Böyük müharibə mümkündürmü? Bakıdan baxış
Yaxın Şərqdə müharibə
Yaxın Şərqdə davam edən müharibə qlobal gündəmin əsas mövzusu olaraq qalır. İsraillə Fələstin arasında gedən döyüşlər Azərbaycanda ekspertlər və sosial media istifadəçiləri arasında da qızğın müzakirələrə səbəb olur.
- Saxlanılmış Madat Babayan Xocalı faciəsi qurbanlarının basdırıldığı kütləvi məzarlıqların yerini göstərib
- Türkiyədə həbs olunan sosial şəbəkə fenomenlərinin işində Gürcüstan izi
- “Evimiz üçün darıxmışam”. Xocalıya köçəcəyi günü gözləyən 70 yaşlı Vidadi Məmmədovun hekayəsi
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CSSC) dünya ölkələrini Fələstin-İsrail münaqişəsi ilə bağlı təsnifləşdirən analitik hesabat dərc edib. Azərbaycanlı ekspertlər həmçinin Yaxın Şərqdə hadisələrin sonrakı gedişatını proqnozlaşdırmağa çalışıblar.
Yaxın Şərqdə bugünkü vəziyyət
“Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Fələstinin radikal HƏMAS təşkilatının İsrailə qəfil hücumu öz amansızlığı, xüsusən də mülki əhaliyə qarşı qəddarlığı ilə yadda qalsa da, İsrailin davam edən cavab tədbirləri həddən artıq sərtliyi ilə seçilir.
Bu günlərdə İsrail Müdafiə Qüvvələri Qəzza sektorunda “Dəmir qılınclar” xüsusi hərbi əməliyyatının artıq üçüncü mərhələsini icra edir. Elan olunan hədəf HƏMAS-ın hərbi infrastrukturunu və idarəetmə potensialını məhv etmək, bölgəni yaraqlılardan təmizləməkdir.
HƏMAS-ın lokal hücumu zamanı bəyan edilən ilkin məqsəd ələ keçirilən girovları İsraildə həbsdə olan fələstinlilərə dəyişmək olsa da, qarşılıqlı raket zərbələrinin intensivliyi və miqyası, eləcə də İsrailin Qəzzaya hərbi müdaxiləsi münaqişənin öz sərhədlərini genişləndirərək daha böyük dövlətlərarası müharibəyə çevrilməsi riskini yaradır”.
Dünya ölkələrinin münaqişəyə münasibətdə təsnifləndirilməsi
“Hazırda İsrail-Fələstin münaqişəsindəki son gərginliyə münasibətdə dünya dövlətlərini şərti olaraq üç qrupa bölmək olar:
- İsrail tərəfdarları: Bu qrupa daxil olan ölkələr, bir qayda olaraq İsrailin həddən artıq sərt addımlarına göz yumur, müvafiq tədbirləri Tel-Əvivin özünümüdafiə hüququ ilə əsaslandırırlar. Eyni zamanda, həmin dövlətlər HƏMAS-ı terror təşkilatı adlandırır, onu və himayədarlarını regional gərginliyin başlıca mənbəyi hesab edirlər;
- HƏMAS tərəfdarları: Bu ölkələr birmənalı şəkildə radikal Fələstin hərəkatını dəstəkləyir və onun törətdiyi bütün amansızlıqlara haqq qazandırırlar. HƏMAS tərəfdarları İsraili “terror dövləti” adlandırmaqdan belə çəkinmir, hazırda bölgədə baş verənlərdə məhz rəsmi Tel-Əviv və onun müttəfiqlərini günahlandırırlar;
- Neytral dövlətlər: Üçüncü qrupu təmsil edən ölkələr öncəkilərə nisbətdə daha obyektiv və balanslaşdırılmış mövqe nümayiş etdirirlər. Bu dövlətlərin rəsmiləri öz çıxışlarında həm İsrail, həm də HƏMAS-ı humanitar hüquqa və müharibə qaydalarına riayət etmədiklərinə görə tənqid edir, eyni zamanda münaqişənin BMT qətnamələri əsasında həllini, iki dövlət prinsipi üzrə İsrail və Fələstin dövlətlərinin paralel olaraq mövcudluğunu dəstəkləyirlər”.
Böyük müharibə mümkündürmü?
“Cari münaqişəyə yanaşmadakı fərqliliklərə baxmayaraq, mövzu ilə bağlı hər üç qrupdan olan dövlətləri birləşdirən ortaq bir məqam var. Belə ki, istər böyük güclər, istərsə də digər ölkələr münaqişənin daha geniş areala yayılmasında, lokal toqquşmalardan irimiqyaslı regional müharibəyə çevrilməsində maraqlı deyillər.
“Cari münaqişəyə yanaşmadakı fərqliliklərə baxmayaraq, mövzu ilə bağlı hər üç qrupdan olan dövlətləri birləşdirən ortaq bir məqam var. Belə ki, istər böyük güclər, istərsə də digər ölkələr münaqişənin daha geniş areala yayılmasında, lokal toqquşmalardan irimiqyaslı regional müharibəyə çevrilməsində maraqlı deyillər.
Hərçənd, Qərb mətbuatında Rusiya və Çin böyük müharibədə maraqlı tərəf kimi təqdim olunsalar da, əslində genişmiqyaslı münaqişə Moskva və Pekin üçün heç də arzuolunan ssenari deyil.
Yaxın Şərqdə lokal gərginlik ocağının alovlandırılması ABŞ başda olmaqla, Qərbin diqqətini yayındırmaq və resurslarını parçalamaq məqsədi daşıyır. Bununla da, Rusiya əsasən Vaşinqtonun Ukraynaya dəstəyini zəiflətməyə çalışır. Çin isə özünün “Bir kəmər, bir yol” təşəbbüsünə alternativ olan və məhz İsraildən keçəcək Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) layihəsini gündəmdən çıxarmağı hədəfləyir.
Başqa sözlə, İsrail-Fələstin münaqişəsinin məhdud sərhədlər çərçivəsində davam etməsi hazırki məqamda həm Moskva, həm də Pekinə cari məqsədlərinə çatmaq üçün kifayət edir.
Əksinə, əgər münaqişənin miqyası böyüyərsə və hərbi qarşıdurmaya bilavasitə cəlb olunan dövlətlərin sayı artarsa, belə şəraitdə Rusiya və Çinin tərəfdaşı olan İranın birbaşa zərbələr altında qalması ehtimalı çox yüksəkdir. Bununla yanaşı, böyük müharibə həm Qərb, həm də Moskva-Pekin-Tehran-Pxenyan dördlüyü arasındakı hazırki balansın pozulması ilə nəticələnə bilər ki, bu da tərəflərdən heç biri üçün məqbul deyil. Odur ki, Kreml öz tərəfdaşları ilə birgə Yaxın Şərqdəki gərginliyin orta müddətli perspektivdə lokal dairədə saxlanılmasında maraqlıdır.
Bir sözlə, hadisələrin neqativ ssenari üzrə inkişafı proqnozlaşdırılması mümkün olmayan qlobal fəsadlara gətirib çıxara bilər. Məhz bu amil maraqlı tərəfləri ehtiyatlı davranmağa sövq edir və İsrail-Fələstin münaqişəsinin öz lokal sərhədlərini aşaraq genişmiqyaslı regional müharibəyə çevrilməsi riskini xeyli azaldır”.