfərə qədər artıb. Təbii ki, sahənin coşqun inkişafı baş verməyib, amma bu, Turizm Nazirliyinin cari ilin iyul ayında BƏƏ-dən Azərbaycana gələn turistlərin sayının ötən ilin iyul ayı ilə müqayisədə 100 dəfə artması ilə bağlı öyünməsinə mane olmur.
Azərbaycan iqtisadiyyatı böhranın içində batdıqca, turizmin inkişafı barədə söhbətlər bir o qədər artır. Hansısa məlum olmayan səbəbdən hökumət hesab edir ki, turizmin inkişafı qeyri-neft sahəsində ən “rahat istiqamətdir. Amma təəssüf ki, artan ancaq söhbətlərdir, iş deyil. 2002-ci ildən başlayaraq turizmin inkişafı ilə bağlı qəbul olunan iki dövlət proqramına baxmayaraq, Azərbaycan bu sahədə hətta qonşu Gürcüstanla da rəqabət apara bilmir. Bununla belə, ölkə hökuməti statistikadan fəal şəkildə istifadə edərək, turizm sahəsində “artımı nümayiş etdirməyə çalışır. Bəzən turizmin ÜDM-də 4,5% payı haqqında danışırlar və s.
Çoxlu turist gələcək
Əvvəlcə turistin kim olduğunu müəyyən edək. BMT Ümumdünya Turizm Təşkilatının tövsiyəsinə görə, turist “24 saatdan bir ilə qədər diapazonda şəxsi məqsədlər üçün, turist və ya başqa qisimdə yerini dəyişən və bu zaman öz hərəkətlərinə görə xeyir qazanmayan fərd (insan)” sayılır. Azərbaycanda ölkəyə səfər edən demək olar ki, bütün insanlar qəribə şəkildə turist kateqoriyasına aid edilir. Statistikada hətta “ölkədə 1 gündən az olan şəxslər qrafası belə var. Turist kateqoriyasına ancaq iş üçün gələn şəxslər aid edilmir (2015-ci il ərzində 84 min nəfər). Maraqlıdır ki, ta 2011-ci ilə qədər doğmalarını və dostlarını ziyarət edən adamlar turist sayılmırdılar. Sonra isə Dövlət Statistika Komitəsi onları da turistlərə aid etmək qərarına gəldi. Nəticədə 2011-ci ildə turistlərin sayı qəfildən 274 min nəfər (qohumlarına baş çəkmək məqsədi ilə gələn 374 min nəfərin hesabına), 2012-ci ildə isə 424 min nəfər (qohumlarına baş çəkən 608 min nəfərin hesabına) artdı.
Azərbaycanda ümumi turist sayından danışarkən, nazirliklər və müxtəlif qurumların rəsmi bəyanatlarında ölkəyə baş çəkənlərin ümumi sayı qeyd olunur. Buna görə də tez-tez 2011-ci ildə (bu il “Turizm ili elan edilib) 2 milyon nəfərlik (baxmayaraq ki, rəsmi olaraq, turistlərin sayı cəmi 1,5 milyon nəfər idi), 2013-cü ildə isə 2,5 milyon nəfərlik həddin aşıldığından danışırlar. Buna görə də qurumlar tərəfindən səsləndirilən rəqəmlərə ehtiyatla yanaşmaq lazımdır. Bununla belə, hətta Azərbaycana gələn bütün əcnəbiləri turist kimi qəbul etsək, onlar xaricə turizm məqsədilə gedən azərbaycanlılardan daha azdır.
Onlar burada külli miqdarda pul xərcləyəcəklər
Belə olan halda, hökumətin ölkədə turizmin stimullaşdırılması ilə bağlı səylərinin hara getdiyi məlum deyil. Axı turizmin inkişafının əsas məqsədi ölkəyə xarici valyutanın cəlb edilməsidir. Özü özlüyündə turizm nəhəng gəlir gətirmək iqtidarında deyil (misal üçün, rəsmi məlumata görə, 2015-ci ildə turizm sahəsində işləyən şirkətlər 5,5 milyon dollar qazandılar). Bununla belə bu, Azərbaycan kimi valyuta gəlir mənbələri az olan ölkələr üçün xüsusən də devalvasiya və böhran şəraitində zəruri olan daimi və stabil xarici valyuta mənbəyidir.
