Yaqub əmi, tank və Ekkersli
Yaqub əmi
Vaxtıykən Bakıda həm yeni, həm də köhnə kitabların bir yerdə satıldığı piştaxtalar çoxuydu. Bu gün az sayda qalan satıcılar alıcıların olmamasından şikayətlənir. Onların fanerdən olan piştaxtalarında artıq əvvəlki müxtəliflik yoxdur – müasir detektivlər ulduz falı və kulinariya kitabları ilə bir yerə yığılıb.
Nə qədər təəccüblü olsa da, 75 yaşlı kitab satıcısı Yaqub əmi çox nikbindir.
“Bilirsiz, indi gənclərin mütaliəyə, xüsusən də klassik ədəbiyyata marağı artıb, – o, 90-ların nostalji hisslər yaradan instalyasiyası olan piştaxtasının arxasında duraraq söyləyir, burada qaralmış, köhnəlmiş klassik cildlərin yanında “qadın romanlarının əlvan cildləri, onların yanında da ingilis dilində bir-iki kitab var.
Söhbətimiz iki dəfə kəsilir: bir dəfə yanımızdan orta yaşlı qadın keçir.
– Salam, Yaqub. Mənim üçün nəsə var?
– Yox, ancaq Sovet ensiklopediyası var, istəmirsiz?
Sonra da polis yaxınlaşıb, dostcasına xəbər alır:
– Vəziyyət necədir. Nəsə sata bildin?
– Hə, satdım, – Yaqub əmi vacab verərək, pulu uzadır. Polis insafla xırdanı qaytarır.
“Polis çox pul almır, – satıcı deyir, – amma hər gün alır. Heç nə satmamısansa, öz cibindən verməli olursan, – Yaqub əmi izah edir.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə, Yaqub əmiyə və həmkarlarına kitabları onların əksər vaxt elədiyi kimi, bordyurun üstündə satmaq qadağandır. İndi buna görə 80 manat həcmində cərimə tətdiq olunur.
Yaqub əmi hər havada küçədədir, naharını da elə buradaca, iş yerindən ayrılmadan edir, ya da qonşu zirzəmidə buterbrod yeyir və termosda gətirdiyi çaydan içir. Deyir ki, xırda biznesinin yaxşı vaxtları da olub:
‘Yadımdadır, 90-cı illərin əvvəllərində xaricilərlə dolu bir cip yanımda saxladı. Onda Bakıda cip də yoxuydu. Mənə 250 Ekkersli dərsliyi (ingilis dili) dəsti sifariş etdilər. İndiki kimi yadımdadır, 1250 dollar ödədilər. Böyük puluydu. Yarısı da mənə çatdı. Mən də əsl sovet adamı kimi (onda dollar saxlamaq olmazdı) apardım, dəyişdim və ev üçün nə lazımıydısa aldım. Səhərisi gün isə defolt oldu. Dolların qiyməti 10 manat olduğu halda 40 manata qalxdı! Daha çox qazana bilərdim. Amma onsuz da bu, bizə dərs olmur’.
Yaqub əminin bundan daha ekstremal xatirələri də var. Yenə də 90-lardan:
’90-cı ilin yanvar ayı idi, şəhərdə tanklar dururdu. Həmişəki kimi öz yerimə gəlib, kitabları düzdüm. Gördüm, tankdan zabit çıxıb, mənə yaxınlaşır: “Bunların hamısı sizindir? Deyirəm: “Hə, mənimdir, “Yenə var?, dedim “var, onda mənim böyük kitabxanam varıydı. Axı o Rusiyadan idi, orada hamı kitab oxumağı sevir. Mənə deyir: “Otur tanka! Oturdum, evimə getdik. Tank evin yanında saxlayanda, qonşular nə düşünəcəklərini bilmirdilər, yəqin satıldığımı fikirləşdilər. Evə girdik, bu zabit mənim bütün kitabxanamı aldı, beş min rubl ödədi – o vaxt bu, az pul deyildi’.
Digər kiçik mağazalar hər an yerləşdikləri yer qovulmaq təhlükəsindən qorxmasalar da, çətin dövrlər yaşayırlar. Misal üçün, vaxtıykən məşhur olan “Bukinist mağazası. Onun sahibi Vidadi Məlikov da satıcıların olmamasından şikayət edir: “İndi özünüz də bilirsiz ki, insanlar ilk növbədə çörək, sonra da paltar və s. almaq barədə düşünürlər.
