Yaşadığı evi restorana çevirən gənc aşpazın hekayəsi
Evini restorana çevirən gənc aşpaz
Yaqub Zeynalzadə – 26 yaşlı gənc aşpaz. Kulinariya təhsilini Xorvatiyada və İtaliyada alıb. Bir müddət İtaliyada bir restoranda aşpazlıq edib. Sonra vətənə qayıdıb. Hazırda Bakı şəhəri Lermontov küçəsi, 123 ünvanında kirayələdiyi evi restorana çevirib, artıq öz işinin sahibidir. Bir otaq və artırma çardaqdan ibarət olan bu evdə həm yaşayır, həm də müştərilərini qəbul edir…
- Azərbaycanda veqan olmaq: Ətdən imtina işin heç yarısı da deyil
- Müğənni qadın və mentalitet: Azərbaycanlı Melayın çətin səhnə yolu – VİDEO
- Gəncəni dəyişmək istəyən Zeytun və Alisa – VİDEO
Nənədən gələn aşpazlıq
“Hamısı nənəmdən gəlir. Həm bişirmək, həm də qulluq etmək. O, məni böyüdüb. Onu nə vaxt görmüşəm, həmişə işləyib. Yaxın zamanlarda başa düşdüm ki, bu həm genetik, həm də göz vərdişi olaraq uşaqlıqdan mənə keçən bir şeydir. Bu proseslərin gedişatına nənəmin bilavasitə təsiri olub”.
Yaqub Gəncədə böyüyüb boya-başa çatsa da, hər il yay aylarını nənəsi ilə birlikdə Daşkəsəndə keçirib.
Yaqub deyir ki, Daşkəsəndə yaşadığı müddətdə nənəsinin yaratdığı hədsiz rahat həyat onu sıxmağa başlayıb. Odur ki, bir gün komfort zonasından çıxıb ailəsindən, ən əsas da nənəsindən uzaqda tək yaşamaq qərarına gəlib. Kimsənin himayəsi olmadan nəyə qadir olduğunu anlamaq üçün. Bakıya köçüb və bununla da müstəqil həyatı başlayıb.
“İlk olaraq dostumla şəhərin mərkəzinə köçdük. Mənzil icarəyə götürdük. İstəyirdim ki, həm ofisim olsun, həm də evim. Həm yaşaya, həm işləyə, həm də tədbirlər təşkil edə bilim. Həmin ərəfədə mən çox dindar idim. Radikal və heç kimlə yola getməyən dindar. Təcrid olunmuşdum və assosial idim. Ətrafımda çox az dostum var idi”.
Elə bu səbəbdən bir müddət sonra dostu ilə də yollarını ayırmalı və həmin mənzildən köçməli olub.
“Köçdüyüm ərəfədə mədrəsədə də təhsil aldım. Bu təhsilin çox təsiri oldu mənə. Dini başa düşdükdən sonra artıq bir növ öz yəqinimi tapdım. Bu məni rahatlatdı və fərqli nələrsə örənməyə başladım. Yeni insanlar tanımaq istəyi yarandı”.
Yaqub həmin ərəfədə eyni zamanda yeddi ən müxtəlif sahəyə aid işdə çalışırmış. Pandemiya dövründə başlatdığı layihələrin birində ziyana düşüb və borcları yaranıbmış:
“Bu qədər yüklənmə səbəbim pul qazanmaq və borcları qaytarmaq idi. Sonda anladım ki, özüm sahibkar kimi iş qurmaq istəyirəm. “Projekt Flat” adlandırdığım lahiyəm olan restoran-evin fəaliyyətinə start verdim”.
“Projekt Flat” və ya “azad məkan”
“Əşyalarımı toplayıb, bir araya yığmaq 2 ayımı aldı. Bu kiçik evə yerləşdim, yavaş-yavaş sakitləşib, sanki özümü bu məkana həsr etdim.
Eventlər üçün bir yerdən başlamalı idim. 40 manat pulum vardı. Elə həmin gün “Projekt Flat” layihəsini başlatdım. 20 manatı özümə saxladım, 20 manata da şiriniyyat alıb, çay hazırlayıb, qonaqları dəvət etdim. Bu ilk eventimiz oldu. Musiqi, əyləncə. Qonşularla hələ də problemimiz yoxdur”, – Yaqub danışır.
Onun sözlərinə görə, layihənin məqsədi eventlər vasitəsilə insanlarla şəbəkələşmək olub:
“Həm mən onlarla tanış olurdum, həm də onlar bir-biri ilə. Qərara gəldik ki, elə insanlar dəvət edək, bu tanışlıq produktiv olsun. Tanışlıqdan nəsə yarana bilər deyə düşündük. Bu bir biznes də ola bilər, hər hansısa bir sosial layihə də.
Müəyyən qədər maddi qazanc olmasa da, insanlar qazanırdım. Çünki heç kəsi tanımayan mən artıq yavaş-yavaş insanları tanımağa başlayırdım”.