Amma ölkəmizdə turizmdən daxil olan invalyuta heç nəyə təsir etmir, çünki xaricdə azərbaycanlıların “turizm xidmətlərinə (burada sərmayə və s. deyil, məhz turizm xərcləri nəzərdə tutulur) xərclədiyi pullar əcnəbilərin Azərbaycanda xərclədiklərindən çox olur.
Ölkəmizdə turizmdən əldə olunan gəlirin saldosu mənfidir, minimal hədd 2012-ci ildə qeydə alınıb. Bu il Azərbaycanda çox sayda beynəlxalq layihələr həyata keçirilib, minlərlə qonaq gəlib. Müxtəlif festivallar, konfranslar, bir çox başqa tədbirlər baş tutub. Növbəti illərdə onların sayı xeyli azalaraq, 2015-ci ildə öz minimumuna çatıb, xaricilərin xərclərinin tam təminatı üzrə tendensiyalar da xeyli az olub.
Faktiki olaraq, turizm ancaq yerli və xarici avia-şirkətlərə gəlir gətirir, iqtisadiyyatın qalan sahələri isə onların gəlişini demək olar ki, “hiss etmir.
Əksər insanlar bura pul xərcləmək üçün deyil, qohumlarına baş çəkmək və müqavilə bağlamaq (konfranslarda iştirak etmək və s.) üçün gəlir.
Bizə dünyanın hər yerindən turistlər gəlir
Bundan əlavə, Azərbaycanda olan turistlərin əhəmiyyətli hissəsi bir neçə ölkədən gəlir. Mədəniyyət və Turizm nazirinin müavini N. Səmədovun sözlərinə görə, turistlərin 95%-i Rusiya, Gürcüstan, Türkiyə və İrandan gəlir. Düzü, rəsmi statistikaya əsasən, bu rəqəm daha aşağıdır, bununla belə onlar turistlərin böyük hissəsini təşkil edir. Bəzi dəyişikliklər ancaq son zamanlar müşahidə olunmağa başlayıb. Bu dördlüyün payı bir qədər azalıb (xüsusən də “ərəb baharından sonra), bununla belə ümumilikdə dominant mövqe tutur.
Beləliklə də görünən odur ki, Azərbaycanda turizmlə bağlı vəziyyət yumşaq desək, yaxşı deyil. Əsas turist axını ya daha əvvəl burdan Rusiya, Türkiyə, İsrailə köçən, indi də ancaq qohumlarına və ya dostlarına baş çəkməyə gələnlərdən, ya da gürcüstanlı və ya iranlı azərbaycanlılardan ibarətdir. Bununla belə, 2015-ci ildə də xüsusi dəyişiklik baş verməyib. Onların ümumi payı ancaq bir qədər azalaraq, 84,5% təşkil edib. Faktiki olaraq, burada xüsusi tədbir keçirməyə də dəyməz – bu adamlar onsuz da bura gələcəklər.
Bizim üçün ənənəvi anlamda “əcnəbi turist burada demək olar ki, yoxdur. 2014-cü il üçün onların payı cəmi 7-8% təşkil edib.
Yeni Dubay
Ölkədə turizmin inkişafının problemləri barədə danışarkən, bir çox ekspertlər hesab edirlər ki, mahiyyətcə iki amil olmalıdır – obyektiv zərurilik və infrastrukturun olması.
Azərbaycan prinsipcə, başqa kurortların fonunda xüsusi heç nə ilə fərqlənmir. Ancaq bir neçə unikal yer var. Misal üçün, müalicəvi, unikal Naftalan nefti hasil edilən kurort. 80-ci illərdə Naftalanın rekordu il ərzində 75 min turist olub, bu zaman şəhər əhalisinin sayı 3 min nəfər idi (turizm sahəsində isə çalışanların sayı isə bundan da azdı). Hazırda rəsmi olaraq, şəhər əhalisinin sayı 10 min nəfərdir, 2015-ci ildə 16 min turist sayı ilə rekord qoyuldu, onların ancaq 3 mini xarici vətəndaşlardı. Biz mövcud potensialdan belə istifadə etmirik (yerli hakimiyyət bildirir ki, guya şəhər gündə 2 min turist qəbul etmək iqtidarındadır, bununla belə 2016-cı ildə birinci kvartal boyu 3 min adam qəbul etdi).
