“Yanımda kişi yoxdursa, bu mənim şəxsi seçimimdir”
Balakəndə yaşayan Gülnazın həyatı mübarizələrdən ibarətdir. Özü də müxtəlif çeşidli, bir-birinə bənzəməyən mübarizələrdən. Öncə nikahsız anadan olacaq övladı, daha sonra onun xoşbəxt gələcəyi uğrunda. İndi isə Gülnaz özünü sənəti ilə tanıtmaq uğrunda mübarizə aparır.
JAMnews-un həmsöhbəti Azərbaycan üçün o qədər də xarakterik sayılmayan həyat seçimləri etmiş Gülnaz Məmmədlidir.
- “Bədənimizdən utanmamalıyıq”. Murad Məmmədovun hekayəsi
- “Biri 10 qəpiyə alışqan doldurub, xeyli pul qazanırdım” – Həşimin uğura aparan yolu
- Gürcüstanda azərbaycanlı gənclər – susmayan nəsil
Nikahdan kənar övlad
Gülnazın sözlərinə görə, o, 2000-ci ildə təhsilini davam etdirmək üçün Balakəndən Bakıya gəlib. Lakin universitetin ödənişli bölməsinə daxil olduğundan, təhsil almaq fikrindən vaz keçib.
“Bakıda qalıb işləməyə başladım. Valideynlərim rayonda yaşayırdı, mən Bakıda tələbə qızlarla birlikdə kirayə qaldım.
Bir neçə il işlədim, sonra cavan bir oğlanla tanış oldum. Münasibətimiz başladı. İki ildən artıq münasibətimiz oldu.
Mən hamilə qaldım. Qarşı tərəf istəmədi, qəbul etmədi. Abort təklif etdi, mən etiraz etdim”.
Gələcək övladının atasına münasibətlərin rəsmiləşdirilməsini təklif etsə də, imtina ilə üzləşən Gülnazın həyatının ən çətin dövrü həmin vaxtlara təsadüf edib:
“Hamiləlik müddətində məndən hər kəs üz çevirdi. Həmin vaxt NİDA Vətəndaş Hərəkatının üzvü idim. Onlara problemimi danışdım, gedəcək yerim yox idi, işləmirdim. Tanıdığım insanlar məndən üz çevirdiyi zamanda tanımadığım insanlar mənə yardım etməyə başladılar”.
Statistikaya əsasən, Azərbaycanda anadan olan hər yeddinci uşaq nikahdan kənar doğulur.
2020-ci ildə ölkədə 17 714 körpə nikahdan kənar münasibətlər nəticəsində dünyaya gəlib və bu rəqəm artan tendensiyaya malikdir. Belə ki, 1980-ci illərdə Azərbaycanda hər il orta hesabla 42 min uşaq nikahdan kənar anadan olurdusa, 2010-cu illərdə bu göstərici 250 minə yaxınlaşıb, yəni təxminən 6 dəfə yüksəlib.
Amma bu rəqəm cütlüklər arasında sərbəst münasibətlərin populyarlaşmasından daha çox erkən evliliklərin artdığını ifadə edir. Nikahdan kənar doğulan uşaqların böyük əksəriyyəti yetkinlik yaşına çatmayanlarla rəsmi nikah olmadan el qaydasına uyğun qurulan evliliklərdən dünyaya gələnlərdir.
“Hər kəs professor olmaq məcburiyyətində deyil”
“Deyirlər ki, bütün qız uşaqlarının arzusu toy, xına, gəlinlik geyinmək olur. Mənim heç vaxt belə arzum olmayıb. Ailə həyatını isə həmişə iki insanın bir-birini başa düşüb, gələcək quracağı bir şey kimi təsəvvür etmişəm.
Məsələn, valideynlərimin yanından Bakıya gələndə dünyagörüşümdə ciddi dəyişikliklər baş verdi – nikahsız olarmı və s. Hər kəs nikah bağlamağa məcbur deyil”, – Gülnaz danışır.
O deyir ki, hər bir ana kimi, övladına xoş gələcək arzu edib:
“Yaşadığım illər, qazandığım təcrübə mənə öyrətdi ki, hər ana yaxşı ana deyil. Mən oğlumun ən əvvəl yaxşı insan olmağını istəmişəm. Təhsili olsun, insanlara ziyan vuracaq biri olmasın.
Amma heç vaxt oğluma qiymətləri ilə bağlı təzyiq göstərməmişəm. Hər kəs professor, həkim, mühəndis olmaq məcburiyyətində deyil. Dünyanın bənnalara, aşpazlara, gözəllik ustalarına da ehtiyacı var.