Yaqub, restorana çevirdiyi bu mənzili həm də “azad məkan” adlandırır. Onun sözlərinə görə bura gənclərin toplaşdığı, dadlı təamlar daddığı və həm də bişirdiyi, azad fəaliyyət göstərdiyi, eventlər təşkil edildiyi məkana çevrilib.
Regionların tanınmayan ləzzətlərinin məkanı
Yaqub deyir ki, “Projekt Flat” təkcə restoran və ev deyil, həm də uzun bir zəncirin parçasıdır.
“Rayonlarda, kəndlərdə potensiallar var və o potensialları tapıram. Ya zəng edərək, ya da gedərək. Ordakı məhsulları, hansılar ki, burda tanınmır, çox insan bilmir, gətirib necəsə hazırlayaraq insanlara təqdim etməyə çalışıram.
Kəndlərə gedib ordakı insanlara aqro-turizm, İsveçrə modeli haqda və sairə danışmağım onlara nağıl kimi səslənirdi. Onlara əlçatmaz perspektivlər yox, nağd kömək daha maraqlı idi. Mən də onların məhsulunu alırdım”.
Yaqub əvvəlcə bunu sadəcə şəxsi marağından edirmiş. Çalışdığı layihələrdən regionlara ezamiyyətə göndəriləndə, verilən ezamiyyət puluna qənaət edib, getdiyi yerdən maraqlı məhsullar alıb gətirirmiş. Maraqlı yeməklər hazırlayıb, dostlarını qonaq edirmiş. Sonra da kəşf etdikləri yeni ləzzətləri müzakirə edirmişlər.
“Sonra bu prosesi pula çevirmək istədim. Həm zövq aldığım bu işi davam etdirə bilim, həm də bu iş özü-özünü təmin eləsin. Beləcə məhsulları alıb menüyə çevirirəm, satıram. Nəticədə həm məhsul alıb, kəndlilərə xeyir verirəm, həm də bişirib insanlara daddırmış oluram, məhsulların hekayələrini danışıram”.
Yemək seçimini müştəri yox, aşpaz edir
“Projekt Flat” müştəriləri əsasən Instagram səhifəsi vasitəsilə cəlb edir.
“Yazırlar, maraq göstərirlər. Sadəcə Azərbaycanda biznes sahəsində data çatışmazlığından kiçik bizneslər çətinliklərlə qarşılaşır. Bizdə bünövrədir, yeni başlayır, fərqli konseptdir deyə çətinliklər yaranır.
Bir tərəfdən də sabit maaş yoxdur deyə asan deyil. Ola bilər 1 həftə hər gün qonaq olar, ola bilər 10 gün heç kim olmaz”.
Yaqub deyir ki, bu konseptdə müştərinin seçimiylə yemək hazırlanmır. Müştəri aşpaza inanır və onun seçiminə şübhə etmir:
“Odur ki, müştərilərə veriləcək yeməyi mən qərarlaşdırıram. Məqsəd təbii ki, müştərini məmun etməkdir”.
Həm də studiya və akademiya
Bu məkanın funksiyası ev və restoran olmaqla da yekunlaşmır. Bura həm də studiyadır. Burada foto və video çəkilişlər edilir, müxtəlif kulinariya platformaları üçün kontent yaradılır.
Yaqub deyir ki, eyni zamanda bura bir növ akademiyaya çevrilib:
“Zaman keçdikcə bura könüllülər cəlb olundu. Onlar burada aşpazlıq sənətini öyrənirlər. Öyrətdiklərimdən 2 nəfər artıq bizimlə daimi işləyir. Lakin bura heç bir iş yerinə bənzəmir. Bu mühiti yaratmaqda məqsədim odur ki, aldığım kulinariya təhsilini, bildiklərimi burada tətbiq edim. Məndən başqa kulinariya təhsili alan dörd qız var. Biri artıq proqramı bitirib, həmçinin yeni qoşulan 3 qıza da öyrədir”.
Bu restoran-evdə Yaqub gənclərin hazırladıqları məhsulları sərgiləməklə də onlara dəstək olur. Məkanın müxtəlif köşələrində fərqli əl işləri, evdə hazırlanmış məhsullar düzülüb. Qonaqlar bu məhsulları alıb dadına baxa bilərlər. Bu məkanı yaratmaqla Yaqub həm öz xəyallarını gerçəkləşdirir, həm də “əli ləzzətli” olan gənclərin yolunu açmağa çalışır.
“Son günlərdə maraqlı şey baş verir. Dost çevrəmdəki insanlar biri bağından pomidor, bibər, badımcan, başqa biri üzüm gətirir. Artıq bu cür tanınmaq da xoşdur. Daima evində təbii yetişdirilmiş yerli məhsul olur. Kimsə nəsə hazırlayıb gətirir, dadına baxıb fikir bildiririk.
Bu, ilk belə fərqli konseptdir və mənim gözləntilərim fantastikdir. Zamanla daha produktiv olacağıma inanıram”, – Yaqub deyir.