İstifadə oluna biləcək başqa amillər də var, amma hazırda biz özünəməxsus “Dubay yolu ilə gedirik və bu zaman Dubay və İstanbul ola-ola kimin Bakıya gələcəyi barədə düşünmürük.
İnfrastruktur məsələsi də axsayır. Rəsmi olaraq ölkə üzrə cəmi 19 min otel otağı və təxminən 38 min yer var. Misal üçün, Türkiyədəki Marmaris şəhəri belə gündə 40 min nəfər qəbul etmək iqtidarındadır ( il ərzində bura 3,3 milyon adam gəlir, Azərbaycana isə 2015-ci il ərzində 2 milyon adam gəlib). Perspektiv məsələsinə gəlincə, burada da problemlərimiz var. Belə ki, JLL Beynəlxalq Konsaltinq Təşkilatının məlumatına görə, 2015-ci il ərzində ölkədə 1200 otel otağı istifadəyə verilib və biz Rusiyadan sonra ikinci yeri tuturuq. Bir il əvvəl üçüncü idik. 2016-cı ildə isə cəmi 148 otaq kirayə vermək planlaşdırılır ki, nəticədə biz artıq axırdan ikinci yeri tutaraq, demək olar ki, bütün MDB ölkələrindən geri qalırdıq.
Mədəniyyət və Turizm Nazirliyində qeydiyyatdan keçən 340 mehmanxanadan 149-u Bakıda yerləşir. Bu zaman “ulduz alan 100 mehmanxanadan 25-i beş, 20-si üç ulduzlu oteldir. Yəni, hər dördüncü mehmanxana beş ulduzludur, dünya üzrə orta göstəriciyə görə isə hər on oteldən biri beş ulduzludur. Son illərdə açılan mehmanxanalar da əsasən beş ulduzludur.
Faktiki olaraq belə çıxır ki, biz ancaq varlı, “kübar insanlara yönəldilən turizm istiqamətini inkişaf etdiririk. Burada da niyə? – sualı yaranır. Onların ümumi sayı Yer kürəsinin ümumi əhalisinin 1%-dən çox deyil. Onlar da artıq ABŞ, Avropa, Dubayda istirahət edirlər – Xəzərin xətrinə bura dəqiq heç kim gəlməyəcək. Bundan əlavə də turizmin bu sahəsi bütöv ölkəyə xeyir deyil, ayrı-ayrı sahibkarlara gəlir gətirə bilər.
Bir dəfə hansısa iri tədbirlərdən birindən öncə Fransanın Azərbaycandakı səfiri bildirib ki, Parisdən Bakıya uçuş orta təbəqədən olan fransıza Portuqaliyaya üç həftəlik, özü də üç ulduzlu oteldə yaşamaqla birlikdə olan tur bahasına başa gələcək. Elə məhz bu xərclərə görə də həmin o fransızın niyə Azərbaycanı deyil, Portuqaliyanı, İspaniyanı, Tunisi və ya hər hansı başqa yeri seçməyinin səbəbi aydın olur. Bahalı aviabiletlər, viza ilə bağlı süründürməçilik, bahalı mehmanxanalar öz işini görür.
Təbii ki, hazırda müəyyən dəyişikliklər var. Viza ucuzlaşdırılıb, devalvasiya ilə bağlı yaşamaq xərcləri də azalıb. Amma bu, Gürcüstan və ya Tunisi Azərbaycana dəyişmək üçün səbəb deyil.
“Eurovisionun köməyi dəymədi
İstənilən halda hökumət “Eurovision, Birinci Avropa Oyunları və Formula-1 yarışlarının Azərbaycanın imicini qaldırdığını və ölkəyə turist cəlb etdiyini bildirir. Onda gəlin onlardan hansının və neçə turist cəlb etdiyini ətraflı nəzərdən keçirək. Bunun üçün tədbirlər bitəndən dərhal sonra açıqlanan rəsmi məlumatlardan istifadə etmək lazımdır.