Əsas odur ki, işini ədalətli görsün. Ayrıseçkilik etməsin. İnsanları xarici görünüşünə, seçimlərinə görə qınamasın. Valideynlərimiz bizi böyüdəndə nə ki səhvlər buraxıb, çalışıram, mən oğluma qarşı bunları etməyim”.
2021-ci ildə Azərbaycanda 80 min 646 yeniyetmə orta təhsilini başa vurub.
Elə həmin il 44 min 861 min nəfər ali məktəblrə qəbul olunub. Bunların arasında ötən illərdə orta məktəblərdən və texniki peşə liseylərindən məzun olanlar da var. Eyni zamanda, orta məktəb məzunları yalnız Azərbaycanın ali məktəblərinə deyil, xarici ölkələrdə yerləşən ali məktəblərə də daxil olurlar.
Beləliklə, orta hesabla orta məktəb məzunlarının təxminən yarıdan bir qədər çoxu ali məktəblərə daxil olur.
“Yanımda kişi yoxdursa, bu mənim şəxsi seçimimdir”
Gülnaz Məmmədli deyir ki, özünü tək hesab etmir:
“Yanımda kişi yoxdursa, bu mənim şəxsi seçimimdir. Anam həmişə deyir ki, hələ uşaq balacadır, evlən, başınızın üstündə kimsə olsun. Düşünmürəm ki, qadının başının üstündə kimsə olmalıdır. Qadının başı özünə də bəs edir, övladına da.
Hamilə qaldıqda ailəm məndən üz çevirsə də, bir müddət sonra ünsiyyət qurmağa başladıq. Oğlumun 2 yaşı olanda öz evimə qayıtdım.
Kişi və ya qadın olmağından asılı olmayaraq, əgər insanın yanında ona dəstək olan, pozitiv təsir edən biri yoxdursa, ondansa heç kim olmasın. Zəhərli insanlar heç kimə lazım deyil.
Azərbaycanda əksər kişilər qadınlara qarışır, amma mən azad insanam. Mən hərəkətlərimi, həyatımı bilirəm. Yəqin ki, buna görə həyatıma heç kimi buraxmıram. Oğlum, anam və atamla birlikdə özümü xoşbəxt hesab edirəm”.
Gülnazın sözlərinə görə, ata evinə qayıtdıqdan sonra qardaşı ilə problemlər yaşayıb və bu, ona sənət qazanmaqda stimul verib:
“Ən çox qardaşımla namus üstündə problemlər yaşadım. Problemlərdən uzaqlaşmaq üçün özümə hobbi axtardım. Əl işi düzəldilən videolara baxırdım. Yavaş-yavaş öyrəndim və indi öz işim var.
Maddi cəhətdən problemlərim olsa da, lazım olan avadanlıqları aldım. Düzəltdim, insanlara göstərdim və çox müsbət rəylər eşitdim. Düşündüm ki, əgər bu iş məndə yaxşı alınırsa, davam etdirim və biznesə çevirim.
Balakəndə satış edə bilmirəm, Bakıda sərgilərə gəlirəm. Satışlarım yaxşı olur, tələbat var, sifarişlər olur. Pandemiyaya qədər daha yaxşı idi.
Belçikadan, Norveçdən, Almaniyadan əl işlərimi alanlar olub. Öncədən sifariş verənlər olur. Lakin Bakıya gələndə də yol pulu, hostel pulu sərf etmir. Amma yenə də alınır”.
“Aliment övladımın haqqıdır”
“Hal-hazırda yaşadığım problemlər bundan ibarətdir ki, oğlumun atası uzun müddət aliment ödəmirdi. Hətta məhkəmədə uşağın ondan olmadığını demişdi. Buna görə DNT analizi keçirildi və məlum oldu ki, uşağın atası odur. Məni əzmək üçün bunu etdi, lakin vəkilim mənə kömək etdi.
Aliment övladımın haqqıdır.
Oğlum 3 yaşında açıq ürək əməliyyatı keçirdi, maraqlanmadı. Ümumiyyətlə, uşağın həyatında iştirak etmir. Mən sadəcə olaraq aliment borcunun ödənməsini istəyirəm. Bunun üçün mən gərək vəkilə müraciət edim.
Uzun müddətdir ki, məni məhkəmədə təmənnasız müdafiə edən vəkilə ödəniş etməyə gücüm yoxdur.
Hələ ki problemim bununla əlaqədardır. Əlimdə maddiyyat olsa, əl işlərimi, səhifəmi reklam edə bilsəm, bəzi çatışmayan alətləri, materialları alardım. İdeyalarım çoxdur. Hətta ev dekorları hazırlamaq istəyirəm”, – gələcəyə ümidlə baxan Gülnaz deyir.