Mağazada kitablarla dolu hündür rəflərin sıx düzüldüyünə baxmayaraq, alıcı çox deyil. V. Məlikovun sözlərinə görə, daimi müştərilər də azdır: “Bəzən onlar heç nə almır, ordan-burdan danışıb gedirlər. Əsasən ucuz, geniş oxucu kütləsi üçün nəzərdə tutulan ədəbiyyat – detektivlər və sevgi romanları satılır, amma onların heç ikinci deyil, allah bilir neçənci əldən olan köhnə nüsxələrini 50 qəpiyə də almaq olar.
Həddən artıq zəif ‘Tor’
Bu “kitab avantürasına başlayan Sumqayıtlı üç oğlan xüsusi gəlir əldə edəcəklərini heç düşünmürdülər də. Onların əsas məqsədi müxtəlif çeşidli ticarət mərkəzləri, çayxana və şaurma satan kafelərin sıraya düzüldüyü mərkəzi küçələrdən birində özünəməxsus “intellektual vahə yaratmaq idi. Yeri gəlmişkən, bu küçə məşhur Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Buna görə də tamamilə məntiqlidir ki, yay günlərindən birində bu küçədə “Tor adlı balaca bir kitab mağazası peyda oldu.
Bu mağazanın üç yaradıcısı var – Ülvi Nəcəfli, Orxan Qasımov və Faiq Əliyev.
‘Əslində, biz heç mağaza da deyil, Sumqayıt gəncliyinin toplaşıb, bir-biriylə ünsiyyət qura, kitab və fikirlərini bölüşə biləcəyi klub açmaq istəyirdik. Düzü, biz təbiətcə asosialıq, buna görə də hər şeydən başqa bu, bizim üçün həm də dost tapmaq üsülu idi, – Ülvi onların “kiçik sirrinin üstünü açır.
Mağaza üçün yeri onlara dostları verib. Amma buna baxmayaraq, mağazaya böyük məbləğdə şəxsi vəsait xərclənib (hər halda oğlanların gəlirləri ilə müqayisədə). Əvvəlcə onlar qərara gəliblər ki, dərslik, yuxu yozumları kitabları, dünyanın fəth edilməsi üzrə təlimat və s. kimi kitablar satmayacaq, Azərbaycan və rus dillərində olan dünya bədii ədəbiyyatına üstünlük verəcəklər.
“Torda kitabları almaqdan başqa (minimal qiymətlə), onları müvəqqəti götürmək də olardı, yəni mağaza həm də kitabxana kimi fəaliyyət göstərirdi.
Əvvəlcə alıcılar çoxuydu, amma böhrandan sonra həftədə 10 kitabdan artıq satmaq mümkün deyil.
‘Mağazamızın qapısından girənlərin əksəriyyəti yol soruşmaq üçün gəlir. Düzdür, bu müddət ərzində biz bir çox stereotipdən azad olduq. Misal üçün, olur ki, ziyalı görkəmli bir insan gəlir, bir saat özünün elmliliyi barədə danışır, sonra da heç kitab tərəfə baxmadan, gedir. Və əksinə – tində dayanan tiplərə oxşayan şübhəli görünüşlü biri gəlib, Höte, Selincer, Firdovsinin kitablarını alır’.
Alıcıları cəlb etmək üçün Ülvi, Orxan və Faiq hətta İçəri şəhərin əntiq mal dükanlarında və ya İstambul restoranlarında olduğu kimi hərəkət etmək qərarna gəlirlər. Qapının ağzında dayanaraq, onlar ötüb keçən cavanları içəri dəvət edirlər – nəsə almaq üçün yox, baxmaq, vərəqləmək, oxumaq üçün. Amma bundan da bir şey çıxmır.
Mağaza bağlanıb. Tələbatın olmaması səbəbindən.
Endirimlər böhranla mübarizə vasitəsi kimi
Böhran təkcə xırda kitab alverçiləri deyil, həm də Azərbaycanda ən məşhur kitab mağazaları şəbəkəsi olan “Əli və Ninoya da zərbə vurub. Əksər kitab sevərlərin bu şəbəkəni yüksək qiymətlərdə qınamasına baxmayaraq, mağazalar heç vaxt boş olmayıb. Ən azı ona görə ki, burada demək olar ki, bütün yeni kitabları, bundan da əlavə dəftərxana ləvazimatı, dərs vəsaiti və uşaqlar üçün oyuncaqlar tapmaq olur.
Amma “Əli və Ninonun direktoru Nigar Köçərlinin sözlərinə görə, onların problemləri hələ devalvasiyadan əvvəl, avqust-sentyabr aylarında başlayıb, çünki artıq o vaxt alıcı marağının azalması müşahidə olunurdu (bu, ödəmə qabiliyyətinin azalması ilə bağlı idi, axı ilk dəfə manat hələ 2015-ci ilin fevral ayında səndələdi). Ötən ilin analoji dövrü ilə müqayisədə satış 30-35% azaldı.