“Eurovision 2012 müsabiqəsi vaxtı, 15 gün ərzində Azərbaycana 103 min nəfər gəlib, bu haqda Mədəniyyət və Turizm naziri məlumat verib. Bu zaman iştirakçıların nümayəndə heyətlərinin tərkibində 6-7 min nəfər olub. Bilavasitə turizm məqsədilə 50 min adam gəlib. Amma “Eurovision 15 gün deyil, 6 gün davam edib. Azərbaycanın Turizm Assosiasiyasının məlumatına görə də müsabiqənin keçirildiyi dövrdə Azərbaycana 10 mindən çox turist səfər edib (deməli, Bakının otel otağı fondunun 95%-i tutulub). 6-7 min nəfərlik nümayəndə heyətini nəzərə alsaq, turistlərin sayı hardasa 3-4 min olub. Xarici KİV tərəfindən təqdim olunan digər məlumatlara görə, bura 7 min turist gəlib (Danimarkada “Eurovisiona 39 min turist gəlmişdi) və onlar ölkədə 10 milyon dollar xərcləmişdi.
XİN-in məlumatına görə, Bakıda keçirilən Avropa Oyunlarına 28 mindən çox əcnəbi gəlib. Həmin rəqəmə həm də idman komandalarının tərkibləri, texniki dəstək, jurnalistlər də aid edilir (onların da ümumi sayı 12 min olub). Başqa sözlə desək, ölkəmizə təşrif buyuran xaricilərin az qala yarısı bizim hesabımıza gəlib.
Formula-1 yarışları ilə bağlı maraqlı məlumatla Bakı hava limanı bölüşüb. İyunun 10-dan 22-nə qədər olan dövr ərzində ölkədən 71 min, ölkəyə isə 41 min sərnişin uçub (bunların da 800 nəfəri texniki heyətdir). Heç bunların da hamısı turist deyil, xaricdən gələn vətəndaşlarımızı da unutmayaq, bu da 13 gün ərzində təxminən 24 min nəfər edir. Nəticədə, 17 min nəfər alınır. Bunlardan min nəfərini texniki heyətin nümayəndələri kimi götürmək olar.
Beləliklə də, tədbirlərin reytinqi aşağıdakı kimi görünür:
Ümumilikdə tədbirlərə 3,8 milyard, 250 milyon və 721 milyon dollar xərclənib (“Crystal Hallun inşasını da əlavə etsək). Beləliklə 59 min əcnəbi üçün (ki bunların 20 min nəfəri də iştirakçı idi) 5121 milyon dollar xərclənib.
Turizmin çiçəklənməsi barədə durmadan danışmaq olar, amma statistika öz sözünü deyir. Dediyi də odur ki, iqtisadiyyatın bu istiqamətinin inkişafı yaxın gələcəkdə gözlənilmir. Bütün Azərbaycan turizminin 2016-cı il üçün yeganə nailiyyəti o olub ki, Bakıya Novruz tətilləri zamanı 44 min iranlı səfər edib, onların da xərcləri ümumilikdə 30-35 milyon dollardan artıq ola bilməzdi (görünür, bundan da az imiş, bununla bağlı rəsmi məlumat hələ ki yoxdur). Belə bir “axın şəhərin bütün mehmanxanalarının dolmasına, müvafiq infrastrukturun da tam yüklənməsinə gətirib çıxarmışdı. Yəni birdən Avropadan olan turistlər həmin günlərdə gəlmək istəsəydilər, qalmağa yer tapmayacaqdılar.
Məqalədə Dövlət Statistika Komitəsinin məlumatları və açıq mənbələrdən olan informasiya istifadə olunub:
http://www.cbar.az/lpages/statistics/external-sector-statistics/
http://stat.gov.az/news/?id=2887
http://www.kaspiy.az/news.php?id=28787
http://news.day.az/society/774756.html
http://mct.gov.az/styles/doc/mehmanxana.pdf
Dərc edilib 30.08.2016