Yaxın Şərq getdikcə Cənubi Qafqaza yaxınlaşır. Bakıdan baxış
Yaxın Şərq Cənubi Qafqaza yaxınlaşır
“Cənubi Qafqaz bir neçə regional müstəvidə təmsil olunur – bu, Şərqi Avropa, postsovet məkanı, Yaxın Şərq və Mərkəzi Asiyadır. Artıq son üç onillikdir ki, bu bölgələrlə əlaqələr genişlənir. Son bir neçə ilin geosiyasəti isə Cənubi Qafqazı Mərkəzi Asiya, Avropa və Yaxın Şərqə daha da yaxınlaşdırıb”, – siyasi analitik Fərhad Məmmədov belə hesab edir.
- Azərbaycanda yanıq xəsarətləri alanlar harada və necə müalicə olunur?
- İranda casusluqda təqsirli bilinən azərbaycanlı sərbəst buraxılıb
- Azərbaycanda polis maşınının törətdiyi qəza nəticəsində iki uşaq həlak olub
Onun fikrincə, Yaxın Şərqdə davam edən transformasiyaların dinamikası Cənubi Qafqaz ölkələrinin mütərəqqi iştirakını stimullaşdırır.
“Şübhəsiz ki, Cənubi Qafqaza ən çox təsir edən Suriyadakı vətəndaş müharibəsi olub. Azərbaycan vətəndaşları hər iki tərəfdən cihadçıların bayrağı altında döyüşüb; Ermənistanda Suriyadan olan qaçqınlar peyda olub, Suriya və Livan ermənilərinin silahlı birləşmələri Qarabağ müharibəsində iştirak edib, Ermənistan Rusiyanın silahlı kontingentinin tərkibində Suriyaya öz ordusunu göndərib.
Regionun qonşuları – Türkiyə, Rusiya və İran Suriya üzrə Astana qarşılıqlı fəaliyyət formatını rəsmiləşdiriblər ki, bu konsensus dolayısı ilə Cənubi Qafqaza da şamil edilib. Ötən ilin sonunda İran və Rusiya Suriyada məğlubiyyətə uğrayandan sonra isə vəziyyət dəyişib. Cənubi Qafqaza təsir edən yeni aktorlar və yeni ziddiyyətlər meydana çıxıb.
Hazırkı mərhələdə kürd məsələsi daha kəskin şəkil alıb, onun ətrafında “lehinə” və “əleyhinə” olmaqla koalisiyalar yaradılır.
Kürdlərin bölgədə harada və hansı vəziyyətdə olduqlarını qısaca qeyd edək:
- Türkiyədə – üçüncü ən populyar siyasi partiya və gizli terror təşkilatı var;
- İranda – onların parlamentdə vahid partiya kimi olmasa da, siyasi təmsilçiliyi mövcuddur, silahlı birləşmələri zəifdir;
- İraqda – iqtisadi resursları və güclü silahlı qüvvələri, xarici dünya ilə əlaqələri olan tam muxtariyyətə malikdirlər, lakin dənizə çıxışları yoxdur;
- Suriyada – ABŞ-ın dəstəyi ilə silahlı birləşmələr yaradılıb, təbii məskunlaşma arealından daha böyük ərazilərə nəzarət edirlər və dənizə çıxışları yoxdur.
Bu gün Suriyada “yerdə” təmsil olunanalar Türkiyə, İsrail, ABŞ və bu qüvvələrin rəhbərlik etdiyi digər qruplardır. Kürd məsələsi Türkiyə-ABŞ münasibətlərində artıq mübahisə mənbəyinə çevrilib, Türkiyə-İsrail münasibətlərində isə yaxın gələcəkdə çevriləcək.
ABŞ və İsrail bir tərəfdən Suriyada proqnozlaşdırıla bilənliyi təmin etməyə çalışırlar ki, bu da Türkiyəsiz mümkün deyil, əks halda İran və Rusiya yenidən peyda olacaq. Digər tərəfdən, bölgədə Türkiyəni məhdudlaşdıran yeganə qüvvə kürdlərdir və buna görə də onlara dəstək verilir.
Türkiyə də öz növbəsində əldə etdiyi uğurları möhkəmləndirməyə çalışır və ikili yanaşma sərgiləyir: Suriyanın gələcəyi ilə bağlı kürdlərlə danışıqlara başlamaqla yanaşı, ölkədə terrorçu qruplara qarşı hərbi əməliyyatlar aparır, onların nəzarət zonasını daraldır. Danışıqlar həm Suriyanın müvəqqəti hökuməti, həm də ABŞ vasitəsilə aparılır və artıq İraq Kürdüstanından olan Bərzani klanının ağsaqqalı da prosesə qoşulub”.
Cənubi Qafqaz bu vəziyyətdə haradadır?
“ABŞ ilə Xartiya imzalamaqla Ermənistan ABŞ-ın İŞİD-ə qarşı mübarizə koalisiyasında iştirak etmək öhdəliyini üzərinə götürüb və bu, dolayısı ilə Suriyada Türkiyə ilə döyüşən kürd terrorçularının dəstəklənməsində iştirakdır.
Azərbaycan üçün bu vəziyyət həm təhlükə, həm də fürsət yaradır. İsrail açıq şəkildə kürd terrorçularını dəstəkləməyə qoşularsa, təhlükə Suriyada Türkiyə ilə İsrail arasında açıq qarşıdurmadır. Əgər ABŞ İsrail və Suriya kürdlərindən ibarət koalisiya yaratsa, o zaman belə çıxır ki, İsrail və Ermənistan ABŞ çətiri altında bu və ya digər formada koalisiyada iştirak edəcək.
Son bir neçə gündə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri, İsrail prezidenti və İraq Kürdüstanı hökumətinin başçısı ilə görüşüb. Türkiyə və İsrailin Yaxın Şərqdə əsas rol oynadığı status-kvonun bərqərar olması Azərbaycana sərfəli olduğu üçün Türkiyə-İsrail arasındakı kəskin ucların hamarlanmasında Bakı müəyyən rol oynaya bilər”.