Yeddi saat əsirlikdə
İyirmi ildir ki, dağlıq yerdə yaşayan Barseqyanovlar ailəsi maldarlıqla məşğul olur. Kustar kənd evində həyat sürən ər-arvad xarici dünyadan təcrid olunub.
“Bizim bircə radioqəbuledicimiz var – vəssalam. Nə televizorumuz, nə də işığımız yoxdur, axşamlar neft lampası yandırırıq. Biz öz işimizlə övladlarımıza həyan oluruq – kərə yağ, smetan, ərinmiş yağ istehsal edirik. Oğlanlar məhsulu satışa aparmaq üçün həftədə bir dəfə bura çıxırlar. Seyran əsir düşəndən sonra biz kənd otlağında mal otarmaqdan imtina etdik. O, döyüş meydanına yaxındır və çox təhlükəlidir”, – Siruş Barseqyan deyir.
67 yaşlı qadının yanaqları qızmar dağ günəşindən yanıb, əlləri isə ağır kənd təsərrüfatı işindən qabar-qabardır. Ərinin öz əli ilə tikdiyi evdə müvəqqəti yaşayış üçün hər cür şərait var – mətbəx, yataq otağı, qonaq otağı. Ər-arvad mətbəxin bir küncünə öz əlləri ilə hazırladıqları sovqatları qoyurlar.
“Bizim 12 inəyimiz var, mənimlə bərabər Seyran da onları sağır. Bazar günləri isə oğlanlarım məhsulları aşağı aparıb satmaq üçün kənddən bura qalxırlar”, – Siruş izah edir.
Barseqyanların beş övladı və on iki nəvəsi var. Onlar Yerevandan 180 km aralıda yerləşən, sərhəd yaxınlığındakı Tavuşsk bölgəsinin Voskevan kəndində yaşayırlar. Kəndin əvvəlki adı Qoşqotadır ki, bu da Azərbaycan dilinə tərcümədə kobud kotan deməkdir. 1400 sakini olan səfalı Voskevanın Azərbaycanla 12 kilometr uzunluğunda sərhədi var.
1993-cü il avqustun 18-də Voskevanın iki sakini – Seyran Barseqyan və Arto Qriqoryan azərbaycanlı əsgərlərə əsir düşüblər. Arto Qriqoryan 2008-ci ildə ölüb. Seyran əsir düşməsini xatırlayanda səsi və baxışları dəyişir.
“Mən malı qovmaq üçün gedirdim. Birdən dörd nəfər üstümə hücum çəkdi, əl-qolumu bağladı, sonra yoldaşımı da mənə sarıdılar, çünki o, pis görürdü. Başıma düyü kisəsi keçirib sürüdülər. Bizi sərhəd tərəfə aparanda gözlərim qaraldı, axırımın çatdığını, məni öldürəcəklərini anladım. Mən heç nə görmürdüm: məni öz qərargahlarına əl-qolu və gözü bağlı apardılar”, – başına gələnlərin hər dəqiqəsini xatırlamağa çalışan Seyran Barseqyan danışır.
Dzitankda mal-qara otarmaq üçün əla otlaqlar var
İnəkləri sağmaq vaxtıdır
Dzintak dağlarının zümrüdü yamacları
“Başımdan qan axırdı. Mən həyatımın son saatlarını yaşadığımı anlayır və bu kötəkləri cavabsız qoymurdum. Ailəmi, arvadımı unutmuşdum. Sonra bizi qoyun pəyəsinə apardılar. Mənə elə gəlirdi ki, bizi məhz orda qətlə yetirməyə hazırlaşırlar. Ağılın qapısına nəhəng bir it bağlamışdılar. Köpək heç mən tərəfə baxmadı və bu azərbaycanlı hərbçini özündən çıxardı. Bir buna bax, o deyirdi, heç it də ona hürmür”, – Seyran xatırlayır.
Əsir düşmüş kəndliləri pəyədə yenidən döyürlər. Bir azdan onları ordan çıxarandan sonra azərbaycanlı hərbçilərdən biri Seyrana yaxınlaşıb onu adı ilə çağırır və deyir: “Bu sənsən?”