Nigar Köçərli
Əksər kitablar xaricdən gətirildiyi üçün, manatın düşməsi kitabların maya dəyərini və təbii ki, onların qiymətini də qaldırdı.
‘Kitabların satışını stimullaşdırmaq üçün endirim aksiyaları keçiririk, amma bu zaman onları faktiki olaraq öz ziyanımıza, maya dəyərindən də aşağı qiymətə satırıq’, – Nigar xanım deyir, – ‘Biz bunu etməyə məcburuq, çünki ilk növbədə insanlar çörək pulu qazanmaq barədə düşünür, kitaba maraq isə axırıncı yerdədir’.
Devalvasiyadan sonra analoji problemlərlə “Qanun nəşriyyatı da üzləşdi. Nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlunun sözlərinə görə, milli valyuta dəyərini itirəndən sonra satış səviyyəsi də 30-35% azaldı.
Şahbaz Xuduoğlu
Amma bir çox başqa istehsalçı və satıcılardan fərqli olaraq, “Qanun bu problemin həllini qiymətlərin artırımasında deyil, bunun əksində tapdı: “Devalvasiyadan sonra hamı vəziyyətdən çıxış yolunu qiymətlərin qaldırılmasında gördü. Məncə, bu strateji cəhətdən səhv addımdır və ancaq qısa bir müddətə gəlir gətirə bilər. Ona görə də biz, əksinə, qiymətləri azaltdıq və bu da öz effektini verdi. Çoxlu sayda yeni alıcı cəlb edə bildik.
Nigar Köçərli və Şahbaz Xuduoğlu bir səslə bildirirlər ki, Azərbaycan kitab bazarının əsas problemlərindən biri vergi imtiyazlarının olmamasındadır: ölkə daxilində kitab satıcıları üçün icbari ödənişlər digər sahibkarlıq fəaliyyəti növlərindən heç nə ilə fərqlənmir (əslində isə dünyada kitab məhsulunun “imtiyazları olur). 1 yanvar 2016-cı ildən isə Milli Məclisin qərarı ilə, ölkəyə gətirilən kitablara gömrük rüsumundan başqa, həm də 18% həcmində ƏDV da tətbiq edilir, əvəllər isə bu vergi növü tələb olunmurdu.
“Əli və Ninoya bu yeni qayda yeni çətinliklər yaradıb, çünki əksər kitabları onlar xaricdən gətirirlər. “Qanun Nəşrlər Evi isə öz kitablarını tez-tez xaricdə çap elətdirir.
Hər iki respondentimiz hesab edir ki, ölkədə kitab bazarının vəziyyətinin yaxşılaşdırılması üçün bu vergi yükünü yüngülləşdirmək lazımdır. Amma Şahbaz Xuduoğlunun fikrincə, bu sahəyə münasibət də dəyişməlidir: “Bunun üçün güclü təbliğata ehtiyac var. Misal üçün, Azərbaycanın hər bir rayonunda müntəzəm olaraq kitab yarmarkaları keçirmək olar. Yoxsa xalqımız ümumiyyətlə kitabların varlığını unudacaq.
Buna misal olaraq, Şahbaz Xuduoğlu rəqəmləri diqqətə çatdırır: “Bakıda hazırda cəmi 15 ixtisaslaşmış kitab mağazası var. Sumqayıtda iki, ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə isə cəmi bir belə mağaza var. Lənkəranda bir kitab şöbəsi mövcuddur. Başqa şəhərlərdə isə demək olar ki, ümumiyyətlə heç nə yoxdur. Misal üçün, Fransada hər 2 min nəfərə 1 kitab mağazası düşür. Bizdə isə belə çıxır ki, hər 400 min nəfərə 1 mağaza.
Əlbəttə, “kağız ədəbiyyatına kifayət qədər tələbatın olmamasında getdikcə artan elektron kitabları oxumaq tendensiyasını “suçlamaq olardı. Amma naşirin fikrincə, bunun məsələyə heç bir dəxli yoxdur: “Məncə, bu fərqli mədəniyyətlərdir. Daş dövrü bitdi, amma daş öz-özlüyündə yox olmadı ki, ondan istifadədən də imtina etmədilər, elə deyil? Elə kağız kitab dövrü də davam edir. Amma Azərbaycan dilində ümumiyyətlə kitablar azdır, fərqi yoxdur, hansı formada – kağız və ya elektron. Buna görə də indiki Azərbaycan dilli oxucunun elə bir seçim imkanı da yoxdur.
“Tərəzi. 20 qəpik
Dərc edilib: 19. 04. 2016