Yeni Belarus
Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin konstitusiyaya dəyişikliklərin edilməsinə artıq hazır olduğu bəyanatı ilə çıxış edib. İkinci, eyni dərəcədə vacib bəyanatında isə o bildirib ki, dəyişiklik və islahatları “Ağsaqqallar Şurası işləyib hazırlayacaq.
Konkret olaraq hansı dəyişikliklərdən söhbət getdiyi hələlik məlum deyil, amma ehtimal olunur ki, bu dəyişikliklər referendum vasitəsilə həyata keçiriləcək. Ölkə başçısı tərəfindən anons edilən “ağsaqqaların siyahısına kimin daxil olduğu da məlum deyil.
Buna görə də Avroradio hələlik öz ağsaqqallarını tapdı – bu, politoloqlar Denis Melyantsov və Andrey Kazakeviç, bundan başqa da Konstitusiya məhkəməsinin keçmiş hakimi Mixail Pastuxovdur. Onlar Belarusu hansı islahatlar və dəyişikliklərin gözlədiyi ilə bağlı ehtimallarını irəli sürdülər.
1-ci variant. Parlament respublikasına keçid (prezidentin ümumxalq səsverməsi ilə deyil, parlament tərəfindən seçilməsi)
“Həqiqətən də hakimiyyətimiz Rusiya tərzi ilə suveren demokratiya oyununu oynamaq və bununla da parlament və partiya sistemlərinin mövcudluğunu nümayiş etdirmək istəyirsə, onda prezident deyil, prezident-parlament respublikasına tərəf dəyişikliklər mümkündür, – politoloq Denis Melyantsov deyir.
O həm də əlavə edir ki, parlament respublikası heç də həmişə daha demokratik olmaq demək deyil. Belarusda sistemin reallıqda necə fəaliyyət göstərdiyi daha vacibdir, nəinki onun konstitusiyada kağız üzərində necə yazıldığı.
Belarusun parlament respublikasına keçidinin mümkünlüyü haqqında Konstitusiya məhkəməsinin keçmiş hakimi Mixail Pastuxov da danışdı. O, Ermənistanın bu yaxınlardakı təcrübəsinə istinad etdi.
“Deyək ki, “Ermənistan variantı mümkündür. 2015-ci ilin dekabr ayında ölkədə keçirilən konstitusiya referendumu prezidentin parlament deputatları tərəfindən seçilməsinə keçidi təsdiq etdi.
2-ci variant. Seçki sistemində dəyişikliklər
Bunu sorğu olunan hər üç ekspert təxmin edir. Söhbət parlament seçkilərinin partiya siyahıları üzrə keçirilməsinin mümkünlüyündən gedir.
Yəni bu zaman konkret adama deyil, partiyaya səs verilir. Partiya isə parlamentə kimi göndərəcəyi ilə bağlı qərar verir (əlbəttə ki, lazımi sayda səs topladığı halda).
Nəzəri cəhətdən belə bir sistemin tətbiq olunması üçün konstitusiyanı dəyişməyə ehtiyac yoxdur – seçki qanunvericiliyini dəyişmək kifayət edir. Amma parlament respublikasına keçərkən (yuxarıdakı bənddə göstərildiyi kimi) birbaşa ölkənin əsas qanununda dəyişikliklər etmək lazımdır.
3-cü variant. Ölüm hökmünün ləğvi
“Dövlət başçısı onu bəhanə gətirir ki, xalq 1996-cı ildə baş tutan referendum zamanı belə qərar verib. Buna görə də bir daha bu məsələ ilə bağlı öz fikrini mütləq nəticə ilə bildirməyi təklif etmək olar. Bunu həm cəmiyyət, həm də Avropa tələb edir, – Mixail Pastuxov deyir.
Bu cür dəyişikliklər variantı da kifayət qədər ağlabatan görünür. Bu halda da referenduma ehtiyac var.
Digər tərəfdən də cəmiyyətin və Qərbin pozitiv reaksiyasını almaq üçün ölüm hökmünü konstitusiyaya dəyişiklik etməklə ləğv etməyə heç bir ehtiyac yoxdur, moratori tətbiq etmək kifayət edir. Bunu bir neçə günə, xeyli maddi vəsaitə başa gələn referendum keçirmədən, dövlət başçısının bircə fərmanı ilə etmək mümkündür.
4-cü variant. Təsərrüfat Məhkəmələrinin adının hallanmasından imtina
“Belarusda artıq iki-üç il olar ki, Təsərrüfat Məhkəmələri sistemi ləğv olunub. Konstitusiyada isə misal üçün, Ali Təsərrüfat Məhkəməsi hələ də qalır. Bu açıq-aşkar ziddiyyətdir və bunu aradan qaldırmaq lazımdır, – Mixail Pastuxov deyir.
Bu, həqiqətən də belədir – konstitusiyada Ali Təsərrüfat Məhkəməsinin adı çəkilir, əslində isə yoxdur. Buna görə də əsas qanunun mətnini yenidən yazmağa ehtiyac var. Digər tərəfdən də belə bir xırda məsələ üçün Ağsaqqallar Şurasını çağırmaq və referendum keçirmək nəyə lazımdır?
5-ci variant. Respublika Şurasının ləğvi
“Bizim parlamentin Ali Palatası ilə problemlərimiz var. O, bir çox parametrlər üzrə işləmir və ya ümumiyyətlə artıqdır. Deməli, onu ümumiyyətlə ləğv etmək olar. Düzdür, deyəsən, bu mövzuda heç bir diskussiya aparılmayıb. Amma vəzifələrin yenidən paylanması məntiqə uyğun olardı, – politoloq Andrey Kazakeviç belə hesab edir.
Ekspertin fikrincə, parlamentin iki hissəyə bölünməsinin məqsədi qərəzli müxalifətçilərdən sığortalanmaq idi. Qorxu güclü hissdir, müxalifət də 90-cı illərdə başqa idi.
İndi ara sakitləşib, buna görə də daha sadə parlament sistemini qaytarıb, Respublika Şurasını ləğv etmək və ya onu Nümayəndələr Palatası ilə birləşdirmək olar.
Bütün ekspertlər belə hesab edir ki, dövlət başçısı elə-belə, boş yerə konstitusiyaya dəyişikliklər barədə danışmazdı. Lukaşenkonun bununla bağlı açıqlaması ondan xəbər verir ki, qərar artıq qəbul edilib və qərarın nədən ibarət olması yaxınlarda bilinəcək.
Dərc edilib: 21.10.2016