Seyran da azərbaycanlını – qonşu Qazax rayonunun Paraklu kəndində yaşayan keçmiş dostu Əmirxanı tanıyır.
“Biz qucaqlaşdıq, gözlərimiz yaşardı… Mən Əmirxanı indi də görsəydim, onu qucaqlayar və bərk-bərk öpərdim. O olmasaydı, biz sağ qalmazdıq. Biz bir-birimizi hələ dinc sovet dövründən tanıyırdıq. O, dəfələrlə bölüşdüyümüz duz-çörəyi unutmamışdı. Mən qonşu Voskepar kəndində avtomobil çilingəri işləyirdim. İş yerimin yaxınlığında yaxşı yeməkxana vardı. Onda aramızda heç bir dava-dalaş yox idi və azərbaycanlılarla bərabər ermənilər də həmin yeməkxanaya gedirdilər. Biz onunla orda tez-tez nahar edərdik”, – 72 yaşlı Seyran Barqesyan danışır.
Ər-arvad həmin gün atası ilə bərabər olan Merujanın əsir düşməməsini xoşbəxt təsadüf sayır.
“Merujanın onda 17 yaşı vardı və mən mal-qaranı otarması üçün onu özümlə tarlaya götürdüm. Böyük oğlum Martik ordudan təzə qayıtmışdı və Merujan onun hərbi formasında gəzirdi. Həmin gün Merujana burda qalıb qoyunlardan göz-qulaq olmasını tapşırdım, özüm isə inəkləri yamacla yuxarı apardım. Azərbaycanlılar məni elə orda yaxaladılar. Merujan inəkləri mənim yerimə aparsaydı, onda onu oğurlayardılar və öldürərdilər. Oğlanı sağ buraxmazdılar. Məni tanıdılar, elə buna görə də azad etdilər”, – Seyran sözünə davam edir.
Ərinin nəvazişlə Quşik (göyərçinin kişildilmiş oxşayıcı adı) çağırdığı Siruş Barseqyan həyəcanla xatırlayır ki, baş verən hadisə barədə eşidən kimi ilk növbədə oğlunun taleyini fikirləşib.
“Düşündüm ki, əgər atasının yanındadırsa, heç olmasa o, xilas olsun, amma Allaha şükür ki… bizim yaşadıqlarımız çox dəhşətli şeylər idi. Bunu sözlə ifadə etmək çətindir, mənim heç bir ümidim yox idi. Amma möcüzə baş verdi və Seyran da evə qayıtdı. Onda ölümdən xilas olmuş Seyranın pişvazına çıxmaq üçün bütün kənd bizdə yığışmışdı. Bütün gecə bayram etdik”, – Siruş danışır.
Qadının ərinin dediyinə görə, Əmirxanla Ermənistan-Azərbaycan sərhədində vidalaşnda ondan ertəsi günün axşamı burda yenidən görüşməyi xahiş edib. Seyran bu hərəkəti ilə həyatını xilas etdiyi üçün ona xüsusi minnətdarlığını bildirmək istəyib.
“Mən ondan həmin yerə çatanda havaya atəş açmasını xahiş etdim. Bu zaman mən onun siqnal verdiyini anlayardım. Mən dedim ki, özümlə qoyun, araq və çaxır gətirəcəm və biz çeşmənin başında yeyib-içərik, dostluğumuzsa əvvəlkindən də möhkəm olar. Mən bunun mümkün olduğuna inanırdım. Əmirxan, sözləşdiyimiz kimi, həmin gün gəlib havaya atəş açdı. Həmin an bədbəxtlikdən həyəcan siqnalı verildi və tərəflər arasında atışma başlandı. Mənə ora getməyə icazə vermədilər, halbuki Əmirxanla görüşə hazırlaşırdım. Biz onunla eləcə də görüşmədik, amma mən ömrümün sonunadək ona minnətdar olacam”, – Seyran Barseqyan sözünü bitirir.